Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1249/2025 26.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən – Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlu İddiaçılar İddiaçı1 və X1 Cavabdehnə qarşı “maddi və mənəvi ziyan tələbi”nə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1 və X2 iddia ərizəzi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən onlara dəymiş maddi ziyana görə - çəltikçilik üzrə itirilmiş orta məbləğ üzrə 10.307 manat, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 2.500 manat, vəkil xərci üçün 420 manat, poçt xidmətləri üçün ödənilmiş 242 manat və Bank Respublika ASC-ə AKİA kreditinə görə ödənilən kredit üçün 15.000 manat əsas məbləğ və ödənilmiş faiz məbləği üçün 2778 pulun cəmi: 31.247 (otuz bir min iki yüz qırx yeddi) manat və mənəvi zərərə görə isə 10.000 on min manat olmaqla, cəmi 41.247 (qırx bir min iki yüz qırx yeddi) manat pulun tutularaq onlara ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdi ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, “Elektron məhkəmə” İnformasiya sistemində əldə edilmiş məlumatdan müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 (VÖEN: **********) və X2 (VÖEN: **********) vergi ödəyicisi olan şəxslərdir. Həmçinin iddia tələbinin məzmunundan və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, iddia tələbi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçılar sahibkarlıq, yəni çəltikçiliklə və arıçılıqla bağlı fermer kimi fəaliyyətlərinin həyata keçirilməsi zamanı cavabdeh təşkilat tərəfindən onlara maddi və mənəvi ziyanın vurulduğunu bildrirlər. Bu haldan belə müəyyən edilir ki, hazırki iddia ərizəsində qeyd edilən tələb tərəflər arasında sahibkarlıq fəaliyyəti ilə əlaqadar olan münasibətdən yaranan mübahisədən irəli gəlir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, hazırkı mülki iddia kommersiya məhkəməsinə aid olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. "İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 11 -ci bəndinə əsasən, MPMin 1 -ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin Qərarın 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri,) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 14-cü bəndinə əsasən, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Həmin Qərarın 13-cü bəndinə əsasən, Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Hər iki tərəf hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Qanunvericilyin yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman hər üç meyarın mövcud olması imperativ norma kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi iş üzrə iddiaçılar və cavabdeh sahibkarlıq subyektidirlər. Həmçinin iş üzrə iddia predmeti və mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqadardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3 maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı1 və X1 mövcud iddia ərizəsi geri qaytarılmalı və iddiaçılara qeyd edilən məsələ ilə əlaqadar aidiyyəti üzrə kommersiya məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və X1 Cavabdehnə qarşı “maddi və mənəvi ziyan tələbi”nə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçılarya hazırki iddia tələbi ilə aidiyyəti üzrə kommersiya məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-1249/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1249/2025
26.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver