Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1643/2025 30.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ağacların çıxarılaraq yerinin dəyişdirilməsi” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ağacların çıxarılaraq yerinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Masallı rayonu, Hişkədərə kəndində ona məxsus fərdi yaşayış evinin 0.50 metr yaxınlığında əkilmiş ağacların cavabdehlərin hesabına çıxarılaraq yerinin fərdi yaşayış evi və digər tikililərdən ən azı 5 metr uzaq məsafəyə dəyişdirilməsi, habelə ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxx 1948-ci ildə Masallı rayonu, Hişkədərə kəndində anadan olmuş və hazırda həmin kənddə yaşayır. 1978-ci ildə həmin kənddə özünə fərdi yaşayış evi və daha sonra digər yardımçı tikililər inşa etmişdir. Masallı Rayon Aqrar İslahat Komissiyasının 30 mart 1998-ci il tarixli, 012 saylı qərarına əsasən ona və ailə üzvlərinə mülkiyyətinə 0.09 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Ona məxsus fərdi yaşayış evi həmin torpaq sahəsində yerləşir. Cavabdehlər onunla qonşuluqda yaşayan şəxslərdir və cavabdehlər tərəfindən əkilmiş palıd ağacları onun evindən təxminən 0.40-0.50 metr məsafənin yaxınlığında yerləşir. Artıq həmin ağaclar böyüyür və onun mülkiyyətinə ziyanın vurulması təhlükəsi yaranmışdır. O, dəfələrlə həmin şəxslərə ağacların yerinin dəyişdirilməsi barədə müraciət etmiş, lakin onlar ağacların yerini bugünədək dəyişməmişlər. “Yaşıllıqların müfəssəl siyahısının tərtib edilməsi qaydası, təyinatı və onlardan istifadə” qaydasına əsasən bina və qurğunun xarici divarından ağac gövdəsinə məsafə 5 metr olmalıdır. Hazırkı vəziyyətdə ona məxsus evinin, digər yardımçı tikililərin və ağaclar arasında olan məsafə cəmi 0.40, bəzi yerlərdə 0.50 metr təşkil edir. Qeyd edir ki, həmin ağaclar böyüdükcə onların gövdəsidə genişlənir və kökləri evin istiqamətində inkişaf etməkdə davam edir. Nəticədə artıq onun evi və yardımçı tikililəri üçün təhlükə yaranmışdır. Odur ki, o, məhkəməyə müraciət etməli olmuşdur.
Tərəflərin izahatları:
3. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh1 əmisi nəvəsi, Cavabdeh2 əmisi nəticəsidir. Məsələni məhkəmədən kənar həlli mümkün deyildir, həmin ağacların təxminən 15-18 yaşı var, böyüdükcə onların gövdəsi də, genişlənir və kökləri evin istiqamətində inkişaf etməkdə davam edir, onun mülkiyyətinə ziyanın vurulması təhlükəsi yaranmışdır. Evə dair heç bir sənədi yoxdur, lakin evin tikintisi üçün icazə verilmişdir. Ona görə də, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının evi ilə onun evi arasında böyük məsafə vardır. Əgər belə bir problem olmuş olsaydı, daha əvvəl narazılığını bildirə bilərdi, ağacın biri kəsilmişdir. Torpaq sahəsi anasına məxsusdur və torpağa dair dövlət aktı vardır. Sözügedən ağacları isə anası tərəfindən 20 il əvvəl əkilmişdir. Ağacların yanında yerləşən iddiaçıya məxsus tikili isə 3 il əvvəl inşa olunmuşdur. İddiaçı həmin tikilini inşa edərkən müraciət edərək ağacların kəsilməsini xahiş etmiş, lakin onlar razı olmamış, lakin ağacları budamışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.
5. Cavabdeh1 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə, əlavə olaraq elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
8. JN-172 A KOD 80523018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, bu şəhadətnamə Masallı rayonu, Hişkədərə kənd sakinləri: İddiaçı ailə üzvləri X8; X3; X6; X4; X1; X2 və X5 olmaqla Masallı rayonu Aqrar İslahat Komissiyasının 30 mart 1998-ci il tarixli 012 saylı qərarı ilə 0.09 hektar torpaq sahəsi verilmişdir.
9. 16 aprel 2025-ci il tarixli Masallı rayonu Hişkədərə kənd Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, Masallı rayonu Hişkədərə kənd sakini İddiaçı qonşuları Cavabdeh1 məxsus həyətyanı torpaq sahəsində olan 20 ədəd palıd ağacı İddiaçı məxsus həyətyanı torpaq sahəsi ilə sərhədboyu ərazidə yerləşir.
10. 30 may 1979-cu il tarixli protokolun (qərarın) surətindən görünür ki, Hişkədərə kənd sakini İddiaçı ev tikməyə icazə verilməsi barədə 15 mart 1979-cu il tarixli 55 №-li qərarı təsdiq edilmişdir.
11. 613 saylı 16 avqust 1978-ci il tarixli əmrin surətindən görünür ki, şəxsi yaşayış evi tikmək üçün həyətyanı torpaq sahəsinə ehtiyacına görə İddiaçı atasının istifadəsində olan 0.10 hektar həyətyanı torpaq sahəsindən atası evinin şərqində, həyətlə qonşu B.Mirzəyev və H.Ağayevin çəpəri boyunca 0.05 hektar torpaq sahəsi ayrılıb yaşayış evi tikdirmək üçün ona təhkim edilmişdir.
12. 16 avqust 1978-ci il tarixli aktın surətindən görünür ki, Hişkədərə kənd sakini İddiaçı şəxsi yaşayış evi tikmək üçün torpaq sahəsinə ehtiyacı olması barədə ərizəsini yoxlayaraq müəyyən olundu ki, həqiqətən o, ayrıca təsərrüfat olmaqla 3 baş ailə sahibidir, lakin həyətyanı torpaq sahəsi yoxdur.
13. JN-186 A KOD 80523018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, bu şəhadətnamə Masallı rayonu, Hişkədərə kənd sakinləri: X7 ailə üzvləri Cavabdeh1, X12, X13 və X9 olmaqla Masallı rayonu Aqrar İslahat Komissiyasının 30 mart 1998-ci il tarixli 012 saylı qərarı ilə 0.28 hektar torpaq sahəsi verilmişdir.
14. 18 aprel 2025-ci il mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir.
İşin faktiki halları:
15. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 1978-ci ildə Masallı rayonu, Hişkədərə kəndində özünə məxsus fərdi yaşayış evi və daha sonra digər yardımçı tikililər inşa etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının qonşularıdır. “Yaşıllıqların müfəssəl siyahısının tərtib edilməsi qaydası, təyinatı və onlardan istifadə” qaydasına əsasən bina və qurğunun xarici divarından ağac gövdəsinə məsafə 5 metr olmalıdır. Ona görə də, Masallı rayonu, Hişkədərə kəndində ona məxsus fərdi yaşayış evinin 0.50 metr yaxınlığında əkilmiş ağacların cavabdehlərin hesabına çıxarılaraq yerinin fərdi yaşayış evi və digər tikililərdən ən azı 5 metr uzaq məsafəyə dəyişdirilməsini xahiş edir.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsində göstərilir ki, “mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur”. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
17. “Yaşıllıqların götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 nömrəli qərarı: 2.1-ci bəndinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. 2.4-cü bəndinə əsasən fiziki və hüquqi şəxslər (bundan sonra - ərizəçi) bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər.
18. “Yaşıllıqların müfəssəl siyahısının tərtib edilməsi qaydası, təyinatı və onlardan istifadə qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 23 yanvar tarixli 21 nömrəli qərarı: 1.2-ci bəndinə əsasən bu Qayda meşə fondu torpaqlarında, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrində olan, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlara (əkinlərə) şamil olunmur. 4.3.1-ci bəndinə əsasən bitkilərin tikinti sahələrindən ən azı 2 (iki) metr hündürlüyündə qoruyucu lövhələrlə əhatə olunmasına (lövhələr bitkilərin gövdələrindən 0,5 metrdən yaxın olmamalıdır). 4.4-cü bəndinə əsasən böyüdükdə iri gövdə və çətirlər alan ağaclar şəhər və digər yaşayış məntəqələrində bina və kommunikasiya xətlərindən 10 (on) metr aralı əkilməlidir.
Məhkəmə baxışının hədləri:
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi:
20. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir.
21. Belə ki, İddiaçı Masallı rayonu, Hişkədərə kəndində ona məxsus fərdi yaşayış evinin 0.50 metr yaxınlığında əkilmiş və cavabdehlərin hesabına çıxarılaraq yerinin fərdi yaşayış evi və digər tikililərdən ən azı 5 metr uzaq məsafəyə dəyişdirilməsini xahiş etdiyi ağaclar “Yaşıllıqların müfəssəl siyahısının tərtib edilməsi qaydası, təyinatı və onlardan istifadə” qaydasına əsasən bina və qurğunun xarici divarından ağac gövdəsinə məsafə 5 metr olmalıdır. Lakin Qaydaların 1.2-ci bəndinə əsasən bu Qayda meşə fondu torpaqlarında, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrində olan, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlara (əkinlərə) şamil olunmur. Cavabdeh1 tərəfindən palıd ağacları isə mülkiyyətində olan torpaq sahəsində əkilmişdir.
22. Bundan başqa yuxarıda göstərilən normanın tələbinə görə sübut etmə vəzifəsi tərəflərin üzərinə düşür, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
23. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Göründüyü kimi, iddiaçı iddia ərizəsində qeyd etdiyi cavabdehlər tərəfindən əkilmiş palıd ağaclarının onun mülkiyyətinə ziyanın vurulması təhlükəsi yaratmasını sübut edə bilməmişdir. Məhkəmə xərcləri:
25. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
Nəticə:
26. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ağacların çıxarılaraq yerinin dəyişdirilməsi” tələbinə dair iddiası rədd edilməlidir.
27. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ağacların çıxarılaraq yerinin dəyişdirilməsi” barədə iddia tələbi rədd edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elşən Hüseynov