Məhkəmə qərarları › İş №2(050)-1247/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1247/2024

27.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1247/2024 27.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), məhkəmə iclasının katibi X7, İddiaçı və iddiaçının (vəkili) Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı tikintinin çıxıntı hissəsinin onun tərəfinə keçən hissəsinin cavabdehlərin hesabına sökülməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla qonşu olan cavabdehlər X10 və X4 aralarında olan daş hasarın üstündə tikdirdiyi damın çıxıntı hissəsi vasitəsi ilə evinə tərəf axıdılan yağış sularının axıntını istiqamətini aradan qaldırılması, həmin üst tikintinin çıxıntı hissəsinin onun tərəfinə keçən hissəsinin cavabdehlərin hesabına sökülməklə mülkiyyət hüquqlarının məhdudlaşmasının aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışlar ki, qanuni əsaslarla mülkiyyətində 0.09 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində özünə məxsus yaşayış evi vardır. Həmin evdə yaşayır. Yaşadığı həyətyanı torpaq sahəsi cavabdehlərlə qonşu torpaq sahədə yerləşir. Hazırki vəziyyətdə cavabdehlərlə qonşuluq münasibətlərində narazılıqları mövcüddür. Bu narazılıqlar danışıqlar yolu ilə həll etmək mümkün deyildir. Belə ki, aralarında olan əsas mübahisələri qonşuluq hüququ cavabdehlər tərəfindən pozulmasıdır. Qonşusu olan X5 məxsus torpaq sahəsində Cavabdeh2 ilə birlikdə öz mülkiyyət hüququnu həyata keçirən qonşunun, yəni onun hüquqlarına hörmət bəsləmirlər. Onun torpaq sahəsinin mövqeyinə və xarakterinə görə qanunsuz təsirlər göstərirlər. Cavabdehlərə aid torpaq sahəsinin yağış suyun axınını onun torpaq sahəsinə axıdırlar. Cavabdehlərin tikdirdikləri yardımçı tikililərin dam örtüklərinin müəyyən məsafədə ona aid torpaq sahəsinin sərhədini keçməklə bərabər, həmin dam örtüyündən axan yağış suların təsirinə məruz qalır. Cavabdehlərin həmin dam örtüklərindən axıdılan yağış suların istiqamətlərini dəyişməyə tam imkanları mövcüddür. Bu barədə cavabdehlərlə razılıq əldə edə bilmir. Heç kəsə icazə verilmir ki, suyun təbii axınını qonşunun ziyanına dəyişdirsin. Həmcinin cavabdehlərin qonşu torpaq sahələrində tikdirdikləri hasarın üst tikilinin ona aid torpaq sahəsinə çıxıntının və həmin üst tikinti çıxıntı vasitəsilə yağış sularının ona təsiri olduğu üçün həmin maneələr aradan qaldırılmalıdır. İddiaçı məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək bildirdi ki, qanuni əsaslarla mülkiyyətində 0.09 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində özünə məxsus yaşayış evi vardır, həmin evdə yaşayır, həyətyanı torpaq sahəsi cavabdehlərlə qonşu torpaq sahədə yerləşir. Hazırki vəziyyətdə cavabdehlərlə qonşuluq münasibətlərində narazılıqları mövcüddür narazılıqlar danışıqlar yolu ilə həll etmək mümkün deyildir, aralarında olan əsas mübahisələri qonşuluq hüququ cavabdehlər tərəfindən pozulmasıdır X5 məxsus torpaq sahəsində Cavabdeh2 ilə birlikdə öz mülkiyyət hüququnu həyata keçirən qonşunun, yəni onun hüquqlarına hörmət bəsləmirlər, onun torpaq sahəsinin mövqeyinə və xarakterinə görə qanunsuz təsirlər göstərirlər, cavabdehlərə aid torpaq sahəsinin yağış suyun axınını onun torpaq sahəsinə axıdırlar, cavabdehlərin tikdirdikləri yardımçı tikililərin dam örtüklərinin ona aid torpaq sahəsinin sərhədini keçməklə həmin dam örtüyündən axan yağış suların təsirinə məruz qalır, ona görə də iddianın təmin edilməsini xahiş etdi. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər X3 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən 6 iyun 2024-cü il tarixdə tərəflərin iştirakı ilə Masallı rayonu Mahmudavar kəndində mübahisəli yerə baxış keçirilərkən müəyyən edildi ki, cavabdehlərin həyətində olan yardımçı tikililərin çıxıntıları iddiaçının həyətinə tərəf keçmişdir və iddiaçının bildirməsinə görə yağan yağış suları onun həyətinə tökülür və evinin ətrafını su basır, ona görə də çıxıntıların sökülməsini tələb etmişdir. Yerli baxış zamanı Cavabdeh2 mübahisəli çıxıntını özləri sökəcəklərini bildirib iddiaçının həyətinə suyun axıdılmasının qarşısını alacaqlarını bildirdi. Yerli baxış zamanı cavabdeh X8 da iddiaçının həyətinə keçən çıxıntını sökəcəklərini yağış suyunun axıdılmasını aradan qaldıracaqlarını bildirdi. Məhkəmə iddiaçının və onun vəkilinin izahatını dinləyib, cavabdehlərin yerli baxış zamanı mübahisəli çıxıntını sökərək aradan qaldıracaqları barədə etiraflarını nəzərə alaraq iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan JN 452A, Kod 80515018 nömrəli torpağın mülkiyyət verilməsinə dair Şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 046 nömrəli qərarı ilə İddiaçı, X6, X11, X12 və X13 Masallı rayonu Mahmudavar kəndində 0.09 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İş materilları, mübahisəli sahəyə yerli baxış zamanı müəyyən edilmişdir ki, cavabdehlərin həyətində olan yardımçı tikililərin çıxıntıları iddiaçının həyətinə tərəf keçmişdir və iddiaçının bildirməsinə görə yağan yağış suları onun həyətinə tökülür və evinin ətrafını su basır, ona görə də çıxıntıların sökülməsini tələb etməkdə iddiaçı haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1.-170.4.-cü maddələrinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, tərəflərin mülkiyyətində olan həyətyanı torpaq sahələri qonşuluqda yerləşir. İddiaçı yaşadığı fərdi yaşayış evinin mülkiyyətçisi olmasa da, həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin mülkiyyətçilərindəndir. Belə ki, Masallı rayonu Mahmudavar kəndində yerləşən iddiaçıya məxsus həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinin qonşuluğunda cavabdehlərə məxsus daş hasar yerləşir. Qeyd edilən daş hasarın tikdirdiyi damın çıxıntı hissəsi iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsinə keçmişdir. Qeyd edilən damın çıxıntı hissəsindən yağış yağan zaman suyun iddiaçıya məxsus torpaq sahəsinə töküldüyü müəyyən edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara və yuxarıda göstərilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq etməklə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iddiaçı ilə cavabdehlər arasında mübahisə predmeti olan daş hasarın üstündə olan çıxıntı hissəsidir. Həmin daş hasarın üstündən damın çıxıntı hissəsinin cavabdehlərin mülkiyyətində olmasını təsdiq edən hər hansı bir təsdiqedici sübut məhkəmə baxışı zamanı təqdim edilməmişdir. Odur ki, iddiaçı haqlı olaraq cavabdehlər tərəfindən onun həyətyanı torpaq sahəsinə yağış sularının tökülməsinə səbəb olan daş hasarın üstündən çıxıntı hissəsinin sökülməsini tələb edir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Masallı rayonu Mahmudavar kəndində yerləşən 0.09 ha torpaq sahəsinin qonşu hüdudu daxilində cavabdehlərə aid tikintinin çıxıntı hissəsinin İddiaçı həyətinə tərəf keçən hissəsi cavabdehlər X2 və Cavabdeh2 hesabına sökülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar