Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-77/2025 05.03.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədirliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və eyni zamanda cavabdeh X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və X4 qarşı avtomobilin geri qaytarılması və ödənilmiş pulun alınması tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və X4 qarşı avtomobilin geri qaytarılması və ödənilmiş pulun alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verib iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, 26 iyul 2022-cı il tarixdə notarial qaydada bağlanmış nəqliyyat vasitələrinin özgəninkiləşdırılməsi barədə müqaviləyə əsasən hazırki iş üzrə Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X2 “MERCEDES BENZ C220 MİNİK’ markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 5400 (beş min dörd yüz) manata ona satılması barədə razılığa gəlmişdir. Sözügedən məbləğin 3250 (üç min iki yüz əlli) manat hissəsini cavabdehlərə ödəmiş, lakin həmin nəqliyyat vasitəsində olan qüsurlar barədə ona əvvəlcədən məlumat verilməmiş, nəqliyyat vasitəsinin təmiri üçun servısə müraciət etdikdə avtomobildə aşkar olunmuş bəzi qüsurların tənasübsüz xərclər çəkmədən və vaxt sərf etmədən aradan qaldırılmasının mümkün olmadığı müəyyən olunmuşdur. Avtomobili təmirə apardıqda ona məlum olmuşdur ki, avtomobilin akkumulyatoru və generatoru sıradan çıxıb. Avtomobilin buferi yararsızdır. Avtomobili alan gündən qapıların bağlanmamasına gorə ustaya getməli olmuş, usta isə ona bildirmiş və göstərmişdir ki, avtomobilin elektrik xətləri əriyib sıradan çıxıb. 2022-ci ilin oktyabr ayının əvvəllərində səhhəti ilə bağlı “Bona Dea” xəstəxanasına gedəndə yağışlı hava olduğundan avtomobilin arxa hissəsi oynamış və yoldan sürüşmüş, bununla bağlı xəstəxanadan çıxanda avtomobili ustaya göstərməyi qərara gəlmiş, Sumqayıt şəhərində həmin avtomobili ustaya göstərəndə isə usta avtomobilin arxa sağ təkərinin tutar qolunun kustar şəkildə kəsildiyini və həmən hissənin kustar şəkildə qaynaq olunduğunu bildirmiş və qeyd etmişdir ki, belə halda avtomobilin konstruksiyasına ciddi dəyişiklik olub və sürülməsi ciddi təhlükəlidir. Həmən gün o, bilmişdir ki, avtomobilin altı çürükdür. Çürük hissələrdən avtomobilin salonu görünür. Bununla yanaşı avtomobilin rulavoyuna, mühərikin alışma hissəsinə yağ damdığını, mühərikin sakitləşdıricisinin siradan çıxdığını, avtomobilin surətlər qutusunun tam işləmədiyini, tam yararsız olduğunu, avtomobilin sürətlər panelinin tok hissəsinin yararsız olduğunu bilmiş, həmin qüsurlu detalların dəyəri isə 2000 manatdan çox təşkil etmişdir. Sonraki günlərdə qərara gəlmişdir ki, avtomobili təmir və qiymətinin cavabdehlə razılaşmaq məqsədi ilə saxlasın və təxminən yanvar ayında cavabdehlə avtomobilin tam qiymətinin 4700 manata olmasına cavabdeh tərəfindən təklif almış, o, isə avtomobilin aylıq ödənişini cavabdehlərə aprel ayına kimi ödəmişdir. Daha sonra qərara gəlmişdir ki, o, avtomobili satsın və bu məqsədlə Sumqayıt maşın bazarına həmin avtomobili aparmışdır. Bazarda isə qeyd edilən avtomobilə 3000 manatdan cox qiymət verən olmamış, o, da cavabdehə zəng edərək bildirmişdir ki, avtomobilin qiyməti 3000 manadır. O, isə cavabdehlərə indiyə qədər 3250 manat ödəmiş, 135 manat akkumulyatora, 320 manat işıq sisteminə, 100 manat generatora, kimyəvi təmizləməyə 80 manat olmaqla ümumilikdə 3885 manat ödəmişdir. Qeyd edir ki, ona bu məbləğ, yəni 3885 manat geri qaytarılmalı, ya da ki, cavabdeh 4000 manata ona avtomobili satmalıdır. Cavabdeh isə əksinə olaraq onun barəsində Baki şəhər baş polis idarəsinə, Bakı şəhər DYP-nə, DİN-nə, Sumqayıt şəhər polis idarəsinə, Sumqayıt şəhər DYP idarəsinə, Sumqayıt şəhər 3-cü polis idarəsinə şikayətlər etmiş, etdiyi şikayətlərə isə bütün qurumlar tərəfindən cinayət işinin başlanımasının rədd edilməsi barədə qərarları almışdır. Bundan sonra sözügedən avtomobilin geri qaytarılmasını və cavabdehlərə ödədiyi pulu onlardan tələb etsə də heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən də cavabdehlər Cavabdeh2 və onun etibarnamə üzrə nümayəndəsi eləcə də onun əvəzinə müqaviləni imzalamış Cavabdeh1 avtomobilin geri qaytarılması və avtomobilin əvəzi kimi ödədiyi 3250 (üç min iki yüz əlli) manat və dövlət rüsumu kimi ödədiyi 53 manat məbləğində pulun cavabdehlərdən alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və eyni zamanda cavabdeh X5 izahat verərək bildirmişdir ki, o, iddia ərizəsinin surətini almış və oxuyub tanış olmuşdur. İddia tələbini qəbul etmir. Belə ki, o, 26 iyul 2022-cı il tarixdə notarial qaydada bağlanmış nəqliyyat vasitələrinin özgəninkiləşdırılməsi barədə müqaviləyə əsasən hazırki iş üzrə anası Cavabdeh2 adına olan “MERCEDES BENZ C220 MİNİK’ markalı, **- CR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 5400 (beş min dörd yüz) manata İddiaçı satmış və iddiaçı isə müqaviləyə əsasən 850 manat pulu xx.xx.2022-ci il tarixdə, qalan 4550 manat pulu isə 18 ay müddətində hər ayın 01-dək, 253 manat olmaqla ona ödənilməsini öz öhdəsinə götürmüşdür. İddiaçı ona 3250 manat ödəniş etmiş, lakin bundan sonra avtomobildə müvafiq nasazlıqların olduğunu bəhanə gətirərək qalan 2150 manat pulu ona ödəməkdən imtina etmişdir. Bundan başqa bildirir ki, İddiaçı 26 iyul 2022-ci il tarixdən indiyənə kimi həmin avtomobili idarə etmiş və yararsız vəziyyətə saldıqdan sonra qaytarmaq qərarına gəlmişdir. Əgər onun satdığı avtomobildə nasazlıqlar var idisə niyə həmin il deyil, avtomobilin iddiaçıya satılmasından bir neçə il keçəndən sonra ona qaytarmaq istəyir. Əlavə olaraq bildirir ki, o, aralarında bağlanmış nəqliyyat vasitələrinin özgəninkiləşdırılməsi barədə müqaviləyə əsasən qalan pul məbləğinin ödənilməməsi ilə bağlı İddiaçı qarşı Sumqayıt Şəhər Məhkəməsinə pul tələbi ilə bağlı iddia ərizəsi ilə də müraciət etmişdir. Onun İddiaçı satdığı MERCEDES BENZ C220 MİNİK’ markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində həmin avtomobilin geri qaytarılmasına səbəb ola biləcək böyük nasazlıqlar olmamışdır. Ola bilər ki, həmin avtomobildə xırda nasazlıqlar var, amma bu avtomobilin geri qaytarılması üçün əsas ola bilməz. Ona görə də qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə digər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə digər Cavabdeh2 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli nəqliyyat vasitələrinin özgəninklləşdirilməsi haqqında müqavilədən görünür ki, X5 digər Cavabdeh2 adına olan “MERCEDES BENZ C220 MİNİK’ markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 5400 (beş min dörd yüz) manata İddiaçı satmış və İddiaçı isə müqaviləyə əsasən 850 manat pulu xx.xx.2022-ci il tarixdə, qalan 4550 manat pulu isə 18 ay müddətində hər ayın 01-dək, 253 manat olmaqla cavabdehlərə ödənilməsini öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, İddiaçı Cavabdeh2 ona satılmış avtomobildə aşkar olunmuş qüsurlara görə ödədiyi 3250 manat pulun yeddi gün müddətində ona geri qaytarılmasını xahiş etmiş, əks təqdirdə öhdəliyini yerinə yetirmədiyinə görə mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirmişdir. İş materiallarına əlavə olunmuş iddia ərizəsinin surətindən görünür ki, X1 Ruslan Höcətulla oğluna qarşı Sumqayıt Şəhər Məhkəməsində 2426 manat pulun qaytarılması tələbinə dair iddia qaldırmışdır. İş materiallarına əlavə olunmuş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin 03 iyun 2022-ci il tarixli qərarından görünür ki, İddiaçı barəsində müvafiq araşdırma aparılmış və Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı polis mayoru X7 tərəfindən qəbul edilmiş qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və X4 tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğunun izah edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş qəbzlərdən görünür ki, İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə əsasən “Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur”. Həmçinin, Azərbaycan Republikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bundan başqa, MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 424.4-cü maddəsinə görə, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. MM-nin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-nin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. MM-nin 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. MM-nin 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. MM-nin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. MM-nin 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. MM-nin 589.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. MM-nin 589.2-ci maddəsinə əsasən əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. Bundan əlavə MM-nin 600.1-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-nin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. MM-nin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-nin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, tərəflər arasında bağlanan xx.xx.2022-ci il tarixli nəqliyyat vasitələrinin özgəninklləşdirilməsi haqqında müqaviləyə əsasən X5 digər Cavabdeh2 adına olan “MERCEDES BENZ C220 MİNİK’ markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 5400 (beş min dörd yüz) manata İddiaçı satmış və İddiaçı isə müqaviləyə əsasən 850 manat pulu xx.xx.2022-ci il tarixdə, qalan 4550 manat pulu isə 18 ay müddətində hər ayın 01-dək, 253 manat olmaqla cavabdehlərə ödənilməsini öz öhdəsinə götürmüşdür. Bundan sonra İddiaçı tərəfindən qeyd edilən məbləğdən 3250 manat cavabdehlərə ödənilmiş, lakin sonradan İddiaçı avtomobildə müvafiq nasazlıqların olduğunu bildirərək qalan 2150 manat pulu cavabdehlərə ödəməkdən imtina etmişdir. Daha sonra İddiaçı Cavabdeh2 pretenziya məktubu ünvanlayaraq Cavabdeh2 ona satılmış avtomobildə aşkar olunmuş qüsurlara görə ödədiyi 3250 manat pulun yeddi gün müddətində ona geri qaytarılmasını xahiş etmiş, əks təqdirdə öhdəliyini yerinə yetirmədiyinə görə mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirmişdir. Bundan sonra da İddiaçı qənaətinə əsasən ona satılmış avtomobildə olan qüsurlar cavabdehlər tərəfindən aradan qaldırılmadığına görə o, qeyd edilən iddia tələbi ilə bağlı məhkəməyə müraciət etsə də, lakin Cavabdeh2 adına olan “MERCEDES BENZ C220 MİNİK’ markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində iddia ərizəsində göstərdiyi qüsurlar barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Əksinə Cavabdeh2 adına olan “MERCEDES BENZ C220 MİNİK’ markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin İddiaçı tərəfindən alınmasından bir ildən də çox müddət keçdikdən sonra iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən nasazlıqların aşkar olunmasını məhkəmə absurd hesab edir və bildirir ki, əgər İddiaçı qeyd etdiyi kimi həmin nasazlıqlar mübahisələndirilən avtomobildə aşkar edilsəydi, onda İddiaçı dərhal bu barədə cavabdehlərə məlumat verib həmin avtomobilin geri qaytarılması və ödədiyi pulun isə geri alınması barədə tədbirlər görməli idi. Bundan başqa İddiaçı tərəfindən 3250 manat pulun ödənilməsi onu göstərir ki, həmin avtomobil iddiaçının qeyd etdiyi səviyyədə nasaz vəziyyətdə olmamışdır, çünki mübahisələndirilən avtomobil nasaz vəziyyətdə olsaydı iddiaçı tərəfindən qeyd edilən məbləğ ödənilməzdi. İşin bu halı isə həmin mübahisələndirilən avtomobilin nasaz olmadığının bariz nümunəsidir. Bundan əlavə mülki qanunvericiliyin tələblərinə əsasən iddiaçı qeyd edilən avtomobilin qüsurları barədə həmin avtomobilin alıcıya verildiyi gündən, yəni 26 iyul 2022-ci il tarixdən iki il müddətində, yəni 27 iyul 2024-cü il tarixinədək iddia tələbi irəli sürməli olmasına baxmayaraq qeyd edilən avtomobilin İddiaçı verilməsindən iki il dörd aya yaxın müddət keçdikdən sonra göstərilən iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir ki, işin bu halı da öz-özlüyündə iddianın rədd edilməsinə dəlalət edir. Göründüyü kimi cavabdehlər tərəfindən qeyd edilən müqavilənin şərtləri tam yerinə yetirilsə də iddiaçı tərəfindən həmin müqavilənin şərtləri tam yerinə yetirilməmişdir. Ona görə də məhkəmə iddia tələbinin rədd edilməsini qanuni və əsaslı hesab edir. Bundan əlavə, iddia tələbi rədd edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 119.1-ci maddəsinin tələblərinə əsasən də iddiaçının ödədiyi 100 manat dövlət rüsumu da iddiaçının hesabına aid edilməlidir. Həmçinin, MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göstərilənlərə əsasən də məhkəmə iş üzrə araşdırılmış subutlara məcmu qaydada hüquqi qiymət verərək onda yaranmış daxili inam əsasında belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməli, yəni İddiaçı cavabdehlər Cavabdeh2 və X4 qarşı avtomobilin geri qaytarılması və ödənilmiş pulun alınması tələbinə dair iddiası əsassız olduğundan rədd olunmalıdır. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının hesabına aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilməsin. İddiaçı cavabdehlər Cavabdeh2 və X4 qarşı avtomobilin geri qaytarılması və ödənilmiş pulun alınması tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının hesabına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №2(047)-77/2025
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-77/2025
05.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver