Məhkəmə qərarları › İş №2(049)-1824/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1824/2023

28.04.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1824/2023 28.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" MMC-nin Lənkəran şəhər 1 nömrəli filialının icra orqanının rəhbəri Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair mülki işə 28 aprel 2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi (bundan sonra ərizəçi) məhkəməyə müraciət edərək vergi ödəyicisi olan hüquqi şəxs - "xxxx" MMC-nin Lənkəran şəhər 1 nömrəli filialının icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs və ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, sonuncunun nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılaraq müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasının maraqlı şəxsin və ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini qərara almışdır. Ərizəçi öz tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin Lənkəran şəhər 1 nömrəli filialı (VÖEN **********) vergi ödəyicisi olan hüquqi şəxs kimi xx.xx.2013-cü il tarixdə vergi orqanında qeydiyyata alınmışdır. Həmin hüquqi şəxs vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirməmişdir. Vergi öhdəliklərinə görə xx.xx.2022-ci il tarixə "xxxx" MMC-nin Lənkəran şəhər 1 nömrəli filialının dövlət büdcəsinə 1520 manat (o cümlədən, vergilər üzrə 709 manat, faizlər üzrə 811 manat) borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə xx.xx.2020-ci il və xx.xx.2022-ci il tarixli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən "xxxx" MMC-nin Lənkəran şəhər 1 nömrəli filialının icra orqanının rəhbəri xx.xx.1995-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş Maraqlı şəxsdur və o, hazırda ünvan 1 ünvanında yaşayır. Vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" MMCnin Lənkəran şəhər 1 nömrəli filialı vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə hesablanmış vergi borcunun ödənilməsini təmin etmək üçün həmin vergi ödəyicisinin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş aidiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərilməlidir. Belə ki, ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş hüquqi şəxs haqqında məlumat vərəqəsinin surətindən müəyyən edilir ki, iş üzrə Maraqlı şəxs rəhbəri olduğu "xxxx" MMC-nin Lənkəran şəhər 1 nömrəli filialı hüquqi şəxs olaraq vergi orqanında kommersiya təşkilatı kimi qeydiyyata alınmışdır. Qeyd edilən vergi borcu hüquqi şəxsin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinin nəticəsi olaraq yarandığından, Maraqlı şəxs da hüquqi şəxsin filialının icra orqanının rəhbəri olaraq barəsində tədbir görülməsi üçün kommersiya məhkəməsinə müraciət edilməli olduğu halda, yanlış olaraq ümumi məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinin anlayışı verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. Həmin məcəllənin 1, 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici faktordur. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. İş materiallarından görünür ki, ərizəçi hazırki tələblə Lənkəran Rayon Məhkəməsinə müraciət edərkən Maraqlı şəxs vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbəri kimi qeyd etmiş, lakin hazırki tələbin əsasını təşkil edən vergi borcunun sahibkarlıq fəaliyyəti nəticəsində yaranıb-yaranmadığını qeyd etməmiş, mülki iş də ümumi əsaslarla Lənkəran Rayon Məhkəməsi, yəni rayon (şəhər) məhkəməsi tərəfindən icraata götürülmüşdür. Lakin məhkəmə araşdırması zamanı Maraqlı şəxs rəhbəri olduğu "xxxx" MMC-nin Lənkəran şəhər 1 nömrəli filialının vergi orqanında kommersiya təşkilatı kimi qeydiyyata alınmış olması müəyyən edilmişdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarında qeyd edilmişdir ki, kommersiya hüquqi şəxsləri (xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və filialları daxil olmaqla) və fərdi sahibkarlar kommersiya mübahisəsinin subyektləri sırasına daxildirlər. Kommersiya məhkəməsində baxılmalı olan işlərin mümkün subyekt tərkibi ilə bağlı qiymətləndirmənin həyata keçirilməsi zamanı Mülki Prosessual Məcəllənin 30-cu maddəsinin tələbləri nəzərə alınmalıdır. Həmin qərarın 23-cü bəndində qeyd edilmişdir ki, mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının (Vergilər Nazirliyinin) vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizələrinə kommersiya işi kimi kommersiya məhkəmələrində baxılmasının mümkünlüyü nəzərdə tutulmaqla dövlət orqanının kommersiya mübahisəsində tərəf olması istisna edilməmişdir. Həmin qərarın “Mübahisə üzrə hüquq münasibətinin xarakterinə dair tələblər” hissəsində qeyd edilmişdir ki, iş üzrə tərəflərin subyekt tərkibindən asılı olmayaraq xüsusi icraat qaydasında baxılan işlərdən vergi ödəyicisi olan fiziki şəxslərin və ya sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə tələblərə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi halda kommersiya məhkəmələri baxır. Hazırki tələbin əsasını təşkil edən vergi borcunun sahibkarlıq fəaliyyəti nəticəsində yaranıb-yaranmadığı ərizədə qeyd edilməsə də, Maraqlı şəxs rəhbəri olduğu müəssisənin vergi ödəyicisi kimi verqi orqanında təşkilati-hüquqi formasına görə kommersiya təşkilatı kimi qeydiyyata alınması həmin vergi borcunun da sahibkarlıq fəaliyyəti nəticəsində yarandığını ehtimal etməyə əsas verir. Məhkəmə hazırki işin materiallarını qeyd olunan hüquq normalarının tələbləri ilə əlaqəli şəkildə araşdıraraq qeyd edir ki, hazırki tələb Lənkəran Rayon Məhkəməsi tərəfindən icraata götürülərkən həmin tələbə rayon (şəhər) məhkəməsində baxılması mümkün hesab edilərək iş icraata götürülmüşdür. İşdə olan sənədlərə əsasən və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarda ifadə edilmiş hüquqi mövqeyi baxımından məhkəmə hesab edir ki, hazırki tələb hüquqi şəxsin icra orqanının filialının rəhbərinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gələn və bu növ fəaliyyətin həyata keçirilməsi nəticəsində yaranan mübahisələrə aid olduğuna görə həmin tələbə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsində baxılmalıdır. Həmin əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki mülki iş məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 24, 26, 32, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" MMC-nin Lənkəran şəhər 1 nömrəli filialının icra orqanının rəhbəri Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar