Məhkəmə qərarları › İş №2(050)-1959/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1959/2024

03.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1959/2024 03.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh maddi ziyana görə 8629 manat, mənəvi ziyana görə isə 100 manat və 113 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi tələbi barədə məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, özünə məxsus olan avtonəqliyyat vasitəsini ağ ciyər xəstəsi olduğuna görə müalicə olunmaqdan ötrü başqa bir şəxsə satmışdır. Bunu bilən Gəyəçöl kənd sakini Cavabdeh qəzaya düşmüş avtomaşını göstərib demişdr ki, “gəl, mənim avtomaşınımı təmir etdirib, sonra da sataq”. O, əvvəlcə Talehin böyük qardaşı Xudayara zəng etmiş, Xudayar “Taleh mənim qardaşımdır, narahat olmaya bilərsən” demişdir. Həmin avtomaşına bazarda 600 təklif etmişlər. Avtomaşının tam təmirinə 1029 pul xərcləmişdir. Avtomaşını təmir etdirdiyi vaxtda qonşuluqda olan mağazada 320 manatlıq ərzaq almışlar. Taleh “maşını satandan sonra ərzaqın pulunu verərik” demişdir. Avtomaşın tam təmir olandan sonra ona 4000 manatlıq qiymət qoyulmuşdur. Taleh avtomaşını təmir olunandan sonra onu satmadı mağazadan alınan ərzaqların dəyəri olan 320 manat borcunu da verməmişdir. O hissə-hissə o pulu ödəmişdir. Sonra Taleh əlində bıçaqla evinə girmiş, evinə hücüm edib qapı və pəncərəni sındırmaq istəmişdir. O, dərhal DİN-in "102" xidmətinə zəng etmiş, yalnız bundan sonra qorxub getmişdir. Sonra iddiaçı vərəm dispanserinə gedərkən cavabdeh ora getmiş və iddiaçıya xəsarət yetirmişdir. Bu barədə yenə də, polisə şikayyət etmişdir. Lakin yenə də, şikayətinə baxılmamışdır. Ciyəri ağır zədələndiyi üçün o, özünə qan köçürməyə və müalicə almağa başlamışdır. İki ay ərzində Ağ ciyər İnstitutunun yazmış olduğu reseptlə müalicə olunmuşdur. Reseptlərin qiyməti 920 azn təşkil etmişdir. Ağır antibiotiklər və bahalı dərmanlar almışdır. Sonra Taleh onu ağır namus söyüşü ilə təhqir etmişdir. Bu barədə də polisə şikayət etmişdir. Lakin yenə də, şikayətinə baxılmamışdır. Sonra Taleh rayon prokurorluğun qarşısında dişlərini sındırmışdır. Sonra ona demişdir ki "get hara istəyirsən şikayət et. Mən bir nömrəli qanun oğrusuyam. Heç kim mənə heç nə edə bilməz”. Bu barədə yenə də polisə şikayət etmiş, Musaküçə kənd ərazi polis müfəttişi ərizəsini almış və maşını ilə məni evə gətirmiş, lakin həkimə aparmamışdır. Polisdə yenə şikayətinə baxılmamışdır. Beləliklə Cavabdeh ona məxsus avtomaşının təmiri üçün vermiş olduğu 1029 manat, ərzaq mağazasından aldığı ərzaqa görə 320 manat, döyülməyi nəticəsində ciyərlərində törətdiyi xəsarətlərə görə, ciyərlərinin müalicəsi üçün sərf etdiyi 920 manat, dişlərinin müalicəsi üçün 6000 manat, ümumilikdə maddi ziyan görə 8269 manat təşkil edir. Bundan əlavə olaraq Cavabdeh onun şərəf və ləyaqətini nüfuzdan salan və onu ictimayyət arasında nüfuzuna xələl gətirən hərəkətlər etmişdir. Belə ki, cavabdeh onu namus söyüşləri ilə təhqir etmişdir. Ona dəfələrlə xəsarət yetirməklə ona qarşı kobud özbaşınalıqlar etmişdir. Mənəvi zərər insani iradi emosianal sferasına vurulmuş zərbələrdir. Ona heç bir pul vahidi ilə ölçüyə gətirmək mümkün deyildir. Mənəvi zərər insanı daxilən sarsıntı keçirməsində ifadə olunur ki, buda onun şüurunda silinməz izlər qoymuşdur. Odur ki, mənəvi zərərə görə də Cavabdeh təqribən 100 manat civarında pul ödəməlidir. Cavabdehdən ona vurduğu ziyanın ödənilməsini tələb etsə də, cavabdeh ona heç bir ziyan ödəməyəcəyini bildirmişdir. Odur ki, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, Masallı şəhəri, Bakı-Astara yolunun kənarında yerləşən “Moskva” restoranını işlətmiş və ona məxsus olan “Nissan-sunny” avtomobilini də satışa qoymuşdur. Abbasov Ağadədə əvvəllər tanıyırmış, ona görə də ona yaxınlaşaraq həmin avtomaşından xoşu gəldiyini və almaq istədiyini bildirmişdir. Avtomaşının qiymətini soruşduqda o, 10 min manat olduğunu demiş, iddiaçı isə biraz aşağı qiymətə satmasını istəmiş və o, 9 min manata onunla razılaşmışdır. Bir neçə gündən sonra gəlib ona demişdir ki, onun dostları gələcək, ona görə də həm avtomaşın barəsində danışacaq, həm də yemək-içmək olacaqdır. Sonra Ağadədə ona demişdir ki, “olar ki, mən avtomaşını bir qədər sürüm, yoxlayım görüm necədir”. Cavabdeh də onunla razılaşmışdır. Ağadədə təqribən 30-40 dəqiqədən sonra maşını tamamilə əzilmiş formada gətirmişdir. Sonra ondan xahiş etmişdir ki, polisə bu barədə bildirməsin, maşının əzilmiş hissələrini özü təmir etdirəcək və təmir etdirib özü alacaq. O, hələlik pulunu olmadığını ona bildirmiş, o ehtiyat hissələrini Bakıdan gətizdirərək avtomaşını təmir etdirmişdir. Həmin vaxtan avtomaşının təmiri üçün 1500 manatr xərc çəkmiş və bunu Ağadədəyə bildirmişdir. O, isə 300 manat məbləğində avtomaşına pul vermiş və qalan məbləği isə sonra verəcəyini bildirmişdir. Sonradan o, pulunu tələb etmiş, onu polisə qorxuzmaqla hədələmiş və ona nalayiq ifadələr işlədərək pul verməyəcəyini bildirmişdir. Nəhayət 10 il üstündən keçəndən sonra yenidən məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. O, Ağadədən pul almamışdır. Məhkəmə iclasında Şahid Adəm oğlu ifadəsində bildirmişdir ki, təxminən 4-5 il bundan qabaq iki nəfər gələrək nisyə mal istəmişdir. Ağadədəni tanıyır, digər tərəfin isə adını dəqiq xatırlamır. Ərzaqları bir yerdə götürmüşlər, Ağadədə zamin durmuşdur. Ərzaqların qiyməti 300 manatdan çox idi. Əgər ərzağı götürən şəxs pulu verməsə, Ağadədə verməli idi. Həmin şəxs borcunu qaytarmadığından, Ağadədə ona hissə-hissə borcu qaytarmışdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Masallı Rayon Polis Şöbəsinin 31 dekabr 2021-ci il tarixli məhkubundan görünür ki, İddiaçı Cavabdeh barəsində 3500 manat borc pulun qaytarılması barədə şikayətinə cavab olaraq, işin mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdeh Masallı Rayon Polis Şöbəsinə ünvanlanmış, 23 noyabr 2021-ci il tarixli izahatında bildirmişdir ki, Ağadədə ondan maşının təmiri üçün 3500 manat almasını izahatında qeyd etsə də, bu yalan və böhtandır. İddiaçı Masallı Rayon Polis Şöbəsinə ünvanlanmış, 21 dekabr 2021-ci il tarixli izahatında bildirmişdir ki, Gəyəçöl kənd sakini Cavabdeh 9500 manat pul vermişdir. Həmin 9500 manat pulu o səbəbdən ondan istəmişdir ki, Cavabdeh idarə etdiyi avtomobili əzildiyindən ona 1029 manat pul vermişdir. Sonra həmin vaxtda 320 manat dəyərində kəndlərində olan ərzaq mağazasında alver etmişdir. Sonra 2150 manat pulu isə borca almışdır. Cavabdeh ona bildirmişdir ki, avtomobili təmir etdirəcək. Satandan sonra 3500 manat pulu verəcək. Dəfələrlə yaşadığı evə getsə də, həmin pulu verməmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia əsassızdır. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-21.3.-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsininin 23.1.-23.6.-cı maddələrinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Həmin Məcəllənin 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir Həmin Məcəllənin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21 və 23-cü mаddələrinin şərh edilməsinə dаir» Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin 31 mаy 2002-ci il tаrixli qərаrının nəticəvi hissəsində göstərilir ki, Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin qərаrdа göstərilir ki, mənəvi zərərin ödənilməsi, hаbelə qаnunvericilikdə nəzərdə tutulmuş bаşqа məhdudiyyətlərin tətbiq edilməsi Azərbаycаn Respublikаsı Konstitusiyаsı ilə qorunаn digər əsаs hüquq və аzаdlıqlаrlа mütənаsib olmаqlа hər bir konkret hаldа məhkəmənin mülаhizəsindən аsılıdır. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi bаrədə qаnunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi hаqqındа» Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun 03 nоyаbr 2008ci il tаrixli Qərаrının 8-ci bəndində Plenum izаh etmişdir ki, Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 1097-ci mаddəsinə müvаfiq оlаrаq mənəvi zərərin ödənilməsi bаrədə iddiа о hаllаrdа təmin edilə bilər ki, iddiаçının fiziki və mənvəvi sаrsıntılаr keçirməsi, bunlаrın cаvаbdehin qаnunsuz hərəkəti və yа hərəkətsizliyi nəticəsində bаş verməsi, qаnunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər аrаsındа səbəbli əlаqənin оlmаsı və zərərvurаn şəxsin təqsiri müəyyən edilmiş оlsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri- əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə iddia tələbinin əsaslarını istinad olunmuş maddi normalarla və qərarlarla qarşlıqlı təhlil edərək qeyd edir ki, iddiaçının istinad etdiyi faktlar işin halları ilə təsdiq olunmur, iddiaçı bu barədə məhkəməyə mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Cavabdehin hər hansı qanunsuz hərəkətlərinə görə iddiaçının müalicə və müayinə olunması, sağlamlığına ziyan vurulması, mənəvi sarsıntı və iztirab keçirməsi müəyyən olunmur. Məhkəmə araşdırması zamanı İddiaçı tərəflər arasında mübahisə olan vaxt Masallı Rayon Poliş Şöbəsinə müraciət etməsi müəyyən olunsa da, bu zaman Cavabdeh istər polis şöbəsinə ünvanlanmış izahatında, istərsə də məhkəmə iclasında bu halı qəbul etməmiş, yalan və böhtan olduğunu bildirmişdir. Məhkəmə Şahid Adəm oğlu ifadəsinə münaisbətdə qeyd edir ki, şahid ifadələri ilə iddiaçının iddia ərizəsində qeyd etdiyi nüanslar və iddiaçının məhkəmə iclasında verdiyi izahatlar arasında ziddiyətlər müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında dindirilmiş Şahid ifadəsində ərzaqları satmış olduğu digər adamın adını, hadisənin tarixi və satmış olduğu ərzaqların qiyməti barədə dəqiq məlumatlar verə bilməmişdir. Odur ki, şahid ifadəsi sübut kimi mötəbər hesab olunmur. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə qeyd edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin). b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olub- olmadığı araşdırılmalıdır. Məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Odur ki, iddia sübuta yetmədiyinə görə əsassız hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia rədd olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı 8269 manat maddi və 100 manat mənəvi zərər tələbi barədə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar