Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-179/2025 27.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı Söbətəli qızının iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı xəstə uşaqla bağlı əlavə xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X1 qarşı xəstə uşaqla bağlı əlavə xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı uşaqları xx.xx.2018-ci il təvəllüdlü X3 müalicəsi ilə bağlı əlavə xərclərə cəlb edilərək ondan əlavə xərclərə görə ayda 300 manat pul tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdehlə 2016-cı ilin dekabr ayının 18də el adəti ilə toy edərək ailə həyatı qurmuşlar. Nikahlarını isə xx.xx.2018-ci il tarixdə Masallı Rayon Qeydiyyat Şöbəsində rəsmi qeyd etdirmişlər. Cavabdeh ilə birgə yaşadıqları dövrdə xx.xx.2018-ci il tarixdə Zülfüyeva Nur adlı bir uşaqları olmuşdur. Əvvəllər mehriban olsalar da, sonradan aralarında narazılıqlar yaranmışdır. Masallı Rayon Məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikah qeydi pozulmuş, azyaşlı uşağın onun yanında qalması və həmin uşağın saxlanılması üçün cavabdehin aylıq qazancının 1/4 hissəsi məbləğində onun xeyrinə aliment tutulması qət edilmişdir. Cavabdehlə nikahlarından olan uşaq anadangəlmə xəstə olmaqla xx.xx.2019-cu il tarixdə ürək əməliyyatı olunmuş, hazırda da daim müalicə alır. Həmin uşağın müalicəsi üçün hər ay orta hesabla 600 manatdan çox pul xərcləyir. Lakin cavabdeh uşağın əlavə xərclərinə köməklik etmir. Özü isə körpə uşağa qulluq etməli olduğundan heç yerdə işləyə bilmədiyindən uşağın müalicəsi ilə bağlı vəsaiti tapmaqda çətinlik çəkir. Qanunvericiliyin tələbinə əsasən xəstə uşağın müalicəsi ilə əlaqədar olaraq məhkəmə valideynlərdən birini tərəfin tələbi ilə əlavə xərclərə də cəlb edə bilər. Cavabdehlə birgə nikahdan olan uşaq xəstədir ki, onun müalicəsinə də o hər ay təkcə Nitq və Psixoloji Mərkəzə 150 manat, dərmanlara 300 manatdan artıq vəsait xərcləyir. Uşağın müayinə və müalicə olunması üçün Bakı şəhərinə aparılıb-gətirilməsini də nəzərə alsaq, aylıq xərclər 600 manatdan çox olur. Qanunvericiliyin tələbinə əsasən həmin xərcə cavabdeh də cəlb olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X4 atası X2, anası İddiaçıdır. Masallı Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2(050)-3325/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın onun himayəsində saxlanılması və aliment tələbinə dair iddiasının təmin edilməsi, İddiaçı və Cavabdeh arasında bağlanmış 10 aprel 2018-ci il tarixli, 39 saylı nikah akt qeydinin pozulması, 01 aprel 2018-ci il təvəllüdlü X8 anası İddiaçı yanında saxlanılması, 01 aprel 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi, alimentin tutulması 07 sentyabr 2023-cü il tarixdən hesablanması, qətnamə alimentin tələbinə dair hissədə dərhal icra edilməsi qət edilmişdir. 17 iyul 2024-cü il tarixli həkim nevroloq müayinə vərəqəsindən görünür ki, X5 hiperaktivlik forma 6 davranış pozulması diaqnozu qoyulmuşdur. 10 aprel 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, pasient X4 müayinəsi üçün 75 manat ödəniş edimişdir. 03 iyun 2024-cü il tarixli, 07 iyul 2024-cü tarixli, 31 iyul 2024-cü il tarixli, 30 avqust 2024-cü il tarixli, 30 sentyabr 2024-cü il tarixli, 29 oktyabr 2024-cü il tarilxi ödəniş qəbzlərindən görünür ki, qeyd edilən tarixlərdə X8 üçün Psixoloq Rozaya hər dəfə 150 manat məbləğində ödənişlər edilmişdir Azərbaycan Respublikasının Konstitusiyanın: 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiya: Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehdən 1 uşağa görə cavabdehin gəlirlərinin ¼ hissəsi miqdarında aliment alır. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X4 nevroloji xəstəliyi vardır. Uşağın xəstəliyi ilə əlaqədar iddiaçı hər ay orta hesabla 150 manat xərc çəkir. İddiaçıya övladının hansı müddətə xəstəliyi ilə bağlı müalicə alacağı məlum deyil, bununla bağlı məhkəyə hər hansı sübut təqdim edilməmişdir və həmin vaxt hazırki vəziyyətdə məlum deyil. Məhkəmə uşağın xəstəliyi ilə bağlı əlavə xərclərin məbləğini müəyyən edərkən iddiaçı tərəfindən təqdim edilmiş qəbzlərdə göstərilmiş pul məbləğlərini nəzərə almışdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, uşağın xəstəliyi ilə əlaqədar digər əlavə xərclərin çəkilməsi (məsələn nəqliyyat və digər əlavə xərclərin çəkilməsi) labüddür, ona görə də cavabdeh çəkilməsi zəruri olan həmin xərclərə cəlb edilməli, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə nəzərə alır ki, iddiaçı yetkinlik yaşına çatmayan uşağın müalicə xərclərinin qarşılanması üçün ayda 300 manat məbləğində pulun ödənilməsini xahiş etsə də, xərclərin ayda 300 manat təşkil etməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin məhkəmə uşağın xəstəliyi ilə bağlı iddiaçı tərəfindən təqdim olunmuş sənədi, həqiqətən uşağın xəstəliyi ilə əlaqədar əlavə xərcin tələb olunduğunu, habelə əlavə xərclərdə hər bir valideynin iştirak etməli olduğunu, tərəflərin diqqətəlayiq olan digər maraqlarını nəzərə almaqla məhkəmə hesab edir ki, əlavə xərclərin məbləği 100 manat və tutulma müddəti 1 il müəyyən olunmalıdır. Eyni zamanda məhkəmə iddiaçıya izah edir ki, uşağın müalicəsi göstərilən müddətdən sonra da davam edərsə bununla bağlı o, məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 01 aprel 2018-ci il təvəllüdlü X6 müalicəsi ilə bağlı əlavə xərclərdə iştiraka görə Cavabdeh 1 il müddətinə hər ay 100 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-179/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-179/2025
27.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver