Məhkəmə qərarları › İş №2(049)-1816/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1816/2023

20.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1816/2023 20.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X3, İddiaçı, Lənkəran 1 saylı Mediasiya təşkilatı və X1 üçüncü şəxslər qismində işə cəlb edilməklə, Cavabdeh qarşı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın məhkəmə qaydasında etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı, Lənkəran 1 saylı Mediasiya təşkilatı və X1 üçüncü şəxslər qismində işə cəlb edilməklə, Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Cavabdeh tərəfindən “Atanın razılığı tələb olunmadan uşaqların ananın müşayiəti ilə yetkinlik yaşına çatanadək xarici ölkələrə aparılıb gətirilməsi” tələbindən irəli gələn ailə mübahisəsi üzrə Cavabdeh Lənkəran 1 saylı Mediasiya təşkilatı (mediator X2) tərəfindən verilmiş MŞL-00465 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın məhkəmə qaydasında etibarsız hesab edilməsinə dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin və iş materiallarının ümumi məzmunundan görünür ki, hazırkı işdə iddiaçının mübahisələndirdiyi arayış digər mülki iş üzrə işin icraata qəbul edilibedilməməsinin əsaslarından biri, eyni zamanda, mediasiya prosesində razılıq əldə edilməsi mümkün olan məsələlər barədə belə razılığın əldə edilə bilməməsini təsdiq edən sənədin, habelə, həmin iş üzrə sübut növü kimi qəbul edilmiş sənədin etibarsız hesab edilməsi ilə əlaqədardır. Hazırda mübahisələndirilən “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”a digər mülki işdə sübut kimi istinad edilməklə məhkəmə tərəfindən qətnamə qəbul edilmişdir. Lakin həmin arayış digər iş üçün sübut əhəmiyyətinə malik olsa da, özüözlüyündə ayrılıqda məhkəmə mübahisəsinin predmeti deyildir. Ona görə də həmin iddiaya, ümumiyyətlə, məhkəmədə baxıla bilməz. Belə iddialara baxılması sübutetmənin mahiyyətinə zidd olmaqla, mülki mühakimənin tarazlığını və sabitliyini pozmuş olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi iş üzrə sübutların təqdim edilməsi, əldə olunması və qiymətləndirilməsi konkret mülki işə baxılarkən həll edilən məsələdir. Başqa bir mülki iş üzrə məhkəmənin sübut kimi qəbul etdiyi və çıxarılan qərarın əsası kimi qəbul edilən sübutun ayrıca iddia icraatında mübahisələndirilməsi mülki mühakimənin əhəmiyyətini itirir. Belə iddialara baxılması onu ehtiva edir ki, bir mülki iş üzrə məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra həmin mülki işdə məhkəmənin əsas götürdüyü bütün sübutlar (şahid ifadəsi, tərəflərin izahatları, mütəxəssis rəyi, arayışlar, maddi sübutlar və.s.) ayrıca iddia icraatı qaydasında mübahisələndirilə bilər. Əslində iddiaçı hazırkı tələbi ilə qəbul edilmiş yekun məhkəmə aktlarına yenidən baxılması üçün zəmin hazırlayır. Lakin qanunverici belə halların iddia icraatı qaydasında əldə olunması hallarını istisna edir. Eyni zamanda, İddiaçı özü hazırki iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh tərəfindən “Atanın razılığı tələb olunmadan uşaqların ananın müşayiəti ilə yetkinlik yaşına çatanadək xarici ölkələrə aparılıb gətirilməsi” tələbi ilə bağlı iddia ərizəsinə əlavə edilmiş sənədlərlə, o cümlədən, “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”la həmin iş üzrə məhkəmə baxışı gedişində tanış olmuş və həmin arayışın etibarlı olmasına əsaslı şübhələri yaranmışdır. Belə olan halda, İddiaçı (və ya işin məhkəmə icraatında onu təmsil edən şəxsin) həmin vaxtda qeyd edilən arayışı mübahisələndirməsi, müvafiq ekspertiza təyin edilməsini tələb edib-etməməsi hazırki işin materiallarından müəyyən edilmir. Halbuki, qanunvericiliyin tələbinə görə işdə iştirak edən şəxs sübutlarını birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməlidir və məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Eyni zamanda, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə hazırda mübahisələndirdiyi arayışın etibarlı olmasına əsaslı şübhələri yarandığı təqdirdə, bununla bağlı etiraz və vəsatətlərini nəinki həmin anda, hətta həmin iş üzrə yekun qərar qəbul edilənədək də məhkəməyə təqdim etmiş olması barədə müvafiq sənədləri işə əlavə etməmişdir. İddiaçı qeyd olunan mediasiya arayışının etibarsız hesab edilməsi barədə tələblə mülki məhkəmə icraatı qaydasında məhkəməyə iddia vermiş, bununla da, məhkəmədə baxılmalı olmayan bir tələb üzrə məhkəməyə müraciət etmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 6.1-ci bəndində qeyd edilmişdir ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər: iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda; iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda; iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunan əsaslara görə hazırki tələbə mülki məhkəmə icraatı qaydasında məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 208780 saylı mədaxil qəbzindən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 35, 152, 153, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı, Lənkəran 1 saylı Mediasiya təşkilatı və X1 üçüncü şəxslər qismində işə cəlb edilməklə, Cavabdeh qarşı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın məhkəmə qaydasında etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar