Məhkəmə qərarları › İş №2(050)-132/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-132/2023

31.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-132/2023 31.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı (üçüncü şəxs “X11 LTD” MMC) icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusunun 22 oktyabr 2022-ci il tarxli icra qeydinin ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, “X11 LTD” MMC Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edərək ondan 106452 manat 54 qəpik borcunun və 25 manat məbləğində dövlət rüsumunun tutulması barədə icra qeydinin verilməsini xahiş etmiş, Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisi xx.xx.2022-ci il tarxili icra qeydini Masallı Rayon İcra və Probasiya şöbəsinə göndərmişdir. O, “X11 LTD” MMC-nin mallarını Masallı, Cəlilabad, Yardımlı, Lənkəran, Lerik və Astara rayonlarında satmaqla məşğul olaraq nümayəndəlik funksiyasını yerinə yetirmişdir. Mal dövriyyələri çox olmuş və onun qeyd edilən təşkilata borcu qalmamışdır. Hal-hazıradək onların onun Masallı rayonunda yerləşən anbarında 40000 manatdan çox vaxtı keçmiş malları qalmış və bu günə kimi təşkilat qeyd edilən malları ondan təhvil götürməmişlər. Yəni, iş üzrə araşdırılmalı çox məqamlar var. Belə ki, iş məhkəmə qaydasında araşdırılmalı, iş üzrə ekspertizalar təyin edilməli ekspertlərin rəyinə uyğun olaraq qərar verilməlidir. Bundan başqa, təşkilat dəbbə pulunun qeyri-mütənasib tələb edir. Dəbbə pulunu tələb edilən həcmdə ödəməyə imkanı yoxdur. İddia ərizəsində tələbin hüquqi əsası kimi “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 164-cü bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı” nın 2-ci bəndinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə istinad edilmişdir. Üçüncü şəxs “X11 LTD” MMC tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya qarşı etirazda göstərilmişdir ki, "X12 LTD’" MMC ilə (bundan sonra "Cəmiyyət”) İddiaçı arasında 10 fevral 2021-ci il tarixli, 13/D1S-MS/21 saylı Distribüter müqaviləsi ("Distribüter müqaviləsi“) imzalanmışdır. Müqaviləyə əsasən iddiaçı Cəmiyyətə məxsus məhsulların Masallı, Lənkəran, Cəlilabad, Astara, Yardımlı və Lerik rayonları ərazisində satışının həyala keçirilməsi öhdəliyini üzərinə götürmüş, eyni zamanda “X12 LTD” MMC ilə İddiaçı, X1, X3, X5 və X7 arasında 10 fevral 2021-ci 31 tarixdə notarial qaydada ipoteka müqaviləsi ("İpoteka müqaviləsi") imzalanmışdır. Həmin müqavilənin şərtlərinə görə iddiaçı ona məxsus olan Masallı rayonu, Xıl kəndi ərazisində yerləşən **********96-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ümumi sahəsi 0,07 ha olan torpaq sahəsini və ümumi sahəsi 253,7 kv.m olan fərdi yaşayış evini 10 fevral 2021-ci il tarixli, 13/DİS-MS/21 nömrəli distribüter müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə “X11 LTD” MMC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. İddiaçı distribüter müqaviləsi üzrə öhdəliklərini icra etməmiş, nəticədə “X11 LTD” MMC-yə ümumilikdə 106,452,54 manat borcu yaranmışdır. İddiaçıya xx.xx.2022-ci il tarixdə xəbərdarlıq və xx.xx.2022-ci il tarixdə bildiriş göndərilmiş, öhdəliklərinin icrası tələb olunmuş, lakin iddiaçı bildirişlərə məhəl qoymayaraq borcun ödənilməsindən əsassız surətdə imtina etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçıya bildiriş göndərilərək borcun ödənilmədiyi təqdirdə icra qeydinin aparılması üçün notariat ofisinə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin iddiaçı həmin bildirişə də məhəl qoymadığından müvafiq icra qeydinin aparılması üçün xx.xx.2022-ci il tarixdə “İpoteka haqqında” Qanunun 26.1.7-ci və “Notariat haqqında” Qanunun 76-ct maddəsini əsas tutaraq Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət ünvanlamışdır. İcra qeydi qərar və ya ləğv edilməsi mümkün olan har hansı digər hüquqi kateqoriyaya aid deyil. Digər tərəfidən “icra qeydinin ləğvi” mümkün olsa belə, icra qeydinin formal və texniki tələblərə uyğun gəlməməsi əsası ilə ola bilər. Məhz bu kimi hallarda icra qeydi mühahisələndirilə bilər. İndiki halda isə iddiaçı sadəcə şirkətə qarşı olan maddi hüquqi tələbini notariusun icra qeydinin ləğv edilməsi formasında irəli sürmüşdür. Borclu hesab edə bilər ki, onunla şirkət arasında bağlanmış müqavilə etibarsız sayılmalı və ya ləğv edilməlidir, yaxud müqavilə düzgün olsa da borc artıq hesablanmışdır və sair. Göründüyü kimi bu kimi tələblər şirkətə qarşıdır, notariusa və ya icra qeydinə aidiyyəti yoxdur. İddiaçı real tələbini müəyyən edib Şirkətə qarşı verməli idi. Məhz onda onun tələbi məhkəmə baxışının predmeti ola bilərdi. Etirazda tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 385.1, 386.1, 442, 443.1, 445.3, 462.1, 319.1; “İpoteka haqqında” Qanunun 37.1, 38.1, 26.1.7, “İcra haqqında” Qanunun 6.1.4 və “Notariat haqqında” Qanunun 76-cı maddələrinə istinad edilmişdir. Cavabdeh Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinə Masallı Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin notariusu Əlövsət İbrahimov məhkəməyə ünvanladığı məktubda işə onların iştirakı olmadan baxılmasını və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. 17 yanvar 2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında üçüncü şəxsin nümayəndəsi X2 iddianı qəbul etməyərək, etirazda göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar təqdim etdikləri aşağıdakı sübutları tədqiq etmişdir: 10 fevral 2021-ci il tarixli, 13/DİS-MS/21 nömrəli Distiribüter müqaviləsinin surətindən görünür ki, "X11 LTD" MMC ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən Distiribüter Şirkət tərəfindən müəyyən olunmuş Azərbaycan Respublikasının fəaliyyət regionunda, yəni Masallı, Lənkəran, Cəlilabad, Astara, Yardımlı və Lerik rayonları ərazisində Şirkətə məxsus məhsulların, şirkətin müəyyənləşdirdiyi qaydalar və strategiyalar əsasında satışının təşkil edilməsini iddiaçı öhdəsinə götürmüşdür. 10 fevral 2021-ci il tarixli, 3M/340 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, X1, X3, X5 və X7 birgə mülkiyyətlərində olan Masallı rayonu, Xıl kəndində yerləşən 0,07 ha olan torpaq sahəsini və ümumi sahəsi 253,7 kv.m olan fərdi yaşayış evini 10 fevral 2021-ci il tarixli, 13/DİS-MS/21 nömrəli distribüter müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə “X11 LTD” MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 22 oktyabr 2022-ci il tarixli, reyestrdə 8İ-18468 nömrə ilə qeyd edilmiş icra qeydindən görünür ki, tələbkar "X11 LTD" MMC-nin xeyrinə borclu İddiaçı 3M-340 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 106452 manat 54 qəpik və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 106477 manat 54 qəpik pulun tutulması qeyd edilmişdir. Məhkəmə iddiaçını və onun vəkilini dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək təqdim olunmuş ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. İcra qeydi aşağıdakı hallarda aparılır: əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı” nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, borc məbləği mübahisəlidir. “X11 LTD" MMC birtərəfli qaydada yalnız qaimələr əsasında borc məbləğini hesablamaqla notariusa təqdim etmişdir. Həmin borc məbləğinin real olması isə notariusa təqdim edilmiş sənədlərlə müəyyən etmək mümkün deyil. Notariusa təqdim olunmuş sənədlərin mübahisəsiz olması araşdırılmamışdır. Notariat ofisinin xüsusi notariusu tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın (bundan sonra-Təlimat) 162-ci maddəsinin tələbləri kobud şəkildə pozularaq, əsassız icra qeydi açılmış və aidiyyəti üzrə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə aparılır. Çünki tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Bundan əlavə, notariat ofisi borcun mübahisəsiz olubolmamasını müəyyənləşdirmək üçün heç bir hərəkət etməyərək yalnız elektron qaimələrə əsaslanmaqla həmin qaimələr üzrə yoxlama aparmadan əsassız icra qeydi aparmışdır. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, iddia əsaslıdır və mübahisələndirilən icra qeydinin ləğv olunması üçün kifayət qədər asaslar vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməklə Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusunun 22 oktyabr 2022-ci il tarxli, reyestrdə 8İ-18468 № ilə qeydə alınmış icra qeydi ləğv edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusunun 22 oktyabr 2022-ci il tarxli, reyestrdə 8İ-18468 № ilə qeydə alınmış icra qeydi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar