Məhkəmə qərarları › İş №2(050)-2457/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2457/2023

22.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2457/2023 22.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Fərəcov X1 Ağagül Xudi oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi ziyana görə 1540 manat, mənəvi ziyana görə 5000 manat və dövlət rüsumuna görə 85.40 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə, saat 18:30 radələrində idarə etdiyi “UAZ 31512” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Masallı rayonu, Qəriblər kəndi ərazisində 2 ədəd camışı vurmuşdur. Camışlar nəzarətsiz olmuş, qəfildən yolun hərəkət hissəsinə çıxmışlar və camışları vurmuşdur. Bundan sonra bilmişdir ki, camışlar Cavabdeh məxsusdur. Buna görə də onun oğlu Raminə zəng etmiş və hadisə yerinə gələrək heyvanları kəsməyi bildirmişdir. Ramin həmin yerə gəlmiş və heyvanları ölmədən kəsərək 350 manata satmışlar. O, camışların cavabdehə məxsus olduğu üçün onunla hallallaşmaq istəmiş və ona 1000 manat pul vermiş, həmin pulun 350 manatı cavabdehin camışlarının pulu, qalanı isə öz pulu olmuşdur. Lakin cavabdeh 1000 manatı aldıqdan sonra ondan 3000 manat pul istəmiş və onunla razılaşmamış, müxtəlif orqanlara şikayətlər etməyə başlamışdır. Halbuki, onun maşınına da 890 manat ziyan dəymişdir. Cavabdeh bundan sonra polisə şikayət etmiş və araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh heyvanlarını nəzarətsiz saxladığı üçün məsuliyyət daşıyır. Buna görə də onun barəsində inzibati protokol tərtib olunmuş və Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinib 80 manat cərimə edilmişdir. Cavabdeh təqsirli hesab olunduğu üçün ona dəymiş ziyanı ödəməlidir. Həmçinin, cavabdeh ondan əsassız olaraq müxtəlif dövlət orqanlarına şikayət etmiş, araşdırma aparılmış və onun təqsiri olmadığı hər dəfə sübuta yetirilmişdir. Cavabdehin qanunsuz şikayətləri nəticəsində şərəf və ləyaqəti alçalmış, işgüzar nüfuzuna xələl gəlmiş, dəfələrlə müxtəlif orqanlara çağırılmışdır. Nəticədə stres, əsəb keçirmiş, mənəvi olaraq iztirab keçirmiş və ona mənəvi ziyan dəymişdir. Dəymiş mənəvi ziyanı 5000 manat olaraq qiymətləndirir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 1096.1-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2022-ci tarixli Plenum Qərarına istinad etmişdir. Cavabdeh iddiaya qarşı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə idarə etdiyi üzərində dövlət qeydiyyat nişanı olmayan “UAZ” markalı avtomobil ilə Masallı rayonu, Qəriblər kəndindən Şıxlar kəndi istiqamətində yüksək sürətlə hərəkətdə olarkən qəfil idarəetməni itirmiş və onun Şıxlar-Qəriblər yolunun sağ hissəsilə örüşdən qayıdan iki ədəd iribuynuzlu camışını vuraraq öldürmüşdür. Bu fakt ilə bağlı şikayətindən sonra araşdırma aparılmış, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə qanunsuz protokol tərtib edilərək, toplanmış material baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinib 80 manat cərimə edilmişdir. Həmin qərardan şikayət vermiş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(106)-206/2023 saylı qərarı ilə Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(050)-432/2023 saylı qərarı ləğv edilmişdir. İddiaçı idda ərizəsində göstərir ki, güya onun barəsində əsassız olaraq Meliorasiya və Su Təssərrüfatı ASC-yə, Müdafiə Nazirliyinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Masallı Rayon Polis şöbəsinə və Masallı Rayon Prokurorluğuna şikayətlər etmişdir. Bu yalandır. Onun bildirdiyi ünvanların heç birinə müraciət etməmişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev başda olmaqla Baş prokuror cənab Kamran Əliyevə, Daxili İşlər naziri cənab Vilayət Eyvazova və İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) xanım Səbinə Əliyevaya müraciət edərək, İddiaçıla bağlı əldə etdiyi bəzi ehtimal edilən qanun pozuntularına dair məlumatların araşdırılmasını xahiş etmişdir. Müraciətdən də göründüyü kimi onun şərəf və ləyaqətini alçaltmamış, belə bir fikiri də olmamişdır. xx.xx.2023-cü il tarixli müraciətinin göndərilməsindən iki aydan da çox vaxt keçmişdir. Ancaq müraciətinin araşdırılmasının nəticəsi ilə bağlı ona heç bir cavab verilməmişdir. Yəqin ki, 01.05.203-cü il tarixli müraciətində göstərdiyi halların təsdiq olunub-olunmaması barədə dövlət orqanları tərəfindən İddiaçı hansısa rəsmi sənəd göndərilmişdir. Belə olan halda o, şərəf və ləyaqətinin alçaldığını necə müəyyən etmişdir? İnanır ki, onun müraciətində qeyd edilən faktlar dəqiqdir və obyektiv araşdırma aparılarsa hamısı təsdiqini tapacaqdır. Dövlət orqanları tərəfindən onun xx.xx.2023-cü il tarixli müraciətində göstərdiyi qanun pozuntularının araşdırılmasına dair cavab məktubu olmadığı halda İddiaçı maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməsi qanunsuzdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Lakin ərizə ilə məhkəməyə müraciət edərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə proseslərinin iştirakı olmafdan keçirilməsini xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(050)-432/2023 saylı qərarından görünür ki, inzibati xəta törətmiş şəxs Cavabdeh 01 mart 2023-cü il tarixli, İXP ******* saylı iznibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(106)-206/2023 saylı qərarından görünür ki, Masallı Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 3(050)- 432/2023 saylı qərarı ləğv edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə olan inzibati xəta haqqında işin inzibati xəta hadisəsi olmaması əsası ilə xitam verilmişdir. xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın nəticə hissəsində göstərilir ki, “...toplanmış materialda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilməli, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə tədbir görülməli, lakin Cavabdeh barəsində Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixdə iş № 3(050)-432/2023 saylı qərarına əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati qaydada cərimə olunduğu üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə tədbir görülməsi nəzərə alınmalı, qəbul edilmiş qərarın surəti tərəflərə göndərilməklə tələbləri ilə bağlı mülki qaydada rayon məhkəməsinə müraciət etmək hüququnun olması onlara izah edilməlidir.” - Azərbaycan Respublikası Mülki Məcəllənin: - 1096.1 və 1096.2-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Hazırkı işdə sadalanan əsaslardan zərər vuran şəxsin təqsirli olması əsası mövcud deyildir. İddiaçı iddia ərizəsində baş vermiş hadisədə cavabdehin təqsirli olması barədə Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(050)-432/2023 saylı qərarına istinad etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(106)-206/2023 saylı qərarı ilə Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(050)-432/2023 saylı qərarı ləğv edilmişdir. xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına göstərilir ki, “məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.” İddia tələbinin 5000 manat mənəvi zərərin ödənilməsi hissəsinə münasibətdə nəzərə alınmalıdır ki, iddiaçı məhkəmə baxışının gedişində həqiqətən də mənəvi sarsıntılara və iztirablara məruz qaldığını, cavabdehin qanunsuz hərəkətləri nəticəsində şərəf və ləyaqətinin alçaldılmasını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Məhkəmə qeyd edir ki, tərəflər arasında mübahisə var və cavabdehin iddiaçının qanunsuz hesab etdiyi hərəkəti barəsində dövlət qurumuna edilmiş müraciət, bu müraciətin əsassız olması halında belə, iddiaçının şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz, əks halda bu, vətəndaşların Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş müraciət etmə hüququndan onların məhrum edilməsi demək olardı. Nəzərə alınmalıdır ki, vətəndaş kiminsə fəaliyyətini tənqid, yaxud onun hərəkətləri haqqında məlumat və ya şikayət edərkən, bu məlumatın və ya şikayətin təsdiq olunmaması riskini daşımamalıdır. Məhkəmənin belə mövqeyi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə də uyğundur. “Zaxarçenko Rusiyaya qarşı” iş üzrə həmin məhkəmə qeyd etmişdir ki, dövlət orqanına göndərilmiş məktubda qeyd edilən tənqidi fikirlər söz azadlığının məhdudlaşdırılması üçün əsas ola bilməz. Həmin qərarda göstərilir ki, «ərizəçinin onun qeyri-qanuni hesab etdiyi məsələni araşdırmalı olan səlahiyyətli dövlət orqanına və ya onun vəzifəli şəxsinə məktubla müraciət etməsi mühüm əhəmiyyət kəsb edir. Vətəndaşların qeyri-qanuni hərəkət hesab etdikləri məsələlər barədə bunu araşdırmağa səlahiyyəti olan dövlət orqanına müraciət etmək nəinki onların hüququ, hətta qanunla nəzərdə tutulmuş vəzifəsidir. Ərizəçi, ərizəsini qanunla müəyyən edilmiş hüdudlarda vermişdir. Ərizə birbaşa dövlət orqanına ünvanlanmış və hər hansı formada dərc edilməmiş və bu ərizədə göstərilən məlumatların geniş kütləyə çatdırılması üçün ərizəçi heç bir hərəkət etməmişdir. Məhkəmə vətəndaşların və vəzifəli şəxslərin diffamasiya və təhqirə məruz qalmamasının vacibliyi ilə yanaşı həmçinin bildirir ki, bu, hər bir işin konkret hallarından asılıdır. Hazırkı işdə ərizəçinin məktubla dövlət orqanına müraciət etməsi məlumatların yayılması kimi qiymətləndirilməmişdir». MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “maddi ziyana görə 1540 manat, mənəvi ziyana görə 5000 manat və dövlət rüsumuna görə 85.40 manat pulun alınıb ona verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar