Məhkəmə qərarları › İş №2(049)-1320/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1320/2023

06.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1320/2023 06.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlu, İddiaçı Lənkəran-Astara Regional Təhsil Şöbəsinə qarşı «Lerik rayon Orand kənd məktəbinin direktorunun qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi və barəsində inzibati qaydada tədbir görülməsi» tələbinə dair xüsusi icraat qaydasında verdiyi ərizəsini və ona ələvə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Cənnətov X2-Astara Regional Təhsil Şöbəsinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, onun övladının və Lerik rayon Orand kənd tam orta məktəbinin şagirdlərinin pozulmuş hüquqlarının bərpa olunmasına 8 ay ərzində övladı 5 sinif şagirdi X1 və digər şagirdlərə riyaziyyat informatika, kimya, biologiya və musiqi dərsinin tədrisi qanunamüvafiq qaydada tədris olunmadığı üçün uşaqların hüquqlarının bərpa olunmağı və direktorun qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi ilə bağlı qərar qəbul edilməsini və Azərbaycan Respublikasının Nazirlər Kabnetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli qərarının 6.2-ci bəndin düzgün icra edilmədiyi üçün direktor Babək Rəhimovla bağlı qanunun aliliyin əsas götürərək qanunda nəzərdə tutulmuş qaydada inzibat tədbir görülməsini xahiş etmişdir. Mülki işi öyrənib belə nəticəyə gəlirəm ki, ümumi məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, tələb inzibati orqanın, yəni Təhsil Şöbəsinin üzərinə müvafiq öhdəliyin qoyulması, həmçinin məktəb direktorunun barəsində inzibati tədbir görülməsi ilə əlaqədardır. Azərbaycan Respublikası İnzibati Prosesssual Məcəlləsinin 2.2.3-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların təsnifatının» 9.2-ci bəndində Azərbaycan Respublikası Təhsil Nazirliyinin regional təhsil idarələri inzibati orqan kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsində qeyd olunur ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr və inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li qərarının 3-cü bəndində qeyd olunur ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 5.1-ci bəndində qeyd olunur ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, iddia tələbində qeyd olunanlar ümumi məhkəmədə baxılmalı mübahisə olmadığından İddiaçı ərizəsinin icraata qəbulundan imtina edilməli, ona qanunla müəyyən edilmiş qaydada iddia tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 152.3, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Lənkəran-Astara Regional Təhsil Şöbəsinə qarşı «Lerik rayon Orand kənd məktəbinin direktorunun qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi və barəsində inzibati qaydada tədbir görülməsi» tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. İddiaçı yaranmış mübahisə ilə əlaqədar iddia tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, onun tərəfə rəsmi qaydada verildiyindən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar