Məhkəmə qərarları › İş №2(049)-2976/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2976/2025

12.09.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2976/2025 12.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçının Cavabdeh qarşı evdən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : TƏSVİRİ HİSSƏ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Lənkəran şəhəri, X3 küçəsi, ev 78/9, mənzil 27 ünvanında yerləşən ona məxsus mənzildən Cavabdeh istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, O, xx.xx.1949-cu il tarixdə Lerik rayonu, Kirəvud kəndində anadan olmuş, hazırda ünvan 2 ünvanda yaşayır. Həmin mənzil mülkiyyət hüququ üzrə ona məxsusdur və bu barədə adına çıxarış vərəqəsi də verilmişdir. Cavabdeh onun arvadının bacısıdır. O, cavabdehi 2019-ci ildə öz mülkiyyətində olan evə qeydiyyata salmış və cavabdeh az müddət onlarla birlikdə yaşamışdır. Sonradan cavabdeh Bakı şəhərində özünə ev alaraq həmin evə köçmüşdür. Hazırda cavabdeh ona məxsus olan mənzildə yaşamır və onun mülkiyyətində öz evi vardır. Cavabdehin onun evində qeydiyyatı formal xarakter daşıyır. Cavabdehin onun mənzilində qeydiyyatda olması onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneçilik törədilir. Cavabdehin həmin mənzildən qeydiyyatdan çıxarılması üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etsə də, polis şöbəsində göstərilən şəxsin qeydiyyatdan çıxarılmasından imtina edilərək, ona bu barədə mülki iddia qaydasında məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Buna görə də cavabehlərin mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, cavabeh onun baldızıdır və o, Lənkərandakı evini satdıqdan sonra 2019-cu ildə bir müddət onlarla həmin mənzildə yaşamışdır. O, həmin vaxt cavadehin ona məxsus mənzildə qeydiyyatda düşməsinə icazə vermişdir. Lakin sonradan cavabdeh Bakı şəhərində şirkət tərəfindən tikilən binada mənzil alaraq öz mənzilinə köçmüşdür. Hazırda o və arvadı həmin mənzildə yaşayırlar. Cavabdeh isə Bakıda yaşayır. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, iddiaya qarşı etiraz verməmiş və məhkəməyə gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların gəlməmələrinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikası MPM-nin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahidlik edən X2 bildirdi ki, iddiaçı onun əri, cavabdeh isə bacısıdır. Cavabdeh Lənkərandakı evini satdıqdan sonra iki ilə yaxın müddətdə onlarla birlikdə yaşamışdır. Həmin cavabdeh onların mənzilinə qeydiyyata düşmüşdür. Lakin sonradan cavabdeh Bakıda ev alaraq öz evinə köçmüş, lakin evi sənədləşdirə bilmədiyi üçün həmin evə qeydiyyata düşə bilməmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Rublik Hüquqi Şəxsin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi isə xx.xx.2018-ci il olan Çıxarışın surətindən görünür ki, Lənkəran şəhəri, X3 küçəsi, ev 78/9, mənzil 27 ünvanında yerləşən və sahəsi 70.7 kv.m. olan mənzil tam mülkiyyət hüququ üzrə İddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Asan-Lənkəran tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 282137 №li arayışdan görünür ki, Cavabdeh, xx.xx.1967; ünvan 3 ünvanında qeydiyyatdadırlar. Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən verilən arayışdan görünür ki, iddiaçıya onun mülkiyyətində daimi yaşayış yeri üzrə qeydiyyatda olan cavabdehin qeydiyyatdan çıxarılmasının mümkün olmadığı izah edilmiş və ona məsələ ilə əlaqədar məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29 maddəsinin 2-ci hissəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə qeyd edir ki, MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Cavabdeh 2019-cu ildən iddiaçıya məxsus evə qeydiyyata alındığından, məhkəmə hesab edir ki, hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə uyğun qiymət verilməlidir. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Qeyd olunmalıdır ki, müraciətdə qaldırılan məsələnin həlli zamanı məhkəmə təcrübəsində qanunun analogiyası üzrə tətbiq edilən Mənzil Məcəlləsinin 82.3-cü maddəsinin deyil, məhz Mülki Məcəllənin 262-ci maddəsinin müddəalarının tətbiqi bu institutun mahiyyətindən irəli gəlir. Belə ki, qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır. Mülki Məcəllənin 262-ci maddəsində sadalanan servituta xitam verilməsinin əsasları sırasında bəzi xarici ölkələrin qanunvericilik təcrübəsindən (Fransa Mülki Məcəlləsinin 706-cı maddəsi; Kanada Kvebek vilayətinin Mülki Məcəlləsinin 1191-ci maddəsi; Polşa Mülki Məcəlləsinin 293-cü maddəsi; Ukrayna Mülki Məcəlləsinin 406-cı maddəsi) fərqli olaraq, uzun müddət istifadə etməmə nəticəsində bu hüququn xitamı nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məhkəmə yuxarıda qeyd olunmuş Plenumun qərarında qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh iddiaçıya məxsus evdən istifadə hüququnu əldə etməsinə baxmayaraq könüllü olaraq həmin evdən daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçdüyündən onun həmin evdən istifadə etmək hüququ itirilmiş hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı Əzizov X1 şəhəri, X3 küçəsi, ev 78/9, mənzil 27 ünvanında yerləşən və sahəsi 70.7 kv.m. olan mənzilə dair mülkiyyət hüququna malikdir, cavabdeh həmin mənzildə formal olaraq qeydiyyatda olmaqla, faktiki olaraq orada yaşamır. Onun göstərilən evdə qeydiyyatda qalması İddiaçının mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırır. Cavabdeh faktiki olaraq həmin evdə yaşamamaqla həmin evdən istifadə etmək hüququnu itirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməlidir. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh Lənkəran şəhəri, X3 küçəsi, ev 78/9, mənzil 27 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar