Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-626/2024 18.09.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədirliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2023-cü ilin fevral ayında əvvəllər tanımadığı Anar adlı şəxslə tanış olmuş, lakin sonradan həmin şəxsin Cavabdeh olduğunu müəyyən etmişdir. 2023-cü ilin fevral ayında əvvəllər yaşadığı ünvanda, yəni Bakı şəhəri Suraxanı rayonu Bahar qəsəbəsində fərdi yaşayış evində olarkən Cavabdeh soyadlı şəxs ora gələrək Anar adı ilə ВТ işçisi kimi özünü ona təqdim etmiş və ona 2000 manat müqabilində torpağına dair çıxarış hazırlayacağını vəd etmişdir. Aralarında olan razılaşmaya əsasən Pərviz əvvəlcədən ondan 1000 manat pul istəmiş, sənədlər hazır olandan sonra da ona 1000 manat pul verəcəyi barədə razılaşmışlar. Lakin ilkin olaraq 1000 manat pulu olmadığı üçün ona 700 manat pulu 2023-cü ilin fevral ayının təxminən 5də ona məxsus Bakı şəhəri Suraxanı rayonu Bahar qəsəbəsindəki fərdi evində vermiş, eyni zamanda həmin şəxs evinə məxsus olan sənədləri (alqı-satqı müqaviləsinin, torpağın sxemi, evin sxemin əsllərini) ondan götürmüşdür. Daha sonra o, xx.xx.2023-cü il tarixdə Cavabdeh saat 18:00-da Bakı şəhəri Xətai rayonu 36 saylı notariusda yerləşən “Milliön” ödəniş aparatı vasitəsi ilə Pərvizin ona atdığı bank kartına 300 manat ödəmiş, beləliklə ona 1000 manat tam olaraq ödəniş olmuşdur. xx.xx.2023-cü il tarixdə Pərviz ona zəng edərək sənədlərin hazır olduğunu bildirərək əlavə olaraq 450 manat da pul istəmişdir. O, da razılaşaraq həmin gün saat 13:22-də Bakı şəhəri Nizami rayonu “Bravo” hipermarketin içərisində yerləşən “Milliön" ödəniş terminalı vasitəsi ilə onun göndərdiyi həmin bank kart nömrəsinə 450 manat məbləğində pul köçürmüş, bundan sonra 2023-cü ilin aprel ayının axırlarında Pərviz sənədlərdən evin sxemini qaytarmış, digər sənədlərin əsillərini isə verməyib bildirmişdir ki, 300 manat pul da ona versin ki, çıxarışı alıb ona versin. Həmin vaxt o, başa düşmüşdür ki, Pərviz onu aldadır və ona görə də Pərvizə bildirmişdir ki, ya çıxarışı alıb ona versin, ya da ki, ona verdiyi 1450 manat pulu və sənədləri geri qaytarsın. Lakin Pərviz müxtəlif bəhanələr gətirərək sənədlərin hazır olacağını deyərək vaxtı uzatmışdır. Son nəticədə ondan 1450 manat pulu, alqı-satqı müqaviləsinin və torpağın sxeminin əsilini geri istəmiş, lakin Pərviz bu vaxtadək nə pulu nə də ki, həmin sənədləri ona geri qaytarmamışdır. Beləliklə Pərvizin bu əməlləri nəticəsində ona ümumilikdə 1450 manat ziyan vurulmuşdur. Ona dəymiş ziyanın ödənilməməsini və cavabdehin onu aldatmasını görüb onun barəsində hüquq mühafızə orqanlarına müraciət etmiş, bundan sonra onun barəsində digər şikayətlərin də olmasını bilmiş, onun şikayətinə və digər şəxslərin şikayətinə əsasən cavabdeh barəsində cinayət işi başlanılmış və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-66/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin178.2.2 və 178.2.4-cü madəlləri ilə təqsirli bilinərək o, 3 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdə ona münasibətdə müəyyən edilmiş hal kimi göstərilmişdir ki, Cavabdeh ümumilikdə 1450 (bir min dörd yüz əlli) manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, zərərçəkmiş İddiaçı maddi ziyan vurmaqla dələduzluq etmişdir. Göründüyü kimi Cavabdeh cinayət əməli nəticəsində ona 1450 manat məbləğində zərər dəyməsi Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-66/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə sübuta yetirilmişdir. Həmçinin qanunun bu normasının tətbiqi üçün üç zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. Yəni vurduğu zərərlə əlaqədar mülki məsuliyyətin yaranması üçün üçüncü zəruri şərt kimi çıxış edən əlamət-zərər vurmuş şəxsin əməli ilə baş vermiş nəticə arasında olan səbəbli əlaqədir. Beləliklə də, o, belə hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 1450 manat məbləğində maddi zərər və 1000 manat məbləğində mənəvi zərər dəymişdir. O, dəymiş mənəvi zərərlə əlaqədar bildirmək istəyir ki, cavabdehin onu aldatdığını bildikdən sonra o, əsəbiləşmiş, həyacan keçirmiş, onun törətdiyi cinayət əməli nəticəsində o, fəal ictimai həyat tərzindən məhrum olmuş, neçə ay polis və məhkəmə qapılarında qalmışdır. Bütün bunlar isə onun mənəvi sarsıntı keçirməyinə səbəb olmuşdur ki, bunun nəticəsində ona mənəvi zərər dəymişdir. Qeyd edilənlərə əsasən də Cavabdeh 1450 (bir min dörd yüz əlli) manat məbləğində maddi zərər və 1000 (bir min) manat məbləğində mənəvi zərər olmaqla ümumilikdə 2450 (iki min dörd yüz əlli) manat məbləğində pul vəsaitinin və dövlət rüsumu qismində ödədiyi 45 (qırx beş) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirib tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfindən iş üzrə cavabdeh olan Cavabdeh cəza çəkdiyi Azərbaycan Respublikası ƏN-nin PX-nin 8 saylı CÇM-nə Cavabdeh çatdırılması üçün İddiaçı iddia ərizəsinin surəti göndərilmiş, lakin Cavabdeh məhkəməyə ərizə göndərərək İddiaçı pulun onun deyil, Əziz adlı şəxsin aldığını, əgər İddiaçı onunla barışığa gələrsə və şikayətini geri götürərsə o, Əziz adlı şəxsdən pulu alıb İddiaçı qaytaracağına söz verdiyini bildirərək işə obyektiv şəkildə baxılaraq düzgün və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2024-cü il tarixli 1(060)-66/2024 saylı hökmünün məzmunundan görünür ki, Cavabdeh İddiaçı 1450 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında göstərildiyi kimi, mənəvi-zərər qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlməklə, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş çəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndinə əsasən mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərərin vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən mərhum olması, şəxsi, ailə və tibbi sirrlərinin açıqlanması, şərəf, ləyaqət və üşgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və sair hallarda özünü büruzə verir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 10-cü bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçяkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2024-cü il tarixli 1(060)-66/2024 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 4 il 9 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Eyni zamanda həmin hökmə əsasən Cavabdeh İddiaçı 1450 manat ziyan vurduğu da öz təsdiqini tapmışdır. Lakin hal-hazıra kimi cavabdeh iddiaçıya olan borcunu ödəməmişdir. Bundan başqa İddiaçı Cavabdeh 1000 manat məbləğində mənəvi ziyana görə təzminat tələb etsə də bu barədə mötəbər sübutları, yəni qeyd edilən məbləğin iddiaçıya ödənilməsini təmin edə biləcək müvafiq rəsmi sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən də məhkəmə iddia tələbinin qismən təmin edilərək 1450 manat məbləğində maddi ziyanın Cavabdeh alınıb İddiaçı xeyrinə ödənilməsini qanuni və əsaslı hesab edir. Həmçinin, iddia tələbi qismən təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 45 manat dövlət rusumunun 35 manatı onun xeyrinə cavabdehdən tutulmalı və digər qismi, yəni 10 manatı isə iddiaçının hesabına aid edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən də məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə mülki məhkəmə icraatı nəticəsində yaranmış daxili inam əsasında belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1450 manat məbləğində maddi ziyan, ödənilmiş dövlət rüsumunun 35 manatı tutulub İddiaçı xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 10 manatı iddiaçının hesabına aid edilməli və iddia tələbi qalan hissədə isə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1450 (bir min dörd yüz əlli) manat məbləğində maddi ziyan və ödənilmiş 35 (otuz beş) manat məbləğində dövlət rüsumu, cəmi 1485 (bir min dörd yüz səksən beş) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 10 (on) manatı iddiaçının hesabına aid edilsin. İddia tələbi qalan hissədə isə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №2(047)-626/2024
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-626/2024
18.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver