Məhkəmə qərarları › İş №2(050)-1845/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1845/2024

23.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1845/2024 23.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9, üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı payların müəyyən edilməsi tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Masallı rayonu Əhmədli kəndində yerləşən və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli **********63 reyestr nömrəli Çıxarışla (Torpağa mülkiyyət hüququna dair JN 153 Kod 80518028 saylı Dövlət Aktı) ilə ona və cavabdehlərə məxsus payıbəlli torpaq sahəsi üzərində paylarının müəyyən edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə el adəti ilə toy edərək ailə həyatı qurmuş, nikahlarını isə 05 noyabr 2009-cu il tarixdə rəsmi qeyd etdirmişlər. Birgə yaşadıqları dövrdə 18 oktyabr 1998-ci il təvəllüdlü Murad və 11 iyun 2007-ci il təvəllüdlü Adəm adlı iki uşaqları olmuşdur. Əvvəllər mehriban olsalar da, sonradan aralarında narazılıq yaranmış və ayrılmalı olmuşlar. Cavabdeh1 ilə nikahları Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(050)-206/2022 saylı qətnaməsi əsasında pozulmuşdur. Həmin qətnamə ilə yuxarıda adları qeyd edilən uşaqların onun yanında qalması və onların saxlanılması üçün Cavabdeh1 aliment tutulması qət edilmişdir. Hələ Cavabdeh1la birgə yaşadıqları dövrdən onun ailə üzvləri ilə birlikdə birgə mülkiyyətlərində Masallı rayon Aqrar İslahat Komissiyasının 30 mart 1997-ci il tarixli qərarı ilə verilmiş və Torpağa mülkiyyət hüququna dair JN 153 Kod 80518028 saylı Dövlət Aktında qeyd edilən Masallı rayonu Əhmədli kəndində 2,64 ha payıbəlli torpaq sahəsi vardır. Cəmi 10 nəfərin adı olan həmin Dövlət Aktında birlikdə cəmi nə qədər payıbəlli torpaq sahəsinin olması göstərilmiş, hər birinin ayrıca payları isə göstərilməmişdir. Sonradan qeyd olunan Dövlət Aktı əsasında hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onlara ********** qeydiyyat nömrəli **********63 reyestr nömrəli Çıxarış verilmişdir. Ancaq həmin Çıxarışda da ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsi və mülkiyyətçilərin adları qeyd edilmiş, hər birinin nə qədər torpağının olması göstərilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, cavabdehlərlə payların müəyyən olunması barədə danışıqlar aparılsa da, razılıq əldə olunmayıb. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəblərini bildirməmişlər. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: JN-153 KOD 80518028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair aktın surətindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 30 mart 1997-ci il tarixli, 12 saylı qərarı əsasında X1 ailə üzvləri ilə birlikdə 2.64 hektar fərdi yaşayış evinin tikilməsi üçün həyətyanı torpaq sahəsi verilmişdir. Həmin aktda həmçinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 adları qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli **********63 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 ümumi birgə mülkiyyətinə Masallı rayonu, Əhmədli kəndində 2.6439 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ və İİ hissələri). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93). Azərbaycan Respublikası MM-nin 213.1. və 213.2.-ci maddələrinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respuiblikası MM-nin 213.5.-ci madddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 214.1.-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 223.1.-223.4.-cü maddələrinə uyğun olaraq birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Məhkəmə qeyd olunan maddi hüquq normalarını hazırkı iddia tələbi ilə qarşılıqlı təhlil edərək qeyd edir ki, tərəflər birgə mülkiyyətçi olaraq paylarının müəyyənləşməsi barədə razılığa gələ bilməmişlər. Ona görə də məhkəmə qərarı əsasında ümumi əşyaya paylı mülkiyyət müəyyən olunmalıdır. Razılaşma olmadığına görə tərəflərin hər birinin bərabər olaraq 1/10 hissə paylı mülkiyyətləri müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticıyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********63 reyestr nömrəli Çıxarışla İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 ümumi birgə mülkiyyətlərində olan 2.6439 ha kənd həyətyanı torpaq sahəsində ümumi birgə mülkiyyət hüququna xitam verilsin və həmin torpaq sahəsində onların hər birinin mülkiyyət payı 1/10 hissə müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar