Məhkəmə qərarları › İş №2(050)-1635/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1635/2025

02.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1635/2025 02.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh8, Cavabdeh5 və Bəyəliyeva (İsmayılova) Narınc Rəzzaq qızına (üçüncü şəxs DƏDK və X13 Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi) qarşı “torpaq sahəsinin naturada ayrılması” tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh8, Cavabdeh5 və Bəyəliyeva (İsmayılova) Narınc Rəzzaq qızına (üçüncü şəxs DƏDK və X13 Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdehlərlə birlikdə paylı mülkiyyətlərində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********59 saylı çıxarışı ilə təsdiqlənən 1,1545 hektar torpaq sahəsi üzərində onun payının müəyyən edilməsi və payı müəyyən edildikdən sonra torpaq sahəsinin naturada ayrılıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddia tələbində payının naturada ayrılması hissəsinə baxılıb qərar çıxarılmasını, digər hissəyə baxılmamasını xahiş etmişdir. İddiaçının dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, ona cavabdehlərlə birlikdə Masallı Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Masallı rayonu Kolatan kəndində 1,1545 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi ayrılmışdır. Torpağın onların mülkiyyətlərində olması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən ona xx.xx.2023-cü il tarixdə **********59 reyestr nömrəli çıxarış verilmişdir. Toraq sahəsindən hazırda cavabdehlər istifadə edirlər. O, torpaq sahəsinə girə bilmir və həmçinin torpaq sahəsindən istifadə edə bilmir. Cavabdehlərə torpaq sahəsinin naturada ayrılması barədə dəfələrlə şifahi və rəsmi xəbərdarlıq etsə də heç bir nəticəsi olmamışdır. Mülkiyyətinə verilmiş torpaq sahəsindən məhrum olmuşdur. Torpaq sahəsindən istifadə etmək onun da hüququdur. Amma sadaladığı bu hüquqlarını həyata keçirməkdə çətinlik çəkir. Cavabdehlər reyestr xidmətinə gəlib razılıq vermədiklərindən məsələni məhkəmədən kənar həll edə bilmir. Hesab edir ki, məhkəmənin qərarına əsasən torpaq sahəsi üzərində payı müəyyən edilərək naturada ayrılıb ona verilə bilər. Torpaq sahəsi Kolatan kəndində yerləşir və onların paylı mülkiyyətlərindədir. Cavabdehlərlə aralarında fikir ayrılığı olduğundan məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. İş üzrə alınmış izahatlar: İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, cavabdehlər onun ailə üzvləridirlər. Sözügedən torpaq sahəsi onların ümumi paylı mülkiyyətidir. Hazırda cavabdehlərin çoxu torpaq sahəsinin naturada ayrılaraq ona verilməsinə etiraz etməsələr də, cavabdehlərin bəziləri buna şəait yaratmamışlar. Odur ki, ona məxsus payın naturada bölünməsini istəyir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək bildirmişdir ki, İddiaçı onun bacısıdır. Sözügedən torpaq sahəsi onların ümumi birgə mülkiyyətlərindədir. Hazırda onların hər birinin payı müəyyən olunmuşdur. İddiaçı payının naturada ayrılması barədə qətnamə qəbul edilməsinə etiraz etmir. Məhkəmə iclasında Cavabdeh4 iddianı qəbul edərək bildirmişdir ki, İddiaçı onun bacısıdır. Sözügedən torpaq sahəsi onların ümumi birgə mülkiyyətlərindədir. Hazırda onların hər birinin payı müəyyən olunmuşdur. İddiaçı payının naturada ayrılması barədə qətnamə qəbul edilməsinə etiraz etmir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul edərək bildirmişdir ki, İddiaçı onun bacısıdır. Sözügedən torpaq sahəsi onların ümumi birgə mülkiyyətlərindədir. Hazırda onların hər birinin payı müəyyən olunmuşdur. İddiaçı payının naturada ayrılması barədə qətnamə qəbul edilməsinə etiraz etmir. Digər cavabdehlər Cavabdeh2, Cavabdeh8, Cavabdeh5 və Bəyəliyeva (İsmayılova) Narınc Rəzzaq qızı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddianı qismən qəbul edərək bildirmişdir ki, İddiaçı onun bacısıdır. Sözügedən torpaq sahəsi onların ümumi birgə mülkiyyətlərindədir. Hazırda onların hər birinin payı müəyyən olunmuşdur. Lakin, həmin torpaq sahəsinin bir hissəsində bağ vardır. Həmin bağa xeyli miqdarda vəsait xərclənmişdir. Bölgü aparılan zaman həmin bağa ziyan yetirilməməlidir. Bu səbəbdən bölgünün aparılmasına razı deyil. Sonda Cavabdeh2 göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 xüsusi mülkiyyətinə Masallı rayonu, Bala Kolatan kəndində 1.545 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində X4 ********** qeydiyyat nömrəsi, xx.xx.2015-ci il qeydiyyat tarixi ilə, Cavabdeh1 ********** qeydiyyat nömrəsi, xx.xx.2023-cü il qeydiyyat tarixi ilə, Cavabdeh2, Cavabdeh3, İddiaçı, Cavabdeh4, Cavabdeh8, Cavabdeh5 və X2 və X6 xx.xx.2023-cü il qeydiyyat tarixi ilə ümumi birgə payı olmaqla qeydiyyata alınmışdır. Masallı Rayon Məhkəməsinin 2(050)-127/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin təsviri hissəsində iş materiallarında göstərilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********59 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Masallı rayonu Bala Kolatan kəndində yerləşən 1,1545 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X5 2/20 hissədə, X1 2/20 hissədə, Cavabdeh2 2/20 hissədə, Cavabdeh3 oğlunun 2/20 hissədə, İddiaçı 2/20 hissədə, Cavabdeh4 2/20 hissədə, Cavabdeh8 2/20 hissədə, Cavabdeh5 2/20 hissədə, X3 2/20 hissədə, X7 1/20 hissədə və X8 1/20 hissədə mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. DƏDK və X13 Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin İddiaçı müraciətinə cavab məktubundan görünür ki, 1.1545 ha torpaq sahəsinin naturada bölünməsi barədə müraciətindən payları müəyyən edilmiş şəxslərin razılıq verməməsi səbəbindən bu barədə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində göstərilir ki,

1. Torpaqların elektron kadastr uçotu informasiya sistemində 1.1545 ha torpaq sahəsinin 0.9213 ha hissəsi **********59 reyestr nömrəli Çıxarışla mülkiyyətə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin siyahı ardıcıllığı nəzərə alınmaqla şimal-qərbdən şimal-şərq istiqamətində nəzərdə tutulan torpaq sahəsinin naturada ayrılması mümkündür.

2. **********59 reyestr nömrəli Çıxarışla mülkiyyətə verilmiş 0.9213 ha torpaq sahəsinin naturada ayrılması tərəflər arasında razılaşdırıldığı halda nəzərdə tutulan torpaq sahəsinin bölgü sxemi rəyə əlavə olunmuş yeruqruluşu planında göstərilmişdir.

Əsaslandırıcı hissə

Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, Masallı rayonu, Bala Kolatan kəndində yerləşən 1.1545 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçı ilə cavabdehlərin paylı mülkiyyətində olmaqla, iddiaçının həmin torpaq sahəsi üzərində 2/20 hissədə payı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı müəyyən edilmiş payının naturada ayrılması üçün məhkəməyə müraciət etmiş, cavabdehlər də buna etiraz etməmişlər. İddia tələbinin məzmunundan müəyyən edilir ki, iddiaçı cavabdehlərlə paylı mülkiyyətində olan payının naturada ayrılmasını xahiş etmişdir. Bu səbəbdən də məhkəmə yaranmış mübahisənin həll edilməsi üçün qeyd edilən əmlakların naturada bölünməsi ilə bağlı Mülki Məcəllədə qeyd edilmiş maddi hüquq normalarının tətbiq edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1. iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 215.2. paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 220.1. paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” xx.xx.2024-cü tarixli qərardadında ümumi mülkiyyətdə olan əmlakların ayrılması və bölgüsü ilə bağlı aşağıdakı hüquqi mövqeyi ifadə etmişdir. Belə ki, qüvvədə olan qanunvericiliyə əsasən ümumi mülkiyyətdə olan əşyanın ideal və real bölgüləri mümkündür. İdeal bölgü əşyanın fiziki cəhətdən bölünmədən əşya üzərində mülkiyyət hüququnda payların müəyyən edilməsini, real bölgü isə əşyanın fiziki cəhətdən mülkiyyətçilər arasında ideal paylarına müvafiq olaraq faktiki bölünməsini nəzərdə tutur. İdeal bölgüdən fərqli olaraq, real bölgüdə hər bir mülkiyyətçi (və ya ayrılan mülkiyyətçi) öz hissəsi üzərində tam mülkiyyət hüququna malik olmaqla, fərdi mülkiyyətçi halına gəlir. Paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. Əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan əşyanın bölünməsi halından fərqli olaraq, payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2-220.6cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Bu zaman həmin ardıcıllıq gözlənilməklə payın naturada ayrılması baş tutduqda yalnız ayrılan şəxs(lər) ümumilikdən çıxaraq fərdi mülkiyyətçiyə çevrilir, bu mümkün olmadıqda isə kompensasiya ödənilməklə yalnız həmin şəxs(lər)in əşya üzərində mülkiyyət hüququna xitam verilir. Ayrılmayan iki və ya daha artıq payçı isə ümumi paylı mülkiyyət vəziyyətində qalmaqda davam edirlər. Məsələn, üç payçıdan birinin və ya dörd payçıdan ikisinin ayrılmaq istədiyi halda payın ayrılmasına dair prosedur tətbiq edilir. Yalnız əşyanın açıq hərracdan payçı olmayan digər şəxslərə satılması halında əvvəlki həmmüllkiyyətçilərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilmiş olur. Nəzərə alınmalıdır ki, paylı mülkiyyətçilər aralarındakı mübahisəli vəziyyətin həlli məqsədilə yuxarıda qeyd olunan hüquqi mexanizmlərdən (əşyaya sahiblik və ondan istifadə qaydasının müəyyən edilməsi, paylı mülkiyyətçinin öz payı üzərində sərəncam verməsi, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və mülkiyyətçinin əşyadakı payının ayrılması) hər hansı birini seçməkdə sərbəstdirlər. Qanunverici bu mexanizmlərdən mərhələli şəkildə istifadə edilməsi ilə bağlı hər hansı imperativ qayda müəyyən etməmişdir. Paylı mülkiyyətçilər öz seçimləri əsasında onlardan mərhələli şəkildə istifadə edə və ya hər hansı birini seçməklə digərlərini aradan qaldıra bilərlər. Araşdırmanın nəticəsində payın naturada ayrılmasının mümkünlüyü müəyyən edilərsə, məhkəmə payın müəyyən etdiyi qaydada naturada bölgüsü barədə qətnamə qəbul etməlidir. Göründüyü kimi, qeyd edilənlərə əsasən müəyyən edilir ki, iddiaçı torpaq sahəsi üzərində payının naturada ayrılması üçün məhkəməyə müraciət etmiş, həm qanunvericiliyin tələbinə əsasən, həm də Ali Məhkəmənin qəradadında ifadə edilmiş mövqeyə əsasən qeyd edilən mübahisənin həll edilməsi üçün ilk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda isə növbəti mərhələdə onun payına uyğun kompensasiyanın verilməsi məsələsi müzakirə edilməlidir. İş üzrə mütəxəssis ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının torpaq sahəsi üzərindəki 2/20 hissədə payının naturada (fiziki) bölünməsi texniki cəhətdən mümkün olmuşdur. Belə olan halda, iddiaçının tələb etdiyi torpaq sahəsi üzərindəki payının naturada ayrılması həyata keçirilməlidir. Göstərilənlərə əsasən, 22 iyul 2025-ci il tarixli, mütəxəssis rəyinin tədqiqat hissəsində göstərilmiş bölgü variantını əks etdirən sxemə əsasən xx.xx.2023-cü il tarixli, **********59 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyətdə olan Masallı rayonu, Bala Kolatan kəndində yerləşən 1.1545 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə İddiaçı 2/20 hissə payı naturada ayrılmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu 100 manat, iddiaçı tərəfindən mütəxəssis rəyinə görə ödənilmiş 95 manat pul cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə:

Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia təmin edilsin. 22 iyul 2025-ci il tarixli, mütəxəssis rəyinin tədqiqat hissəsində göstərilmiş bölgü variantını əks etdirən sxemə əsasən, xx.xx.2023-cü il tarixli, **********59 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyətdə olan Masallı rayonu, Bala Kolatan kəndində yerləşən 1.1545 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə İddiaçı 2/20 hissədə payı naturada ayrılsın. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 100 (bir yüz) manat və mütəxəssis rəyinə görə ödənilmiş 95 (doxsan beş) manat pul müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh8, Cavabdeh5 və Bəyəliyeva (İsmayılova) Narınc Rəzzaq qızından tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar