Məhkəmə qərarları › İş №2(050)-239/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-239/2024

01.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-239/2024 01.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi Nümayəndə2, iddiaçının vəkili Vəkil Babaəli oğlunun və cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə. İddiaçı cavabdeh Masallı rayon İcra Hakimiyyətinə qarşı «qəyyum və himayəçilik orqanında müqavilənin bağlanılması» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Masallı rayon İcra Hakimiyyətinin onunla X3 əmlakını idarə etmək məqsədilə qəyyum və himayəçi təyin edilməsi öhdəliyi qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh Masallı rayon İcra Hakimiyyəti arasında etibarnamə ilə idarəetmə müqaviləsinin bağlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun oğlu X6 Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 04 noyabr 2021-ci il tarixli 2(008)-6466/2021 saylı qətnaməsinə əsasən 30 may 2007-ci il tarixdən xəbərsiz itkin düşmüş hesab edilmişdir. Oğlunun 2007-ci ildən 2021-ci ilin noyabrın 4-ə qədər birinci qrup Qarabağ əlil kimi almalı olduğu pulun alınması ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin Publik Hüquqi şəxsə qarşı iddia qaldırılmış və Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-11119/2022 saylı qərardadında göstərilmişdir ki, qəyyum və himayə orqanı ilə müqavilə bağlanmalıdır. Ona görə də Masallı rayon İcra Hakimiyyətindən xahiş edir ki, Masallı rayon qəyyumçuluq və himayəçilik orqanı ilə onun arasında oğlu X4 30 may 2007-ci ildən 04 noyabr 2021-ci il tarixə qədər birinci qrup Qarabağ qazisi kimi yığılan pensiyaların alınması qəyyum və himayəçi kimi müqavilə bağlanması xahiş olunmuşdur. Lakin, cavabdeh imtina verərək məhkəməyə müraciət etməyi məsləhət bilmişdir. Şirvan İnzibati Məhkəməsinə müraciət olunmuş, Şirvan İnzibati Məhkəməsində qanunsuz olaraq 2-1(120)-1548/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadla iddianı mümkünsüz hesab etmişdir. Həmin qərardan Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2-1(106)-373/2023 saylı qərardadı ilə iddianı mümkünsüz hesab edərək mülki məhkэməyə müraciət etməyi tövsiyə etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizsiənin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunmasını xahiş etdi. İddiaçının vəkili Vəkil Babaəli oğlu iddia ərizəsinin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsinin təmin edilməsinə etirazlarının olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)- 1548/2023 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh Masallı rayon İcra Hakimiyyətinə qarşı “X4 əmlakını idarə etmək məqsədi ilə qəyyum və himayəçi təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamışdır. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(050)-373/2023 nömrəli qərardadından görünür ki, Şirvan İnzibati Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2-1(120)-1548/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmaması və onun qəbulundan imtina edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)- 11119/2022 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin Publik Hüquqi şəxsə qarşı əmək pensiyası verilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti Başçısının Aparatının İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, M-05-2286 nömrəli məktubdan görünür ki, xəbərsiz itkin duşmuş hesab edilmiş oğlu X4 əmlakını idarə etmək məqsədi ilə Qəyyumluq və himayəçilik Komissiyası ilə aralarında muqavilə bağlanılması barədə rayon İcra hakimiyyətinə ünvanlamış muraciətə baxılmışdır. Azərbaycan Respublikası Mulki Məcəlləsinin 40-ci maddəsinin tələblərinə uyğun olaraq Qəyyumluq və himayəçilik orqanı ilə xəbərsız itkin duşmuş şəxsın əmlakının idarə olunması barədə müqavilə məhkəmə qərarı ilə bağlanılmalıdır. Xəbərsiz itkin duşmuş oğlu Səməd Əskərovun əmlakının idarə edilməsı üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-6466/2021 saylı qətnaməsindən görünür ki, xx.xx.1971-ci ildə Masallı rayonu, Qızılağac kəndində doğulmuş X7 30 may 2007-ci il tarixdən xəbərsiz itkin düşmüş hesab edilməsi qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X5 19 aprel 1963-cü ildə Masallı rayonu Qızılağac kəndində anadan olmuşdur. X2, anası İddiaçıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. 40.2. İtkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. 40.3. Xəbərsiz itkin düşmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin qanuni vərəsələri xəbərsiz itkin düşmüşün əmlakını etibar olunmuş əmlak kimi idarə etmək, o cümlədən ondan fayda götürmək ixtiyarı əldə edirlər. Bu əmlakdan xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verilir və borclar ödənilir. 40.4. Xəbərsiz itkin düşmüş fiziki şəxsin qanuni əmlakının daimi idarə edilməsi zərurəti yarandıqda, əgər onun qanuni vərəsələri yoxdursa, məhkəmənin qərarı ilə bu əmlak qəyyumluq və himayəçilik orqanı tərəfindən müəyyənləşdirilən və həmin orqanla bağlanan etibarnamə ilə idarəetmə müqaviləsi əsasında fəaliyyət göstərən şəxsə verilir. Xəbərsiz itkin düşmüş şəxsin əmlakının idarəçisi itkin düşmüş şəxsin əmlakı hesabına onun borclarını ödəyir, əmlakı həmin şəxsin xeyrinə idarə edir, xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verir. Əgər idarəçinin təyin edildiyi gündən üç il keçənədək şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında məhkəmə qərarı ləğv edilməzsə və şəxsin ölmüş sayılması haqqında məhkəməyə müraciət edilməzsə, qəyyumluq və himayəçilik orqanı fiziki şəxsin ölmüş sayılması haqqında ərizə ilə məhkəməyə müraciət etməyə borcludur. 40.5. Xəbərsiz itkin düşmüş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında qərarı, habelə onun əmlakının idarə olunması haqqında qərarı ləğv edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Masallı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanında X3 əmlakını etibarnamə ilə idarəetmə müqaviləsi bağlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar