Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1144/2024 22.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı valideynin əlavə xərcə cəlb olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası Cavabdeh əlavə xərclərinə görə hər ay 300 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, atası Cavabdeh ilə anası X3 xx.xx.2006cı ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşlar, Masallı Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsinə əsasən isə nikahları pozulmuşdur. Valideynlərinin birgə yaşadıqları dövrdə xx.xx.2005-ci il tarixdə doğulmuşdur. Masallı Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə onun saxlanması üçün 50 manat, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə 103 manat aliment tutulmuşdur. Yetkinlik yaşına çatmış və Bakı Dövlət Universitetinin Fizika fakültəsinin fizika ixtisası üzrə əyani şöbənin İ kursunda təhsil alır. Əyani şöbədə təhsil aldığı üçün işləyə bilmir, Bakı şəhərində kirayədə yaşayır, aylıq 400 manat kirayə haqqı ödəyir, əlavə olaraq gündəlik xərcləri, yemək, ərzaq və digər zəruri tələbatları var. Babası ona pensiyasından köməklik edir, çox çətin vəziyyətdədir və əziyyət çəkir. Ailə Məcəlləsinin tələbinə əsasən atası valideyn olaraq onun əlavə xərclərini də ödəməlidir. Aliment 18 yaşına çatanadək ödənilsə də, valideyn olaraq atası onun 18 yaşından sonra təhsili üçün də əlavə xərc ödəməlidir. Bununla bağlı mediasiyaya da müraciət olunmuş, lakin atası mediasiyaya gəlmədiyi üçün imtina məktubu verilmişdir. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının nümayəndəsi iddia ərizəsinin məzmumuna uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, iddiaçı nəvəsidir. Nəvəsinə o və yoldaşı pensiya pulundan köməklik edirlər. Özləri xəstədilər. Aysunun xərclərini qarşılamağa maddi imkanları çatmır. Atası da ona köməklik etməlidir. Cavabdehin Aysuna görə ödənilməli 1300 manat aliment borcu da qalmışdır. Sonda Nümayəndə iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək, bildirdi ki, uşağın 18 yaşına çatanadək təyin edilmiş aliment borcunu ödəmək vəzifəsidir. Lakin onun əlavə xərclərinə görə pul ödəməyə maddi imkanı yoxdur. Sonradan evlənmiş və iki xəstə uşağı var. Onların müalicəsi üçün pula ehtiyacı var, lakin buna maddi imkanı yoxdur. Sonda Cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin vəkili Vəkil bildirdi ki, uşağın 18 yaşına çatanadək saxlanılması üçün alimentin ödənilməsi vacibdir. Cavabdehin aliment borcundan hələ ödənilməmiş borc qalmışdır. Ümumi təhsil məcburidir. Valideyn təhsil ilə bağlı əlavə xərcdə iştiraka cəlb edilə bilməz. Cavabdehin maddi imkanı yoxdur. O, ailə qurmuş və onun ikinci ailəsindən iki uşağı var. Uşaqlar xəstədir, məcburi əməliyyat olunmalıdır. Onları müalicə etməyə imkanı yoxdur. Sonda Vəkil iddianın rədd edilməsini xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxxx 2005-ci il təvəllüdlü İddiaçı atası Cavabdeh, anası X2r. Masallı Rayon Məhkəməsinin 22 yanvar 2008-ci il tarixli, 2-9/2008 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə X3 arasında 23 fevral 2006-cı ildə Masallı rayonu Təzə Alvadı ərazi nümayəndəliyində bağlanmış 07 saylı nikah pozulmuşdur. Masallı Rayon Məhkəməsinin 27 noyabr 2014-cü il tarixli, 2(050)-2503/2014 saylı qətnaməsindən görünür ki, xx xxxxxx 2005-ci ildə anadan olmuş İddiaçı yetkinlik yaşına çatanadək saxlanılması üçün Masallı Rayon Məhkəməsinin 28 yanvar 2009-cu il tarixli, 2(050)-40/2009 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh hər ay sabit pul məbləğində 103 manat aliment qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq tutulub iddiaçı X1 verilməsi qət edilmişdir. Bakı Dövlət Universitetinin 15 noyabr 2023-cü il tarixli, A-2784 saylı arayışından görünür ki, İddiaçı Bakı Dövlət Universitetinin Fizika fakültəsinin fizika ixtisasının əyani təhsilalma forması Azərbaycan bölməsi İ (birinci) kurs tələbəsidir. 6 saylı DOST mərkəzinin 18 yanvar 2024-cü il tarixli, 3-17-7/2-F-3769/2024 nömrəli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Nikah haqqında arayışdan görünür ki, Cavabdeh ilə X4 nikahlarını Masallı rayon Təzə Alvadı ərazi nümayəndəliyində 07 may 2010-cu il tarixdə 26 nömrəli qeydlə rəsmiləşdirmişdilər. Nikah bağlandıqdan sonra ərə (arvada) Fərəcov (a) soyadı verilmişdir Doğum haqqında arayışlardan görünür ki, 05 yanvar 2013-cü il təvəllüdlü X5 və 03 sentyabr 2014-cü il təvəllüdlü X6 atası Cavabdeh, anası Fərəcova (Məlikova) Sevda Mirzəbəy qızıdır. Masallı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019 cu il tarixli göndərişindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X7 “Perinatal hipoksik ensefolopatiya, tez-tez baş verən qıcolma tutmalar, (həftədə 3-4 dəfə)” dioqnozu ilə Bakı Şəhər Uşaq Nevroloji Xəstəxanasına göndəriş verilmişdir. Masallı Rayon Mərkəzi Xəstəxanasının 08 sentyabr 2020-ci il tarixli göndərişindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X7 “Perinatal hipoksik ensefolopatiya, tez-tez baş verən qıcolma tutmalar, (həftədə 3-4 dəfə)” dioqnozu ilə Bakı Şəhər Uşaq Nevroloji Xəstəxanasına göndəriş verilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 11-ci maddəsinə əsasən hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. Uşağın tərbiyəsi ailədə, məktəbdə, məktəbəqədər və məktəbdənkənar uşaq təlim-tərbiyə müəssisələrində aparılır. - 22-ci maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə uyğun olaraq təhsil almaq hüququ vardır. Dövlətin təhsil sistemi uşağın şəxsiyyətinin inkişafına, zəruri bilik və bacarıqları tam həcmdə əldə etməsinə şərait yaratmalıdır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - “Təhsil haqqında” Qanun) 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən Azərbaycan Respublikasında ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edir. Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində ümumi təhsil pilləsinin dövlət standartlarını əhatə edən tam orta təhsil pulsuzdur. Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Qanunun 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. Valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri “Təhsil haqqında” Qanunda da göstərilmişdir. Həmin Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Məhkəmə işin faktiki hallarını şərh olunan normalar əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “əlavə xərclərinə görə hər ay 300 manat məbləğində pulun tutularaq ona verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-1144/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1144/2024
22.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver