Məhkəmə qərarları › İş №2(049)-2899/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2899/2023

05.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2899/2023 05.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 oğluna və Cavabdeh2 qarşı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və eyni zamanda yetkinlik yaşına çatmadıqları üçün adlarını müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində qeyd etmədiyi X3, X8 və X1 qeydiyyatda olduqları ona məxsus olaraq mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Lənkəran rayonu Cil kəndində anadan olmuşdur, hazırda isə ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 1 ünvanında yeriləşən mənzil mülkiyyət hüququ üzrə ona məxsusdur və bu barədə adına çıxarış verilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər onun evində yaşamasalar da. Onlar onu məxsus mənzildə qeydiyyatdadırlar. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslərdən əlavə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 onun xüsusi mülkiyyətində olan mənzildə yaşamasalar da, onlar ona məxsus olan mənzildə qeydiyyatdadırlar. X4, X8 və X2 yetkinlik yaşına çatmadıqlarına görə onları müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi qeyd etməmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər ona məxsus olan mənzildə yaşamamaqla yanaşı hazırda onların harada yaşadıqlarını da bilmir. Onların onun evində qeydiyyatı formal xarakter daşıyır. Onlar onun evində qeydiyyatda olduğundan bu onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneçilik törədilir. Qeyd etdiyi kimi Zərifə Əliyeva küç.ev 78/9 mənzil 5 ünvanda yerləşən mənzil tam mülkiyyət hüququ ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində onun adına qeydə alınmışdır. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin onun mülkiyyətində olan evdən qeydiyyatdan çıxarılması üçün Lənkəran rayon Polis Şöbəsi ərizə ilə müraciət etsə də, polis şöbəsi göstərilən şəxslərin qeydiyyatdan çıxarılmasına imtina edərək, bu barədə mülki iddia qaydasında məhkəməyə müraciət elməsi barədə ona məktubla cavab vermişdir. Odur ki, cavabdehlərin mülkiyyətində olan mənzildən istifadə hüqtıqlarının itirilmiş hesab edilməsi tələbi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən xx.xx.2018-cu il tarixdə verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən mənzildən mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş materillarında olan Lənkəran şəhər ŞRPŞ QvŞV şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, cavabdehlər ünvan 2 ünvanda qeydiyyatdadırlar. Cavabdeh1 xx.xx.1986-cı il təvəllüdlü, Cavabdeh3 xx.xx.1988-ci il təvəllüdlü, X5 xx.xx.1964-cü il təvəllüdlü, X3 xx.xx.2012-ci il təvəllüdlü, X8 xx.xx.2007-ci il təvəllüdli və X2 xx.xx.2009-ci il təvəllüdlü olan şəxslərdirlər. İş materiallarında olan alqı-satqı müqaviləsindən görünür ki, həmin müqavilə əsasında İddiaçı 30 avqust 2018-ci il tarixdə ünvan 1 ünvanda yerləşən mənzili Cavabdeh1 almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə iclasında iş materialları ilə müəyyən olundu ki, İddiaçı ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 89.6 kv/m olan mənzilin tam mülkiyyət üzrə alqı-satqı müqavləsi əsasında almışdır. Cavabdehlərdən Cavabdeh1 mənzilin keçmiş mülkiyyətçisidir. Cavabdehlər iddiaçının ailə üzvləri deyildirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində cavabdehlərin hüquqlarına xitam verilmiş, iddiaçı isə bu mənzil üzərində mülkiyyət hüququ əmələ gəlmişdir. İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehin mübahisəli mənzildən könüllü olaraq qeydiyyatdan çıxmaması nəticəsində iddiaçıının göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Göründüyü kimi, cavabdehlərin mənzilə sahiblik etmək və mənzildən istifadə etmək hüquqları artıq mövcud deyildir. Odur ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan mübahisəli mənzildən cavabdehlərin istifadə hüquqlarının itirilməsini tələb etməkdə haqlıdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, sözügedən mənzilə dair İddiaçı adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində cavabdehlərin hüquqları itirilmiş, iddiaçının isə bu mənzil üzərində mülkiyyət hüququ əmələ gəlmişdir. Buna görə də, cavabdehlərin mübahisəli mənzildə istifadə hüquqları qala bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzilindən cavabdehlərin istifadə hüquqları itirilmiş hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, X3, X8 və X1 ünvan 1 ünvanda yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar