Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3898/2025 02.03.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi və məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Lənkəran regional “Asan xidmət” mərkəzində notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və X2 MK/62399/94/16 nömrəli kredit və zaminlik müqaviləsi əsasında Cavabdeh1 ASC-nin xeyrinə tutulan 27751.25 manat borcun, bundan əlavə 1304.10 manat cərimə penya və tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla cəmi 29080.35 manat pulun tutulması barədə Lənkəran regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş xx.xx.2025-ci il icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lənkəran regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli icra qeydi əsasında MK/62399/94/16 nömrəli kredit müqaviləsinə əsasən ondan və X2 Cavabdeh1 ASC-nin xeyrinə 27751.25 manat borcun, bundan əlavə 1304.10 manat cərimə penya və tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla cəmi 29080.35 manat tutulmalıdır. İcra qeydi barədə məlumatı Lənkəran rayon icra və probasiya şöbəsindən almışdır. İcra qeydi əsasında ondan tələb olunan ümumi borcla razı deyil. Belə ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 ASC-nin Lənkəran filialında MK/62399/94/16 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə 30000 manat pul almışdır. xx.xx.2023-cü il tarixli MK/62399/94/16 saylı zaminlik müaviləsinə əsasən X4 və X3 zamin durmuşdur. Müqavilə öhdəliklərini vaxtında icra edə bilmədiyi üçün kredit müqaviləsindən əmələ gələn Cavabdeh1 ASC-nin xeyrinə 27751.25 manat borcun, bundan əlavə 1304.10 manat cərimə penya və tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla cəmi 29080.35 manat vəsait onun Lənkəran regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 8İ-16683 saylı icra qeydi qeydiyyatda olduğu Lənkəran şəhəri üzrə, X3 hissədə eyni məbləğ Bakı şəhəri 11 saylı notariat ofisində 8İ-8065 nömrəli xx.xx.2025-ci il tarixli icra qeydi çıxarılmışdır. Hesab edir ki, ümumi borc real deyil. İcra qeydlərində tələb olunan vəsait düzgün deyil. Belə olan halda 30000 manat bank tərəfindən ayrılan kredit müqabilində eyni müqavilədən irəli gələn iki icra qeydinə əsasən ümumu 58160.70 manat qaytarmalıdırlar. Bundan əlavə icra şöbələri ondan və digər cavabdehlərdən eyni borca görə 2 dəfə icra ödənişi olan 10% yəni 5816.07 manat tutulmalıdır. İcra qeydlərində tələb olunan əsas, faiz, cərimə və ödənilmiş dövlət rüsumları iki dəfə tələb olunur və cərimə və faizlər hansı hesablama ilə hesablanması məhkəmə üçün də maraqlı olmalıdır. İcra qeydlərinin verilməsindən məlumatları olmamışdır. Çünki qanunvericiliyin tələbinə əsasən ona bildiriş təqdim edilməmişdir. Belə olan halda pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, məhkəmə iddia tələbi üzrə ətraflı və obyektiv araşdırma apararaq mübahisə ilə bağlı düzgün və qanuni nəticəyə gələcəkdir. Əqdin təməl qurucu ünsürü iradə ifadəsidir. İradə ifadəsi ilə yanaşı, həmin iradə ifadəsi eyni zamanda mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəldilməlidir. İradə ifadəsi əqdin əsas tərkib elementidir, bir qayda olaraq hüquqi nəticələr onunla əlaqələndirilir. İradə qarşıya qoyulmuş məqsədə nail olmaq üçün əsaslandırılmış və determinasiya edilmiş istəkdir. İradə subyektlərin davranışının psixi tənzimlənməsi prosesidir. Belə hesab edir ki, iradə dedikdə insanın daxildəki arzusu nəzərdə tutulur. İradə ilə iradə ifadəsi üst-üstə düşməlidir. İradə ifadəsi şəxsin öz iradəsini kənara bəyan etməsidir ki, bunun vasitəsilə onu başqa şəxslər dərk edirlər. İradə ifadəsi bu elementlərdən meydana gəlir: 1.Hüquqi nəticəyə yönəlmiş arzu, iradə. 2.Hüquqi nəticəyə yönəlmiş arzunu bəyan etmə. Lakin qeyd etmişdir ki, yuxarıda qeyd edilənlərin heç biri nə onun fikri olub nə də onu bəyan etmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə cavabdeh “Bank of Baku» Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edilərək qeyd edilmişdir ki, 2(049)-3898/2025 saylı iş üzrə İddiaçı tərəfindən Cavabdeh2 xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə iddia ərizəsinə etiraz etmişdirlər. Bildirmək istəmişdirlər ki, icra qeydindən şikayət vermə müddəti 10 gün nəzərdə tutulmuşdur. Bu barədə 16 may 2025-ci il tarixli AR Konstitusiya Məhkəməsinin Plenum qərarı var. İcra qeydi 4 aydır qəbul edilmiş, lakin icra qeydinin ləğvi barədə ərizə yeni verilib. Bu barədə cavabdehlərə icra və Probasiya Şöbələri tərəfindən "İcraata başlamaq” haqqında qərarda göndərilmişdir. İcra qeydinin tərəflərə göndərilməsini təsdiq edən subutlar X7 Xidmət Mərkəzinin Notariat ofisində var. İddiaçı ona icra qeydinin aparılmasında əsas olan bildirişin bank tərəfindən ona göndərilməməsini və icra qeydinin verilməsi prosedurunun pozulması halını göstərmişdir. Belə olan halda, icra qeydinin verilməsi prosedurunun pozulmasından Şirvan İnzibati Məhkəməyə şikayət olunmalı idi. Onu da qeyd etmək istəmişdirlər ki, borclular barəsində bir necə icra vərəqəsi olsa belə borclulardan icra qeydinin verilməsində əsas olan kredit müqaviləsi üzrə borc tələb edilmişdir. Hesab edirlər ki, İddiaçı “icra qeydinin” ləğv olunması tələbinə dair iddiası əsasızdır və icra qeyd ləğv edilməməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı məhkəmə iclasında iştirak etməmiş, xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Cavabdeh Lənkəran regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Azər Şəmmədov məhkəməyə məktubla müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Tural Mikayılov məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə qərardadının icrası ilə əlaqədar Lənkəran “ASAN xidmət” mərkəzində yerləşən Notariat ofisin xüsusi notariusu tərəfindən xx.xx.2025-ci il tarixli, 8İ-16683 reyestr nömrəli icra qeydinə dair notariat işinin təsdiqlənmiş surəti məhkəməyə təqdim edilmişdir və məhkəmə tərəfindən öyrənilmişdir. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: 26 oktyabr 2023-cü il tarixli MK/62399/94/16 № kredit sazişindən görünür ki, İddiaçı Cavabdeh1 ASC tərəfindən illik 21% ( faktiki illik faiz dərəcəsi=21.9%) tətbiq edilməklə 36 (otuz altı) ay müddətində 30.000 (otuz min) manat nağd pul krediti verilmişdir. Həmin müqavilənin rekvizitlər bölməsində X3 və X4 zamin kimi göstərilmiş və bu onların öz imzası ilə təsdiq olmuşdur. Qeyd edilən kredit müqaviləsi bankın “Lənkəran” filialının direktoru Z.E.Əliyev, İddiaçı və zamin şəxslər X3 və X4 tərəfindən imzalanmışdır. xx.xx.2023-cü il tarixli MK/62399/94/16 nömrəli kredit müqaviləsinə əlavə edilmiş 1 saylı əlavədən görünür ki, həmin “əlavə”də kredit borcuna dair ümumi məbləğ, faiz məbləğləri, ödəniş tarixləri, həmin tarixlərə dair ödəniş məbləğləri və kreditin qalığı cədvəl formasında aydın şəkildə göstərilmişdir. Qeyd edilən “əlavə” bankın əməkdaşı və İddiaçı tərəfindən imzalanmışdır. xx.xx.2023-cü il tarixli **********660 sayılı ödəniş tapşırığından görünür ki, İddiaçı Cavabdeh1 ASC tərəfindən 19.730 manat məbləğində pul ödənilmişdir. xx.xx.2023-cü il tarixli 3019/761848 sayılı kassa mədaxil orderindən görünür ki, İddiaçı Cavabdeh1 ASC tərəfindən 11.168 manat məbləğində pul ödənilmişdir. Cavabdeh1 ASC tərəfindən tərtib edilərək İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildiriş”dən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli MK/62399/94/16 nömrəli kredit üzrə 23.431,53 AZN əsas, 3950 AZN faiz, 1304,10 AZN cərimə borcunun 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən, tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak barəsində notarius tərəfindən icra qeydi aparılacağı barədə xəbərdarlıq edilmişdir. Poçt xəbərnaməsinin surətindən görünür ki, qeyd edilən bildiriş İddiaçı xx.xx.2025-ci il tarixdə çatdırılmış, o, xəbərnaməyə imza etməklə həmin bildirişi qəbul etmişdir. “Caspian Express Service” Sürətli Poçt Xidməti tərəfindən tərtib edilmiş 058526 nömrəli qaimədən görünür ki, İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli “İcra qeydinin aparılacağı barədə “bildiriş” xx.xx.2025-ci il tarixdə ona ünvan 1 ünvanı üzrə poçt xidməti tərəfindən çatdırılmışdır. İddiaçı həmin bildirişi alması ilə əlaqədar xx.xx.2025-ci il tarixdə imzalamışdır. Lənkəran “ASAN xidmət” mərkəzində yerləşən Notariat ofisin xüsusi notariusu Azər Şəmmədov tərəfindən təsdiqlənmiş xx.xx.2025-ci il tarixli, 8i-16683 reyestr nömrəli icra qeydindən görünür ki, həmin icra qeydi əsasında X2 və İddiaçı MK/62399/94/16 nömrəli kredit müqaviləsinə əsasən, 29080 manat 35 qəpik pulun tutulması qeyd edilmişdir. Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu İlqar Məmmədov tərəfindən təsdiqlənmiş xx.xx.2025-ci il tarixli, 8i-8065 reyestr nömrəli icra qeydindən görünür ki, həmin icra qeydi əsasında X1 MK/62399/94/16 nömrəli kredit müqaviləsinə əsasən, 29080 manat 35 qəpik pul tutulsun. Azərbaycan Respublikası Mülki Məcəlləsini 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsi ilə müəyyən edir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 385.1 maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1 maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 324.4 maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 405.1 maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Notariat haqqında Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat:
161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir.
162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”:
1. Pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) notariat qaydasında təsdiq edilmiş əqdin əsli; 1-1. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. Mülki Məcəllənin 14.2 maddəsinin tələbinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi də müəyyən edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə araşdırması zamanı işin faktiki hallarından müəyyən edildi ki, tərəflər arasında qanuna müvafiq qaydada kredit müqavilələri bağlanmış, müqavilələr tərəflərin imzası ilə təsdiqlənmiş, kredit müqaviləsinə dair müvafiq kredit ödənişləri iddiaçıya ödənilmiş, ödənişin aparılması üçün kredit borcuna dair ümumi məbləğ, faiz məbləğləri, ödəniş tarixləri, həmin tarixlərə dair ödəniş məbləğləri və kreditin qalığı cədvəl formasında aydın şəkildə tərtib edilərək iddiaçıya təqdim edilməklə onun tərəfindən imzalanmış, kredit müqavilələri bağlandıqdan sonra həmin müqavilərə dair müvafiq kredit ödənişləri iddiaçı tərəfindən həyata keçirilmiş, bank tərəfindən kredit ödənişinin həyata keçirilməsi və icra qeydinin aparılacağı barədə qanuna müvafiq qaydada iddiaçıya bildiriş təqdim edilmiş və xəbərdarlıq müddəti bitdikdən sonra notariat ofisi tərəfindən icra qeydi tərtib edilərək icra edilməsi üçün icra qurumuna təqdim edilmişdir. Məhkəmə iddiaçının iddia ərizəsində bildirdiyi eyni kredit müqaviləsi üzrə iki icra qeydi tərtib edildiyi barədə göstərdiyi xüsusatlara əsasən, qeyd edir ki, xx.xx.2025-ci il tarixli, 8i-16683 reyestr nömrəli icra qeydində pul vəsaitinin X2 və İddiaçı, xx.xx.2025-ci il tarixli, 8i-8065 reyestr nömrəli icra qeydində isə pul vəsaitinin X1 tutulması qeyd edilmişdir. Həmçinin hazırki mülki iş üzrə mübahisələndirilən icra qeydi digər (xx.xx.2025-ci il tarixli, 8i-8065 reyestr nömrəli) icra qeydindən daha əvvəl təsdiqlənmişdir. İddiaçı, iddia ərizəsində icra qeydinin verilməsi barədə ona bildirişin təqdim edilməməsi barədə bildirməsinə baxmayaraq, iş materialları ilə tələbkar bank tərəfindən bu barədə bildirişin İddiaçı çatdırılması sübut olunmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, hazırki iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddia tələbi üzrə iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ :
İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Lənkəran regional “Asan xidmət” mərkəzində yerləşən notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Anar Pənahov