Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-2474/2025 02.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbrizoviç İddiaçı Cavabdeh qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyü haqqında məsələyə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh şərəf və ləyaqətini alçaltdığı üçün vurmuş olduğu mənəvi ziyana görə 3000 (üç min) manat məbləğində pulun və dövlət rüsumuna görə ödəmiş olduğu 50 (əlli) manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İş materiallarından görünür ki, iddiaçı Cavabdeh şərəf və ləyaqətini alçaltdığı üçün vurmuş olduğu mənəvi ziyana görə 3000 (üç min) manat məbləğində pulun tutulmasını xahiş etsə də, öz tələbinin əsası kimi istinad etdiyi “whatsap” yazışmalarının məhz cavabdeh tərəfindən yazılmasını təsdiq edən sübutları ərizəyə əlavə etməmişdir. Ərizəyə əlavə edilmiş kağız vərəqdə olan yazıların isə harada və kim arasında yazışmanı əks etdirməsini müəyyən etmək mümkün deyildir. Mülki Prosessual Məcəlləsinin 150.1.1-ci maddəsinə əsasən iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) əlavə edilir. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi elektron formada verilmədiyi halda ərizəyə cavabdehin sayına görə iddia ərizəsinin surəti əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı qərardadda göstərilən nöqsanı aradan qaldırdıqdan sonra ümumi qaydada təkrarən məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №2(050)-2474/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-2474/2025
02.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver