Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3516/2025 12.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, iddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı maddi və mənəvi zərər tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X4 Cavabdeh qarşı iddia tələbi üzrə məhkəməyə müraciət edərək, X2 onun yaratdığı problemin aradan qaldırılması, ona dəymiş maddi ziyana görə 1000 manat və mənəvi ziyana görə 1300 manat ondan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X4 iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayır. Onun yaşadığı mənzilin üst qonşusu X5 tərəfindən su sızması nəticəsində mənzilin hamam otağı və digər hissələri zədələnmişdir. Dəfələrlə qonşuya xəbər verilsə də, problem aradan qaldırılmamışdır. Bununla əlaqədar Lənkəran Mənzil İstismar İdarəsinə müraciət etmişdir və onların iştirakı ilə evinə baxış keçirilmiş, akt tərtib edilmiş, cavabdehin ünvanının qapısını döysələr də cavabdeh qapını açmamış və bildirmişdir ki, hara şikayət edirsiniz edin. Nəticədə onun əmlakına ciddi maddi ziyan dəymişdir. Təmir işlərinin aparılması üçün çəkiləcək xərclər 1000 manat (min manat) təşkil edir. Bundan başqa, o və ailəsi uzun müddət narahatlıq və mənəvi əzab çəkmişlər. Ona görə də mənəvi ziyanın əvəzinin tutulması üçün əlavə olaraq 1300 (min üç yüz manat) tələb edir.. Məhkəmə iclası zamanı iddiaçı X4 oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etmiş və tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin tələblərinə əsasən cavabdehə lazimi qaydada məlumat verilməsini nəzərə alaraq onun iştirakı olmadan iclasının keçirilməsini mümkün hesab edtmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Lənkəran şəhər mənzil təsərrüfatı idarəsinin rəisi Vüqar Məmmədov tərəfindən 19 avqust 2025-ci il tarixdə təsdiq olunmuş aktın surətindən müəyyən olunur ki, imza edənlər Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsinin iqtisadçısı – X7, iş icraçısı – X8, komendantı – X6, nəzarətçisi – X11, X14 Sistemləri İstismarı İdarəsinin təmir-bərpa qrupunun mexaniki – X12 tərtib etmişlər ünvan 2 ünvanında yaşayan İddiaçı müraciəti əsasında mənzilinə baxış keçirilməsindən ötrü bu akt tərtib olunmuşdur. İddiaçı yuxarı mərtəbədə yaşayan X2 məxsus mənzildən onun mənzilinə su axıntısı müşahidə olunmuş, bu barədə X2 heç bir tədbir görmədiyi üçün bir daha xəbərdarlıq edilmişdir. Təqdim olunmuş Cənub Qiymətləndirici MMC-nin Lənkəran şəhəri Akedemik Z. Əliyeva küçəsi ev 78/20-də yerləşən 35 saylı mənzili bərpa dəyəri haqqında qiymətləndirici rəydən müəyyən olunur ki, 02 oktyabr 2025-ci il tarixdə İddiaçı qızına məxsus Lənkəran şəhəri Akedemik Z. Əliyeva küçəsi ev 78/20-də yerləşən 35 saylı mənzilə ümumlikdə dəymiş zərər üzrə bərpa dəyəri 450 manat və qiymətləndirici rəyinin verilməsi xərci 80 manat təşkil edir. Cənub Qiymətləndirici MMC-nin qiymətləndirici rəyinə mənzilə vurulmuş zərərə dair müvafiq foto-şəkillər əlavə olunmuşdur. Məhkəmə iddia tələbini, təqdim olunmuş sübutları, iddiaçının izahatını və işin hallarına hər tərəfli obyektiv qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Samirə Baxşıyevaya məxsus fərdi yaşayış evindən İddiaçı məxsus fərdi yaşayış evinə su sızıntısı olması faktı həm Mənzil-Təsərrüfat idarəsinin arayışından, həm də qiymətləndirici rəyindən müəyyən olunur. Məhkəmə vurulmuş ziyanın bərpası üçün ağlabatan məbləği müəyyənləşdirir və mötəbər sübut olaraq İddiaçı təqdim etdiyi Cənub Qiymətləndirici MMC-nin qiymətləndirici rəyi ilə vurulmuş ziyanın bərpası üçün ağlabatan məbləğ müəyyənləşdirilir. Cavabdeh Samirə Baxşıyeva məhkəmə iclasında iştirak etməyərək, ziyanın mövcud olub-olmaması vəyaxud dəymiş ziyanın bərpası üçün ağlabatan məbləği mübahisələndirməmişdir. Belə olduğu halda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında və bir-biri ilə əlaqəli şəkildə qiymət verərək qərara gəlir ki, Samirə Baxşıyevaya məxsus fərdi yaşayış evindən İddiaçı məxsus fərdi yaşayış evinə su sızıntısı nəticəsində vurulmuş ziyanın bərpası üçün 450 manat məbləğdə pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi üzrə mənəvi zərərə dair hissə isə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə mənəvi zərər tələbinin rədd olunmasına dair aşağıdakıları qeyd edir: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. İddiaçı iddia tələbində qeyd etmişdir ki, o və onun ailəsi uzun müddət narahatlıq və mənəvi əzab çəkmişlər. Ona görə də, mənəvi ziyanın əvəzinin tutulması üçün əlavə olaraq 1300 (min üç yüz manat) tələb edir. Qeyd olunmalıdır ki, iddia tələbində cavabdehin hərəkətləri nəticəsində o və onun ailəsi tərəfindən uzun müddət narahatlıq və mənəvi əzab çəkildiyi göstərilsə də, bununla bağlı sübut təqdim olunmamışdır. Məhkəmə İddiaçı və onun ailəsinin sözügedən mənzildə yaşadığı müddətdə cavabdehin iddia tələbində göstərilən ziyan vurmasını müəyyən edə bilmir və İddiaçı məhkəməyə bununla bağlı mötəbər sübutlar təqdim etməmiş, ümumiyyətlə, mənəvi zərərə dair heç bir sübut, şahid belə təqdim etməmişdir. Ona görə də, məhkəmə maddi ziyandan ötrü mənəvi zərər vurulduğunu müəyyən edə bilmir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələblərinə əsasən məhkəmə qərara gəlir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilən 43 manat dövlət rüsumu məbləğinin iddianın qismən təmin olunan 450 manata hissəsinə uyğun olaraq 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 43 manat dövlət rüsumundan 13 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən və ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla Cənub Qiymətləndirici MMC tərəfindən qiymətləndirici rəy verilməsi üçün çəkilmiş 80 manat xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 350, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh dəymiş maddi ziyan üzrə 450 manat məbləğində pul və ödənilmiş dövlət rüsumundan 30 manat, həmçinin Cənub Qiymətləndirici MMC tərəfindən qiymətləndirici rəy verilməsi üçün çəkilmiş 80 manat xərc, ümumlikdə, 560 manat tutularaq iddiaçı X3 ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №2(049)-3516/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3516/2025
12.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver