Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2960/2022 14.12.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X6, iddiaçı: İddiaçı, cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərə görə təzminat ödənilməsi və qanunazidd hərəkətlərə görə sosial şəbəkədə rəsmi üzr istəməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərə görə təzminat ödənilməsi, qanunazidd hərəkətlərə görə sosial şəbəkədə rəsmi üzr istəməsi” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh qanunsuz hərəkətlərinə görə dəymiş maddi və mənəvi ziyana görə 10.000 manat təzminat ödənilməsi və qanunazidd hərəkətlərə görə sosial şəbəkələrdə rəsmi üzr istəməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Astara rayonu, Balaca Şahağacı kənd sakini X4 iddiaçı barəsində böhtan, iftira dolu əsassız şikayət ərizəsi ilə ayrı-ayrı idarə və təşkilatlara dəfələrlə müraciət etmişdir. Bütün hallarda onun ərizələrinin böhtan xarakterli olduğu sübut etdilmişdir. Buna baxmayaraq, Mahir Fərziyev bu cür nalayiq hərəkətlərindən əl çəkməmiş, çirkin əməllərini davam etdirmişdir. Şərəf və ləyaqətinin, eləcə də işgüzar fəaliyətinin el içində aşağılanmasını görəndən sonra iddiaçı məcbur qalıb onun barəsində Astara Rayon Məhkəməsinə müraciət etmişdir. Astara Rayon Məhkəməsinin 2(018)- 669/2020 saylı 19 avqust 2020-ci il tarixli qətnaməsi ilə X1 iddiaçıya təzminat ödəmək şərti ilə 4000 manat cərimə etmişdir. Lakin, M.H.Fərziyev Astara Rayon Məhkəməsinin qərardadından Şirvan Apellyasiya Məhkəməsinə şikayət etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 03 mart 2021-ci il tarixli qətnaməsi ilə Astara Rayon Məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Lakin, bu günə qədər Mahir Fərziyev Məhkəmə qətnaməsi yerinə yetirməmişdir. Əksinə, o, blogger meyxanaçı kimi özünü əhali arasında tanıdan Cavabdeh təsiri altına düşüb, yenidən böhtan və iftiralarını davam etdirir. Son günlər iddiaçıya məlum olmuşdur ki, Mahir Fərziyevi qızışdıran blogger Cavabdeh olub. Belə ki, Cavabdeh iddiaçının işgüzar fəaliyyətinə kölgə salmaq üçün böhtançı Mahir Fərziyevdən yenidən müsahibə götürüb və onu sosial şəbəkələrdə yayıb və paylaşıb. Həmin çəkilişdə göstərilir ki, guya iddiaçı qeyri-qanuni torpaq sahələrini zəbt etmiş və xalqın əmlakını talamışdır. İddiaçı bu haqsızlıqla razılaşmayıb barəsində yazılan böhtanlarla və əsassız çəkilişlərlə əlaqədar “Bələdiyyə birliyi" qəzeti redaksiyasına müraciət etmişdir. Qəzetin baş redaktoru Cümşüd İsgəndərov 25-28 iyul 2022-ci il tarixdə Qamışobaya gəlmiş, faktları araşdırmış və bir sıra kənd sakinləri ilə görüşmüşdür. Blogger Cavabdeh sosial şəbəkələrdə paylaşdığı görüntülərin iftira, yalan və böhtan olduğu bir daha sənədlərlə sübut olunmuşdur. Məhz buna görə də qəzetin baş redaktoru Cümşüd İsgəndərov və iddiaçı blogger Cavabdeh ilə görüşüb məsələni araşdırmaq istəmişlər. Sosial şəbəkədə olan telefon nömrəsi vasitəsilə cavabdehlə əlaqə saxlayıb görüşmək istədiklərini bildirmişlər. Cavabdeh onlarla Qamışoba kəndinin dəniz sahilindəki "Zirvə" istirahət mərkəzinin həyətində görüşmüşdür. Ondan məqsədli şəkildə böhtan materialları sosial şəbəkələrdə paylaşmasının səbəbini soruşmuş, nədən faktları araşdırmadığını, böhtançı Mahir Fərziyevə müsahibə zamanı yönləndirici suallar verməsini sual etmişlər. Lakin cavabdeh onlarla danışmaq istəməyib sual qarşısında aciz qalıb bir sıra dövlət qulluqçularının ünvanına o cümlədən, Milli Məclisin bu ərazidən seçilmiş deputat Ziyafət Əsgərovun ünvanına nalayiq və hədyan sözlər söyləyib çıxıb getmişdir. Cavabdehlə görüşü açıq havada, xeyli şahidlərin arasında olmuşdur. Ona qarşı heç bir təhqiramiz söz işlədilməyib. Lakin bir gün sonra Cavabdeh iddiaçının və "Bələdiyyə birliyi" qəzetinin baş redaktoru Cümşüd İsgəndərovun gizlində yazdığı səs yazısını yenidən sosial şəbəkələrdə paylaşım edib, onlara qarşı iftiralar yağdırmışdır. O, Azərbaycan Respublikası Konstitusiyasının İnsan Haqları barədə qanunun müddəalarını pozaraq səsi xəbər etmədən gizlindən yazmışdır. 30 iyul 2022-ci il tarixdə isə Cavabdeh Rəsul Dadaşov adlı birisi ilə əlbir olub, yenidən sosial şəbəkələrdə barəsində böhtan və iftiralar yaymış, nalayiq sözlərlə təhqir etmişlər. Həmin paylaşımda iddiaçını təhdid edərək, yanımış, hədələmiş, və işgüzar imicimə zərər yetirmişlər. İddiaçı bütün həyatı boyu iş adamı olaraq xeyriyyəçilik missiyası ilə yaşamışdır. Kakalos bələdiyyəsinin sədri olduğu dövrdə də öz seçicilərinin etimadını doğrultmuş və insanlara qayğı ilə hörmət qazanmışdır. Bu qarayaxmalar tərəfindən sosial şəbəkələrdə təhqir olunmağı iddiaçını son dərəcə narahat edir. İddiaçı xalqın və dövlətçiliyin yolunda canından keçməyə hazır olan adamdır. Lakin bu böhtançı və qarayaxan adamların əlbir olub, birləşib iddiaçıya qarşı yaydıqları hədyanlar onun ürəyini ağrıdır. İddiaçı vaxtı ilə açıq ürək əməliyyatı olmuş, çox ağır xəstəlik keçirmişdir. Hazırda sosial şəbəkələrdə yayılan bu böhtan və iftiralar, eləcə də təhqir və təhdidlər iddiaçıda yenidən ürək ağrısı yaratmışdır. Böhtançı, qarayaxan şəxslər tərəfindən iddiaçının konstitusion hüquqları pozulmuş, səsi gizli yazılmış, sosial şəbəkələrdə paylaşılmışdır. Nalayiq sözlərlə - “torpaqyeyən”, “gözüdoymayan”, “talançı”, “dələduz”, “qələt edib” və s kimi sözlərlə təhqir edilmişdir. Bununla iddiaçının şərəf və ləqayətinə, işgüzar nüfuzuna, imicinə zərbə dəymişdir. İddiaçının ətrafında ona xas olmayan hərəkətlər yayılmışdır. İddiaçı sosial şəbəkələrdə yersiz təhdid və təhqir olmuşdur. Odur ki, blogger Cavabdeh qanunsuz hərəkətlərinə görə iddiaçıya dəymiş maddi və mənəvi ziyana görə 10.000 manat təzminat ödənilməsi və cavabdehin etdiyi qanuna zidd hərəkətlərə görə sosial şəbəkələrdə rəsmi üzr istəməsi üçün qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra məhkəməyə müraciət edərək iddianın tələbinin həcminin artıraraq cavabdehin onu sosial şəbəkədə “reket” adlandırdığını bildirib buna görə də üzr istəməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq göstərdi ki, 1993-cü ildən xeyriyyəçiliklə məşğul olmuş, Astara rayonu, Kakalos kəndindəki məktəb şagirdlərini xaricdə təhsil almalarını təmin etmiş, 4750 kq nərə balığı orduya vermiş və digər işlər görmüşdür. Dövlət üçün çox işlər görmüşdür. Hər iki oğlu hərbi xidmət keçmişdir. Astara rayon sakini Mahir Fərziyev ona böhtan ataraq guya oğlanlarının hərbi xidmət keçmədiyini bildirmiş və məhkəmə qaydasında bu məsələ onun xeyrinə öz həllini tapmışdır yəni, dedikləri şər və böhtan üzə çıxmışdır. Astara rayonu, Balaca Şahağacı kənd sakini Mahir Fərziyev ona şər və böhtan ataraq ictimai nüfüzuna xələl gətirmişdir. Onunla bağlı məhkəməyə müraciət etmiş və 4000 manat cərimə edilmişdir. Blogger Cavabdeh Mahir Fərziyevdən müsahibə götürmüş və guya Mahirin dediyinə görə o, qanunsuz torpaq zəbt etmişdir. Cavabdeh həm blogger həm də meyxanaçıdır. İş adamlarına sataşır və onların işinə maneçilik edir. Cavabdehin telefon nömrəsinə zəng edərək yayılan həqiqətə uyğun olmayan məlumatların aydınlaşdırılması üçün danışığa çağırmışdır. Cümşüd müəllim də onlarla olmuşdur. Söhbət etdiyi əsnada cavabdeh onun və Cümşüd müəllimin səsini telefona yazmışdır. Söhbət zamanı aralarında mübahisə düşmüş və o, cavabdehi sakitliyə çağırsa da, məhəl qoymamışdır. Cümşüd müəllimin Astara rayonu, Qamışoba kəndində istirahət mərkəzi tikildiyi yer barədə “viranə” sözünü təhrif edərək kənd camaatı arasında yayıb ictimailəşdirmişdir. Ruslan Dadaşov da bu işdə onunla əlbirdir. Onunla Cümşüdü dələduz kimi təqdim etmişdir. Hazırda həmin səs yazıları onların “facebook” səhifəsində qalmaqdadır. Astara rayonu, Qamışoba kəndində obyektlərin tikintisinə etiraz edərək onlara qarşı bu əməlləri həyata keçirmişdir. Qaziləri təhrik edərək həmin restoranda yemək sifariş verdikdən sonra hesab ödəməkdən yayındırmağa nail olmuş və sonra bu məsələni ictimailəşdirərək guya qazilərə hörmətsizlik etdiklərini bildirmişdir. Qeyd etdiklərini nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh oglu iddianı qəbul etdiyini bildirib izahatında göstərdi ki, o, blogger fəaliyyəti ilə məşğuldur. Heç bir təşklatın üzvü deyil, ixtisasca jurnalist yox, iqtisadçıdır. Özünə məxsus “facebook” sosial şəbəkəsində bir neçə minlik səhifəsi vardır. Rastlaşdığı, gördüyü və ya ona məlumat verilən neqativ halları işıqlandırır və sosial şəbəkədə paylaşır. Astara rayonu, Şahağacı kənd sakinləri çimərliyin tutulması ilə bağlı şikayət etmişlər. Həmin çimərlik Qamışoba kəndi ərazisindədir. Vaxtikən iddiaçıya məxsus olmuş, sonradan iddiaçı ərazini satmışdır. O, kənd sakinlərinin müraciətlərinə əsasən məsələni ictimailəşdirmişdir. İddiaçı onu görüşə çağırmış, o, iddiaçı və Cümşüd İsgəndərovla üçtərəfli görüşmüşlər. O, həmin görüşə “Kanal 13” adlı sosial şəbəkə səhifəsinin əməkdaşı ilə birlikdə getmişdir. Onun üzərində diktofon olmuş, gizlincə həmin diktofonu aktiv edərək iddiaçı və Cümşüd İsgəndərovun səsini yazmışdır. Həmin görüş zamanı iddiaçı kənd camaatını təhqir etmişdir. O, da iddiaçı və Cümşüd İsgəndərovun səslərini yazaraq ictimailəşdirib “youtube” və “facebook” sosial platformalarına yerləşdirmişdir. O, həmin görüş zamanı heç kimi təhqir etməmişdir, həmin şəxslərin səslərini bilə-bilə gizlin yazmış və bunun qanunsuz olduğunu bilmişdir. O, bütün bunları kənd camaatına kömək üçün etmişdir, buna görə də hazırda iş üzrə məhkəmədə ondan tutulacaq istənilən pul məbləğinə etitrazı yoxdur. İddianın təmin edilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Astara rayonu, Balaca Şahağacı kəndində yaşayır. İddiaçı özünə məxsus olan və ümumi olmayan əraziləri sataraq camaatın istirahət etmək üçün yerlərini yararsız hala salmışdır. Kənd camaatını incitmiş, talan etmişdir. Dəfələrlə onun İddiaçılə mübahisələri, məhkəmə çəkişmələri olmuşdur. Astara rayonu, Şahağacı kəndindəki çimərliyin tutulması ilə bağlı əvvəldən jurnalist kimi tanıdığı Cavabdeh şikayət etmişlər. Cavabdeh də onları dinləyib, çəkiliş edərək internetdə paylaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Astara rayonu, Qamışoba kəndində yerləşən “Zirvə” istirahət mərkəzində işləyir. 2022-ci ilin iyul ayının sonlarında İddiaçı, X3 və Cavabdeh mərkəzin həyətində masaların birində söhbət etmişlər. Bir qədər sonra həmin şəxslər arasında mübahisə olmuş, lakin o, mübahisənin nəyə görə olduğunu bilməmişdir. Daha sonra həmin şəxslər oranı tərk edib getmişlər. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış fotoşəkildən görünür ki, “vətəndaşı təhqir edən məmurlar” “AAF sədri X11 adamları İddiaçı və Cümşüd İsgəndərov şikayətçi kəndliləri təhqir etdilər” başlıqları ilə yazı vardır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış 12 avqust 2022-ci il tarixli “Bələdiyyə Birliyi” qəzetində İddiaçı Astara rayonu, Qamışoba kəndindəki xeyriyyəçilik fəaliyyətindən bəhs edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış Cavabdeh məxsus “facebook” sosial şəbəkəsindəki səhifəsindən çıxarışdan görünür ki, Cavabdeh “ Bala Şahağacı kəndinin keçmiş bələdiyyəsi İddiaçı və onun dostu Astaralılları təhqir edən Cümşüd isə reketdir. Bunlar elə bilir kimi gəldi təhqir edə bilərlər.” yazmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahidlərin ifadələrini dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin bundan sonra MM) 23-cü maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın Fikri İfadə etmək azadlığı adlanan 10-cu bəndində göstərirlir ki, Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “03” noyabr 2008-ci il tarixli, 7 №-li qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının məhkəmələrinə tövsiyə edilsin ki, mənəvi zərərlə əlaqədar işlərə baxdıqda “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərindən geniş istifadə etsinlər. Məhz Ali Məhkəmənin bu mövqeyinə əsasən məhkəmə hazırkı işin obyektiv araşdırılması üçün bu mövzuya dair ən son dövrdəki Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə müraciət etməyi məqsədəmüvafiq hesab etmişdir. Belə ki, “Azadlıq və Zayidov Azərbaycana qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 30 iyun 2022-ci il tarixli qərarının 36-cı bəndində göstərilmişdir ki, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən siyasi nitqin və ya ictimai maraq kəsb edən məsələlər üzrə müzakirələrin məhdudlaşdırılması üçün çox az imkan olsa da, Konvensiyanın 10-cu maddəsi hətta ciddi ictimai narahatlıq doğuran məsələlərin mətbuatda işıqlandırılması ilə bağlı tam məhdudiyyətsiz ifadə azadlığına zəmanət vermir. Jurnalistlərin ümumi maraq doğuran məsələlərlə bağlı məlumat yaymaq hüququnun müdafiəsi, onların vicdanla və dəqiq faktlara əsaslanaraq fəaliyyət göstərməsi və jurnalistika etikasına uyğun olaraq “etibarlı və dəqiq” məlumat verməsi şərti ilə həyata keçirilir; ya da başqa sözlə, məsuliyyətli jurnalistika prinsiplərinə uyğun olaraq. Mətbuatın rolu, şübhəsiz ki, yerli seçilmiş nümayəndələr və dövlət məmurları tərəfindən mənimsəmə ehtimalı barədə məlumat verildikdə ictimaiyyəti xəbərdar etmək vəzifəsinə səbəb olsa da, konkret şəxslərin adlarının və vəzifələrinin qeyd olunmaqla birbaşa ittiham edilməsi, mətbuatın üzərinə iddialar üçün yetərli faktiki əsasları təmin etmək öhdəliyi qoyur. Kütləvi informasiya vasitələrinin fiziki şəxslərə böhtanla bağlı faktlar haqda məlumatları yoxlamaq öhdəliyindən azad edilməsi üçün xüsusi əsaslar tələb olunur. Həmin qərarın 37-ci bəndində isə qeyd edilir ki, faktlarla bağlı ifadələrlə və qiymətləndirici mülahizələr arasında fərq qoyulmalıdır. Faktların mövcudluğu sübut edilə bilər, halbuki, qiymətləndirici mülahizələrin həqiqiliyini sübuta yetirmək mümkün deyil. Qiymətləndirici mülahizələrin doğruluğunu sübut etmək tələbinin yerinə yetirilməsi mümkün deyil və 10-cu maddə ilə təmin edilən hüququn əsas hissəsi olan rəy azadlığının özü pozulmuş olur. Lakin açıqlama qiymətləndirici mülahizəyə bərabər olduqda, müdaxilənin mütənasibliyi mübahisələndirilən açıqlama üçün kifayət qədər “faktiki əsasın” olub-olmamasından asılı ola bilər: əgər yoxdursa, bu qiymətləndirici mülahizə həddini aşmış ola bilər. Faktlarla bağlı ifadələrlə qiymətləndirici mülahizələri fərqləndirmək üçün ictimai maraq doğuran məsələlərə dair iddiaların faktın ifadəsi deyil, qiymətləndirici mülahizə ola biləcəyini nəzərə alaraq, işin hallarını və iradların ümumi tonuna diqqət yetirmək lazımdır. Məhkəmə, hazırkı iş üzrə iddianın əsasını, tətbiq ediləcək normaları araşdıraraq hesab edir ki, hazırkı işdə yuxarıda qeyd edilən yerli və beynəlxalq qanunvericilik normaları tətbiq edilməlidir. İşin məhkəmədə müəyyən olunan hallarından görünür ki, iddiaçı barədə yerli sakinlər, konkret olaraq Astara rayon, Balaca Şahağacı kəndində yaşayanlar cavabadehə şikayət etmişlər. Cavabdeh özünü blogger, yəni bir növ jurnalist kimi hesab edərək sakinlərin şikayətlərini öz platformasında paylaşmışdır. Lakin bununla yanaşı, cavabdeh iddiaçının səsini ondan gizlin qeyd edərək özünə məxsus sosial şəbəkədə “vətəndaşı təhqir edən məmurlar” “AAF sədri X11 adamları İddiaçı və Cümşüd İsgəndərov şikayətçi kəndliləri təhqir etdilər” başlıqları ilə paylaşmış, cavabdeh həmin paylaşımı etdiyini qəbul etmişdir. Daha sonra, məhkəmə araşdırmasının gedişində isə iddiaçı özünə məxsus “facebook” sosial şəbəkəsində iddiaçını “reket” adlandırmışdır ki, həmin halı da cavabdeh etiraf etmişdir. Məhkəmə, yuxarıda göstərilən Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, hazırkı iş üzrə cavabdehin ictimai maraq doğuran məsələ hesab etdiyi Astara rayon, Balaca Şahağacı kənd sakinlərinin müraciətlərini faktiki əsaslarla deyil, qiymətləndirici mülahizə kimi qəbul edərək iddiaçıya irad bildirməkdən daha çox onun şərəf və ləyəqatinə toxunan hərəkətlərə yol vermiş, işgüzar nüfuzunun ləklənməsinə gətirib çıxarmışdır. Məhkəmə, həmçinin müasir dövrdə internetə əlçatanlığın asan olması, məlumatların surətlə yayılması, sosial şəbəkədə səslənəcək hər hansı fikrin qeyri-müəyyən şəxslər dairəsinə ani vaxt ərzində çatdırılmasını və hazırkı iş üzrə iddiaçı barəsində səslənmiş fikirlərin cavabdeh tərəfindən “facebook” sosial şəbəkəsində qeyd edilməsini nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmçinin, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “03” noyabr 2008-ci il tarixli, 7 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı mənəvi ziyan vurulmuş, bu hərəkətlər “facebook” sosial şəbəkəsində əks olunmuşdur. Buna görə də, cavabdehə elə həmin sosial şəbəkədə də üzr istənilməsi vəzifəsi qoyulmalıdır. Eləcə də, məhkəmə hazırkı iş üzrə təzminat kimi tələb edilmiş pul məbləğinin miqdarını nəzərə alaraq qeyd edir ki, ödənilməli olan zərərin məbləği düzgün balansın əldə edilib-edilmədiyini qiymətləndirərkən nəzərə alınmalı olan amildir. Dəymiş ziyanın ödənilməsi ziyan dəymiş nüfuza, habelə, cavabdehin gəlirlərinə münasibətdə ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. Həmçinin təyin ediləcək pul məbləği elə miqdarda olmalıdır ki, bu gələcəkdə qətnamənin icrasını çətinləşdirməməklə yanaşı, iddiaçının əsassız olaraq varlanması ilə də nəticələnməsin. Qeyd olunanla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə, hazırkı iş üzrə cavabdehin iddiasını qəbul etməsini və iddianın təmin edilməsinə etirazı olmamasını nəzərə alaraq hesab edir ki, MPM-in qeyd olunan normaları hazırkı işdə də tətbiq edilməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh üzərinə özünə məxsus “Facebook” sosial şəbəkəsindəki hesabında İddiaçı üzr istəmək vəzifəsi qoyulsun. Cavabdeh mənəvi ziyana görə 3000 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-2960/2022
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2960/2022
14.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver