Məhkəmə qərarları › İş №2(047)-552/2023

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-552/2023

16.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-552/2023 16.10.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədirliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verib iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Laçın rayonu Kürdhacı kəndində qeydiyyatda olmaqla faktiki olaraq Oğuz şəhərində yaşayır. Laçın rayonu, Piçəniş kəndində qeydiyyatda olmaqla Oğuz rayon Bayan kəndində yaşayan Cavabdeh uzun müddətdir ki, tanıyır. 2022-ci ilin iyun ayında Cavabdeh ondan 700 (yeddi yüz) manat borc pul almış və o, borc alarkən həmin məbləği bir həftə ərzində qaytarmağa söz vermişdir. Söz verdiyi vaxtdan xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh ona olan 700 (yeddi yüz) manat borcundan iki dəfəyə cəmi 300 (üç yüz) manat ödəmiş, qalan 400 (dörd yüz) manatı isə ödəməmişdir. O, dəfələrlə Cavabdeh müraciət edərək aldığı borc məbləğinin qalan 400 manatını da qaytarmasını xahiş etmiş, lakin o, qeyd edilən məbləği ondan almasını etiraf etsə də həmin məbləği qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmışdır. Bununla bağlı Oğuz Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bu məsələ ilə əlaqədar köməklik göstərilməsini xahiş etmiş, cavabdeh Oğuz Rayon Polis Şöbəsinə dəvət edilərək izahatı alınmış, həmin izahatında da Cavabdeh ondan 700 (yeddi yüz) manat borc pul aldığını, borcundan 300 manat qaytardığını və hazırda ona 400 (dörd yüz) manat borcu qaldığını etiraf etmişdir. Oğuz rayon Polis Şöbəsindən ona hazırkı məsələ ilə bağlı müvafiq məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bundan başqa o, məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu, iddia sənədlərinin hazırlanması və hüquqi yardım üçün vəkilə 100 (bir yüz) manat xidmət haqq ödəmişdir. Hal-hazırda da Cavabdeh ona borclu olduğu 400 manatı ödəməkdən imtina edir. Odur ki, Cavabdeh 400 manat pulun 100 (bir yüz) manat hüquqi yardım üçün vəkilə ödənilmiş və 30 (otuz) manat dövlət rüsumunun qismində ödənilmiş pulun, cəmi 530 (beş yüz otuz) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək izahatında göstərmişdir ki, iddia ərizəsinin surətini almış və oxuyub tanış olmuşdur. İddia tələbini qəbul etmir. Belə ki, o, İddiaçı 700 manat borc pul almış, həmin borcdan 100 manat bir, 200 manat da bir, cəmi 300 manat ödəmiş, onun iddiaçıya 400 manat borcu qalmış, lakin onlar sonradan şərikli alver etməyə başlamışlar. Alver edən vaxtı 800 manat ziyanları olmuş və o, iddiaçıya ziyanı şərikinə çəkməli olduqlarını bildirsə də iddiaçı onunla razılaşmadığı üçün 400 manat borcunu da ziyana çıxmışdır. Göstərilənlərə əsasən də onun iddiaçıya borcu qalmamışdır. Ona görə də qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh tərəfindən Oğuz Rayon Polis Şöbəsinə verilən izahatdan və Laçın rayon məhkəməsinə təqdim edilmiş ərizədən görünür ki, Cavabdeh İddiaçı 400 manat borclu qaldığını etiraf etmişdir. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, İddiaçı tərəfindən 100 manat hüquqi xidmətə görə vəkilin və 30 manat da dövlət rüsumu kimi Tərtər Rayon Məhkəməsinin hesablarına pul məbləğləri ödənilmişdir. İş materiallarına əlavə edilmiş vəsiqənin surətindən görünür ki, İddiaçı Laçın rayonundan olan məcburi köçkündür. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinin tələblərinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə araşdırmaları zamanı iddiaçının və cavabdehin izahatları, iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, Cavabdeh İddiaçı ümumilikdə 700 manat borc pul almış, qeyd edilən borcdan 300 manat ödəmiş və cavabdehin iddiaçıya 400 manat borcu qalmışdır. İddiaçı hər dəfə cavabdehdən pulunu istədikdə cavabdeh ödəyəcəyinə söz vermişdir. Lakin hal-hazıra kimi cavabdeh iddiaçıya olan 400 manat borcunu ödəməmişdir. Ona görə də iddiaçı məcbur olub belə bir tələblə məhkəməyə müraciət etmişdir. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh məhkəmə baxışı iclasında verdiyi izahatında İddiaçı ilə şərikli alver etdiklərini, bunun nəticəsində 800 manat ziyana düşdüklərini və onun iddiaçıya borclu olduğu 400 manat pulun da həmin ziyana hesablandığını bildirsə də bu barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən də məhkəmə belə hesab edir ki, Cavabdeh 400 (dörd yüz) manat pulun alınıb İddiaçı verilməsi qanuni və əsaslıdır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardıma görə xərcləri, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qanunun normasından və məzmunundan göründüyü kimi qanunvericilik nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardıma görə xərcləri ağlabatan məbləğdə müəyyən edilməsini qeyd etmişdir. Xərclərin ağlabatan məbləği anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir. Bir mülki iş üzrə ağlabatan olan məbləğ başqa bir iş üzrə ya həddən artıq, ya da həddən az məbləğ kimi qəbul edilə bilər. Mübahisənin hüququn hansı sahəsinə aid olması, nümayəndənin (vəkilin) iş təcrübəsi, hüququn konkret sahəsindən və ya konkret institutdan olan mübahisələrin həlli ilə əlaqədar işlərin aparılmasında nümayəndənin (vəkilin) ixtisaslaşması, işlərin müxtəlif səviyyəli mürəkkəblik dərəcələri, hüquqi yardımın qısa müddət ərzində göstərilməsi, habelə hüquqi yardımın hansı bölgədə (ərazidə) göstərilməsi və sairə hallar xərclərin məbləğinə təsir göstərir. Nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin ağlabatan məbləğinin müəyyən edilməsində sadalanan hallar, habelə həmin bölgədə (ərazidə) həmin kateqoriyadan olan işlər üzrə hüquqi yardımın göstərilməsinə görə ödənilən, təcrübədə formalaşmış məbləğ, məhkəmədə baxılan işin mürəkkəblik səviyyəsi, nümayəndənin, (vəkilin) iştirak etdiyi (deməli vaxt sərf etdiyi) məhkəmə hərəkətlərinin (iclaslarının) sayı və davam etmə müddəti, sərf olunan maddi vəsaitlərin həcmi, göstərilən hüquqi yardımın nəticəsi olaraq müəssisənin daha çox itkidən yaxasını qurtarması və s. aiddir. Məhkəmə hüquqi yardıma görə xərclərin ağlabatan məbləğini müəyyən edən zaman xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini, xeyrinə qətnamə çıxarılanın təqdim etdiyi hesab və konkret hallar, yəni göstərilən yardımın həcmi, nümayəndələrin sayı, baxılan işin mürəkkəbliyi və s. hallarla şərtlənmişdir. Məhkəmə yuxarıda qeyd edilən qanun normaları və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olaraq hesab edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən tələb edilən 100 manat hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi tam olaraq təmin edilə bilməz. Belə ki, işin mürəkkəbliyi, iddia ərizəsinin formasını, habelə vəkilin məhkəmədə iştirak etməməsini nəzərə alaraq hüquqi yardıma görə 30 manat ödənilmiş xərcin əvəzi borcludan tutulmalı yəni, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Eyni zamanda İddiaçı tərəfindən ödənilən dövlət rüsumunun Tərtər Rayon Məhkəməsinin hesabına ödənildiyinə, həmçinin İddiaçı məcburi köçkün olduğu üçün onun tərəfindən dövlət rüsumu ödənilməli olmadığına görə Cavabdeh qeyd edilən dövlət rüsumu iddiaçının xeyrinə tutulmamalı və həmin dövlət rüsumu iddiaçının hesabına aid edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə subutların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 400 (dörd yüz) manat borc və 30 (otuz) manat məbləğində hüquqi yardım üçün vəkilə ödənilən xərc, cəmi 430 (dörd yüz otuz) manat pul alınıb İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməli və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı hesabına aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 400 (dörd yüz) manat borc və 30 (otuz) manat məbləğində hüquqi yardım üçün vəkilə ödənilən xərc, cəmi 430 (dörd yüz otuz) manat pul alınıb İddiaçı verilsin. Ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı hesabına aid edilsin. İddia tələbi qalan hissədə isə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar