Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2629/2024 15.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul və mənəvi ziyan» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 122.000 (yüz iyirmi iki min) manat məbləğində pul vəsaitinin, 20.000 (iyirmi min) manat məbləğində mənəvi zərərin, cəmi 142.000 (yüz qırx iki min) manat məbləğində pulun tutularaq ona verilməsinə və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 432 (dörd yüz otuz iki) manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2016-cı ildə Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Fuad Aynulov küçəsində yerləşən fərdi yaşayış evinin tikintisini aparan zaman Cavabdeh tanımışdır. Həmin vaxt Cavabdeh həmin evin bütün təmir işlərini görəcəyini söz verərək, ilkin olaraq ondan hissə-hissə 29.000 manat məbləğində pul almışdır. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, evin tikintisi və təmiri üçün ödənilmiş məbləğin əvəzində heç bir iş görməmişdir. Bundan sonra cavabdehdən pulunu geri tələb etdikdə, cavabdeh 4.000 manat məbləğində pulu geri qaytarmış, 25.000 manat məbləğini isə qaytarmamışdır. Sonradan Cavabdeh ona tikinti və təmir işlərini davam etdirəcəyini vəd etdiyindən, evdə işləmək üçun bir neçə ustanı evə göndərmişdir. Bundan sonra hissə-hissə olmaqla Cavabdeh 122.000 (yüz iyirmi iki min) manat məbləğində pul vermişdir. Lakin bundan sonra da cavabdeh vədinə əməl etməyərək, nə tikinti işlərini başa çatdırmamış, nə də aldığı məbləğləri geri qaytarmamışdır. Cavabdeh ona qarşı etibarından sui - istifadə etməklə, evi təmir etdirəcəyi vədi ilə aldadaraq, 122.000 manat pulunu ələ keçirməsi barədə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edib. Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Məmməd Cəfərovun xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə mübahisə mülki xarakterli olması bildirilərək, cinayət işinin başlanılması rədd edilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehə dəfələrlə xəbər göndərməyinə baxmayaraq idaçıya olan borcunu ödəmir. Ona görə də mülki qaydada məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Cavabdeh ona olan borcunu etiraf etməsi barədə qəbzlər yazaraq ona təqdim etmiş və həmin qəbzlərdə borcun təminatı olaraq Bakı şəhəri, Binəqəsəbəsində 6 sot torpaq sahəsində yerləşən 2 mərtəbəli yaşayış evinə girov verdiyini bildirmişdir. Həmin qəbzləri sübut kimi məhkəməyə təqdim etmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, tələb təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X2 X1 şikayət ərizəsi əsasında toplanmış xx.xx.2023-cü il tarixli HK-1/873 nömrəli material üzrə qəbul etdiyi 30 aprel 2024-cü il tarixli qərarla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, araşdırma zamanı Cavabdeh Nriman oğlunun izahatı alınmamışdır. İddia tələbindən görünür ki, tərəflər arasında yaranmış mübahisə borc müqaviləsinin icra edilməməsindən irəli gəlir ki, bu tələbi qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu və 777-ci maddələridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 14.2 maddəsinin tələbinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. Mülki Məcəllənii 777.1 maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2 maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmçinin həmin məcəllənin 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1 maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, qanunvericilik borc müqaviləsi üçün borc müqaviləsi predmetinin məbləğinin üç min manatdan çox olmadığı hallarda yazılı formanı məcburi şərt kimi nəzərdə tutmur. Lakin, mübahisə halında, xüsusilə də borcun ümumiyyətlə verilibverilməməsi məsələsi mübahisələndirilən halda, borc münasibətlərinin mövcudluğu sübut edilməli hala çevrilir ki, bu halda sübut etmə vəzifəsi belə münasibətin həqiqətən mövcud olduğunu iddia edən tərəfin üzərinə düşür. Hazırda iddia tələbində qeyd edilən borc 142.000 manat, yəni 3.000 manatdan artıq məbləğdə olmasına baxmayaraq bu borca dair tərəflər arasında heç bir yazılı formada müqavilə bağlanmamışdır. İddiaçı X3 iddia tələbini sübut etmək üçün məhkəməyə əlyazma ilə yazılmış qəbzlərin surətini təqdim edərək, bildirmişdir ki, Cavabdeh həmin qəbzləri yazmaqla ona borcunun olduğunu etiraf etmiş və bunun əvəzində girov kimi özünə məxsus olan Bakı şəhəri Binə qəsəbəsində yerləşən 6 sot torpaq sahəsində yerləşən 2 mərtəbəli evini ona verdiyini bildirmişdir. Lakin məhkəmə araşdırması zamanı qeyd edilən qəbzlərin kimin tərəfindən yazıldığı və imzalandığını müəyyənləşdirmək mümkün olmamışdır. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə cavabdehlə onun arasında tapşırıq müqaviləsinin bağlanması ilə əlaqadar hər-hansı sübut təqdim edilməmişdir. MPM-nin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı iddianın əsasını təsdiq edən sübutları, yəni cavabdehə iddiaçı arasında yazılı borc müqaviləsinin mövcudluğunu təsdiq edən yazılı borc müqaviləsini məhkəməyə təqdiom etdiyindən, bunun əksini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür ki, cavabdeh də həmin sübutları məhkəməyə təqdim etməmişdir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Məhkəmə hesab edir ki, hazırki mübahisədə sübut etmə vəzifəsi iddiaçının üzərində olduğundan, cavabdehin onun qarşısında öhdəliyinin yaranmasına və öhdəliyə dair pulun ödənilib ödənilmədiyinə dair heç bir əsaslı sübut təqdim olunmadığından onun irəli sürdüyü tələb əsassızdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə iddia tələbinin mənəvi ziyan tələbi hissəsinə qiymət verərək aşağıdakıları qeyd edir: Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, "...qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Qeyd edilən qanunvericilik normalarına əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilmədiyindən iddia tələbi mənəvi ziyan tələbi hissəsində təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən müəyyən edilir ki, iddiaçı tərəfindən hazırki mülki iş üzrə iddia ərizəsinin məhkəməyə verilməsi üçün 432 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia tələbi təmin edilmədiyindən iddiaçı X3 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul və mənəvi ziyan» tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 432 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-2629/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2629/2024
15.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver