Məhkəmə qərarları › İş №2(049)-3261/2022

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3261/2022

05.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3261/2022 05.12.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Mürsəlov Mirnatiq Mirtofiq oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı «subroqasiya» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X3 az ağır dərəcəli xəsarətinə görə həyata keçirilən 1500 AZN sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 35.40 AZN (otuz beş manat qırx qəpik dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixində Cavabdeh tərəfinizdən idarə edilən “VAZ 21723” markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran rayonu, Zövlə kəndində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə X3 az ağır dərəcəli xəsarətlər almışdır.“İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən az ağır dərəcəli xəsarətlərə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 30%-ni təşkil edir. İddiaçı Sığorta Şirkəti ASC öz növbəsində X1 az ağır dərəcəli xəsarətinə görə 1500 AZN(bir min beş yüz manat) sığorta ödənişini həyata keçirmişdir. “İcbari Sığorta Haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə əsasən cavabdeh yol-nəqliyyat hadisəsi zamanı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi üçün ona qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İddiaçı Sığorta Şirkəti ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını, iddia tələbinin müdafiə etdiyini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-267/2018 saylı, 03 may 2018-ci il tarixli qərarından görünür ki, Lənkəran Rayon Məhkəməsinin 1(049)- 290/2017 saylı, 18 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəs ilə təqsirli bilinərək 2(iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1(bir) 6(altı) ay müddət azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Cavabdeh barəsində olan sözügedən hökmdən zərərçəkmiş şəxs X4 və zərərçəkmiş şəxs X5 qanuni nümayəndəsi X9 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 1(049)-290/2017 saylı, 18 dekabr 2017-ci il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli № 044287 saylı Sığorta aktından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində az ağır xəsarət almış zərərçəkən X2 İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 1500 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan AB947930 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «VAZ 21723» markalı ** ED *** dövlət qeydiyyat nişanlı avtomobil X6 adına qeydə alınmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsində təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1 və 936.2-ci maddələrində qeyd olunur ki, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, qanuni əsası olduğundan iddia təmin edilməli və Cavabdeh sığorta ödənişinə görə 1500 manat və ödənilmiş dövlət rüsumuna görə 35.40 manat alınıb iddiaçı «İddiaçı Sığorta Şirkəti ASC-yə verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2017-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X3 az ağır dərəcəli xəsarətinə görə həyata keçirilən 1500 AZN sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 35.40 AZN (otuz beş manat qırx qəpik) dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar