Məhkəmə qərarları › İş №2(049)-802/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-802/2025

11.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-802/2025 11.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı istehlakçının hüquqlarının müdafiəsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB-nin X6 İstismarı idarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktı əsasında onun hesabına yazılmış 1555.20 manat borc məbləğinin silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanda qaz sayğacı anası Əzizova Dilarənin adına olmuş və o, vəfat edəndən sonra qaz idarəsinə müraciət edərək onlarla arasında bağlanmış müqavilə əsasında öz adına keçmişdir. Qaz pulunu isə həmişə vaxtı-vaxtında ödəmişdir. Qaz sayğacı onun yaşadığı evə çoxdan qoyulmuş və heç bir problemi də olmamşdır. Cavabdeh İB-nin X6 İstismarı idarəsinin əməkdaşları həmişə gəlib yoxlamışlar. xx.xx.2023-ci il tarixdə evdə olduğu vaxt həyətdən səsküy gəldiyini eşidib çölə çıxmış və qaz idarəsinin işçilərinin onun evinin qaz sayğacını dəyişdiyini görmüşdür. Səbəbini soruşduqda sayğacların hər 5 ildən bir dəyişdiriləcəyini və köhnə sayğacların yenisi ilə əvəz ediləcəyini demişlər. Sonra da onlar qaz sayğacını dəyişərək onu yenisi ilə əvəz edib bu barədə akt da tartib etmişlər. Köhnə qaz sayğacını özləri ilə aparmışlar. Aktı da onun iştirakı olmadan tərtib edib həmin aktda onun imza etməsindən imtina etdiyi yazılmışdır. O, həmin aktı sonradan, Qaz idarəsinə müraciət edərək əldə etmişdir. Daha sonra ona bildiriş göndərmişlər və bildirişə baxdıqda görmüşdür ki, 1555.20 manat əlavə qaz pulu hesablanılmışdır. Bundan təəccüblənərək aydınlıq gətirilməsi üçün Qaz idarəsinə getmiş və orda abonentin saldosunu da alıb ona baxanda sayğaca görə ona 1555.20 manat cərimə hesablandığı məlum olmuşdur. Baxmayaraq ki, qaz sayğacının onun tərəfindən yararsız hala salınması sübut olunmamışdır. Qaz sayğacının kim tərəfindən yararsız hala salınması sübut olunmadığı halda ona sayğaca görə 1555.20 manat cərimə hesablamışlar. Hesab edir ki, X6 istismarı idarəsinin əməkdaşlarının tərtib etdikləri aktlar qanunsuz və əsassızdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. . Məhkəmə iclasında iddiaçı hazırki iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, yaşadığı evdə istifadə etdiyi təbii qazın dəyərini mütəmadi olaraq ödəmiş, təbii qazdan istifadəyə görə heç vaxt borcu olmamışdır. O və ya ailə üzvləri tərəfindən qaz sayğacına müdaxilə edilməmiş və sayğacda olan qüsurdan onun məlumatı olmamışdır. Sayğaca ayda bir dəfə nəzarətçi tərəfindən baxış keçirilmiş və nəzarətçi tərəfdən qüsur aşkar edilməmişdir. Qeyd etdiklərinə əsasən cavabdeh tərəfindən onun hesabına işlənmiş 12960 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 1555.20 manat debitor borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini qərara almışdır. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər: Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi, ev 100 A ünvanında yerləşən fərdi yaşayış evinin qaz xəttində olan Elister tipli G4 markalı ******* nömrəli sayğac yeni Zenner tipli G4 markalı **********3 nömrəli sayğacla əvəz edilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi, ev 100 A ünvanında yerləşən fərdi yaşayış evinin qaz xəttindən çıxarılmış sayğaca baxış keçirilmiş və sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi, daxili qulaqcıqlarında əzik-cızıq izləri olması qeyd edilmişdir. Sayğac istismara yararsızdır. İtirilmiş qaz bərpa edilməlidir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsas götürülərək qaz sayğacının maksimal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq cəmi 12960 m3 hesablanmışdır. xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixli abonentin saldolarından görünür ki, Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi, ev 100 A ünvanında yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə quraşdırılmış qaz sayğacı üzrə abonentin cəmi borcu 1555.20 manatdır. Lənkəran Rayon VVADQ şöbəsinin xx.xx.2007-ci il tarixli AZ-İ 266650 nömrəli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X5 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli XS-42-01206/23 nömrəli müqavilədən görünür ki, Cavabdeh X6 istismar idarəsi ilə istehlakçı İddiaçı arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi, ev 100 A ünvanında yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə quraşdırılmış qaz sayğacı Cavabdeh X6 İstismar İdarəsində istehlakçı kimi abonent kodu ilə iddiaçının mərhum anası X3 adına qeydiyyatda olmuşdur. İddiaçı ilə Cavabdeh X6 istismar idarəsi arasında xx.xx.2023-cü il tarixdə qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. X5 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Hazırki iş üzrə iddiaçı həmin vaxtdan sonra da qeyd edilən fərdi yaşayış evində yaşamaqla təbii qazdan istifadə etmişdir. Cavabdeh İB-nin X6 İstismar İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçının yaşadığı fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmiş, qaz xəttində olan Elister tipli G4 markalı ******* nömrəli sayğac çıxarılaraq yeni Zenner tipli G4 markalı **********3 nömrəli sayğacla əvəz edilmiş və əvvəlki sayğac laboratoriya yoxlamasına göndərilmişdir. Yoxlamanın nəticələrinə dair tərtib edilən aktda qeyd edilmişdir ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib, daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Sayğac istismara yararsızdır. İtirilmiş qaz bərpa edilsin. Həmin akt əsasında iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 12960 kub metr müəyyən edilmiş və xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən həmin miqdarda qazın dəyərinin ödənilməsi istehlakçıdan tələb edilmişdir. Hazırda iddiaçı Cavabdeh İB tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında istehlakçı X4 hesablanmış və 2023-cü ilin dekabr ayında abonentin saldosu cədvəlində onun öz adına işlənmiş 1555.20 manat borc məbləğinin silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı iddia tələbinin əsası kimi qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akta, qaz sayğacının yoxlanılması barədə akta, təbii qazdan istifadə qaydalarının pozulması barədə akta və abonentin saldosuna istinad edərək yaşadığı evdə istifadə etdiyi təbii qazın dəyərini mütəmadi olaraq ödədiyini, sayğacda olan qüsurdan məlumatı olmadığını, sayğaca ən geci ayda bir dəfə nəzarətçi tərəfindən baxış keçirildiyini, lakin nəzarətçinin də qüsur aşkar etmədiyini bildirir. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinə etirazlarının əsası olaraq məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğaca istehlakçı tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə, həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı olaraq baxış keçirilmiş və həmin əməkdaşların sayğacda yaranan qüsuru vaxtında görmək imkanları olmuşdur. “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarının 4.2-ci bəndində qeyd edilmişdir ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qərarın 4.7-ci bəndində qeyd edilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qərarın 4.9-cu bəndində qeyd edilmişdir ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndində qeyd edilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndində qeyd edilmişdir ki, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. “Qazdan istifadə Qaydaları”na 2 nömrəli Əlavənin 2.1.9-cu bəndinə əsasən istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) paylayıcının vəzifələridir. Həmin Əlavənin 3.3-cü bəndinə əsasən paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Qeyd olunan hüquq normalarının məzmunundan da göründüyü kimi, istehlak edilmiş qazın dəyəri qaz paylayıcısı tərəfindən yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablanmalıdır. Bu isə qaz paylayıcısı tərəfindən qaz sayğacına ayda bir dəfə baxış keçirilməsi yolu ilə müəyyən edilə bilər. İstehlak edilmiş təbii qazın dəyəri istehlakçı tərəfindən ödənilmədiyi təqdirdə, qaz paylayıcı tərəfindən istehlakçıdan tələb edilir. Hazırki iş üzrə isə itirilmiş təbii qazın dəyəri kimi iddiaçıdan tələb edilən 1555.20 manat debitor borcun onun həmin dəyərə uyğun miqdarda təbii qazdan istifadə etməsi və ya təbii qazı israf etməsi, habelə, qaz sayğacına o və ya ailə üzvləri tərəfindən müdaxilə olunması nəticəsində yarandığı sübuta yetirilməmiş, həmin faktlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. İş materiallarına əlavə edilmiş abonentin saldosundan da görünür ki, iddiaçının yaşadığı evdə əvvəlki sayğac yeni sayğacla əvəz edildikdən sonra əvvəlki illərin və son ilin uyğun dövrlərində sərf edilmiş təbii qazın həcmində əhəmiyyətli artım müşahidə edilməmişdir. Təbii qazın həcmində artım müşahidə edilmədiyindən, iddiaçının təbii qazdan sui-istifadə edilməsi məqsədi ilə və ya digər hər hansı məqsədlə sayğaca müdaxilə etməsi, bununla da mənfəət əldə etmək niyyətində olması da məhkəmə araşdırması zamanı öz təsdqini tapmamışdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğaca istehlakçı tərəfindən müdaxilə edildiyi sübuta yetirilmədiyindən iddiaçının hazırki iddia tələbi təmin edilməli, Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında İddiaçı hesabına işlənmiş 12960 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 1555.20 manat debitor borcun silinməsinə dair qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib oiaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla hazırki iddia tələbi üzrə ödənilməli olan 35.55 manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2023-cüil tarixli ******* nömrəli akt əsasında İddiaçı hesabına işlənmiş 12960 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 1555.20 manat debitor borc silinsin. Hazırki iddia tələbi üzrə ödənilməli olan 35.55 manat dövlət rüsumu məbləği Cavabdehndən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar