Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-582/2025 09.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maraqlı şəxsin üzərinə doğum haqqında şəhadətnamədə düzəliş olunmasını, ata adının "Fəxrəddin” edilməsi və doğum akt qeydiyyatı kitabında qeydə alınması vəzifəsinin qoyulması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddiaçı Ərizəçi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və əlavə edilmiş sənədlərdən aydın olur ki, iddiaçı, Maraqlı şəxsnə müvafiq xahişlə müraciət etmiş, lakin qeydiyyat şöbəsi onun xahişinin yerinə yetirilməsindən imtina etmişdir. Başqa sözlə iddiaçı Ərizəçi, inzibati orqan olan Maraqlı şəxs onun xahişindən imtina etməsi ilə bağlı hazırkı iddianı məhkəməyə ünvanlamışdır və iddia tələbində iddiaçı Ərizəçi, cavabdehin onun müraciətini təmin etməməsinə görə sonuncunun üzərinə müvafiq vəzifənin qoyulması barədə məhkəmə aktının qəbuluna nail olmaq istəməkdədir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Qanunun 2-ci maddəsində isə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları inzibati orqan, inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs isə maraqlı şəxs kimi tanınmışdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPMin XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Yuxarıda göstərilən qanunvericilik aktlarının tələblərindən göründüyü kimi, inzibati orqanların üzərinə öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara inzibati məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə müvafiq olaraq əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iddiaçı Ərizəçi, aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmalıdır. İş materialları ilə iddiaçı Ərizəçi iddianın qaldırılması ilə əlaqədar 100 (yüz) manat dövlət rüsumu ödəməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçı Ərizəçi iddia ərizəsinin verilməsinə dair ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ona qaytarılmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı (maraqlı şəxsin üzərinə doğum haqqında şəhadətnamədə düzəliş olunmasını, ata adının "Fəxrəddin” edilməsi və doğum akt qeydiyyatı kitabında qeydə alınması vəzifəsinin qoyulması) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı Ərizəçi iddia ərizəsinin verilməsinə dair ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ona qaytarılsın. İddiaçı Ərizəçi izah olunsun ki, o, həmin iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Qərardaddan 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №2(049)-582/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-582/2025
09.01.2025 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver