Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-768/2025 29.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “fərdi yaşayış evinə xəttinin çəkilməsi və qaz sayğacının quraşdırılması üçün texniki şərtin verilməsi” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında yeni inşa olunan 2 mərtəbəli, ümumi sahəsi 243.5 kv.m olan fərdi yaşayış evinə qaz xəttinin çəkilməsi və qaz sayğacının quraşdırılması üçün texniki şərtin verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan, ünvan 2 ünvanında yerləşən 0.07 ha torpaq sahəsində 2 mərtəbəli, ümumi sahəsi 243.5 kv.m olan yeni fərdi yaşayış evi inşa edilmişdir. Yaşayış evi dövlət qeydiyyatına alınmış, çıxarış və texniki pasport verilmişdir. Həmin yaşayış evinə qaz xəttinin çəkilməsi və qaz sayğacının quraşdırılması üçün texniki şərtin verilməsindən ötrü 09 dekabr 2024-cü il tarixdə Lənkəran Regional "Asan Xidmət" mərkəzinə müraciət edib mülkiyyəti təsdiq edən sənədləri mərkəzə təqdim edib. 17 yanvar 2025-ci il tarixdə "Asan Xidmət" mərkəzindən əlaqə nömrəsinə zəng edib texniki şərtin verilməsindən imtina edildiyini bildirib, sonra rəsmi cavab məktubunu ona təqdim etdilər. Azəriqaz tərəfindən verilmiş cavabda imtinanın səbəbi olaraq qeyd edilmişdir ki, "Göstərilən ünvanda həyətyanı sahədə inşa edilmiş ikinci yaşayış evinin mülkiyyət sənədləri təqdim edilmədiyindən eyni ünvanda 2-ci qaz sayğacının quraşdırılması üçün texniki şərtin verilməsi mümkün deyildir. Lakin yuxarıda qeyd etdiyi kimi, o mükiyyəti təsdiq edən sənədləri (Çıxarış və Texniki Pasport) "Asan Xidmət" mərkəzinə təqdim edib. Həmin sənədlər əsasında mütəxəssislər ünvana baxış keçiriblər. Əgər yaşayış evinin mülkiyyət sənədləri təqdim edilməmişdirsə o zaman mütəxəssislər nəyə əsasən iki dəfə ayrı-ayrı vaxtlarda ünvana baxış keçiriblər. O olanlarla bağlı həm Asan Xidmət mərkəzində və həm də X1 İstismar İdarəsində etirazını bildirsə də heç bir nəticəsi olmadı. İddiaçı məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə etdi, həmin tələbin məzmununa uyğun izahat verərək bildirdi ki, yaşadığı ünvanda iki fərdi yaşayış evi mövcuddur. İlk ev 1982-ci ildə inşa eidlmişdir. Həmin evin ümumi sahəsi 202.1 kv.m təşkil edir. İkinci ev isə 2024-cü ildə inşa olunmuş, həmin evin də ümumi sahəsi 243.5 kv.m təşkil edir. Hər iki fərdi yaşayış evi iki mərtəbəlidir. Yeni inşa olunmuş fərdi yaşayış evinə su və elektrik xətti çəkilmişdir. Məhkəməyə təqdim etdiyi daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli çıxarış hər iki evə dair vahid çıxarışdır. İşdə olan Liter A1 yeni evə, Liter A isə köhnə evə münasibətdə tərtib edilib. Qeyd olunanları nəzərə alıb məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə1 iddiaçının hər iki evə vahid çıxarış əldə etməsi səbəbindən həmin ünvana bir dəfə yəni köhnə evə münasibətdə qaz xətti çəkilib sayğac quraşdırılmasına görə iddia tələbini qəbul etmədiyini bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2024-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0.07 ha torpaq sahəsi üzərində ümumi sahəsi 445.60 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında DƏDK və RPHŞ-in 10 saylı Əİ-nin xx.xx.2024-cü il tarixli, **********90-10301 №-li reyestr Texniki Pasportdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi evin hüquqi subyekti İddiaçıdır. Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli Texniki şərtin verilməsi barədə məktubdan görünür ki, ünvan 3 ünvanında yerləşən evinin qazlaşdırılması üçün texniki şərtin verilməsi barədə Lənkəran “ASAN Xidmət” mərkəzinə daxil olmuş müraciətə (TŞ42-091224-552) ”Azəriqaz” İB-də baxılmışdır. Bununla əlaqədar bildirir ki, mütəxəsislər tərəfindən qeyd olunan ünvana baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin ünvan daha öncə qaz təchizatı ilə təmin olunmuşdur. Göstərilən ünvanda, həyətyanı sahədə inşa edilmiş ikinci yaşayış evinin mülkiyyət sənədləri təqdim edilmədiyindən, eyni ünvana 2-ci qaz sayğacının quraşdırılması üçün texniki şərtin verilməsi mümkün deyildir. Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli müraciətə baxılmasının nəticəsi haqqında məktubdan görünür ki, Cavabdehndən baxılması üçün X1 İstismarı İdarəsinə xx.xx.2025-ci il tarixdə daxil olmuş qaz xəttinin çəkilməsi barədə xx.xx.2025-ci il tarixli elektron müraciətlə əlaqədar çatdırılır ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda xx.xx.2023-cü il tarixdən qüvvəyə minmiş dəyişikliyə (Maddə
13. bənd 10-1) görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olar tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəvə qoşulması qadağandır. Eyni zamanda bildirilir ki, sənaye təyinatlı ərazilərdən məskunlaşmanı və özbaşına zəbt olunma hallarının qarşını almaq məqsədillə qazlaşdırma yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış daşınmaz əmlaklara münasibətdə təmin edilir. Bununla əlaqədar olaraq bildirir ki, müraciətdə qeyd olunan fərdi yaşayış evinin qazlaşdırılması ilə əlaqədar texniki şərtlərin alınması üçün tərəfinizdən Azərbaycan Respublikasının Prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN Xidmət” və "ASAN Kommunal" mərkəzlərinə müvafiq mülkiyyət sənədlərini (çıxarış, plan ölçü sənədi, texniki pasport və s.) təqdim etməklə müraciət edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2024-cü il tarixli, qeydiyyat nömrəsi ********** №-li Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0.07 ha torpaq sahəsi üzərində ümumi sahəsi 202.1 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli Texniki şərtin verilməsi barədə məktubdan görünür ki, mütəxəsislər tərəfindən qeyd olunan ünvana baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin ünvan daha öncə qaz təchizatı ilə təmin olunmuşdur. Həyətyanı sahədə inşa edilmiş ikincii yaşayış evinin qaşlaşdırılması üçün mövcud qanunvericiliyə əsasən “ASAN Xidmət” mrəkəziinə 2-ci mülkiyyət sənədini adıqdan sonra müvafiq qaydada müraciət etməli və ya mövcud qazlaşdırılmış fərdi evin layihəsində dəyişiklik edərək, hər iki evin qaz sərfini ölçə biləcək qaz sayğacı quraşdırılmalıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki iddia tələbi təmin edilməlidir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 4 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 9 oktyabr 2024-cü il tarixli 9 nömrəli Qərarının 14-cü bəndinin 3-cü yarımbəndində qeyd olunmuşdur ki, təbii inhisar subyektlərinin təsərrüfat subyektləri və istehlakçılarla daxil olduqları münasibətlər (təbii inhisar subyektlərinin şəbəkələrinə qoşulma, texniki şərtlərin verilməsi, məhsulun satışına dair müqavilə bağlanılması və s.) isə konkret subyektlərə təbii inhisar fəaliyyətinə aid edilmiş sahələr üzrə məhsulun satışı və ya xidmətlərin təqdim edilməsinə yönəlmiş iqtisadi fəaliyyət olmaqla son nəticədə mülki-hüquqi xarakter daşıyır. Həmin münasibətlər xüsusi hüquq rejiminə tabe edildiyinə görə, bununla bağlı yaranmış mübahisələr inzibati hüquq sahəsində yaranmış münasibətlər kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun əsas anlayışlardan bəhs edən 1-ci maddəsində qeyd olunur ki, texniki şərtlər – tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirilməsinə əsas olan və qazın verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd; məişət abonenti – yaşayış evlərində və mənzillərdə, o cümlədən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulan xüsusi təyinatlı yaşayış sahələrində məişət ehtiyacları üçün qazdan istifadə edən fiziki şəxs; fiziki qoşulma – sifarişçinin qaz qurğularına qazın verilməsi üçün çəkilmiş qaz xəttinin qaz paylayıcısının təyin etdiyi qoşulma nöqtəsinə birləşdirilməsi; Həmin Qanunun 13-cü maddəsinin 10-1-ci hissəsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə görə sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci, 80.1-1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, bu Məcəllənin 80.1-1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə isə, həmin ərazi üzrə müfəssəl plan olduqda 10 gün müddətində, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 1 ay müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. «Qazdan istifadə qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 4.2-ci bəndinə görə məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı abonent qismində mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0.07 ha torpaq sahəsi üzərində ümumi sahəsi 445.60 kv.m olan fərdi yaşayış qaz xəttinin çəkilməsi və qaz sayğacının quraşdırılması üçün texniki şərtin verilməsi məqsədi ilə cavabdeh təşkilat Cavabdeh İB-yə müraciət etmiş, lakin həmin müraciət qeyd olunan ünvanın daha öncə qaz təchizatı ilə təmin olunması, göstərilən ünvanda, həyətyanı sahədə inşa edilmiş ikinci yaşayış evinin mülkiyyət sənədləri təqdim edilməməsi əsas gətirilərək təmin edilməmişdir. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müvafiq təsdiqedici sənədlər əsasında müəyyən edilir ki, iddiaçının adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2024-cü il tarixli, qeydiyyat nömrəsi ********** №-li Çıxarış əsasında ünvan 3 ünvanında yerləşən 0.07 ha torpaq sahəsi üzərində ümumi sahəsi 202.1 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə qeydiyyata alınmış, iddiaçıya məxsus 0.07 torpaq sahəsində inşa edilmiş ikinci və birinci evə dair mülkiyyət hüquqları isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2024-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan Çıxarış əsasında qeydiyyata alınmışdır. Eyni zamanda, iddiaçı tərəfindən verilmiş müvafiq texniki sənədlərdən görünür ki, Liter A1 yeni evə, Liter A isə köhnə evə münasibətdə tərtib edilib. Cavabdeh təşkilat müraciətin təmin edilməməsini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 10-1-ci hissəsi əsaslandırsa da, məhkəmə hesab edir ki, yuxarıda sadalanamış həmin normanın müddəaları cavabdehin iddiaçının ona ünvanladığı müraciətinin təmin edilməsindən imtina edilməsini qanuni əsasları kimi çıxış edə bilməz. Bu baxımdan məhkəmə bu qənaətə gəlir ki, cavabdeh qurum formal mülahizələrə əsaslanmala iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə qaz xəttinin çəkilməsindən və texniki şərtin verilməsindən əsassız şəkildə imtina etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yeni inşa olunan 2 mərtəbəli, ümumi sahəsi 243.5 kv.m olan fərdi yaşayış evinə qaz xəttinin çəkilməsi və qaz sayğacının quraşdırılması üçün texniki şərtin verilməsi barədə iddia tələbi əmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd edilir ki,məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.2-ci maddəsinə görə qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki iddia tələbi üzrə ödənilməli olan cəmi 100 manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddiaçı Cavabdehnə qarşı “fərdi yaşayış evinə xəttinin çəkilməsi və qaz sayğacının quraşdırılması üçün texniki şərtin verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yeni inşa olunan 2 mərtəbəli, ümumi sahəsi 243.5 kv.m olan fərdi yaşayış evinə qaz xətti çəkilsin və həmin ünvana qaz sayğacının quraşdırılması üçün texniki şərtin verilsin. Hazırki iddia tələbi üzrə ödənilməli olan cəmi 100 manat dövlət rüsumu Cavabdehndən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Nicat Ağabəyov