Məhkəmə qərarları › İş №2(049)-2690/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-2690/2024

26.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-2690/2024 26.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdilm: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 yaşadığı ünvana məktub göndərməklə ondan yazılı qaydada üzr istənilməsinə, şərəf və ləyaqətinin alçaldılması və ləkələnməsi nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin əvəzi kimi cavabdehlərdən xeyrinə 10000 manat kompensasiya və ödənilmiş 100 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, ilk öncə qeyd edilməlidir ki, iddia ərizəsində cavabdehlərin ünvanı kimi “Lənkəran şəhər polis şöbəsi DYP bölməsi” göstərilmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Elektron Məhkəmə İnformasiya Sistemi üzrə məlumatlardan çıxarışla müəyyən edilmişdir ki, Cavabdeh1 Masallı şəhəri, S.Məmmədov 13, Cavabdeh2 isə Sumqayıt, MİK-9, 27, 9 ünvanında qeydiyyatdadırlar. MPM-nin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat miqdarında dövlət rüsumu ödənilir. Qanunvericiliyə əsasən şərəf və ləyaqətin müdafiəsi ilə bağlı tələblər qiymətləndirilməyən iddia ərizələrinə aid olsa da, maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı tələblər qiymətləndirilən iddia ərizələri sırasına daxildir. Bu baxımdan şərəf və ləyaqətin müdafiəsi ilə bağlı tələblər üzrə məhkəməyə müraciət etmək üçün 120 manat miqdarında dövlət rüsumu ödənilməli olsa da, maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı tələblər üzrə məhkəməyə müraciət etmək üçün iddianın qiymətindən asılı olaraq dövlət rüsumu ödənilməlidir. Həmin əsaslara görə iddiaçı mənəvi zərər məbləği kimi 10.000 manat pulun tutulması ilə bağlı hazırki tələblə məhkəməyə müraciət etmək üçün 120 manat miqdarında dövlət rüsumu ödəməli idi. İddiaçının hazırki iddia tələbi həm qiymətləndirilən, həm də qiymətləndirilməyən tələbləri özündə ehtiva etdiyindən, həmin tələblər üzrə eyni iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən daha üstün miqdarda müəyyən edilmiş məbləğdə, daha çox dövlət rüsumu ödənilməli olan tələb digərini əhatə etmək yolu ilə rüsum miqdarı müəyyən edilməli, yəni cəmi 120 manat miqdarında dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki tələb ərazi aidiyyəti qaydalarının pozulması ilə verildiyinə və dövlət rüsumu tam şəkildə ödənilmədiyinə görə iddiaçının iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılmalıdır. Eyni zamanda, iddiaçıya izah edilir ki, iddia ərizəsinin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etməsinə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 35, 40, 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar