Məhkəmə qərarları › İş №2(049)-4548/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-4548/2023

08.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-4548/2023 08.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlu, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı «pul» tələbinə dair birgə verdiyi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı birgə iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1200 manat məbləğində pulun alınıb onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri öyrənib belə nəticəyə gəlirəm ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPMnin) tələblərinə riayət edilmədən tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Qeyd olunan prosessual hüquq normasının məzmunundan göründüyü kimi, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı ilə ərizəyə əlavə edilən sənədlərin siyahısı fərqli məfhumlar olmaqla, onların hər birinin iddia ərizəsində ayrı-ayrılıqda göstərilməsi ərizənin icraata qəbul edilməsi üçün vacib və zəruri şərtlərdəndir. İddiaçının istinad etdiyi sübutların siyahısı ərizənin məzmununda göstərilmədiyi təqdirdə, iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısının ərizənin sonunda göstərilməsi həmin ərizənin icraata qəbul edilməsi üçün yetərli deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə xx.xx.2021-ci il tarixli 363-VİQD nömrəli Qanuna əsasən edilmiş dəyişikliyə görə iddiaçının və ya ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı iddia ərizəsində göstərilməlidir (maddə 149.2.3). Bu tələb mülki prosessual hüquq normalarının ümumi prinsiplərinə uyğun olmaqla yanaşı, iş üzrə tələbə cavab verməli olan şəxsin ona qarşı yönələn tələbin hansı sübutlara əsaslandığını işin icraata qəbul edildiyi vaxtdan etibarən bilməsinə, bununla da özünün həmin tələbə qarşı yarana biləcək etiraz və vəsatətlərini qanunauyğun şəkildə sistemləşdirib məhkəməyə vaxtında təqdim etmək imkanlarına xidmət edir. Qeyd olunan prosessual hüquq normasında göstərilən tələb imperativ xarakterli olub, tərəflərin istinad etdikləri sübutları vaxtında məhkəməyə təqdim etməklə həm işdə iştirak edən şəxslər, həm də məhkəmələr tərəfindən prosessual qənaət prinsipinə riayət edilməsinə yönəldilmiş tədbirdir. Bu müddəa iddiaçının (ərizəçinin) sübutlar siyahısında göstərilməyən digər sübuta öz tələblərinin əsası kimi istinad etməsinin, bunun üçün əsaslar sonradan əmələ gəldiyi hallar istisna olmaqla, qarşısını alır. Bundan başqa Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsində qeyd olunur ki, iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. İddia ərizəsindən görünür ki, ərizədə iddiaçıların şəxsiyyət vəsiqəsinin seriya nəmrələri, habelə eyniləşdirmə məlumatları da qeyd olunmamışdır. Digər tərəfdən iddia ərizəsindən görünür ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilsə də, ərizə yalnız İddiaçı1 tərəfindən imzalanmışdır. MPM-nin 152.1.1 və 152.1.2-ci maddələrində göstərilir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, habelə iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən geri qaytarılmalıdır. Eyni zamanda iddiaçıya izah edilməlidir ki, MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur, yəni iddiaçı məhkəmənin hazırki qərardadında göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququna malikdir. MPM-nin 152.2 və 152.3-cü maddələrinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 152.1, 152.1.7, 152.2, 152.3, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 geri qaytarılsın. İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən ödənilmiş 40 manat məbləğnidə dövlət rüsumu onlara geri qaytarılsın. İddia ərizəsinin geri qaytarılmasına səbəb olan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə hüququ vardır. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar