Məhkəmə qərarları › İş №2(049)-2985/2022

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2985/2022

02.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2985/2022 02.11.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Mürsəlov Mirnatiq Mirtofiq oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları, İddiaçı Cavabdeh qarşı «dəymiş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ələmşah oğlu tərəfindən sağlamlığına dəymiş ziyana görə 2500 (iki min beş yüz) manat mənəvi ziyanın və şəxsi telefonunu qəsdən sındırdığına görə 330 (üç yüz otuz ) manat maddi ziyanın ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, 1993-cü ildə Rusiya Federasiyasının Nijninovqorod şəhərində doğulmuş, orta məktəbi bitirmiş, 2011-ci ildə Lənkəran rayonu Osaküşə kənd sakini Cavabdeh ilə ailə həyatı qurmuş, birgə nikahdan üç övladı dünyaya gəlmişdir. İlk uşaqları Əli anadangəlmə ruhi xəstə, lal-kar olduğu üçün cavabdeh onunla olan nikahın pozulmasına dair Lənkəran Rayon Məhkəməsində iddia qaldırmış və iddiası təmin olunmuşdur. Daha sonra o, aliment və evə köçürmə tələbinə dair Lənkəran Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etmiş, hər iki tələbi təmin olunandan sonra Rüfət onunla barışmış və bir yerdə yaşamağı təklif etmiş, uşaqlarına görə razılıq vermiş, lakin təkid etməsinə baxmayaraq, Rüfət nikahlarının yenidən rəsmiləşdirilməsinə razılıq verməmişdir. 27 may 2022-ci il tarixində saat 15 radələrində Cavabdeh onunla mübahisə etmiş və stəkanla başına vuraraq sağlamlığıma ciddi ziyan vurmuş, həmin gün eyni vaxtda da cavabdeh onun şəxsi vəsaiti hesabına aldığı “Samsung” markalı, dəyəri 330 (üç yüz otuz) manat məbləğində olan telefonunu da qəsdən sındırmışdır. Həmin hadisədən sonra o, təcili yardım maşını ilə Lənkəran rayon mərkəzi xəstəxanasına aparılmış, orada başına bir neçə tikiş düşmüş, sarsıntı keçirmişdir. Bu hadisədən sonra Lənkəran şəhər-rayon polis şöbəsinə müraciət etmiş, Cavabdeh barəsində Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə cinayət işi açılmış və o, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(049)-293/2022 saylı hökmü ilə təqsirli bilinərək 1500 (min beş yüz ) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh ona qarşı törətdiyi cinayət əməli nəticəsində dəymiş mənəvi ziyana görə 2500 manat və mobil telefonunu sındırdığı üçün dəymiş maddi ziyana görə 330 manat məbləğində pulun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmən iclasında Cavabdeh izahatında iddia tələbinin dəymiş maddi ziyana görə 330 manat məbləğində pulun tutulması hissəsində qəbul etdiyini, lakin mənəvi ziyana görə 2500 manat hissəsində qəbul etmədiyini bildirərək, iddianın qismən təmin edilməsi baradə qətnamə çıxarılmasını xahiş etdi. İddia ərizəsinə əlavə edilmiş: Lənkəran Rayon Məhkəməsinin 1(049)-293/2022 saylı, 20 iyun 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinmiş və ona 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilmişdir. Cavabdeh Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 471 nömrəli rəyindən görünür ki, İddiaçı bədəni üzərində - başın sağ təpə nahiyəsində əzilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, bərk küt əşya ilə vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia tələbinin maddi ziyanın ödənilməsi hissəsi ilə bağlı məhkəmə diqqətə çatdırır ki, cavabdehin 27 may 2022-ci il tarixdə iddiaçının şəxsi vəsaiti hesabına aldığı və sonuncunun istifadəsində olmuş “Samsung” markalı dəyəri 330 (üç yüz otuz) manat məbləğində olan mobil telefonunu qəsdən sındırması işin mübahisə olunmayan halıdır. Belə ki, cavabdeh məhkəmə iclasında iddia tələbini həmin hissədə etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1096.2-ci maddələrinin tələblərinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni zamanda həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1115-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə hesab edir ki, mobil telefon cavabdehin təqsirli hərəkətləri ucbatından sınıdırıldığından və onun özü tərəfindən bu hal etiraf edildiyindən onun iddiaçı qarşısında maddi məsuliyyət daşımağı qanunidir. Yuxarıda sadalanan maddi hüquq normaları isə iddianın maddi ziyana aid hissədə təmin edilməsini şərtləndirir. Məhkəmə mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ilə bağlı qeyd edir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Qanunvericilik zərərin əvəzinin ödənilməsini tələb etməyi nəzərdə tutmuşdur və bu hal yalnız hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl olmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 №-li Qərarının 1-ci bəndində göstərilmişdir ki, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmçinin Ali Məhkəmənin Plenumu göstərilən Qərarın 2-ci bəndində göstərmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 8-ci bəndində Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Adı çəkilən Qərarın 9-cu maddəsində tövsiyə olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, mülki qanunvericilikdə müəyyən olunmuş zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları eyniliklə mənəvi zərərin ödənilməsi barədə iddialara da aiddir (məsələn, yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə (Mülki Məcəllənin 1108.1-ci maddəsi); malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərə görə (Mülki Məcəllənin 1128.1-ci maddəsi); təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərə görə (Mülki Məcəllənin 1101.1-ci maddəsi və s.). Qeyd olunan Qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bu baxımdan işin halları təhlil olunduqda görünür ki, 27 may 2022-ci il tarixdə saat 15 radələrində Lənkəran rayonu Osaküçə kəndində yerləşən fərdi yaşayış evində cavabdehin iddiaçıya qarşı qəsdən törətmiş olduğu cinayət əməli nəticəsində sonuncu xəsarət almış və bunun nəticəsində çəkdiyi əziyyətlər səbəbindən düşdüyü arzuolunmaz şərait onun şüurunda davamlı olaraq mənfi emosiya yaratmışdır. Məhkəmə qeyd edir ki, milli mentalitet çərçivəsində formalaşmış mənəvi dəyərlər baxımından bu hərəkətlər iddiaçı üçün neqativ məna kəsb edən hərəkətlərdir. Həmin hərəkətlər cəmiyyətdə birmənalı olaraq pis qarşılanır və əxlaqi prinsiplərlə ziddiyyət təşkil edir. Cavabdehin bu hərəkətləri iddiaçının ləyaqətinə, şəxsi həyatına müdaxilə idi. Eyni zamanda cavabdehin bu cür davranışı onların münaqişəli ailə kimi qeydə alınmasına gətirib çıxarmışdır. Təbiidir ki, bütün bunlar mənəvi zərərə səbəb olan hərəkətlərdir və iddiaçının iztirab keçirməsinə əsasdır. Ona görə də mənəvi narahatlığın kompensasiyası cavabdeh tərəfindən ödənilməlidir. Qanunvericiliyin göstərilən normalarının tələblərindən görünür ki, iddiaçının ona dəymiş mənəvi zərərin ödənilməsini tələb etməsi əsaslıdır. Lakin bununla yanaşı iddiaçı iddia ərizəsində ona dəymiş mənəvi ziyanın hansı səbəblərdən məhz 2500 manat məbləğində müəyyən olunmasını əsaslandırmamışdır.Məhkəmə mənəvi ziyanın əvəzi olaraq cavabdehdən 500 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsini işin hallarına uyğun və ədalətli hesab edir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən 27 may 2022-ci il tarixdə saat 15 radələrində Lənkəran rayonu Osaküçə kəndində yerləşən fərdi yaşayış evində iddiaçıya qarşı törədilmiş cinayət əməli nəticəsində sonuncunun xəsarət alması nəticəsində keçirdiyi mənəvi sarsıntı və iztirabı kompensasiya etmək üçün mənəvi zərərin məbləğinin 500 manat məbləğində müəyyən olunmasını adekvat hesab etməklə, bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh cinayət əməli nəticəsində dəymiş mənəvi ziyana görə 500 manat, maddi ziyana görə vurulmuş 330 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cinayət əməli nəticəsində dəymiş mənəvi ziyana görə 500 manat, maddi ziyana görə vurulmuş 330 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 48,30 manat dövlət rüsumunun 34.15 manat hissəsi iddiaçıya aid edilsin. Cavabdehdən 14,15 manat tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar