Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-23/2023 21.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı iştrakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı (üçüncü şəxs - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi) “payın naturada müəyyən edilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı (üçüncü şəxs - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********37 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla onunla cavabdehlərin mülkiyyətində olmaqla Masallı rayonu, Qızılağac kəndində yerləşən paybəlli torpaq sahəsindən onun 1/7 payının naturada bölünərək ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, atası Cavabdeh1, anası Cavabdeh2, bacısı Cavabdeh3, qardaşları Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və onun birgə mülkiyyətlərində Masallı Rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli qərarı ilə verilmiş və Torpağa mülkiyyət hüququna dair JN 176 Kod 80500038 saylı Dövlət aktında qeyd edilən Masallı rayonu, Qızılağac kəndində 1,77 ha payıbəlli torpaq sahəsi vardır. Masallı Rayon Məhkəməsinin xx.xx.2922-ci il tarixli, 2(050)-127/2022 saylı qətnaməsi ilə yuxarıda göstərilən torpaq sahəsində ümumi birgə mülkiyyət hüququna xitam verilərək həmin torpaq sahəsində hər bir mülkiyyətçinin payı 1/7 hissədə müəyyən edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş və bunun əsasında verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********37 reyestr nömrəli çıxarışda qeyd edilən Masallı rayonu, Qızılağac kəndində 1,7746 ha paybəlli torpaq sahəsi ümumi birgə mülkiyyətdə olmaqla hər birinin 1/7 payları qeyd edilmişdir. Yəni, sözügedən torpaqda hər birilərinə düşən torpağın norması aydındır. Lakin həmin normanın konkreti olaraq torpağın hansı hissəsindən olması məlum olmamaqla, payının ayrılması ilə bağlı bölgü planını isə digər payçılar olan cavabdehlər imzalamadığından torpaqda olan payın naturada ayrılması mümkün olmamışdır. Nəticədə isə torpağının mülkiyyətində olan hissəsi naturada ayrılmadığından həmin yerdən faktiki olaraq istifadə edə bilmir. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2 və 220.3-cü maddələrinə istinad edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 və 185.6-cı maddələrinə əsasən məhkəmə mülki işə cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********37 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Masallı rayonu, Qızılağac kəndində yerləşən 1,7746 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı, Cavabdeh2, Cavabdeh6 Allaherən oğlunun, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 hər birinin 1/7 hissədə mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində 175 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində qeydiyyata alınmışdır. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X2 arasında xx.xx.2012-ci ildə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə (arvada) Əlihəsənov (a) soyadı verilmişdir. Nikah haqqında arayışdan görünür ki, X1 Sevinc Allahverdi qızı arasında xx.xx.2007ci ildə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə (arvada) Nəcəfov (a) soyadı verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********19 saylı məktubda mülkiyyətçilərin qarşılığı razılığı olmadığı təqdirdə payın naturada bölgüsü üçün məhkəməyə müraciət edilməsi izah edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, bölgüsü nəzərdə tutulan 176 nömrəli 1,77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cənub-qərb istiqamətindən gediş-gəliş yoluna çıxışı vardır. Mübahisə predmeti olan 1,77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialının döngə nöqtələrinin koordinatlarına uyğun bölgü planı tərtib edilərək payçıların razılıqları əsasında notariat qaydasında təsdiqindən sonra İddiaçı 1/7 hissədə payının naturada ayrılması mümkündür. Qanunvericilikdə müəyyən edilmiş formada payın naturada ayrılması mümkündür. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialının döngə nöqtələrinin koordinatlarına uyğun İddiaçı iddia etdiyi payına düşən 1/7 hissənin yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 yanvar 2023-cü il tarixli, 10/7688 nömrəli ekspert rəyindən görünür ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********50 saylı saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən 1,77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialının döngə nöqtələrinin koordinatlarına uyğun olaraq İddiaçı 1/7 hissədə payının naturada ayrılması mümkün olduğu müəyyən edilir. İddiaçı payına düşən 1/7 hissənin yerləşmə vəziyyəti mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.1-ci maddəsində qeyd edilmişdir ki, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Eyni qərarda həmçinin qeyd edilmişdir ki, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərini paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Bundan başqa həmin qərarda o da qeyd edilmişdir ki, Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iddiaçının paylı mülkiyyətdə olan payının ayrılmasına münasibətdə qeyd edir ki, müvafiq ekspert rəyi ilə tərəflərin ümumi paylı mülkiyyətində olan torpaq sahəsindən iddiaçıya məxsus 1/7 hissənin ekspert rəyinə əlavə edilmiş yerquruluşu planına uyğun olaraq naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddiaçıya münasibətdə torpaq sahəsi naturada bölünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. İddiaçı tərəfindən imzlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, məhkəmə xərclərinin ona aid edilməsini xahiş etmişdir. Odur ki, ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu, mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş xidmət haqqı iddiaçıya aid edilməli, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 09 yanvar 2023-cü il tarixli, 10/7688 nömrəli ekspert rəyinə əlavə edilmiş yerquruluşu planına uyğun olaraq xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********37 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyətdə olan Masallı rayonu, Qızılağac kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı payına düşən 1/7 hissə naturada ayrılaraq ona verilsin. İddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu və mütəxəssis rəyinə görə ödənilmiş xidmət haqqı iddiaçıya aid edilsin. İddiaçı iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-23/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-23/2023
21.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver