Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-225/2023 12.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavbdeh Cavabdeh 800 manat və ona dəyən digər ziyanların birdəfəlik tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixdə «Kuba x-boxx» model motisklı 1500 manat qarşılığında satmış, ödənişi hissə-hissə yəni, 1000 manatı xx.xx.2022-ci il tarixində, qalan 500 manatı isə xx.xx.2022-ci il tarixində alacağına razılaşmışlar. Cavabdeh isə ona dediyi vaxtdan 1 ay sonra 700 manat ödəniş etmişdir. Səbəb kimi isə pulunun olmadığını bildirmiş və hər gün cürbəcür bəhanələr gətirərək pulu ödəməkdən imtina etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məluat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş: xx.xx.2022-ci il tarixli yazılı müqavilədən görünür ki, İddiaçı mülkiyyətində olan «Kuba x-boxx» markalı motosikli Cavabdeh 1500 manata satmağı, cavabdeh isə həmin əşyanın dəyərini xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə isə 500 manatını ödəməyi öhdəsinə götürmüşdür. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat xdmət haqqı ödənilmişdir. İddiaçının izahatından və təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan «Kuba x-boxx» markalı motosikli Cavabdeh 1500 manata satmağı, cavabdeh isə həmin əşyanın dəyərini xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə isə 500 manatını ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, razılaşdırılmış malı Cavabdeh mülkiyyətinə vermiş, lakin sonuncu üzərinə götürdüyü malın dəyərini tam şəkildə ödəmək öhdəliyini yerinə yetirməmiş və nəticədə 800 manat borcu qalmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış müqavilədə alqı-satqı müqavilənin bağlanması qeyd olunmasa da, iş materiallarından olan sübutlardan, həmçinin iddiaçının izahatından müəyyən olunur ki, bağlanmış müqavilə alqı-satqı müqaviləsidir və iddianın qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin alqı-satqı müqaviləsini tənzimləyən müddəaları təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-cü maddəsinə əsasən: 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə qeyd olunan normalarının tələbi baxımından məhkəmə hesab edir ki, iddia 800 manat pulun cavabdehdən alınaraq, iddiaçıya ödənilməsi hissəsində əsaslıdır. Məhkəmə iddianın «ona dəyən digər ziyanların cavabdehdən birdəfəlik tutularaq iddiaçıya ödənilməsi» hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Belə ki, cavabdehin hərəkətsizliyi, yəni alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi nəticəsində ona ziyan vurulduğunu bildirsə də, sonuncu həmin ziyanın nədən ibarət olduğunu, vurulmuş ziyanın məbləğini iddia ərizəsində qeyd etməmişdir. Göründüyü kimi iddiaçının «ona dəyən digər ziyanların cavabdehdən birdəfəlik tutularaq iddiaçıya ödənilməsi» tələbi qeyri-müəyyəndir və bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Halbuki, MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında alqı-satqı müqaviləsi üzrə 800 manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınaraq, İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 800(səkkiz yüz) manat borc və məhkəmədə iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 30(otuz) manat, xidmət haqqına görə 0,40 manat Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-225/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-225/2023
12.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver