Məhkəmə qərarları › İş №2(050)-1359/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-1359/2025

03.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-1359/2025 03.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlu, İddiaçı Masallı İsti-Su X1 MMC-nin cavabdehlər Cavabdeh1nə, “X2” ASC-yə və üçüncü şəxs Capitals Auction MMC-yə qarşı icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı “Masallı İsti-Su X1” MMC cavabdehlər Cavabdeh1nə, “X2” ASC-yə və üçüncü şəxs "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Masallı rayonu, Qəriblər kəndində yerləşən Masallı İsti-Su X1” MMC-nin xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********427-12301 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan əmlak kompleksinin həbsdən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 icraatında olan icra sənədi üzrə mülkiyyətində olan əmlak kompleksinin üzərinə icra məmurunun təqdimatı əsasında həbs qoyulmuşdur. Həmin təqdimat tam qanunsuz olmaqla yanaşı, heç bir hüquqi əsasa söykənməmişdir. Sözü gedən əmlak kompleksi kredit öhdəliyi ilə əlaqədar ipoteka müqaviləsi bağlanaraq yüklü edilmişdir. Hazırda əmlakın üzərinə qoyulmuş həbs əsasında bütün əmlakları əlindən çıxa bilər. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Belə ki, iddiaçı ipoteka ilə yüklü edilmiş əmlakın üzərinə icra məmurunun təqdimatına əsasən həbs qoyulduğunu, üzərinə həbs qoyulmuş əmlakın üzərinə qoyulmuş əmlakın həbsdən azad edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı əmlakın həbsdən azad edilməsini xahiş etməsinə baxmayaraq, üzərinə həbs qoyulduğunu iddia etdiyi əmlakın üzərinə həqiqətən də həbs qoyulduğunu təsdiq edən qərarı iddia ərizəsinə əlavə etməmişdir. Həmin qərar mövcud olsa da belə, icra sənədinin icrası ilə bağlı əmlakın üzərinə həbs qoyulmasına dair icra məmurunun təqdimatlarına icra üzrə icraat qaydasında məhkəmədə baxılaraq müvafiq qərarlar qəbul edilir. Yəni, iddiaçının iddia ərizəsində göstədiklərinə əsasən belə qənaətə gəlmək olar ki, o, məhkəmə qətnaməsinin icrası zamanı məhkəmənin qərarı ilə üzərinə həbs qoyulmuş əmlakın həbsdən azad edilməsinə nail olmağa çalışmışdır. Bununla bağlı qeyd edilməlidir ki, icra sənədinin icrası qaydasında əgər əmlakın üzərinə icra məmurunun təqimatına əsasən həbs qoyulmuşdursa, həmin əmlakın üzərindən həbsin götürülməsi məsələsinə eyni icraat çərçivəsində, yəni iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində məhkəməyə müraciət edilməli və məsələyə məhkəmənin müvafiq qərardadı ilə qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-ci maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Göründüyü kimi, iddiaçının iddia ərizəsində göstərdiklərinə əsasən əgər hər hansı əmlakın üzərinə icra sənədinin icrası ilə əlaqədar həbs qoyulmuşdursa, həbsin götürülməsi də icra qaydasında ya icra məmurunun, ya da maraqlı şəxslərin ərizələri əsasında götürülə bilər. “Azərbaycan Respublikası məhkəmələrində kargüzarlığın aparılmasına dair” Təlimatın 147-ci maddəsində Azərbaycan Respublikasının məhkəmə sistemi üzrə vahid qeydiyyat formasının təmin edilməsi və işlərin (materialların) icraat növlərinin bir-birindən fərqləndirilməsi üçün indekslər “... 2 - mülki işlər üzrə icraat; ... 8 - məhkəmə qətnamələrinin (qərarlarının) icrası qaydasında icraat və s.”, kimi müəyyən edilmişdir. Belə olan halda, iddiaçının hazırki tələbinə “2 – mülki işlər üzrə icraat qaydasında” baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, “mülki məhkəmə icraatı qaydasında” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda (yaxud məhkəmədən öncə başqa orqanda) baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki işlər üzrə icraat qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin məhkəmə orqanlarına aid olmaması nəticəsində icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.(MPM-262.3) İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. (MPM-262.5) Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, üzərinə həbs qoyulmuş əmlakın həbsdən azad edilməsinə dair ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli və iddiaçıya müvafiq əmlakın üzərinə həbsin qoyulmasını təsdiq edən sənədləri əlavə etməklə qətnamənin icrası qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.2, 153.3, 153.4, 153.5, 153.6, 263 və 264-cü maddələrini rəhbər tutaraq qərara aldi: İddiaçı Masallı İsti-Su X1 MMC-nin cavabdehlər Cavabdeh1nə, “X2” ASC-yə və üçüncü şəxs Capitals Auction MMC-yə qarşı icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlərin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı Masallı İsti-Su X1 MMC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar