Məhkəmə qərarları › İş №2(050)-125/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-125/2024

26.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-125/2024 26.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X2 (sədrlik edən), Məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3250 (üç min iki yüz əlli) manat maddi ziyan və mənəvi ziyana görə 2000 (iki min) manat, ümumilikdə 5250 (beş min iki yüz əlli) manat alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə Lənkəran rayonu, Havzava kəndində yaşayır. 2018-ci ildən Astara rayonunda yerləşən "xxxx" MMCdə Satış üzrə mütəxəssis işləyir. Hər gün bazar günü istisna olmaqla, idarə etdiyi Vesta GFK-44-X44-52 minik markalı **-PR-*** nömrəli maşını ilə işə gedib-gəlir. 01 iyul 2023-cü il tarixdə səhər saat 09:00 radələrində idərə etdiyi avtomobillə Astara rayonuna getmişdir. Həmin gün saat 14:00 radələrində işdən çıxıb Lənkəran şəhərinə gəlmişdir. Saat 16:00 radələrində Lənkəran şəhərindən çıxıb evə Lənkəran rayonu Havzava kəndinə gedərkən Lənkəran-Boradigah yolu ilə hərəkət edərkən Lənkəran Boradigah avtomobil yolunun Girdəni kəndindən keçən hissəsində Ələt-Astara magistral yolunun üstündə yerləşən körpüyə çatmışdır. Körpünün üstünə çıxıb keçməyinə az qalmış, qarşıda mal-qaranın keçdiyini görüb, avtomobilin işıqlarını yandırmışdır ki, arxadan gələn avtomobillər görsün, avtomobilin sürətini azaldıb, tam maşını dayandırmışdır. Bu zaman, sonradan tanıdığı Cavabdeh idarə etdiyi Opel-Astra markalı avtomobillə heç bir sistemindən istifadə etmədən maşınını əzmişdir. Zərbənin təsirindən avtomobili 2-3 metr qabağa getdiyi üçün, qabağında olan inəyə dəydikdə avtomobilin qabaq hissəsi eləcədə arxa hissəsi əzilmişdir. Hadisədən sonra huşunu itirmiş, toqquşma zamanı sol diz nahiyəsindən xəsarət almışdır. Hadisə yerinə təcili yardım maşını gəlib, onu xəstəxanaya aparmışlar. Hadisədə ona məxsus iphone 8 markalı telefonu sınaraq yararsız vəziyyətə düşmüşdür, telefonunun qiyməti 1300 (bir min üç yüz) manatdır. Cavabdeh barədə cinayət işi başlanmış, lakin cinayət işinin başlanması rədd edilmişdir. Lənkəran rayon məhkəməsi 07 sentyabr 2023cü il tarixdə işə baxılaraq Cavabdeh təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. 06 iyul 2023-cü il tarixində Lənkəran şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin və "xxxx" ASC-nin verdiyi rəyə əsasən yol qəza hadisəsi zamanı avtomobilə 24000 (iyirmi dörd min) manat ziyan dəyməsi barədə rəy verilmişdir. Avtomobilə dəymiş ziyan "xxxx" ASC tərəfindən məhkəmə yolu ilə Cavabdeh tələb ediləcədir. Avtoqəza nəticəsinə görə ona 1300 (bir min üç yüz) manat telefon pulu, 750 (yeddi yüz əlli) manat müalicə pulu, 200 (iki yüz) manat evakoatorla maşının Bakı şəhərinə aparılması, hər gün işə Lənkəran rayonunun Havzava kəndindən Astara rayonuna gedib gəlmək üçün 1000 (bir min) manat və 2000 (iki min) manat mənəvi ziyana görə Cavabdeh alınaraq ona verilməlidir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi, həmdə bildirdi ki, hadisə vaxtı qızı xəstəxanaya aparılmış tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. "xxxx" MMC-nin və "xxxx" ASC-nin verdiyi rəyə əsasən yol qəza hadisəsi zamanı avtomobilə 24000 (iyirmi dörd min) manat ziyan dəyməsi barədə rəy verilmişdir, avtomobilə dəymiş ziyan məhkəmə yolu ilə Cavabdeh tələb ediləcədir, bu barədə ayrı iddia qaldırılacaqdır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək əsassız olduğundan tamamilə rədd edilməsini xahiş etdi. Həmçinin göstərdi ki, sübutetmə yükü baxımından iddiaçı maddi ziyanla, çəkilmiş xərclə bağlı heç bir sübut təqdim edə bilməmişdir, iddiaçının telefona görə 1300 manat tələb etməsi əsassızdır ona görə ki, hadisə vaxtı iddiaçı həmin telefonla zəng edərək danışmış hadisə barədə məlumat vermişdir və məhkəmədə də həmin telefona baxılarkən işlək vəziyyətdədir, iddiaçı müalicə xərci, telefonun qırılması, evakuatora pul ödəməsi barədə sübut təqdim etməmişdir, ona görə iddia rədd edilməlidir. İş materiallarında olan Lənkəran ŞRPŞ-nin İB-nin baş müstəntiqi X5 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilməsi, qərarın surəti sürücü Cavabdeh Salman oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü Lənkəran ŞRPŞ-nin DYPB-nə göndərilməsi, qərarın surəti maraqlı tərəflərə göndərilməsi, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Lənkəran rayon prokuroruna göndərilməsi, materialın saxlanması üçün Lənkəran ŞRPŞ-nin arxivinə verilməsi qərara alınmışdır. Qərarın əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, Publik Hüquqi şəxsin Lənkəran Rayonlararası MTE və PA zona mərkəzinin verdiyi 04 iyul 2023cü il tarixli 644 saylı rəyində göstərilmişdir ki, İddiaçı bədəni üzərində sol diz oynağı nahiyəsindəki yumşaq toxumaların əzilməsi-hematoması aşkar edilmişdir. Qeyd olunan xəsarət küt travma nəticəsində törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə idarə etdiyi minik avtomaşının digər avtomaşınla toqquşması zamanı avtomaşın salonun qabarıq hissəsinin zərbəsi nəticəsində əmələ gələ bilərdi və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Materiala əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktlarından görünür ki, hadisə zamanı sürücülər İddiaçı və Cavabdeh avtomobili ayıq vəziyyətdə idarə etmişlər və alkoqol sərxoşluqları yoxdur. Beləliklə də, aparılmış araşdırma zamanı toplanmış materialda cinayət tərkibinin olması faktı müəyyən edilməmişdir. Belə ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ehtiyatsızlıqdan sağlamlığa yüngül zərərvurmaya görə qüvvədə olan cinayət qanunvericiliyində cinayət məsuliyyəti nəzərdə tutulmamışdır. Toplanmış materialdan görünür ki, sürücü Cavabdeh əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Belə ki, sürücü Cavabdeh 01 iyul 2023-cü il tarixdə saat 16 radələrində "BC" dərəcəli sürücülük vəsiqəsi əsasında Opel-Astra markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərək Lənkəran-Boradigah avtomobil yolu ilə Boradigah istiqamətində hərəkətdə olub, həmin yolun Girdəni kəndində yerləşən "Ələt-Astara" avtomobil yolunun üzərində yerləşən körpünün üstünə çıxdıqdan sonra hərəkətini davam etdirərək "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin "hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir" tələbini pozaraq, idarə etdiyi avtomobili onunla eyni istiqamətdə yəni, qarşıda hərəkətdə olan "Lada Vesta GFK44-X49-52 minik" markalı **-PR-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə və sonra hərəkətini dayandırdığını gördükdə, ara məsafəsi saxlamadan "hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunlara əməl etməyib avtomobillər toqquşmuş, onun yol hərəkəti qaydalarını göstərilən şəraitdə pozması ehtiyatsızlıqdan "Lada Vesta GFK44-X49-52 minik" markalı **-PR-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı sol diz oynağı nahiyəsindəki yumşaq toxumaların əzilməsi-hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurulmasına səbəb olmuşdur. Araşdırma zamanı "Lada Vesta GFK44-X49-52 minik" markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma baş verənədək "Opel-Astra markalı" **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxıb qəza şəraiti yaratması və yaxud sürət həddini aşması faktı təsdiqini tapmamışdır. İş materiallarında olan Lənkəran rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(049)- 1414/2023 nomrəli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətməkdə təqsirli bilinib onun nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılması, zərərçəkmiş şəxs İddiaçı ona dəymiş maddi ziyan və zərərin ödənilməsi ilə bağlı mülki mübahisə qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunması qərara alınmışdır. İş materiallarında olan 08 avqust 2023-cü il tarixli ziyan aktından görünür ki, LADA- VESTA GFK44-X49-52 markalı, AZ ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən güclü zərbə arxa orta tərəfdən bucaq altında və sonradan qabaq sol orta tərəfdən dəymişdir. Güclü zərbə nəticəsində avtomobilin banının arxa hissələri ən böyük deformasiyaya uğrayaraq sıradan çıxmışdır. Beləki, zərbə o qədər güclü olmuşdur ki, avtomobilin arxa tərəfinin alt hissəsi içəriyə doğru bir neçə sm yönəlmişdir. Nəticədə avtomobilin arxa panel gücləndiriciləri, arxa polu, arxa alt lanjeronları, əsas polun arxa hissəsi, əsas polun arxa hissəsinin bütöv alt lanjeronları, arxa qanadları (köpmüş), arxa içəri arkalar, arxa baqajın kapotu, petlələri, komplekt zamoku, bütöv plasmasları, arxa buferi, arxa stop faraları, arxa körpünün riçaqı, ştanqaları, arxa amartizatorları, arxa qazanı, sol və sağ çapfaları, qabaq sol farası və sair deformasiyaya uğrayaq sıradan çıxmışdır. Eləcədə qabaq kapotu və əsas damı deformasiyaya uğramışdır. Bundan başqa karopkası yarasız vəziyyətə düşmüşdür. Yazılanları nəzərə alaraq, avtomobilin banının arxa hissələri tam yararsız hala düşməsi və eləcədə onun arxa hissəsinin texniki durumunun sıradan çıxması səbəbindən bu avtomobilin (ilinin təzə olmasını da nəzərə alaq) əsaslı təmirə qoyulması və əvvəlki saz vəziyyətə gətirilməsi texniki cəhətdən qeyri mümkündür. Yaxşı durumda, işlək vəziyyətdo LADA-VESTA GFK44-X49 markalı, 2021- 2022-ci il buraxılış ili olan avtomobilin "TURBO AZ" saytına əsasən, bu günki bazar qiyməti 24000 manat dəyərindədir. LADA-VLSTA GFK44-X49-52 markalı, AZ ** PR *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə İddiaçı idarə edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarına uyğun olaraq «Məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. İddiaçı tərəf avtoqəza nəticəsində 1300 (bir min üç yüz) manat telefon pulu tələb etsədə məhkəmə iclasında telefonu işlək vəziyyətdə təqdim etmiş, həmin telefona dəymiş ziyan barədə zərər aktı, 750 manat müalicə pulu barədə hər hansı tibbi sənəd-reseptlər, müalicə xərcləri barədə həkim arayışı, evakuatorla maşının Bakı şəhərinə aparılması barədə sübut, Lənkəran rayonunun Havzava kəndindən Astara rayonuna gedib gəlmək üçün 1000 manat xərc tələb etsədə işdən görünür ki, iddiaçının iş yeri Astara rayonunda olduğundan işlə əlaqədar Astara rayonuna gedib gəlir belə olan halda cavabdehdən 1000 manat tələb edilməsi işin hallarına uyğun olmadığı üçün əsassızdır. Belə ki, iddia ərizəsindən və iddiaçının dəlillərindən müəyyən edilmişdir ki, iddiaçı 2018-ci ildən Astara rayonunda yerləşən "xxxx" MMC-də satış üzrə mütəxəssis işləyir, hər gün bazar günü istisna olmaqla işə gedib-gəlir, belə olan halda iddia tələbi Astara rayonuna gedib gəlmək üçün 1000 manat xərc pulu tələbi hissədə əsassız hesab edilməlidir. Beləliklə, məhkəmə sübutetmə yükü baxımından iddiaçının üzərinə düşən maddi ziyan vurulması tələbi barədə qeyd edir ki, iddiaçıya maddi ziyan dəyməsi, çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, real zərər dəyməsi məhkəmə araşdırmaları zamanı sübut təqdim edilmədiyindən iddia həmin hissədə təmin olunmamalıdır. Qanunvericiliyə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2008-ci il tarixli 7 saylı plenum qərarında əks edilmiş hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə qeyd edilən normalara əsaslanaraq iddianın 2000 (iki min) manat məbləğində mənəvi zərər tələbinə münasibətdə qeyd edir ki, həmin məbləğ tənasübsüz şəkildə yüksək göstərilməklə ağlabatan deyildir. Mənəvi zərərin 500 (beş yüz) manat məbləğində qiymətləndirilməsini məhkəmə qanuni və ağlabatan hesab edir. Ona görə ki, iddiaçının hadisə vaxtı mənəvi sarsıntı keçirməsi, iztirab keçirməsi isə iddiaçının hadisə vaxtı sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi mənəvi zərərin vurulması ilə nəticələnmişdir. Həmçinin məhkəmə mənəvi ziyanı 500 manat həddində müəyyən edərkən cavabdehin tələbə olmasını, ödənişli ali təhsil almasını da nəzərə almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh mənəvi ziyana görə 500 (beş yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar