Məhkəmə qərarları › İş №2(047)-801/2024

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-801/2024

14.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-801/2024 14.11.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Mövlanverdiyeva (Həsənova) Məleykə Mirzaməmməd qızına qarşı cehiz əşyalarının çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Mövlanverdiyeva (Həsənova) Məleykə Mirzaməmməd qızına qarşı cehiz əşyalarının çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair rəsmi ərizəsini məhkəməyə təqdim edərək cavabdeh Həsənova (Mövlanverdiyeva) Məleykə Mirzaməmməd qızına məxsus icarəsində olan torpaq sahəsində müvəqqəti olaraq çiy kərpicdən tikilmiş yaşayış evinin bir otağında saxlanılan 4 dəst yorğan və döşəyin, 1 ədəd yan döşəyin, 1 yataqlıq yorğan və döşəyin, 1 ədəd soyuducunun, 1 ədəd televizorun, 1 ədəd paltaryuyan maşının, 1 ədəd televizor altlığının, 2 ədəd xalçanın, 2 ədəd süfrə dəstinin, 1 dəst məhrəbanın, 1 ədəd taxt örtüyünün, 1 ədəd yataq mebelinin, 1 ədəd şkafın, 1 ədəd yük çarpayısının, 1 ədəd sandığın, 5 ədəd əl məhrəbasının, 4 ədəd stəkan məhrəbasının, 1 ədəd ütünün, 1 ədəd ütü stolunun, 1 ədəd ət maşınının, 1 ədəd tozsoranın, 1 ədəd mikserin, 1 ədəd divar saatının, 1 ədəd güldanın, 1 ədəd aşsüzənin, 1 dəst qaşığın, 1 dəst qazanın, 1 ədəd sininin (padnos), 1 dəst qabın (mürəbbə qabı, qaşıq və çəngəl), 1 dəst çaydan və çaynikin və 1 ədəd çilçırağın həmin evdən və 8,50 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmiş və qeyd edilən ərizə məhkəmə tərəfindən mülki məhkəmə icraatına qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verib iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Ağcabədi rayonu, Qiyamadınlı kəndində yerləşən Ağcabədi rayonu Qiyamadınlı bələdiyyəsinin mülkiyyətində olan 8,50 ha torpaq sahəsi xx.xx.2005-ci il tarixli, 8 saylı icarə müqaviləsinə əsasən 25 il müddətinə onun icarəsinə verilmiş və bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən **********49 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilərək daşınmaz əmlakın dövlət reyestrində 67 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyat aparılmışdır. xx.xx.2021-ci il tarixdə oğlu X6 hazırki iş üzrə cavabdeh Mövlanverdiyeva (Həsənova) Məleykə Mirzaməmməd qızı ilə ailə qurmuş və ailə qurduqdan sonra onlar razılaşmalarına əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yaşamalı idilər. Lakin “COVİD- 19” pandemiyası ilə əlaqədar olaraq Bakı şəhərinə getmək mümkün olmamış və cavabdehə məxsus cehiz əşyaları icarəsində olan torpaq sahəsində müvəqqəti olaraq çiy kərpicdən tikilmiş yaşayış evinə gətirilmişdir. Oğlunun birgə nikahından iki uşaqları doğulduqdan sonra oğlunun gəlini ilə aralarındakı olan münasibətlər pisləşmiş, hazırki iş üzrə cavabdeh oğluna qarşı nikahın pozulması və aliment tələbində dair iddia qaldırmış və Laçın Rayon Məhkəməsinin 2(047)-43/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Oğlu ilə cavabdeh ümumulikdə fasilələrlə bir yerdə 8 aya yaxın yaşamışlar və cavabdeh sonuncu dəfə evdən gedərkən oğluna məxsus hərbi bileti, xarici pasportu, diplomu və 3000 manat pulu qardaşı Mirzəxanla əlbir olaraq götürmüşdür. Cavabdeh özünə məxsus qızıl-zinət əşyalarını özü ilə aparmasına baxmayaraq, digər cehiz əşyalarını otaqların birinə yığaraq qapını kilidləmiş və kilidin açarlarını da özü ilə aparmışdır. Cehiz əşyalarının evdən çıxarılması ilə bağlı mediasiya prosesi baş tutmamış, cavabdeh mediasiya sessiyasında iştirak etmədiyi üçün ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞC/MT- 020/2024-00775 reyestr nömrəli arayış tərtib edilmişdir. Cavabdehə məxsus cehiz əşyalarının icarəsində olan torpaq sahəsində müvəqqəti olaraq çiy kərpicdən tikilmiş yaşayış evində qalması isə onun həmin evdən sərbəst şəkildə, təyinatı üzrə istifadə etməyinə maneələr törədir. Bu səbəbdən də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, cavabdeh Mövlanverdiyeva (Həsənova) Məleykə Mirzaməmməd qızına məxsus cehiz əşyalarının, yəni 4 dəst yorğan və döşəyin, 1 ədəd yan döşəyin, 1 yataqlıq yorğan və döşəyin, 1 ədəd soyuducunun, 1 ədəd televizorun, 1 ədəd paltaryuyan maşının, 1 ədəd televizor altlığının, 2 ədəd xalçanın, 2 ədəd süfrə dəstinin, 1 dəst məhrəbanın, 1 ədəd taxt örtüyünün, 1 ədəd yataq mebelinin, 1 ədəd şkafın, 1 ədəd yük çarpayısının, 1 ədəd sandığın, 5 ədəd əl məhrəbasının, 4 ədəd stəkan məhrəbasının, 1 ədəd ütünün, 1 ədəd ütü stolunun, 1 ədəd ət maşınının, 1 ədəd tozsoranın, 1 ədəd mikserin, 1 ədəd divar saatının, 1 ədəd güldanın, 1 ədəd aşsüzənin, 1 dəst qaşığın, 1 dəst qazanın, 1 ədəd sininin (padnos), 1 dəst qabın (mürəbbə qabı, qaşıq və çəngəl), 1 dəst çaydan və çaynikin və 1 ədəd çilçırağın Ağcabədi rayonu Qiyamadınlı kəndi ərazisində yerləşən icarəsində olan 8.5 ha torpaq sahəsindən və onun üzərində çiy kərpicdən tikilmiş fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh Mövlanverdiyeva (Həsənova) Məleykə Mirzaməmməd qızına məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Ağcabədi rayonu Qiyamadınlı kəndindində 8,50 ha torpaq sahəsi xx.xx.2005-ci il tarixdən 25 il müddətinə İddiaçı icarəyə verilmişdir. İş materiallarına əlavə olunmuş Ağcabədi RİHB-nın Qiyamadınlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş, xx.xx.2024-cü il tarixli 177 saylı arayışdan görünür ki, İddiaçı icarəsində olan Ağcabədi rayon Qiyamadınlı kəndi ərazisində yerləşən bələdiyyə torpaq sahəsinin üstündə çiy kərpicdən tikilmiş yaşayış evi vardır. İş materiallarına əlavə olunmuş mediator Camal Abbasov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh Mövlanverdiyeva (Həsənova) Məleykə Mirzaməmməd qızı xx.xx.2024-cü il tarixə saat 10:40-da keçirilməsi nəzərdə tutulan ilkin məcburi mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarına əlavə olunmuş Laçın RİHB-nın Ağbulaq kənd iəd üzrə icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Mövlanverdiyeva (Həsənova) Məleykə Mirzaməmməd qızı məcburi köçkün kimi Bərdə rayonu Təhlə kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Laçın Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2(047)-43/2024 saylı qanuni qüvvəsini almış qətnaməsindən görünür ki, iddiaçı Mövlanverdiyeva (Həsənova) Məleykə Mirzaməmməd qızı ilə cavabdeh X6 arasında xx.xx.2021-ci il tarixdə Ağcabədi Regional “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində 103 nömrəli qeydlə bağlanmış nikah pozulması, tərəflərin birgə nikahından xx.xx.2021-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2023-cü il tarixdə anadan olmuş X5 adlı uşaqların tərəflər arasında nikah pozulduqdan sonra iddiaçının, yəni anaları Mövlanverdiyeva (Həsənova) Məleykə Mirzaməmməd qızının yanında qalması, xx.xx.2023-cü il tarixdən başlayaraq X2 xx.xx.2021-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2023-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 170 (bir yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin və X3 müalicəsi üçün hər ay 40 (qırx) manat əlavə xərcin tutulub Mövlanverdiyeva (Həsənova) Məleykə Mirzaməmməd qızının xeyrinə ödənilməsi qət edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci hissəsinə əsasən “Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur”. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin izahına görə qeyd edilən birinci bəndin birinci cümləsində yer alan və ümumi xarakter daşıyan birinci norma, yəni hər bir fiziki və hüquqi şəxsin öz mülkiyyətindən dinc istifadə etmək hüququna malik olması, əmlakdan maneəsiz istifadə prinsipini təsbit edir. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. İş materiallarından və tərəfin izahatından görünür ki, cavabdehə məxsus əşyaların olduğu çiy kərpicdən tikilmiş fərdi yaşayış evi Ağcabədi rayonu Qiyamadınlı kəndi ərazisində yerləşən İddiaçı icarəsində olan 8.50 ha torpaq sahəsinin üzərində tikilmişdir və iddiaçı öz icarəsində olan torpaq sahəsindən və onun üzərində çiy kərpicdən tikilmiş fərdi yaşayış evindən sərbəst surətdə istifadə edə bilmədiyi üçün cavabdehə məxsus əşyaların icarəsində olan torpaq sahəsindən və onun üzərində tikilmiş fərdi yaşayış evindən çıxarılması barədə məhkəməyə müraciət etmişdir. Həmçinin, «Mahmudov Rusiyaya qarşı» iş uzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, «sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə araşdırmaları zamanı məlum oldu ki, həqiqətən də iddiaçının oğlu X6 ilə cavabdeh Həsənova (Mövlanverdiyeva) Məleykə Mirzaməmməd qızı ayrılmışlar və cavabdeh Mövlanverdiyeva (Həsənova) Məleykə Mirzaməmməd qızının cehiz əşyaları İddiaçı icarəsində olan Ağcabədi rayonu Qiyamadınlı kəndi ərazisində yerləşən 8.5 ha torpaq sahəsinin üzərində çiy kərpicdən tikilmiş fərdi yaşayış evində qalmışdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirib belə hesab edir ki, cavabdehə məxsus cehiz əmlakları Ağcabədi rayonu Qiyamadınlı kəndi ərazisində yerləşən iddiaçının icarəsində olan 8,50 ha torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən də məhkəmə sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdeh Mövlanverdiyeva (Həsənova) Məleykə Mirzaməmməd qızına məxsus iddia ərizəsində göstərilən cehiz əşyaları İddiaçı icarəsində olan Ağcabədi rayonu Qiyamadınlı kəndi ərazisində yerləşən 8.5 ha torpaq sahəsindən və onun üzərində çiy kərpicdən tikilmiş fərdi yaşayış evindən çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh Mövlanverdiyeva (Həsənova) Məleykə Mirzaməmməd qızına məxsus cehiz əşyaları, yəni 4 dəst yorğan və döşək, 1 ədəd yan döşəyi, 1 yataqlıq yorğan və döşək, 1 ədəd soyuducu, 1 ədəd televizor, 1 ədəd paltaryuyan maşın, 1 ədəd televizor altlığı, 2 ədəd xalça, 2 ədəd süfrə dəsti, 1 dəst məhrəba, 1 ədəd taxt örtüyü, 1 ədəd yataq mebeli, 1 ədəd şkaf, 1 ədəd yük çarpayısı, 1 ədəd sandıq, 5 ədəd əl məhrəbası, 4 ədəd stəkan məhrəbası, 1 ədəd ütü, 1 ədəd ütü stolu, 1 ədəd ət maşını, 1 ədəd tozsoran, 1 ədəd mikser, 1 ədəd divar saatı, 1 ədəd güldan, 1 ədəd aşsüzən, 1 dəst qaşıq, 1 dəst qazan, 1 ədəd sini (padnos), 1 dəst qab (mürəbbə qabı, qaşıq və çəngəl), 1 dəst çaydan və çaynik və 1 ədəd çilçıraq İddiaçı icarəsində olan Ağcabədi rayonu Qiyamadınlı kəndi ərazisində yerləşən 8.5 ha torpaq sahəsindən və onun üzərində çiy kərpicdən tikilmiş fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar