Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1710/2025 23.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilmiş işin halları: Cavabdeh usta kimi ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuz kökəltmə sovxozunda yerləşən fərdi həyət evində santexnik, lambirin, dam təmiri ilə bağlı işlər görmüşdür. Bu işlərin görülməsini aralarında 1500 manata razılaşmışlar, cavabdeh işi görüb qurtardıqdan sonra ona həmin pulu ödəmişdir. Bir müddət keçdikdən sonra bilmişdir ki, cavabdeh işləri keyfiyyətsiz görüb, dam su axıdır, lambirin tavandan qopub tökülür, santexnik işləri-kombi istilik sistemi düzgün işləmir, trap qoyulmayıb, üfunət iyindən içəri girmək olmur. Bundan sonra o, cavabdehin yaşadığı evi tapıb, onların qapısına gedib, məsələni yoluna qoymaq istəmiş, ancaq, o, cavabdehin söyüşlərinə və təhqirlərinə məruz qalmışdır. Bundan sonra Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə müraciət etmişdir. 30-cu Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə ona bildirilmişdir ki, iş mülki xarakterli olduğu üçün məhkəməyə müraciət edə bilər. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdehə ödədiyi 1500 manat puldan başqa, onun tərəfindən, təmir-tikinti işlərinin aparılması üçün aldığı tikinti materialları da təkrar istifadə üçün yararsız vəziyyətə salınmış, bunların istifadəsi mümkün olmadığından əlmuzdu kimi ödədiyi pul qədərində də 1500 manat pul tikinti materiallarına görə ödəməlidir. Bundan başqa o, cavabdehin qapısına gedərkən sonuncu onu nalayiq ifadələrlə təhqir etmişdir. Bu barədə polisə, vəkillər kollegiyasına müraciət etmiş, məhkəməyə gedib-gəlmiş, əsəbləşmiş və sair bu kimi mənəvi sarsıntılara məruz qalmışdır ki, bunun nəticəsində cavabdeh tərəfindən təkcə ona maddi ziyan deyil, eləcə də mənəvi ziyan da vurulmuşdur. Vurulmuş mənəvi ziyana görə 2000 manat tələb edir. Hesab edir ki, ümumilikdə isə məhkəmə qaydasında cavabdehdən ona vurulmuş maddi ziyana görə 3000 manat, mənəvi ziyana görə isə 2000 manat pul tutulub ödənilməlidir. İddiaçının tələbi: Cavabdeh ona vurulmuş maddi ziyana görə 3000 manat, mənəvi ziyana görə isə 2000 manat və ödənilmiş 70 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Cavabdeh onun evində təmir işlərini qüsurlu şəkildə icra etmişdir. Cavabdeh orada elektrik, santexnik, kafel, alçipan və lambirin və s. işləri icra etmişdir. Aparılmış təmir işlərinin yenidən təmir-bərpaya ehtiyacı vardır. Təmir işlərinə 3000 manat sərf edilmişdir. Bundan 1500 manat əl haqqı, 1500 manatı isə tikinti materiallarına sərf edilmişdir. Bununla da cavabdeh tərəfindən ona maddi zərər vurulmuşdur. Təmir işlərindəki qüsurlar iki-üç ay ərzində özünü biruzə vermişdir. Lakin cavabdehin yaşadığı yeri bilmədiyindən onu axtarıb tapması üç il çəkmişdir. Mənəvi zərəri bu müddət ərzində çəkdiyi əsəb və stress, həmçinin cavabdehi tapdıqdan sonra cavabdeh və ailə üzvləri tərəfindən təhqir olunması ilə əsaslandırır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Lakin əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. O cavabdehin evində təmir-tikinti işlərini 2015-ci il tarixdə aparmışdır. 2018-ci ildə ümumiyyətlə Bakı şəhərində olmamışdır. Ümumilikdə aparılmış təmir işlərinin üzərindən on il keçmişdir. Bu müddət ərzində təmirin köhnəlməsi və orada bəzi qüsurların yaranması normal haldır. Təmir işləri bitdikdən sonra evi təhvil təslim etmişdir. Bu zaman iddiaçı tərəfindən ona hər hansı bir etiraz bildirilməmişdir. Onun gördüyü təmir işlərində qüsur olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: AR DİN Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin vətəndaş İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-13-54-1/2-A-11864/11/24 saylı məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə ərizə ilə etdiyi müraciət araşdırılmışdır. Müraciət məhkəmə səlahiyyətlərinə aid olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 70 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsininin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 752.1 podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 762.4. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. İşin mübahisəsiz halları:
1. İddia ərizəsində qeyd edilən santexnik, lambirin, damın təmiri, elektrik və qaz xətlərinin çəkilməsi, pəncərənin dəmir setkalarının qoyulması, döşəmənin vurulması və s. işlər cavabdeh tərəfindən icra edilmişdir.
İşin mübahisəli halları:
1. Cavabdeh tərəfindən təmir işlərinin qüsurlu icra edilib-edilməməsi.
2. Cavabdehin təqsirli hərəkətləri ilə iddiaçıya maddi və mənəvi zərərin vurulubvurulmaması
Maddi zərər tələbinə dair işə baxan məhkəmənin mövqeyi:
Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri olmuş, cavabdeh iddiaçıya məxsus evdə təmir işləri aparmışdır. Hazırda idiaçı aparılmış təmir işlərinin cavabdeh tərəfindən qüsurlu icra edildiyini bildirir. Bu səbəbdən də ona 3000 manat maddi zərərin vurulmasını iddia edir. Məhkəmə araşdırılması zamanı işin mübahisəli halları araşdırılarkən tərəflərin izahatları alınmış, təqdim edilmiş sübutlar qiymətləndirilmişdir. İddiaçı təmir işləri ilə bağlı qüsurların bir neçə ay sonra üzə çıxdığını bildirmişdir. Lakin iş materiallarında olan foto şəkillər və DVD diskdə olan video görüntülərə baxış keçirdikdə icra edilmiş bir sıra işlərin, məsələn, qaz, elektrik və su xətlərinin səliqəsizliyinin ilk baxışdan müəyyən edilməsinin mümkün olduğu görünür. Məhkəmə hesab edir ki, cavabdehlə iddiaçı arasında təhvil-təslim işləri aparılarkən iddiaçı həmin işlərin görülməsindən narazılığını ifadə etməməklə, dolayı yolla görülmüş işlərin onu qane etdiyini bildirmiş hesab olunur. Həmçinin iddiaçı iddia ərizəsində və məhkəmə iclasında qeyd etdiyi digər qüsurlu icra edilmiş təmir işlərinə dair həmin işlərin cavabdeh tərəfindən tikinti normalarına uyğun aparılıbaparılmamasının və aparıldığı halda vurulmuş maddi zərərin müəyyənləşdirilməsi üçün ekspertiza təyin edilməsinə də razı olmamışdır. Yuxarıda qeyd edilən hüquq normalarının tələbi baxımından sübut etmə yükü ilə əlaqədar məhkəmə qeyd edir ki, iddia tələbində qeyd olunan maddi zərərin cavabdeh tərəfindən vurulmasını təsdiq edən sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşür.
Mənəvi zərər tələbinə dair işə baxan məhkəmənin mövqeyi:
“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə iddianın məvəni ziyanın ödənilməsi hissəsinə qiymət verərək, hesab edir ki, mənəvi ziyan bilavasitə maddi ziyanla bağlı olduğundan və cavabdehin iddiaçıya hər hansı maddi ziyan vurması öz təsdiqini tapmadığından iddianın 2000 manat mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi də əsassız olmaqla, təmin edilməməlidir.
Məhkəmə xərcləri:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddia tələbi rədd edildiyindən ödənilmiş 70 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
qət etdi:
İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər.
Hakim: Ellara Abbasova