Məhkəmə qərarları › İş №2(050)-1910/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1910/2023

08.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1910/2023 08.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil1, Cavabdeh Masallı Peşə Məktəbin nümayəndəsi Nümayəndə və Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Masallı Peşə Məktəbinə qarşı 26 aprel 2023-cü il tarixli, 18 saylı əmrin etibarsız hesab edilməsi və həmin məktəbə “Elektrik-qaz qaynaqçısı” ixtisası üzrə ******* nömrəli qrupa bərpa edilməsi və ödənilməmiş tələbə təqaüdünün verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Masallı Peşə Məktəbinə qarşı iddia qaldıraraq Masallı Peşə Məktəbi üzrə verilmiş 26 aprel 2023-cü il tarixli, 18 saylı əmrin etibarsız hesab edilməsi və həmin məktəbə “Elektrik-qaz qaynaqçısı” ixtisası üzrə ******* nömrəli qrupa bərpa edilməsi və ödənilməmiş tələbə təqaüdünün verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, «elektrik-qaz qaynaqçısı» ixtisası üzrə Masallı Peşə Məktəbinə qəbul olmuş, dərslərdə də həmişə aktiv iştirak etmişdir. 14 aprel 2023-cü ildə məktəbdə olduğu vaxt üçüncü dərs başlayarkən belində olan ağrılar kəskinləşdiyindən bu barədə direktror vəzifəsini icra edən Nümayəndə məlumat verib icazə almaqdan ötrü məktəbin inzibati binasının ikinci mərtəbəsinə qalmaq istəmişdir. Pilləkənlərlə qalxarkən, onunla rastlaşan Nümayəndə bədənində olan kəskin ağrılara görə ona icazə verməsini istəsə də, o, sözünü kəsərək, onu təhqir etmiş, əli ilə itələyərək pilləkəndən yıxmışdır. Həmin vaxt beli pilləkənin tinlərinə dəydiyindən ağrıları daha da şiddətlənmiş və ağrıdan qışqırmış, səsinə digər müəllimlər çıxmışdır. Bahaddin müəllimlə Vəfa adlı qrup yoldaşı köməkləşib onu pilləkəndən aşağı düşürmüşlər. Ağrılar kəskinləşdiyindən ayağa qalxa və hərəkət edə bilməmişdir. Həmin vaxt məktəb rəhbərliyi vəzifəsini icra edən Nümayəndə isə nəinki ona yardım edilməsinə köməklik etməmiş, ümumiyyətlə onunla maraqlanmamış, ona kömək etmək istəyən müəllim və şagirdləri də oradan kənarlaşdırmışdır. Bir neçə saatdan sonra ağrılar azaldığından hərəkət edə bilmiş, evlərinə getmişdir. Səhəri günü isə X2 rentgen müayinə olunmuşdur. Rentgen zamanı onurğa sütununda problemlər aşkar edildiyindən MRT müayinəsi məsləhət görülmüş, növbəti günlər şənbə və bazar olduğundan, həmçinin növbəti həftə Ramazan bayramı ilə bağlı bir neçə gün iş günü olmadığından aprel ayının 25-də Lənkəran Rayon Mərkəzi xəstəxanasında MRT müayinəsi olunmuşdur. Müayinə zamanı «L4-5 diskdə dural kisəni sıxan posterior santral yerləşimli 4,5 mm ölçüdə geniş əsaslı proturuziya, L5-S1 diskdə dural kisəni sıxan, kraniala yönələn anulyar fissura ilə birlikdə sağ posterorolateral yerləşimli 7,5 mm ölçüdə yırtıq olması, neyroforamenlərin sərbəst olması, sağ lateral resessdə sağ Sİ sinir kökünə tamas olması» müəyyən edilmişdir. Bununla bağlı “Masmedical Center” klinikasında ona müalicə yazılmış, müayinə ilə bağlı həkimin qəbuluna görə 15 manat, dərmanların alınmasına isə 92,81 manat pul xərcləmişdir. Sonradan isə məlum olmuşdur ki, Masallı Peşə Məktəbinin Pedoqoji Şurasının 25 aprel 2023-cü il tarixli iclası keçirilmiş, həmin iclas barədə məlumatı olmamış, iştirakı təmin edilməmiş, izahatı dinlənilməmiş və məktəbdən xaric edilməsi qənaətinə gəlinmiş, 26 aprel 2023-cü il tarixli 18 saylı əmrlə isə məktəbdən xaric edilərək adı tələbələrin say tərkibi siyahısından çıxarılmışdır. Əmrdə daxili nizam-intizam qaydalarını dəfələrlə kobud şəkildə pozmağı qeyd edilsə də, konkret olaraq hansı tarixdə, hansı nizam-intizam qaydalarını pozmağı və buna görə barəsində hansı intizam tənbehinin görülməsi qeyd edilməmiş və bununla bağlı hər hansı sənədə istinad edilməmişdir. Halbuki ümumiyyətlə belə hal olmamışdır. Hərbi xidmət zamanı verilmiş xidməti xasiyyətnamədən və ərazi nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, həm hərbi xidmət zamanı, həm də mülki həyatda özünü həmişə nizam-intizamlı aparmışdır. Əgər belə hal olmuş olsaydı, müvafiq sənədləşmə aparılardı. Ancaq bu xüsusatla bağlı heç bir sənədləşmənin olmaması həmin halın mövcud olmamasını göstərir. Onu pilləkəndən itələyib yıxan, təhqir edən Nümayəndə olduğu təqdirdə, hadisədən 11-12 gün sonra onun özü məhz Pedoqoji Şuranın iclasına sədrlik etmiş və özü qeyd olunan əmri imzalamışdır. Buna səbəb isə onun hadisədən sonra müalicə almasını bilib, ondan şikayət edəcəyini düşünərək özünü sığortalamaq olmuşdur. Halbuki o, Nümayəndə şikayət etməmişdir. Əgər həqiqətən ona qarşı Şuranın protokolunda və əmrdə göstərilən hərəkətləri etmişdirsə, nəyə görə bunu həmin gün sənədləşdirməmiş, hansı səbəbdən müvafiq iclası 11 gün sonra, yəni müalicəyə başladığı gün keçirmişdir. Bu isə bir daha göstərir ki, qeyd olunan protokol və əmr yalnız onu imzalayan şəxsin özünü sığortalamaq məqsədi daşımışdır. Ancaq bu hal onun təhsil hüququnun pozuntusuna səbəb olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək bildirdi ki, o, “Vətən müharibəsi” iştirakçısıdır. Həmişə nizam-intizama riayət etmişdir. 14 aprel 2023-cü ildə məktəbdə olduğu vaxt belində olan ağrılar olmuş, bununla əlaqədar direktor vəzifəsini icra edən Nümayəndə icazə almaq istəmişdir. Bu səbəblə onun yanına qalxmaq istəyəndə, pilləkəndə rastlaşmış və ondan icazə almaq istəsə də, onu itələmişdir. O, həyətə düşmüş və oturmuşdur, ona kömək etməyə heç kimə icazə verməmişdir. Sonradan müalicəyə getmiş, 26 aprel 2023-cü il tarixdə ona məlum olmuşdur ki, o, peşə məktəbindən xaric edilmişdir. O, Pedoqoji Şuranın iclasına çağırılmamış, həmin iclasın keçirilməsindən məlumatı olmamışdır. İddiaçı, cavabdeh Masallı Peşə Məktəbin nümayəndəsi, direktor vəzifəsini icra edən Nümayəndə söyüb təhqir etməsi barədə suala cavab olaraq bildirmişdir ki, ona qarşı heç bir kobud ifadə işlətməmiş, əksinə Nümayəndə onun üzərinə qışqırmış, onu itələmişdir. İddiaçı vəkili Vəkil1 onunla eyni əsaslarla çıxış edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Masallı Peşə Məktəbin nümayəndəsi, direktor vəzifəsini icra edən Nümayəndə izahat verərək bildirdi ki, İddiaçı iddia tələbləri əsassız və qanunsuzdur. İddiaçı onun yanına gələrək belinin ağradığını bildirmiş, o isə ona aşağı düşməsini bildirmişdirdir. Bundan sonra Mənsim İbarhimov qışqırmağa və onu öldürəcəyini demiş, söyüş və təhqir xarakterli ifadələr işlətmişdir. İşçilər Şahid1, Şahid2 və Şahid4 gələrək, ona xəsarət yetirməməsi üçün Mənsimin qolundan tutmuşlar. Hadisənin baş verəndən bir gün sonra Mənsimin babası gəlmiş və onun xaric edilib-edilməməsi ilə maraqlanmış, o isə xaric edilmədiyini və Mənsimin üzr istəməli olduğunu demiş, lakin babası Mənsimin üzr istəməyəcəyini bildirmişdir. Daha sonra onlar Pedaqoji Şura çağırmışlar. O, hesab etmişdir ki, X5 iştirakı zəruri deyil. Şura növbədənkənar olmuş, sədrlik özü etmişdir. İddiaçı daxili intizam qaydaları dəfələrlə pozmuş, dərslərdə iştirak etməkdən yayınmışdır. Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Masallı Peşə Məktəbinin vəkili Vəkil2 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şahid3 ifadəsində bildirdi ki, o, Masallı Peşə Məktəbində təhsil alır. 14 aprel 2023-cü ildə o, peşə məktəbinin pilləkəni ilə yuxarı qalxanda görmüşdür ki, Nümayəndə Mənsimin qolundan tutmuş, ona düş aşağı demiş və itələmişdir. Mənsim həyətə düşmüş və əyləşmişdir. Məhərrəm onun və başqalarına Mənsimə yardım etməsinə icazə verməmişdir. O, İddiaçıun Nümayəndə təhqir etməsinə şahid olmamışdır. Şahid2 ifadəsində bildirdi ki, o, Masallı Peşə Məktəbində fiziki-tərbiyə müəllimidir. Hadisə zamanı məktəbdə idman dərsi olmuşdur. O, Mənsimlə Məhərrəmin səsini eşidərək onların yanına getmiş, digər müəllimlər birlikdə onları ayırmışlar. İddiaçı Nümayəndə ünvanına “sən kimsən” və “sən nəsən” kimi ifadələr işlətmişdir. Mənsim Məhərrəm müəllimə hədə-qorxu gəlmişdir. İddiaçı internetdən istifadə etməyə görə yuxarı çıxmaq istəmiş, həmin vaxt Mənsimin narahatçılığı olmamış, o, intizam qaydalarını pozmuşdur. Şahid1 ifadəsində bildirdi ki, o, Masallı Peşə Məktəbinin hərbi rəhbəridir. O, hadisə zamanı dəhlizdə olmuşdur. Məhərrəmin Mənsimə aşağı düşməsini demiş, Mənsimin isə ona düşmək istəmədiyini bildirmişdir. Məhərrəm bir çox dərslərdə iştirak etmək istəməmişdir. Mübahisənin səbəbi uşaqlar arasında təxribat olmuşdur. Mənsim ona qarşı nalayiq ifadələr işlətmişdir. O, Pedaqoji Şuranın üzvüdür, Pedoqoji Şuranın iclasına Mənsim çağırılmamış, iclası Nümayəndə çağırmışdır. Pedaqoji Şuranın iclasında Mənsimin Peşə məktəbindən xaric olunması qərara alınmışdır. Şahid4 ifadəsində bildirdi ki, Masallı Peşə Məktəbində baş mühasibdir. Hadisə vaxtı səsə otaqdan çıxmış, Məhərrəm Mənsimə aşağı düşməyi ilə bağlı təkid etmiş, lakin Mənsim düşməyərək Məhərrəmə qarşı nalayiq ifadələr işlətmişdir. Şahid2lə və Şahid1la birlikdə Məhərrəmə xəsarət yetirməməsi üçün Mənsimin qolundan tutmuşlar Şahid X1 ifadəsində bildirdi ki, o, Masallı Peşə Məktəbində təmirçi-çilingər qrupunun ustasıdır. Mənsimin ağrısının olduğu dediyini və Mənsimlə Məhərrəmin arasında kiçik münaqişənin olduğunu görmüşdür. O, səs-küyə gəlmiş, lakin hadisənin nəyə görə baş verdiyini bilməmişdir. İş materiallarında olan xidməti xasiyyətnamədən görünür ki, kiçik-çavuş İddiaçı 2-ci haubitsalı artilleriya divızionunun 5-ci haubitsalı artilleriya batareyasının 1-ci haubitsalı artilleriya taqımının 3-cü topun komandiri vəzifəsində xidmət etdiyi müddət ərzində özünü intizamlı hərbi qulluqçu kimi göstərmişdir. 3-cü topun komandiri kımı öz vəzifəsinin öhdəsindən layiqincə gəlir. O, yuxarı komandanlığın verdiyi əmr və tapşırıqları yerinə yetirir. 3-cü topun komandiri kımı öz vəzifə yaxşı borcunu bilir Nizamnamələrin tələblərini yerinə yetirir. Günün nizam qaydalarına riayət edir Döyüş və ictımai-siyasi hazırlığı dərslərində fəal iştirak edir. Digər hərbi qulluqçular arasında yüksək nüfuza malikdir. İkinci Qarabağ döyüşlərində iştirak edib. Hərbi xidmətə münasibəti yaxşıdır. Fiziki cəhətdən sağlamdır. Masallı RİHB-nin Türkoba kənd İƏD-nin verdiyi xasiyyətnamədən görünür ki, İddiaçı subaydır, hazırda valideyinləri ilə birlikdə yaşayır. Zəhmətkeş bir ailədən olmaqla yanaşı özü də zəhmətkeşdir. Valideynlərinə qarşı diqqətcil, ağsaqqalların hörmətini saxlayan, yaşıdları arasında hörmət qazanmış bir gəncdir. Masallı rayon İcra Hakimiyyəti Başçısının Türkoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə İddiaçı barədə heç bir mənfi məlumat daxil olmamışdır. Masallı peşə Məktəbinin pedaqoji şurasının 25 aprel 2023-cü il tarixli, 5 nömrəli iclas protokolundan görünür ki, iclasda 13 nəfər iştirak etmiş, 4 nəfər-Şahid1-məktəbin hərbi rəhbəri, Vüsal Əliyev- “X7” qrupunun istehsalat təlimi ustası, Mirşahid Cəfərov- ixtisas fənn müəllimi, Emilya Ağayeva- “Dərzi” qrupunun istehsalat təlimi ustası çıxış etmişlər. Məktəbin daxili nizam-intizam qaydalarını dəfələrlə kobud şəkildə pozduğuna görə, məktəbin Tİİ üzrə direktor müavini Nümayəndə şərəf və ləyaqətinə qarşı təhqiramiz ifadələr işlətdiyinə görə və ona fiziki zor tətbiq etmək istədiyinə görə “Elektik qaz qaynaqçısı” qrupunun tələbəsi İddiaçı məktəbdən xaric edilmiş və onun adı tələbələrin say tərkibindən çıxarılması qərara alınmışdır. Tələbələrin məktəbdən xaric olunması barədə 26 aprel 2023-cü il tarixli, 18 saylı əmrdən görünür ki, “Elektrik - qaz qaynaqçısı” ixtisası üzrə ******* nömrəli qrup tələbəsi İddiaçı məktəbin daxili nizam-intizam qaydalarını dəfələrlə kobud şəkildə pozduğuna görə məktəbdən xaric edilmişdir və onun adı 26 aprel 2023- cü il tarixdən tələbələrin say tərkibi siyahısından çıxarılmışdır. Cavabdeh Masallı Peşə Məktəbinin direktor vəzifəsini icra edən Nümayəndə izahatında qeyd etdiklərindən əlavə məhkəməyə etiraz ərizəsi təqdim etmiş, həmin etirazda göstərmişdir ki, iddia tam əsassız və qanuna ziddir. Nümayəndə məktəbin direktor əvəzləyicisi olaraq tələbələrin bütün təlim-tərbiyyəsi ilə maraqlanır. İddiaçı dəfələrlə məktəbin daxili nizam-intizam qanunlarını pozmuş, tələbə yoldaşlarına və müəllimlərinə qarşı hörmətsizlik etmişdir. İddiaçının bu hərəkətlərinə istər tələbələr, istərsədə müəllim heyəti onun 44 günlük Vətən müharibəsində iştirak etməsini nəzərə almışlar. İddia ərizəsində hadisənin tam əksi yazılmışdır. İddiaçı dərs vaxtı məktəbin inzibati binasının 2ci mərtəbəsində olarkən ona yaxınlaşaraq belinin ağrıdığını bildirmişdir. O isə aşağa düşməsini və sinif otağında gözləməsini bildirmişdir. Mənsim onu təhqiramiz söyüşlərlə söyərək, üzərinə hücum çəkmək istədikdə yaxınlıqda olan müəllimlər araya girərək iddiaçını binadan uzaqlaşdırmışlar. Hadisə 14 aprel 2023-cü il tarixdə olmuş və bu barədə müəllimlərin iştirakı ilə akt tərtib edilmişdir. İddia ərizəsində qeyd etmişdir ki, guya Bahaddin müəllim və Vəfa adlı qrup yoldaşı ona köməklik edərək pilləkəndən düşürmüşlər. Hadisə vaxtı nə Bahaddin müəllim, nə də Vəfa adlı tələbə orada olmamışdır. Şahid3 30 mart 2023-cü il tarixdə sinifdə ona qarın nahiyəsindən təpiklə vurmuşdur. Bu hadisədən sonra onun izahatı alınmış, ondan üzr istəmiş və o da onu bağışlamışdır. İddia ərizəsində qeyd edilmişdir ki, hadisə 14 aprel 2023-cü il tarixdə olmuş, lakin şuranın iclası 25 aprel 2023-cü il tarixdə keçrilmişdir. İddiaçının babası onun evinə gəlmiş və hadisəni ona danışmışdır. Onların fikri tələbəni məktəbdən kənarlaşdırmaq olmamışdır. Həmin müddət ərzində o, məktəbə gəlməmiş, hadisə ilə bağlı izahat verməmiş, müəllimi tərəfindəndə dəfələrlə ona və babasına pedoqoji şuranın keçiriləcəyi iclasın yeri və vaxtı barədə məlumat vermək istəsə də, qarşı tərəf telefonları açmamışdır. Mənsimi vurmamışdır, əgər vurmuş olsaydı, o, polisə və prokurorluğa çoxdan şikayət etmiş olardı. İddia əsassızdır və ona görə də rədd olunmalıdır. 24 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki, xx.xx.2020-xx.xx.2022-ci il tarixlərdə Müdafiə Nazirliyinin 006 saylı Hərbi Hissəsində müddətli həqiqi hərbi xidmətdə olmuş, hərbi xidmətdə olduğu vaxt 44 günlük “Vətən müharibəsi”ndə iştirak etmişdir. “Füzulinin azad olunmasına”, “Xocavəndin azad olunmasına” görə, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Müharibə vaxtı belində ağrılar yaranmışdır. Lakin bu barədə komandir heyətinə bir söz deməmiş, sadəcə olaraq tibb məntəqəsində iki dəfə ağrıkəsici vurdurmuşdur. Müharibədən qayıtdıqdan sonra da belində ağrılar qalmışdır. 15 sentyabr 2022- ci il tarixdə Bədəlan kəndində yerləşən Masallı Peşə Məktəbinin “Elektron qaz qaynaqçısı” qrupuna daxil olmuş, tədris dövründə daim dərslərdə iştirak etmiş, dərsə davamiyyətli olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra belində ağrılar qalmış və təxminən iki aydan bir həmin ağrıları şiddətlənmişdir. xx.xx.2023-cü il tarixdə də Peşə Məktəbində olan zaman belinin ağrısı tutmuş, əvvəlcə məktəbin həyətində oturacağa əyləşmiş, sonra isə direktor əvəzi Nümayəndə icazə almaq üçün məktəbin binasının ikinci mərtəbəsinə qalxmışdır. İkinci mərtəbə pilləkənlərin yanında Nümayəndələ qarşılaşmış, sonuncu ona dərs vaxtı orada nə gəzdiyini soruşmuşdur. Nümayəndə söz demək üçün gəldiyini, icazə istədiyini bildirəndə, sonuncu yenə də onun üstünə qışqırmış, o belinin ağrıdığını, dura bilmədiyini demişdir. Lakin Nümayəndə bunların heç birinə məhəl qoymayaraq ona aşağı düşməsini demişdir. Üzünü çevirib pilləkandan aşağı düşən zaman Nümayəndə arxadan, onu itələmiş və yıxılmışdır. Yıxılan zaman beli pilləkənin döşəməsinə dəymiş və ağrıları lap şiddətlənmişdir. Nümayəndə bu hərəkətlərinin qanunsuz olduğunu, buna haqqı olmadığını deyəndə isə onu təhqir etmişdir. Bundan sonra məktəbin həyətinə qədər gedib orada oturmuş, özünə gəldikdən sonra isə evə getmişdir. Bu hadisədən sonra belimdəki ağrılara görə Masallıda MRT üçün gec növbəyə yazdıqlarına görə Lənkəran RMX-na gedərək MRT olunmuşdur. Müayinə nəticələrinə əsasən belində “protruziya” və “yırtıq” aşkar olunmuşdur. Xəstəxanaya getməyindən narahat olan Nümayəndə xx.xx.2023-cü il tarixdə Masallı Peşə Məktəbinin pedaqoji şurasını çağırmış və həmin şuranın qərarı ilə onu məktəbdən xaric etmişdir. Məktəbdən xaric olunmağı 26 aprel 2023-cü il tarixli 18 nömrəli əmrlə rəsmiləşdirilmişdir. Məktəbdən xaric olunmağı ilə bağlı pedaqoji şuranın iclas protokolunda qeyd olunanlara əsasən guya o direktoru təhqir etmiş, fiziki zor tətbiq etmək istəmişdir. Guya onu məktəbin müəllimləri oradan aralamışdır. Nümayəndə onu itələdikdən sonra belindəki ağrıları artmış, dözülməz hala gəlmişdir. Belindəki yırtığın da Nümayəndə onu itələməsi və belinin zədə alması nəticəsində yarandığını düşünür. İddiaçı verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı yanlarında kənar şəxslər olmamışdır. Həmin qərar üzrə Nümayəndə izahatında göstərmişdir ki, xx.xx.2012-ci il tarixdən Masallı Peşə Məktəbində informatika müəllimi kimi işə başlamış, xx.xx.2022-ci ildən, informatika müəllimi olduğu vaxtdan müvafiq əmrlə 1 ay müddətinə direktor əvəzi təyin olunmuşdur. Həmin vaxtdan hal-hazıradək hər ay yenidən verilmiş əmrlə Masallı Peşə Məktəbinin direktor əvəzi işləyir. İddiaçı Masallı Peşə Məktəbinin tələbəsi kimi tanımış, sonuncu 15 sentyabr 2022-ci il tarixdə Masallı Peşə Məktəbinin “X7” qrupuna qəbul olmuşdur. İddiaçı tədris başladıqdan sonra təxminən bir aydan sonra dərsə gəlməməyə başlamışdır. Bundan sonra valideynlərinə xəbər göndərilmiş və sonuncu yenidən dərslərdə iştirak etmişdir. İddiaçı dərslərə gəldiyi zamanlarda da intizamsızlıq göstərərək digər tələbələrə və ümumi dərslərin gedişinə mane olmuşdur. 14 aprel 2023-cü il tarixdə saat təxminən 12 radələrində Mənsim idman dərsi zamanı Masallı Peşə Məktəbinin inzibati binasının ikinci mərtəbəsində olanda onunla qarşılaşmışlar, Mənsim belinin ağrıdığını bildirmiş, o isə aşağı gedib oturmağını təklif etmişdir. İddiaçı əsassız yerə əsəbiləşərək onu təhqir etməyə başlamış, ən ağır söyüşləri vermişdir. Həmçinin İddiaçı əlqol hərəkətlərindən ona fiziki zor tətbiq etmək istədiyini başa düşmüşdür. Həmin vaxt səsə gələn idman rəhbəri Şahid2, geniş profilli tarktorçu-maşinist, təmirçi-çilingər qrupunun ustası X3 yanına gələrək ona hücum etməsin deyə qolundan tutub aşağı düşürmüşlər. Həmçinin xidməti iş otaqları ikinci mərtəbədə olan məktəbin hərbi rəhbəri Şahid1 və baş mühasib Şahid4 də dəhlizdə olmuşlar. Onlarda hadisəyə şahid olmuşlar. İddiaçı aşağı düşdükdən sonra da uzaqdan ona qarşı təhqirlər demişdir. Həmin gün İddiaçı məktəbdən getmişdir. Bundan sonra isə iclas çağırıb hadisə barədə müəllimlərə məlumat vermiş və akt tərtib olunmuşdur. xx.xx.2023- cü il tarixdə İddiaçı babası Vəkil gələrək hadisə barədə danışmış, nəvəsini məktəbdən xaric edib-etməyəcəyini soruşmuşdur. O isə tələbələri xaric etmək üçün qəbul etmədiklərini, rəsmi qaydada üzr istədiyi təqdirdə dərslərinə davam edə biləcəyini bildirmişdir. İddiaçı babası onun üzr istəməyəcəyini deyib getmişdir. 10 gün daha İddiaçı dərsə gələrək əsassız yerə onu təhqir etməsinə görə peşmançılıq ifadə edəcəyini, üzr istəyəcəyini gözləmişdir. Lakin heç bir xəbər çıxmamışdır. Belə olan halda 25 aprel 2023-cü il tarixdə məktəbin pedaqoji şurasını çağırmış, 13 müəllimin iştirakı ilə keçirilən iclas zamanı yekdilliklə İddiaçı intizam qaydalarını dəfələrlə kobud şəkildə pozduğuna, dərs zamanı onun şərəf və ləyaqətini alçaldıcı şəkildə təhqir etdiyinə görə məktəbdən xaric edilməsi qərara alınmışdır. İclasının qərarına əsasən tərəfindən verilmiş 26 aprel 2023-cü il tarixli 18 nömrəli əmrlə İddiaçı Masallı Peşə Məktəbinin “Elektrik-qaz qaynaqçısı” qrupundan xaric edilmişdir. İddiaçı “Vətən müharibəsi” iştirakçısı olmasından sui-istifadə edərək girdiyi bütün dərsləri pozmuş, yalandan belində ağrılar olması səbəbindən dərslərdən icazə alaraq məktəbin həyətində digər işlərlə məşğul olmuş, müəllimlərə, tələbə yoldaşlarına qarşı nəzakətsizlik göstərmişdir. Həmin qərar üzrə Şahid2 izahatında göstərmişdir ki, 2011-ci ildən Masallı Peşə Məktəbində fiziki tərbiyə müəllim işləyir. İddiaçı Masallı Peşə Məktəbinin tələbəsi kimi tanıyır. 14 aprel 2023-cü il tarixdə saat təxminən 12 radələrində məktəbin həyətində tələbələrə voleybol oynatmışdır. Tələbələr voleybol oynayıb qurtardıqdan sonra onların sıra baxışı üçün düzülmələrini tapşırıb xidməti otağa qayıtmaq istəyən zaman məktəbin inzibati binasının ikinci mərtəbəsində səs gəldiyini eşidib yuxarı qalxmış, həmin vaxt İddiaçı ilə direktor əvəzi Nümayəndə mübahisə etdiklərini görmüş, sonuncu İddiaçı aşağı düş demiş, Mənsim isə Nümayəndə üstünə qışqıraraq onu təhqir etmiş, hətta əl qol hərəkətləri edərək Nümayəndə üstünə doğru getmək istəyəndə o və məktəbin ustası X6 İbrahimzadəyə yaxınlaşıb sakitləşdirməyə çalışmışlar, həmçinin qucaqlayıb aşağı düşürmüşlər. Lakin Mənsim aşağıda olduğu müddət ərzində yenə də məktəbin direktor əvəzi Nümayəndə qarşı təhqirlər səsləndirmişdir. Sonra isə məktəbdən çıxıb getmişdir. Bundan sonra Nümayəndə 25 aprel 2023-cü il tarixdə məktəbin pedaqoji şurasını çağırmış, 13 müəllimin iştirakı ilə keçirilən iclas zamanı yekdilliklə İddiaçı intizam qaydalarını dəfələrlə kobud şəkildə pozduğuna, dərs zamanı Nümayəndə şərəf və ləyaqətini alçaldıcı şəkildə təhqir etdiyinə görə məktəbdən xaric edilməsi qərara alınmışdır. İddiaçı “Vətən müharibəsi” iştirtakçısı olmasından sui-istifadə edərək girdiyi bütün dərsləri pozmuş, yalandan belində ağrılar olması səbəbindən dərslərdən icazə alaraq məktəbin həyətində digər işlərlə məşğul olmuş, müəllimlərə, tələbə yoldaşlarına qarşı nəzakətsizlik göstərmişdir. Şahid2 verilən suallara cavab olaraq bildirmişdir ki, İddiaçı tamamilə yalan danışır. Sonuncu məktəbdən xaric edildiyinə görə şər və böhtan atır. Hadisə zamanı Nümayəndə İddiaçı itələməmiş, onun üstünə qışqırmamışdır. Onların mübahisəsini şəxsən görmüş və hadisə zamanı Nümayəndə İddiaçı ilə ümumiyyətlə fiziki təması olmamışdır. Sonuncunun Belindəki ağrılar isə məktəbə qəbul olduğu vaxtdan onda olmuş və bu adla dəfələrlə icazə alaraq dərslərə gəlməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin İ-V bəndlərində qeyd olunmuşdur ki, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Dövlət minimum təhsil standartlarını müəyyən edir. “Peşə təhsili” haqqında Qanunun aşağıda qeyd olunan maddələrinə əsasən; -16.1. Peşə təhsili müəssisəsi aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsas tutulmaqla, “Təhsil haqqında”, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının qanunlarına, bu Qanuna və öz nizamnaməsinə uyğun olaraq idarə edilir. -16.6. Dövlət peşə təhsili müəssisəsində ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən pedaqoji şuradır. -18.1.Peşə təhsili sahəsində təhsilalanların hüquqları Azərbaycan Respublikasının Konstitusiyasına, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, bu Qanuna, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilir. -18.2. Peşə təhsili sahəsində təhsilalanlar dövlət tərəfindən zəmanət verilən aşağıdakı hüquqlara malikdirlər: -18.2.1. həyat və sağlamlıq üçün təhlükəsiz şəraitdə, mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq; -18.2.2. təhsil müəssisəsini, təhsil istiqamətini, ixtisası, təhsil verənləri, təhsilalma formasını, yarımilliklər üzrə kreditlərin miqdarını, tədris planlarına uyğun olaraq tədris fənlərini və təhsil müəssisəsinin imkanları nəzərə alınmaqla təhsil dilini sərbəst seçmək;https://e-qanun.az/framework/39275 -18.2.3. şəxsiyyətin alçaldılmasına yönəlik hərəkətlərin bütün formalarından, sağlamlığa zərər vuracaq fiziki, mənəvi və psixoloji zorakılıq hallarından qorunmaq; -18.2.4. təhsil müəssisəsində təhsilini müvəqqəti dayandırmaq; -18.2.5. tibbi xidmətdən istifadə etmək, sağlamlıq vəziyyətinə görə tibbi müayinə xidmətlərindən yararlanmaq, müəyyən çatışmazlıqların (nitq pozuntuları, eşitmə və görmə qabiliyyətlərinin zəifliyi) korreksiya edilməsi üçün psixoloji-tibbi-pedaqoji yardım almaq; 18.3. Peşə təhsili sahəsində təhsilalanların vəzifələri aşağıdakılardır: 18.3.1. dövlət təhsil standartlarına uyğun praktiki məşğələlərdə iştirak etmək, bilik, bacarıq və vərdişlərə yiyələnmək; 18.3.2. ixtisas üzrə verilən təlimatlara əməl etmək, tapşırılan işi diqqətlə yerinə yetirmək; 18.3.3. təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə əməl etmək, mühəndispedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq; 18.3.4. əmək alətləri, avadanlıqlar və digər ləvazimatlarla ehtiyatla davranmaq, təhlükəsizlik tədbirlərinə əməl etmək; 18.3.5. dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək; 18.3.6. qanunda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Eyni hüquq və vəzifələr “Təhsil haqqında” Qanunun 32-ci maddəsində nəzərdə tutulmuşdur. Məhkəmə qeyd olunan normalara əsasən qeyd edir ki, İddiaçı təhsil hüququ pozulmuşdur. Belə ki, cavabdeh Masallı Peşə Məktəbinin direktor əvəzi Nümayəndə, İddiaçıun onun şərəf və ləyaqətinə hörmətsizlik ifadə edən təhqilər və nalayiq sözlər işlətməsini bildirmiş olsa da, həmin hallar öz təsdiqini tapmamışdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Nümayəndə Pedoqoji Şuranın sədri kimi, özü iclası toplamış, İddiaçıun iştirakı təmin olunmamış, özünün sədr olduğu iclasın qərarı ilə, Peşə Məktəbinin adından iddiaçının məktəbdən xaric edilməsi barədə əmr vermişdir. Bundan başqa Nümayəndə bütün şifahi və yazılı izahatlarında qeyd etmişdir ki, İddiaçı ondan üzr istəyəcəyi halda, bağışlayacaqdır. Bu da ona əsas verir ki, Məhərrəm Fəyyatev qərəzli hərəkət nümayiş etdirmişdir. Məhkəmə ödənilməmiş tələbə təqaüdünün verilməsi tələbinə münasibətdə qeyd edir ki, “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi” Qaydalarının 3.1. və 3.3.-cü bəndlərinə əsasən dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, peşə təhsili müəssisələrinin əyani təhsilalma forması üzrə təhsil alan tələbələrinə təqaüd onların aralıq qiymətləndirmə (yarımil) nəticələrinə görə verilir. Hər bir ixtisas üzrə təqaüdlərin sayı nəzərə alınmaqla, aralıq qiymətləndirmənin yekun nəticələrinə əsasən ən yüksəkdən başlayan sıralamaya uyğun növbəti yarımildə təqaüd alacaq tələbələrin siyahısı müəyyən edilir. Təqaüd dövlət tərəfindən birtərəfli qaydada dövlət büdcəsi hesabına ödənilən vəsaitdir. Göründüyü kimi, İddiaçı ixtisası üzrə bərpa olunduqdan sonra, onun aralıq qiymətləndirmə nəticələrinə görə təqaüdün verilməsi nəzərdə tutularsa, yenidən təhsil aldığl müddətdə həmin təqaüdlə təmin olunacaqdır. Ona görə də, ödənilməmiş təqaüdün hazırkı vəziyyətdə verilməsi qanunauyğun deyil. Mülki Prosessual Məcəllənin: 14.2 maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1 maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, izahatlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Masallı Peşə Məktəbi üzrə verilmiş 26 aprel 2023-cü il tarixli, 18 saylı əmr etibarsız hesab edilsin və İddiaçı “Elektrik-qaz qaynaqçısı” ixtisası üzrə ******* nömrəli qrupa bərpa edilsin. İddia ödənilməmiş tələbə təqaüdünün verilməsi hissədə təmin olunmasın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar