Məhkəmə qərarları › İş №2(050)-1769/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1769/2025

17.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1769/2025 17.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1, Cavabdeh1 iştirakları ilə. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 (üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə) qarşı payların naturada müəyyən edilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 (üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə) qarşı payların naturada müəyyən edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********46 reyestr nömrəli Çıxarışda onlarla cavabdehlərin mülkiyyətində olmaqla Masallı rayonu Şərəfə kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin paylarına uyğun aralarında naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, islahat zamanı yaşadıqları kənddə onlara cavabdehlərlə birlikdə cəmi 3.1068 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpağa mülkiyyət hüququnu təsdiq edən Dövlət Aktında onların, cavabdehlərin və Zülfıyyə Xankişiyeva, Zabitə Kərimova, Cəmilə Şirəliyeva, Nəvai Şirəliyev, Müseyib Şirəliyevin də adları qeyd edilmişdir. Adları çəkilən şəxslər Dövlət Aktı verilərkən sağ olsalar da, sonadan vəfat etmişlər. Kənd Təsərrüfatı təyinatlı toraqla bağlı sonradan hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bununla bağlı mülkiyyət hüququna dair Çıxarış verilərkən onların, cavabdehlərin və Zülfıyyə Xankişiyevadan başqa digər mərhumların da adları qeyd edilmişdir. Zülfiyyə Xankişiyeva ilə bağlı vərəsəlik işi açılmış, onun mirasını İddiaçı1 ilə İddiaçı3 qəbul etmişdir. Odur ki, mülkiyyət hüququna dair çıxarışda hər kəsin payı 2/32, İddiaçı1 ilə İddiaçı3 isə payı 3/32 qeyd edilmişdir. Cəmi 15 nəfərin adı olan həmin Çıxarışda birlikdə cəmi nə qədər torpaq sahəsinin olması və hər birinin nə qədər torpaq pyaının olması göstərilsə də, payları naturada müəyyən edilməmiş və onlarla cavabdehlərin payına uyğun müvafiq plan və ölçü sənədi tərtib edilməmişdir. Bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etsələr də, digər payçılar olan cavabdehlərlə naturada bölgü ilə bağlı razılıq əldə etmədiklərindən müraciətlərinin təmin edilməsi mümkün olmamışdır. Nəticədə isə yuxarıda göstərilən torpağın mülkiyyətlərində olan hissəsi naturada ayrılmadığından həmin yerdən faktiki olaraq istifadə edə bilmirlər. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025ci il tarixli, ********** qeydiyyat nömrəli, **********46 reyestr nömrəli Çıxarışda hər birinin payı müəyyən edilməklə torpaq sahəsi paylı mülkiyyətləri hesab edilir. Lakin həmin torpaq sahəsinin paylarına uyğun bölünməsi ilə bağlı aralarında razılıq əldə edilmədiklərindən torpağın naturada bölünməsi mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək bildirdi ki, o, İddiaçı1 qardaşıdır. Cavabdehlər onun ailə üzvləridir. Torpağın naturada bölünməsinə etiraz etmirlər. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddələrinə əsasən işə cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, məhkəmə iclasında iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********46 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Masallı rayonu, Şərəfə kəndində yerləşən 3.1068 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh1 Musafa oğlunun 2/32 hissədə, Cavabdeh4 2/32 hissədə, X5 2/32 hissədə, Cavabdeh2 2/32 hissədə, X7 2/32 hissədə, X3 2/32 hissədə, İddiaçı2 2/32 hissədə, İddiaçı3 3/32 hissədə, İddiaçı4 2/32 hissədə, Cavabdeh5 2/32 hissədə, Cavabdeh7 2/32 hissədə, X1 2/32 hissədə, Cavabdeh6 2/32 hissədə, X2 2/32 hissədə və İddiaçı1 Museyib oğlunun 3/32 hissədə mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. Ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2010-cu il tarixdə ölmüşdür. Ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2017-ci il tarixdə ölmüşdür. Ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2012-ci il tarixdə ölmüşdür. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin 03 mart 2025-ci il tarixli, 3-21-3-44/2-X-0xx-xx/2025 saylı məktubundan görünür ki, İddiaçı1 ümumibirgə mülkiyyətində olan 3.1068 ha torpaq sahəsinin naturada bölünərək ona verilməsi barədə müraciəti təmin edilməmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, bölgüsü nəzərdə tutulan **********46 reyestr nömrəli Çıxarışa əsasən mülkiyyətə verilmiş 3.1068 (3.11) hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cənub-şərq istiqamətindən gedişgəliş yoluna çıxışı vardır. Sözugedən 3.1068 (3.11) hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payçıların paylarına uyğun naturada pay bölgüsü ardıcıllığı (siyahı üzrə), bölgü istiqaməti məhkəmə qərarı əsasında müəyyənləşəndən, təyin ediləndən sonra Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialının döngə nöqtələrinin koordinatlarına görə bölgü planı DƏDKR-nin mütəxəssisi tərəfindən tərtib olunaraq Masallı rayonu Şərəfə kəndi ərazisində yerləşən, ümumi paylı mülkiyyətçilərin (eləcə də iddiaçıların) hər birinin payının naturada ayrılması mümkündür. Yuxarıda qeyd olunmuş, qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçılar İddiaçı1 3/32 hissədə, İddiaçı2 2/32 hissədə, İddiaçı3 3/32 hissədə və İddiaçı4 2/32 hissədə payının naturada ayrılması mümkündür. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialının döngə nöqtələrinin koordinatlarına uyğun 3.1068 (3.11) hektar torpaq sahəsi üzrə iddiaçılar İddiaçı1 3/32 hissədə, İddiaçı2 2/32 hissədə, İddiaçı3 3/32 hissədə və X4 2/32 hissədə tərəflərin razılığı ilə iddia etdikləri, hər birinin ayrı-ayrılıqda payına düşən hissənin yerləşmə vəziyyəti, ölçüləri tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında Torpaqların elektron kadastrı uçotu informasiya sitemi baza məlumatı materialının döngə nöqtələrinin koordinatlarına uyğun iddiaçıların payına düşən yerləşmə vəziyyəti göstərilmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1-ci maddəsində qeyd edilmişdir ki, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Eyni qərarda həmçinin qeyd edilmişdir ki, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərini paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Bundan başqa həmin qərarda o da qeyd edilmişdir ki, Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iddiaçıların paylı mülkiyyətdə olan payının ayrılmasına münasibətdə qeyd edir ki, müvafiq ekspert rəyi ilə tərəflərin ümumi paylı mülkiyyətində olan torpaq sahəsindən iddiaçılara məxsus hissənin ekspert rəyinə əlavə edilmiş yerquruluşu planına uyğun olaraq naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddiaçılara münasibətdə torpaq sahəsi naturada bölünməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən İddiaçı1 tərəfindən mütəxəssis rəyinə görə ödənilmiş 95 manat pul cavabdehlərə aid edilməklə, onlardan müştərək qaydada tutularaq İddiaçı1 ödənilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. 06 avqust 2025-ci il taixli mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planına uyğun olaraq xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********46 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyətdə olan Masallı rayonu, Şərəfə kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı1 3/32 hissədə, İddiaçı2 2/32 hissə, İddiaçı3 3/32 hissə və İddiaçı4 2/32 hissə payları naturada ayrılaraq onlara verilsin. İddiaçı1 tərəfindən mütəxəssis rəyinə görə ödənilmiş 95 manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 aid edilsin və onlardan müştərək qaydada tutularaq İddiaçı1 ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar