Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-533/2024 12.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ümumi mülkiyyətdə olan torpaq sahəsi üzərində payların müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran rayonu, Separadi kəndində yerləşən Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1998-ci il tarixli 09 saylı qərarı ilə X3, Nurullayeva (Dadaşova) Tehran Yaqub qızı, İddiaçı və Cavabdeh ümumi mülkiyyətinə "Torpağın mülkiyyətinə verilməsinə dair KOD-80220018 № 279 "A" saylı şəhadətnamə əsasında verilmiş 0,29 hektar torpaq sahəsi üzərində hər bir payçının payı, o cümlədən iddiaçının payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1968-ci il tarixdə Lənkəran rayonu, Separadi kəndində anadan olmuşdur. Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1998-ci il tarixli 09 saylı qərarı ilə ailə üzvlərinə, X1, anam Nurullayevə (Dadaşova) Tehran Yaqub qızı, İddiaçı və qardaşı, hazırki mülki iş üzrə cavabdeh qismində cəlb etdiyi Cavabdeh Lənkəran rayonu Separadi kənd ərazisində həyətyanı sahə qismində 0,29 hektar torpaq sahəsi ayrılaraq ümumi mülkiyyətə verilmişdir. Bu barədə KOD-80220018 JN-279 "A" nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamə verilmişdir. X1 əzab çəkdiyi "bronxial astma" xəstəliyindən xx.xx.2012-ci il tarixdə, anası X6 "baş beyin insultu" xəstəliyindən xx.xx.2012-ci il tarixdə vəfat etmişlər. Valideynlərinin sağlığı dövründə və ondan sonrakı dövrdə ümumi mülkiyyətə verilmiş 0,29 ha torpaq sahədən birgə istifadə etmişlər. Qeyd etdiyi torpaq sahəsi üzərində atası tərəfindən inşa olunan mişar daşdan hörülmüş, 10 ədəd mişar daş üzərində tikilən bir mərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış ev olmuşdur. Valideynlərinin sağlığı dövründə X7 ilə ailə qurub evlənmişdir. Birgə nikahdan xx.xx.2003-cü il tarixdə X5 adlı uşağı doğulmuş, ailə qurduqdan bir müddət sonra nikah pozulmuş, nikah pozulduqdan sonra o, bir azyaşlı uşaqla valideynlərinin yanına köçüb onlarla birgə yaşamağa başlamışdır. Pandemiya xəstəliyinin yayıldığı vaxt onunla ata evində yaşayan cavabdeh qardaşı ata və anadan miras qalmış evi söküb yerində təzə ev tikmək fikrinə düşmüşdür. Ona bildirmişdir ki, köhnə evi söküb təzə evi tikdikdən sonra onlara - yəni ona və oğlu Seymur üçün ayrıca ev tikəcək və orada yaşayacaqlar. Cavabdehin təklifi ilə razılaşmışdır. O, köhnə evi söküb onun yanında aşağı hissədə mətbəx və zaldan ikinci mərtəbədə 4 otaqdan ibarət iki mərtəbəli ev inşa etdirmişdir. Ev hazır olandan sonra onu və oğlu Seymuru evə buraxmamış və həyətdən onları qovmuşdur. Odur ki, artıq 4 ildir ki, o, oğlu Seymurla digər qardaşı X2 Separadi kəndindəki fərdi yaşayış evə köçüb, hazırda qardaşının ailə üzvləri ilə birgə yaşayır. Qardaşının ailəsi çoxalmış, artıq qərara gəlmişdir ki, qardaşı evindən köçüb, Lənkəran rayonu Aqrar İslahat Komissiyasının 16 may 1998-ci il tarixli 09 saylı qərarı ilə ümumi mülkiyyətə verilmiş 0,29 hektar torpaq sahədə ona düşən payını müəyyən edib, orada digər qadaşlarının köməyi ilə özünə bir fərdi yaşayış ev inşa etdirib, oğlu ilə ora köçüb yaşasınlar. Bu barədə qardaşları ilə söhbət etmiş, onlar öz razılıqlarını bildirmişlər. Lakin cavabdeh qismində qeyd etdiyi qardaşı Cavabdeh bu fikirlə razılaşmayıb, hətta dövlət tərəfindən ona verilən, ümumi mülkiyyətdə olan torpaq sahəsinə belə onu buraxmır. Orada təsərrüfat işləri görüb, əkib becərməyə də imkan vermir. Məhz bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu çıxış edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1998-ci il tarixli 09 saylı qərarı ilə mərhum valideynləri X3, Nurullayeva (Dadaşova) Tehran Yaqub qızı, iş üzrə iddiaçı tərəf olan bacısı İddiaçı və onun özünün ümumi mülkiyyətinə verilmiş 0,29 hektar torpaq sahəsinin onun istifadəsində olduğunu bildirərək həmin torpaq sahəsindən 0,05 ha torpaq sahəsinin iddiaçıya verməyə etirazının olmadığını bildirdi. İş materiallarında olan: "Torpağın mülkiyyətinə verilməsinə dair KOD-80220018 № 279 "A" saylı şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1998-ci il tarixli 09 saylı qərarına əsasən Lənkəran rayonu, Separadi kəndi ərazisində yerləşən 0,29 hektar torpaq sahəsi X3, X4, İddiaçı və Cavabdeh ümumi mülkiyyətinə verilmişdir. Lənkəran Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2020 №-li arayışın təsdiq edilmiş surətindən görünür ki, X3 "bronxial astma" xəstəliyindən xx.xx.2012-ci il tarixdə Lənkəran rayonu, Separadi kəndində ölmüşdür. Lənkəran Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2021 №-li arayışın təsdiq edilmiş surətindən görünür ki, X6 "baş beyin insultu" xəstəliyindən xx.xx.2012-ci il tarixdə Lənkəran rayonu, Separadi kəndində ölmüşdür. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaqdan ötrü 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1998-ci il tarixli 09 saylı qərarına əsasən Lənkəran rayonu, Separadi kəndi ərazisində yerləşən 0,29 hektar torpaq sahəsi X3, X4, İddiaçı və Cavabdeh ümumi mülkiyyətinə verilmişdir. X3 və X4 vəfat etmişlər. İddiaçı "Torpağın mülkiyyətinə verilməsinə dair KOD-80220018 № 279 "A" saylı şəhadətnamə əsasında verilmiş 0,29 hektar torpaq üzərində hər bir payçının payının, o cümlədən özünün payının müəyyən edilməsini xahiş edir. Cavabdeh isə iddianı qəbul etməmişdir. Lakin İddiaçı payı müəyyən edilməmiş, payların müəyyən edilməsi ilə əlaqədar tərəflər arasında hər hansı razılıq yoxdur. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri). Mülki Məcəllənin 152.5-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məhkəmə qeyd olunan hüquq normalarını hazırki iş üzrə tətbiq etməklə belə nəticəyə gəlir ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1998-ci il tarixli 09 saylı qərarına əsasən Lənkəran rayonu, Separadi kəndi ərazisində yerləşən 0,29 hektar torpaq sahəsi X3, X4, İddiaçı və Cavabdeh ümumi mülkiyyətinə verilmişdir. Ümumilikdə dörd nəfər şəxsin mülkiyyətinə verilmiş sözügedən 0,29 hektar torpaq sahəsi üzərində iddiaçının 1/4 hissə payı müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, bu yanaşma Mülki Məcəllənin 214.1-ci maddəsinin tələbinə uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Lənkəran rayonu, Separadi kəndində yerləşən Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1998-ci il tarixli 09 saylı qərarı ilə "Torpağın mülkiyyətinə verilməsinə dair KOD-80220018 № 279 "A" saylı şəhadətnamə əsasında X3, X4, İddiaçı və Cavabdeh ümumi mülkiyyətinə verilmiş 0,29 hektar torpaq sahəsi üzərində İddiaçı 1/4 hissə payı müəyyən edilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-533/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-533/2024
12.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver