Məhkəmə qərarları › İş №2(049)-368/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-368/2024

12.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-368/2024 12.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi zərərə görə 3.500 (üç min beş yüz) manat, mənəvi zərərə görə 500 (beş yüz) manat və ödənilmiş 60 manat dövlət rüsumunun, cəmi 4.060 manat (dörd min altmış) pul məbləğinin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhəkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, yaşayış sahəsində yerləşən "Bazar Store"nin qarşısında MERSEDES markalı, ** FU *** dövlət qeydiyyat nişanlı avtomobili X2 3.320 (üç min üç yüz iyirmi) manata almışdır. Həmin şəxs avtomobili öz adına keçirmək üçün ona etibarnamə vermişdir. xx.xx.2023-cü ildə avtomobili öz adına keçirmək üçün Notariat ofisinə müraciət edib. Məlum olub ki, etibarnamə verən şəxs etibarnaməni ləğv edib. Bundan sonra o, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə ərizə ilə müraciət etmişdir və araşdırma zamanı məlum olmuşdur ki, göstərilən avtomobilin qeydiyyat şəhadətnaməsi X4 adına olmuş, həmin avtomobili X5 etibarnamə ilə Rəhman adlı şəxsdən almışdır. Polis Şöbəsində aparılan araşdırma zamanı ondan avtomobili qəbul edən Cavabdeh araşdırma aparan Suraxanı rayon Polis idarəsinin 33-cü Polis Böləmsinin təhqiqatçısı polis kapitanı Ruslan Mirzəliyevin yanında iltzam yazaraq xx.xx.2023- cü ildən başlayaraq hər ayın 17-sində həmin avtomobilə görə ona 500 manat (beş yüz) ödəyəcəyi barədə öhdəlik götürub. Avtomobilin dəyərini 4.000 manat qiymətləndirdik və həmin məbləğdən Cavabdeh 500 manat (beş yüz) nağd qaydada ödəyib. Hazırda həmin şəxsin ona 3500 manat (üç min beş yüz) borcu var. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh tərəfindən heç bir ödəniş edilməyib. Hətta həmin şəxs onun telefon zənglərinə cavab vermir. Onun bu hərəkəti ona böyük maddi və mənəvi zərər vurur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak etməmişlər. İdiaçının nümayəndəsi və vəkili Vəkil Nasir oğlu “Elektron məhkəmə” İnformasiya sistemində olan electron kabiet vasitəsilə məhkəmə ərizə ünvanlayaraq işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil Nasir oğlu iş üzrə xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edərək, iddia tələbinin mzmununa uyğun izahat vermis və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, ona qarşı irəli sürülən iddia tələbini qəbul etmir. Belə ki, “Mersedes” markalı **-FU-*** dövlət qeydiyyat nişanlı avtomaşını Bakı şəhərində tanımadığı bir şəxsdən satın almışdır. Avtomaşını satın aldıqdan sonra qohumu olan X6 adına rəsmiləşdirmişdir. Həmin avtomobili yaşadığı Lənkəran şəhərinə gətirmişdir və bir müddət idarə etdikdən sonra onu X1 və bu barədə X8 İsmayılovun adına etibarnamə vermişdir. X7 həmin avtomaşını etibarnamə əsasında Bakı şəhərində İddiaçı satmışdır. İntizam avtomobili öz adına rəsmiləşdirmək istədikdə ona məlum olmuşdur ki, avtomaşının mülkiyyətçisi Rafiq Rufullayev etibarnaməni ləğv etmişdir və bu səbəbdən də İntizam tədbir görülməsi üçün polisə müraciət etmişdir. Məhəmməd məsələni aydınlaşdırmaq üçün onu Bakı şəhərinə Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsinə çağırmışdır. O, polis bölməsinə gedərək orada İddiaçıla görüşmüşdür. İddiaçıla aralarında avtomaşının dəyərini 4.000 manat müəyyən edərək belə razılığa gəlmişlər ki, İntizam avtomaşını ona, yəni Cavabdeh təhvil versin, bunun müqabilində Əlirəhman ona ilkin ödəniş olaraq 500 manat ödəsin, sonra avtomaşını təhvil alaraq özü sataraq və satışdan sonra İntizama yerdə qalan 3.500 manatı 4 ay ərzində ödəyəcək. Razılıqlarının bir şərti də ondan ibarət olmuşdur ki, əgər avtomaşını daha tez, yəni 1 ay müddətində sata bilsə bu halda İntizama 3.500 manat əvəzinə 2.500 manat ödəyəcək. Bu barədə aralarındakı razılıq əsasında o, polis bölməsində təhqiqatçının iştirakı ilə öz xətti ilə iltizam yazaraq, imzalayıb İntizama təqdim etmişdir. İltizamda xx.xx.2023-cü il tarixdə “Mersedes” markalı **-FU-*** dövlət qeydiyyat nişanlı avtomaşını təhvil alaraq, bunun müqabilində İntizama ilkin ödəniş kimi 500 manat ödədidiyini və sonradan xx.xx.2023-cü il tarixdə daha 500 manat ödəyəciyini və hər ayın 17-də yerdə qalan 3.000 manatdan hər ay 500 manat ödəyəcəyini qeyd etmişdir. İltizamı yazdıqdan sonra həmin gün qeyd etdiyi kimi 500 manatı İntizama ödəmişdir və Zaqatala rayonuna gedərək, onun qaynatasından avtomaşını təhvil alaraq satmaq məqsədilə Lənkəran şəhərinə gətirmişdir. İntizam ona bildirmişdir ki, avtomaşını 4 ay müddətində sərbəst sürə biləcək və heç kəs avtomaşını ondan almayacaqdır. Sonradan avtomaşının mülkiyyətçisi Rafiq Rufullayev ona bu barədə etibarnamə verməyərək, polisə müraciət etmiş və onun müraciətinə əsasən polis tərəfindən avtomaşın ondan alınmışdır. Qeyd etdiyi iltizamı yazmasına onu heç kəs məcbur etməmişdir, könüllü olaraq aralarındakı razılığa əsasən yazmışdır və bununla əlaqadar ona heç kəs təzyiq göstərməmişdir. Lakin nəticədə o, özü də Rafiq və İntizam tərəfindən aldadılmışdır. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin təhqiqatçısı polis kapitanı Ruslan Mirzəliyev tərəfindən qəbul edilmiş 04 iyul 2023-cü il tarixli qərarından görünür ki, həmin qərar əsasında İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Sözügedən qərarın təsviri-əsaslandırıcı hissəsində İddiaçı şikayətinin məzmununun MERSEDES markalı, ** FU *** dövlət qeydiyyat nişanlı avtomobili X2 aldığı və rəsmiləşdirərkən həmin avtomaşına dair verilmiş etibarnamənin ləğv olunduğunu bilməsi ilə əlaqadar olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş iltizamın surətindən görünür ki, həmin iltizamda Cavabdeh tərəfindən “Mersedes” markalı **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixdə 500 manat, sonradan xx.xx.2023-cü il tarixdə 500 manat və 3.000 manatdan hər ayın 17-də 500 manat ödəmək şərtilə təhvil aldığı qeyd edilərək imzalanmışdır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında qeyd edilən iltizamın onun tərəfindən yazılaraq imzalandığını və razılaşmanın şərtinə əsasən, 500 manat ilkin ödənişi İntizam Məmədova ödəyərək avtomobili təhvil aldığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs(varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsas və ya sonralar aradan qalxmış əsasa söykənir. İşin faktiki hallarından görünür ki, tərəflərin arasında yaranmış münasibət borc müqaviləsi olmasa da, cavabdehin hüquqi əsası olmadan əsassız varlanması öz təsdiqini tapır. Belə ki, işin faktiki hallarından müəyyən edildi ki, iddiaçı ilə cavabdehin aralarında olan razılıq əsasında iddiaçı istifadəsində olan avtomaşını cavabdehə təhvil vermişdir və cavabdeh bunun müqabilində iddiaçıya dəymiş maddi ziyanın əvəzi kimi ilkin olaraq 500 manat ödəmiş, 3.500 manatı da hissə-hissə ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi “maddi zərərin ödənilməsi” hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin “mənəvi ziyan” tələbinə dair hissəsinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Hazırkı mübahisədə ona dəymiş mənəvi ziyanı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi “mənəvi ziyan tələbi” hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün 60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi maddi ziyan tələbi hissəsində təmin edilərək, Cavabdeh 3.500 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməli, həmçinin iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia tələbi qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 3.500 (üç min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60 (altımış) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar