Məhkəmə qərarları › İş №2(047)-75/2024

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-75/2024

18.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-75/2024 18.03.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədirliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 2022-ci ilin dekabr ayının 24də ondan 3000 (üç min) manat borc pul almışdır. Cavabdeh həmin pulu ondan aldığına dair öz xətti və imzası ilə qəbz də vermişdir. Lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh borclu olduğu 3000 manat pulu indiyənə kimi ona qaytarmamışdır. Cavabdeh həmin pulu iki ay müddətinə qaytarmasına söz versə də, lakin aradan bir neçə vaxt keçməsinə baxmayaraq cavabdeh pulu qaytarmamışdır. O, cavabdehdən ona borclu olduğu pulu dəfələrlə qaytarmasını tələb etsə də cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək borclu olduğu pulu qaytarmaqdan imtina etmişdir. Artıq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də Cavabdeh 3000 (üç min) manat pulun və ödədiyi 50 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəməyə teleqram vuraraq məhkəmə iclasını iştirakı olmadan keçirib iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia ərizəsinin surətini almış və oxuyub tanış olmuşdur. İddia tələbini qəbul etmir. Belə ki, onun tanıdığı Məhəmməd adlı şəxs taksi fəaliyyəti ilə məşğul olur və nəyəsə ehtiyacı olduqda o, Məhəmməd adlı şəxsə deyirmiş və sonuncu da alıb ona gətirirmiş, o da Məhəmmədin yol haqqını ödəyirmiş. 2022-ci ilin noyabr ayının 24-də o, pula ehtiyacı olduğu üçün Məhəmməd adlı şəxsə haradan pul tapa biləcəyini soruşmuş, Məhəmməd də ona Adilə adlı bir şəxsi tanıdığını və həmin şəxsin faizlə pul verdiyini söyləmişdir. O, Məhəmmədə 1000 manata ehtiyacı olduğunu söyləmiş, sonuncu isə ona 1000 manatı Adilədən ala biləcəyini, lakin qaytaran zaman əlavə olaraq 2000 manat, yəni ümumilikdə 3000 manat ödəyəcəyini söyləmişdir. O, Məhəmməd ilə razılaşmış və 1000 manatı Adilə adlı şəxsdən borc olaraq aldığını özündə əks etdirən bir sənəd tərtib etmiş və həmin sənədi də o, imzalamışdır. Daha sonra o, həmin sənədi Məhəmmədə vermiş və Məhəmməd ona həmin pulu iki saat ərzində Adilə adlı şəxsdən alıb gətirəcəyini söyləmişdir. Lakin iki gün ərzində Məhəmmədin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə dəfələrlə zəng etməyinə baxmayaraq Məhəmməd tərəfindən zənglərə cavab verilməmiş, yalnız üç gündən sonra Məhəmməd özü ona zəng edərək Adilə adlı şəxsin pulu olmadığı üçün 1000 manat pulu verə bilmədiyini və tərtib etdikləri sənədi isə cırıb atdığını ona söyləmişdir. Daha sonra 2023-cü ilin sentyabr ayının ortalarında Adilə adlı şəxs oğlu ilə birlikdə ağ rəngli “Chevrolet Aveo” markalı, 99-XV- 389 dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay rayonuna onun yaşadığı ünvana gələrək ondan 3000 manat pulu tələb etmişdir. O, isə Adilədən bunun səbəbini soruşduqda sonuncu Məhəmmədin onun imza etdiyi sənədi təqdim edərək onlardan 1000 manat pul aldığını, əlavə olaraq 2000 manatla birlikdə ümumilikdə 3000 manatı onun verəcəyini bildirmişdir. O, Adiləyə Məhəmmədin ona 1000 manat vermədiyini söylədikdə isə Adilə ona “sənəddə sənin adın var” deyə söyləmiş, lakin pulun verilməyəcəyi təqdirdə yaxşı şeylərin olmayacağını bildirərək çıxıb getmişdir. O, daha sonra dəfələrlə Məhəmmədə zəng etsə də, həmin şəxs onun zənglərinə cavab verməmişdir. Beləliklə də Məhəmməd adlı şəxs onun imzaladığı sənəd əsasında Adilə adlı şəxsdən 1000 manat borc pul almış, lakin həmin pulu ona verməmişdir. O, bununla bağlı Ağdam RPŞ-nə şikayət ərizəsi ilə müraciət etsə də, lakin bunun heç bir nəticəsi olmamışdır. Göstərilənlərə əsasən də bildirir ki, onun İddiaçı hal-hazırda heç bir borcu yoxdur. Ona görə də qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə cavbdehi dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh tərəfindən yazılmış və imzalanmış xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 3000 manat borc pul almış, həmin borcu bir ay müddətinə qaytaracağına söz vermiş və bu barədə qəbz yazaraq imza edib iddiaçıya təqdim etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh müraciəti üzrə Ağdam RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Orxan Əkbərzadə tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 2022-ci ilin noyabr ayında X1 Cavabdeh adına borca pul götürməsi öz təsdiqini tapmadığından və ona görə də onun əməlində cinayət tərkibinin əlamətləri yaranmadığından onun barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə əsasən “Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur”. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 154.1-ci maddəsinə qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, Cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixdə 3000 (üç min) manat bir ay müddətinə qaytarmaq şərtilə borca pul istəmiş, iddiaçı həmin pulu cavabdehə vermiş və bu barədə cavabdeh tərəfindən qəbz də yazılaraq iddiaçıya təqdim olunmuşdur. İddiaçı hər dəfə cavabdehdən pulunu istədikdə cavabdeh ödəyəcəyinə söz vermişdir. Lakin cavabdeh hal-hazırda iddiaçıya olan 3000 manat borcunu ödəməmişdir. Ona görə də iddiaçı məcbur olub belə bir tələblə məhkəməyə müraciət etmişdir. Bundan başqa, cavabdeh məhkəmə iclasında X1 onun imzaladığı sənəd əsasında iddiaçının anası Adilə adlı şəxsdən 1000 manat borc pul aldığını, lakin həmin pulu ona vermədiyini bildirsə də bu barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Ağdam RPŞ-nin TBnin təhqiqatçısı, polis baş leytenantı Orxan Əkbərzadə tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qərarla müəyyən olunmuşdur ki, 2022-ci ilin noyabr ayında X1 Cavabdeh adına borca pul götürməsi öz təsdiqini tapmadığından və ona görə də onun əməlində cinayət tərkibinin əlamətləri yaranmadığından Məhəmməd Məmmədovun barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Qeyd olunanlara əsasən də məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdeh 3000 (üç min) manat pulun alınıb İddiaçı verilməsi qanuni və əsaslıdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 50 (əlli) manat dövlət rusumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə subutların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3000 (üç min) manat borc pul və ödənilmiş 50 (əlli) manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 3000 (üç min) manat borc pul və ödənilmiş 50 (əlli) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar