Məhkəmə qərarları › İş №2(049)-986/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-986/2025

19.02.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-986/2025 19.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X1 6 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X1 6 saylı ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 5.609,67 manat, işsizlikdən sığorta fonduna olan 51,07 manat, İcbari Tibbi Sığorta Fonduna olan 238,5 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix - xx xxxxxx 1962-ci il, Doğulduğu yer - Azərbaycan, Lənkəran Gəgiran kəndi , Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan Azərbaycan Respublikası Lənkəran Rayonunun Gəgiran Bələdiyyəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 5609,67 manat, İcbari Tibbi Sığorta Fonduna 238,5 manat, İşsizlikdən sığorta fonduna 51,07 manat olmaqla, ümumilikdə 5899,24 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********169900, xx.xx.2024-cü il tarixli **********168200, xx.xx.2024-cü il tarixli **********668200 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyəcisi yaranmış borc məbləğlərini ödəməmişdir. Ərizəçi olan idarənin səlahiyyətli nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək ərizədə qeyd olunan tələbi müdafiə etdiyini bildirərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Maraqlı şəxs “Azərbaycan Respublikası Lənkəran Rayonunun Gəgiran Bələdiyyəsinnin rəhbəri olan Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan hüquqi şəxs haqqında məlumatdan görünür ki, Azərbaycan Respublikası Lənkəran Rayonunun Gəgiran Bələdiyyəsin Lənkəran rayonu, Gəgiran kəndində yerləşir və rəhbəri Maraqlı şəxsdur. İş materiallarında olan vergi orqanı tərəfindən Gəgiran bələdiyyəsinə ünvanlanmış 25 iyul 2024-cü il tarixli **********1 nömrəli, 25 iyul 2024-cü il tarixli **********1, 24 iyul 2024-cü il tarili **********1 bildirişlərdən görünür ki, Gəgiran bələdiyyəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna olan 5609,67 manat, İşsizlikdən sığorta fonduna olan 51,07 manat, İcbari Tibbi Sığorta Fonduna olan 238,5 manat məbləğində olmaqla, ümumillikdə 5899.24 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi təklif olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən Vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. (maddə 355-5.2) Vergi Məcəlləsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. (maddə 16.1.1) Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. (maddə 77.1) Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. (maddə 78.1) Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. (maddə 23.1.15-3) Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, xx.xx.1962-cı il təvəllüdlü, Lənkəran rayonu, Gəgiran kəndində qeydiyyatda olan “Azərbaycan Respublikası Lənkəran Rayonunun Gəgiran Bələdiyyəsin rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 234, 305, 307-311, 355-6, 355-7 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1962-ci il təvəllüdlü, Lənkəran rayonu, Gəgiran kəndində qeydiyyatda olan Azərbaycan Respublikası Lənkəran Rayonunun Gəgiran Bələdiyyəsin rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə dərhal qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar