Məhkəmə qərarları › İş №2(049)-702/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-702/2024

28.03.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-702/2024 28.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh oğluna qarşı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Lənkəran raonu, Liman şəhərində, H.Z.Tağıyev küçəsində yerləşən 17 saylı evdən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1937-ci ildə Lənkəran rayonunun Liman şəhərində doğulmuşdur. Hal-hazırda da Liman şəhərində ailəsi ilə birgə yaşayır. 87 yaşı var. Daima qeyd etdiyi ünvanda yaşamışdır. Həmin ünvanda da onun ailə üzvləri yaşayırlar. Ona yaşadığı evini sənədləşdirib həmin evə çıxarış almaq üçün bəzi lazımlı sənədləri toplamaq lazım olmuşdur. Bu məqsədlə o, Liman İcra Nümayəndəliyinə müraciət etmişdir. Orada ona bildirmişlər ki, evində Cavabdeh adlı qadın qeydiyyatda vardır. O, heç vaxt öz evinə kənar şəxsin qeydiyyata düşməsinə razılıq verməmişdir.Cavabdeh o, tanımır, onun bu ad və soyadda heç bir qohumum və yaxın adamı yoxdur. O, qadın hansı yol ilə ona məxsus olan fərdi yaşayış evinin qeydiyyatına düşdüyünü bilmir və bu işdən xəbəri yoxdur. Cavabdehin onun mülkiyyətində olan fərdi yaşayış evində olması barədə yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı Arayışı və Liman icra nümayəndəliyinin 2066 saylı arayışını məhkəməyə təqdim edir. Fərdi yaşayış evinin mülkiyyətçisidir, kənar və tanımadığı şəxsin evinin qeydiyyatında olmasını istəmir. O, bu barədə Lənkəran şəhər polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Polis şöbəsi onun ərizəsinə imtina məktubu vermişdir. Bu haqqda məhkəməyə müraciət etməyi ona tövsiyə etmişdir. O, məcbur olub cavabdehi evinin qeydiyyatından çıxarma tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir və hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək, iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, İddiaçı onun atasıdır. O, özü də anadan olandan Lənkəran raonu, Liman şəhərində, H.Z.Tağıyev küçəsində yerləşən 17 saylı evdə yaşamışdır. Əvvəldən də həmin ev atasının mülkiyyətində oluşdur və 2023-cü ildə həmin evə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. Cavabdeh onlarla eyni soyadda olmasına baxmayaraq onlar heç vaxt həmin şəxsi tanımamışlar, onların belə qohumları yoxdur, həmin şəxs heç vaxt onlara məxsus sözügedən evdə yaşamamışdır və onun nə vaxt və hansı əsasla onarın evində qeydiyyata düşməsini bilmirlər. Cavabdehin həmin evdə pasport qeydiyyatında qalması iddiaçının həmin evin üzərində olan mülkiyyət hüququnu pozur. İddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehin faktiki olduğu yer məlum olmadığından, onun məlum olan axırıncı yaşayış yeri üzrə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdehin həmin ünvanda yaşamamasına dair qeyd yazılmış bildiriş məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən xx.xx.2023 -cü il tarixdə verilmiş **********38-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Liman şəhəri, X3 küçəsində yerləşən 17 saylı ev İddiaçı xüsusi mülkiyyətindədir. Lənkəran ŞİHB-nın Liman şəhr inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli 2066 saylı arayışdan görünür ki, Cavabdeh Lənkəran rayonu, Liman şəhəri, X3 küçəsində yerləşən 17 saylı evdə qeydiyyatdadır. Asan-Masallı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü Cavabdeh Lənkəran rayonu, Liman şəhəri, X3 küçəsində yerləşən 17 saylı evdə qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, hər bir vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması qanunvericiliyin birbaşa tələbidir. Yəni qanun faktiki yaşayış ünvanına uyğun olmayan formal qeydiyyatı qadağan edir və hər bir şəxsin məhz yaşadığı yer üzrə qeydiyyata alınmasını tələb edir. Bu baxımdan cavabdehin uzun müddətdir ki, başqa ünvanda yaşadığı halda mübahisəli evdən qeydiyyatdan çıxmaması qanunsuzdur. Nəzərə alınmalıdır ki, şəxsin yaşayış sahəsində qeydiyyatda olması, onun yaşayış sahəsinə istifadə hüququnun yaranması məqsədini daşımır. Əksinə, cavabdehlər artıq uzun müddətdir yaşadıqları yeni ünvanlar üzrə qeydiyyata alınmalı idilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür, Qanunun 5-ci maddəsinə görə isə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Məhkəmə iclasında iş materialları ilə müəyyən olundu ki, iddiaçı Soltanov X2 rayonu, Liman şəhəri, X3 küçəsində yerləşən 17 saylı evin mülkiyyətçisidir. Cavabdeh həmin evdə pasport qeydiyyatında olmaqla, həmin evdə yaşamır və iddiaçının ailə üzvü deyildir. Cavabdehin iddiaçının mülkiyyətində olan evdə formal olaraq qeydiyyatda olması evdə istifadə hüququnun olması kimi qəbul edilə bilməz. Belə ki, “Yaşayış yeri və oluğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunvericilikdə yaşayış yeri üzrə qeydiyyatın istifadə hüququ kimi hüquqi nəticə doğurması nəzərdə tutulmayıb. Eyni zamanda məhkəmə qeyd edir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə hesab edir ki, mənzildən istifadə hüququnun olması müəyyən edilməyən cavabdehlərin iddiaçının (mülkiyyətçinin) iradəsinə zidd olaraq onun mənzilində yaşayış yeri üzrə qeydiyyatda qalması mülkiyyətdən maneəsiz istifadə hüququna xələl gətirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçının mülkiyyətində olan evdən cavabdehin istifadə hüququ itirilmiş hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Lənkəran rayonu, Liman şəhəri, X3 küçəsində yerləşən 17 saylı evdən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar