Məhkəmə qərarları › İş №2(050)-127/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-127/2025

01.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-127/2025 01.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı1 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, X7 və X8 cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3 Rəzzaq qızına, Cavabdeh4 Rəzzaq oğluna, Cavabdeh5 Rəzzaq oğluna, Cavabdeh6 və Cavabdeh7 Rəzzaq qızına (üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi) qarşı torpaq sahəsinin naturada bölünməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, X12 və X13 cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3 Rəzzaq qızına, Cavabdeh4 Rəzzaq oğluna, Cavabdeh5 Rəzzaq oğluna, Cavabdeh6 və Cavabdeh7 Rəzzaq qızına (üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi) qarşı torpaq sahəsinin naturada bölünməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara cavabdehlərlə birlikdə ümumi istifadələrinədə olan Kənd Təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********59 reyestr nömrəli Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxaırşı ilə təsdiqlənən 1.1545 hektar torpaq sahəsinin naturada bölünüb onlara aid hissənin müəyyən edilib verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlara cavabdehlərlə birlikdə Masallı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 05 nömrəli qərarı ilə Masallı rayonu Kolatan kəndində 1.40 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi ayrılmışdır. Bununla bağlı torpağa mülkiyyət hüququna dair JN 0001, kod 80506018 saylı Dövlət Aktı verilmişdir. Həmin torpaq sahəsinə **********59 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarışla hüquqi qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi ayrıldığı vaxtdan həmin torpaq sahəsini cavabdehlərlə birlikdə istifadə edib əkib-becərmişlər. Hazırda da əkib-becərməkdə davam edirlər. Lakin həmin torpaq sahəsini ayrıca istifadə edib, oranı ayrıca özləri üçün əkib-becərmək istəyirlər. Lakin cavabdehlərin bir qismi hazırda Rusiya Federasiyasında yaşadıqları üçün eləcədə atası X9 vəfat etdiyindən həmin torpaq sahəsinin Dövlət Əmlak Komitəsindən bölgü planı alıb Dövlət Notariat Ofisində təsdiq edə bilmirlər. Torpaq sahəsinə sahiblik etmək, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqları var. Amma sadaladıqları bu hüquqları həyata keçirməkdə çətinlik çəkirlər. Bu məsələnin həlli üçün mütəxəsis və məhkəmə qərarı lazımdır. Həmçinin aralarında gələcəkdə həmin torpaq sahəsinin hansı hissəsinin kim tərəfindən istifadə edilməsi ilə bağlı narazılıqlar yaranmasın deyə bu barədə yekun məhkəmə qərarının olması vacibdir. Ona görə də, onlara Masallı Rayon Aqrar İslahat Komissiyası tərəfindən Kənd Təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış Dövlət Reyestri Xidmətindən Çıxarışda qeyd olunan torpaq sahəsinin naturada ayrılaraq, bölünərək onlara aid olan hissənin verilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətindədilər. Məhkəmə iclasında İddiaçı1 vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. İddiaçılar X12 və X13, cavabdehlər X6, Cavabdeh2, Cavabdeh3 Rəzzaq qızı, Cavabdeh4 Rəzzaq oğlu, Cavabdeh5 Rəzzaq oğlu, Cavabdeh6, Cavabdeh7 Rəzzaq qızı və üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddələrinə əsasən işə iddiaçıların, cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, məhkəmə iclasında iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********59 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Masallı rayonu, Bala Kolatan kəndində yerləşən 1.1545 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X4 2/20 hissədə, X2 2/20 hissədə, İddiaçı1 2/20 hissədə, Cavabdeh2 2/20 hissədə, Cavabdeh3 Rəzzaq qızının 2/20 hissədə, Cavabdeh4 Rəzzaq oğlunun 2/20 hissədə, Cavabdeh5 Rəzzaq oğlunun 2/20 hissədə, Cavabdeh6 2/20 hissədə, Cavabdeh7 Rəzzaq qızının 2/20 hissədə, X7 1/20 hissədə və X8 1/20 hissədə mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. Ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2022-ci il tarixdə ölmüşdür. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, bölgüsü nəzərdə tutulan **********59 reyestr nömrəli Çıxarışa əsasən mülkiyyətə verilmiş 1.1545 (1.1517) hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cənub istiqamətindən gedişgəliş yoluna çıxışı vardır. Sözügedən 1.1545 (1.1517) hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payçıların paylarına uyğun naturada pay bölgüsü ardıcıllığı (siyahı üzrə), bölgü istiqaməti məhkəmə qərarı əsasında müəyyənləşəndən, təyin ediləndən sonra Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialının döngə nöqtələrinin koordinatlarına görə bölgü planı DƏDKR-nin mütəxəssisi tərəfindən tərtib olunaraq Masallı rayonu Kolatan kəndi ərazisində yerləşən, ümumi paylı mülkiyyətçilərin hər birinin payının naturada ayrılması işi aparıla bilər. Yuxarıda qeyd olunmuş, qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçılar İddiaçı1 2/20 hissədə, X7 1/20 hissədə və X8 1/20 hissədə payının naturada ayrılması mümkündür. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialının döngə nöqtələrinin koordinatlarına uyğun 1.1545 (1.1517) hektar torpaq sahəsi üzrə iddiaçılar İddiaçı1 2/20 hissədə, X7 1/20 hissədə və X8 1/20 hissədə tərəflərin razılığı ilə iddia etdikləri, hər birinin paylarına düşən hissələrin yerləşmə vəziyyəti, ölçüləri müvafiq olaraq tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 fevral 2025-ci il tarixli, 10/851 nömrəli ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2- 7919/2024 saylı mütəxəssis rəyinə əsasən, ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli, **********59 reyestr nömrəli çıxarış ilə İddiaçı1, X7, X8, X2, Cavabdeh2, Cavabdeh3 Rəzzaq qızının, Cavabdeh4 Rezzaq oğlunun, Cavabdeh5 Rəzzaq oğlunun, Cavabdeh6, Cavabdeh7 Rəzzaq qızının və X5 xüsusi mülkiyyətində olan 1.1545 hektar torpaq sahəsində iddiaçılar İddiaçı1 2/20 hissədə, X7 1/20 hissədə və X8 1/20 hissədə payının naturada ayrılmasının mümkün olduğu müəyyən edilmişdir. Mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında torpaq sahəsinin koordinatları, planlı yerləşməsi və iddiaçıların paylarına düşən hissələrin yerləşmə sxemi göstərilmişdir. Mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında Torpaqların elektron kadastrı uçotu informasiya sitemi baza məlumatı materialının döngə nöqtələrinin koordinatlarına uyğun iddiaçıların payına düşən yerləşmə vəziyyəti göstərilmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1-ci maddəsində qeyd edilmişdir ki, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Eyni qərarda həmçinin qeyd edilmişdir ki, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərini paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Bundan başqa həmin qərarda o da qeyd edilmişdir ki, Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iddiaçıların paylı mülkiyyətdə olan payının ayrılmasına münasibətdə qeyd edir ki, müvafiq ekspert rəyi ilə tərəflərin ümumi paylı mülkiyyətində olan torpaq sahəsindən iddiaçılara məxsus hissənin ekspert rəyinə əlavə edilmiş yerquruluşu planına uyğun olaraq naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddiaçılara münasibətdə torpaq sahəsi naturada bölünməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən İddiaçı1 tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat, mütəxəssis rəyinə görə ödənilmiş 95 manat pul cavabdehlərdən İddiaçı1 xeyrinə tutulmalı, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 11 fevral 2025-ci il tarixli, 10/851 nömrəli ekspert rəyinə əlavə edilmiş yerquruluşu planına uyğun olaraq xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********59 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyətdə olan Masallı rayonu, Kolatan kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı1 2/20 hissə, X7 1/20 hissə və X8 1/20 hissə naturada ayrılaraq onlara verilsin. İddiaçı1 tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat, mütəxəssis rəyinə görə ödənilmiş 95 manat pul cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3 Rəzzaq qızından, Cavabdeh4 Rəzzaq oğlundan, Cavabdeh5 Rəzzaq oğlundan, Cavabdeh6 və Cavabdeh7 Rəzzaq qızından müştərək qaydada İddiaçı1 xeyrinə tutulsun. Cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3 Rəzzaq qızından, Cavabdeh4 Rəzzaq oğlundan, Cavabdeh5 Rəzzaq oğlundan, Cavabdeh6 və Cavabdeh7 Rəzzaq qızından müştərək qaydada ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar