Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2522/2024 30.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «yalan məlumatların təkzib olunması, maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilmiş işin halları: Cavabdeh1 və Cavabdeh2 adlı kənd sakinləri Masallı rayon Musaküçə bələdiyyəsindəki fəaliyyətini, eyni zamanda şəxsi ünvanına, ailəsinin adına dövlət əmlakının ələ keçirilməsi, vətəndaşların mülkiyyət hüquqlarına qanunsuz müdaxilə etdiyi, müxtəlif xarakterli yalan, şər, böhtan məzmunlu şikayətlər yazmaqla işgüzar nüfuzuna, şərəf, ləyaqətinə ləkə vurmağa cəhdlər etmişlər və bu gündə həmin əməllərini davam etdirirlər. Bununla bağlı müxtəlif vaxtlarda dövlət orqanlarına Azərbaycan Respublikasının Prezidentinə, Ədliyyə Nazirliyinə, Ədliyyə Nazirliyinin Regional İdarəsinə, Masallı Rayon İcra Hakimiyyətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə əsassız şər-böhtan xarakterli şikayətlər yazmaqla onun və bələdiyyənin fəaliyyətinə maddi və mənəvi ziyan vurmuş, işgüzar nüfuzuna zərər vuraraq, iş rejimini pozaraq maneələr törətmiş şərəf və ləyaqətinin alçaldılmasına cəhd etmişlər. Onların ünvanladığı şikayətlər müxtəlif orqanlarda iş materiallarında yığıldığından xüsusilə də Ədliyyə Nazirliyinin Lənkəran Regional İdarəsində toplandığından məhkəməyə təqdim edə bilmir. Onların şikayətləri müxtəlif orqanlarda araşdırılmış şikayətlərin əsassız, yalan xarakterli olması səbəbindən şikayətlərə xitam verilmişdir. Lakin bütün bunlara baxmayaraq onun və bələdiyyənin nüfuzuna xələl gətirən şər, böhtan, yalan xarakterli əməllərini davam etdirir, bununla da onun, bələdiyyənin, dövlət orqanlarının normal fəaliyyətinə maneələr yaradır, iş rejimini pozurlar. Dəfələrlə araşdırmalarda məlum olmuşdur ki, bələdiyyə tərəfindən kənd sakinlərinə satılan həyətyanı, sahibkarlıq məqsədli torpaq sahələri qanunun bütün tələblərinə əməl edilməklə icra edilməsi təsdiqini tapsa da onların qanunsuz tələblərini yerinə yetirmədiyinə görə öz qərəzli münasibətlərini davam etdirirlər. Onların haqsız, ədalətsiz qərəzli əməlləri təbii ki, bir insan kimi onun səhhətinə mənfi təsir edir, sağlamlığında problemlər yaradır və bununla əlaqədar artıq uzun müddətdir ki, anbulator müalicə alır. Qeyd edir ki, Məmmədrza və Ceyhun qaynata-yeznə olmaqla haqqında heç bir əsası olmayan cinayət xarakterli əməllər törətdiyi baradə ittihamlar irəli sürmüşlər. İddiaçının tələbi: Cavabdehlər Masallı rayon Musaküçə kənd sakinləri Cavabdeh1 və Cavabdeh2 yazdıqları yalan məlumatları təkzib etməsi, üzr istəmələri vurulmuş maddi-mənəvi ziyana görə onların hər birindən 5000 (beş min) manat pulun, eləcə də ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-2522/2024 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «yalan məlumatların təkzib olunması, maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə icraata Cavabdeh1 münasibətdə hissəvi xitam verilməsi qərara alınmışdır. Tərəflərin mövqeyi: Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin teleqramla müraciət edərək ezamiyyətdə olması ilə əlaqədar məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh2 izahat verərək iddia tələbinin əsassız olduğunu, qarşı tərəfin iddia ərizəsi ilə bağlı məhkəməyə sübutlar təqdim etmədiyini bildirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin xx.xx.2024-cü il tarixdə Cavabdeh2 iddia ərizəsinə etiraz verərək etirazında göstərmişdir ki, İddiaçı maddi, mənəvi təzminat ödənilməsi tələbinə dar iddia ərizəsində göstərdiyi tələbi qəbul etmir. Belə ki, iddiaçı ərizəsində göstərmişdir ki, müxtəlif vaxtlarda dövlət orqanlarına Azərbaycan Respublikasının Prezidentinə, Ədliyyə Nazirliyyinin Regional İdarəsinə, Masallı rayon İcra Hakimiyyətinə və Ekollogiya və Təbbi Sərvətilər Nazirlliyinə əsassız şərh-böhtan xarakterli şikayətlər yazmaqla onun və bələdiyyənin fəaliyyətinə maddi və mənəvi ziyan vurmuş, işgüzar nüfuzuna zərər vuraraq, iş rejimini pozaraq maneələri törətmiş şərəf və ləyaqətinin alçaldılmasına cəhd etmişdir. Buna görə o, yəni Cavabdeh2 Solatanağa oğlunun yazdıqları yalan məlumatları təkzib etmələri, üzr istəmələri vurulmuş maddi-mənəvi ziyana görə onların hər birindən 5000 manat pulu alınıb cavabdehə verilməsini xahiş etmişdir. Masallı rayon Müsaküçə kəndində yeləşən Bakı-Astara magistral yolu kənarda 30 il istifadə etdiyi 50 kv.m sahədə yerləşən 20 kv.m dükanına olan sənədləri əsasında çıxarış əldə etmək üçün İddiaçı məsləhət almaq istəmişdir. İddiaçı dükana aid sənədlərlə tanış olub bildirmişdir ki, torpaq və tikintiyə dair rəyləri çatışmır. O da rəylərin hansı yolla əldə edilməsini soruşmuş, İddiaçı ona bildirmişdir:-“400 manat ver, tanışlarım vasitəsi ilə bir həftə ərzində düzəldirəm”. Bu barədə səs yazıları vardır. İddiaçı, iki həftə ərzində iki rəy vermiş, daha sonra o, həmin rəyləri Daşınmaz Əmlakın Masallı filialına təqdim etmişdir. Lakin rəy düzgün olmadığında imtina cavabı verilmişdir. Bu sənədlərin hazırlanması üçün iki ilə yaxın idarələrə getmişdir. Bundan sonra İddiaçı bildirmişdir ki, 400 manatını və ona iki il ərzində dəymiş ziyanı və ya Masallı rayon Müsaküçə kəndində yeləşən Bakı-Astara magistral yolu kənarda 30 il istifadə etdiyi 50 kvm sahədə yerləşən 20 kv.m dükanına aid çıxarışı hazırlayıb versin. İddiaçı isə sözünə əhmiyyət verməmişdir. O da, məcburiyyət qarşısında qalıb pozulmuş hüquqlarının bərpa edilməsi üçün İddiaçı müxtəlif dövlət orqanlarına şikayətlər etmişdir. Bunda əlavə 2013-cü il tarixdə Masallı rayon Müsaküçə kəndində 06.ha həyətyanı torpaq sahəsi ayırsa da, lakin sonradan guya qanunsuz zəbt edilməsi ilə bağı akt tərtib edərək Daxili İşlər Nazirliyinə şikayət etmişdir, bu barədə Masallı rayon polis şöbəsinin istintaq bölməsində araşdırma zamanı yenidən arayış vermişdir ki, sözü gedən torpaq sahəsi bələdiyyədən ayrılmışdır. İş materiallarına əlavə edilmiş sənədlər: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 2984 saylı, xx.xx.2019-cu il tarixli Cavabdeh1 ünvanlanmış məktubundan görünür: “Sizin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt” xidmətinə “Masallı rayonun Musakücə kəndi ərazisindən keçən Viləş çayının qazılması” barədə verdiyiniz xx.xx.2019-cu il tarixli İD 4475 saylı məlumat birgə iştirakınızla yerində araşdırılmışdır. Aparılan araşdırma zamanı verdiyiniz yazılı izahatda kənddən keçən Viləş çayının üzərində olan asma körpünün ətrafında günün müəyyən vaxtlarında qanunsuz qazıntı işlərinin aparıldığını bildirmişsiniz. Masallı rayon Musakücə bələdiyyəsinin verdiyi xx.xx.2019-cu il tarixli arayışda Müsaküçə kəndi ərazisindən keçən Viləş çayının ətrafında məlum olmayan şəxs tərəfindən ekskvatorla günün müəyyən vaxtlarında qazıntı aparıldığını qeyd etmiş və sözügedən ərazidə qazıntı işlərinin qarşısını almaq məqsədilə nəzarətə götürüldüyünü bildirmişdir. - Şikayətinizlə əlaqədar olaraq sözügedən əraziyə yerində baxış keçirərkən çayın kənarında əvvəllər qazıntı aparıldığı, lakin Musaküçə bələdiyyəsi tərəfindən qazılmış ərazidə düzləndirmə işlərinin aparıldığı müəyyən olunmuşdur. Masallı rayonun Musaküçə kəndi ərazisindən keçən Viləş çayının ətrafında və digər yerlərdə qazıntı işlərinin qarşısını almaq məqsədilə İdarə tərəfindən nəzarətə götürülmüşdür. Bununla əlaqədar olaraq mövcud vəziyyət qanunamüvafiq qaydada sənədləşdirilərək akt tərtib olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 3-14/2-R-1311-3/2023 saylı, xx.xx.2023-cü il tarixli Cavabdeh1 ünvanlanmış məktubundan görünür:- “Masallı rayonu Musaküçə kəndindən keçən Viləş çayı və onun ətrafında qanunsuz, qazıntı işlərinin aparılması barəsində" adınızdan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elektron poçt ünvanına daxil olmuş xx.xx.2023-ci il tarixli 3-14/1 -R-1311-3/2023 nömrəli müraciət əməkdaşlarımız tərəfindən yerində araşdırılmışdır. Araşdırmada iştirakınızı təmin etmək məqsədi ilə sizinlə əməkdaşlarımız tərəfindən bir neçə dəfə telefon ilə əlaqə saxlanılmış və telefona cavab verməmişsiniz. Masallı rayonu İHB-nın Musaküçə kənd İƏDÜN-si Surac Şahverdiyevin birgə iştirakı ilə Masallı rayonu Musaküçə kəndində Viləş çayı yatağına və ona yaxın olan ərazilərə əməkdaşlarımız tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Masallı rayonu Musaküçə kəndində Viləş çayı yatağında və ona yaxın olan ərazilərdə qazıntı işlərinin aparılmadığı müəyyən olunmuşdur. Məlumat üçün bildiririk ki, şikayət ərizənizdə bildirilən Masallı rayonu Musaküçə kəndində Viləş çayı yatağında qazıntı işlərinin aparıldığı ərazidə əməkdaşlarımız tərəfindən xx.xx.2020-ci il tarixində araşdırma aparılmışdır. Aşkar olunmuş fakt qanunamüvafiq qaydada sənədləşdirilərək xx.xx.2020-ci il tarixli 59703 nömrəli akt tərtib olunmuş və hüquqi qiymət verilməsindən ötrü toplanmış sənədlər Masallı Rayon Prokurorluğuna xx.xx.2020-ci il tarixində göndərilmişdir. Həmin faktla bağlı idarəyə məlumat verilmədiyi üçün toplanmış sənədlər baxılmasından ötrü xx.xx.2022-ci il tarixində yenidən olaraq Masallı Rayon Prokurorluğuna göndərilmişdir. Araşdırmanın nəticəsi olaraq əməkdaşlarımız tərəfindən qanunamüvafiq qaydada akt tərtib olunmuşdur”. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Musaküçə kənd sakini X1 Musaküçə kəndi ərazisində yerləşən kənd sakinlərinin ümumi istifadəsində olan örüş torpaq sahəsinin və fudbol meydançasının bir hissəsində qanunsuz tikinti işlərinin aparılması barədə Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış müraciət araşdırılmışdır. Məlumat üçün bildirilir ki, Masallı rayonu Musaküçə kənd sakini X3 müraciət edərək Masallı rayonunun Musaküçə kəndi ərazisində yerləşən kənd sakinlərinin ümumi istifadəsində olan örüş torpaq sahəsinin və fudbol meydançasının bir hissəsində qanunsuz tikinti işlərinin apardığını bildirməklə özbaşına aparılan tikinti ilə bağlı tədbirlər görülməsini xahiş etmişdir. Araşdırma zamanı Musaküçə kənd sakini Cavabdeh2 tərəfindən Torpaq Qanunvericiliyinin və Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində özbaşına olaraq fərdi yaşayış evinin 1 (bir) mərtəbəsinin tikildiyi müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, sözügedən tikinti 2013cü ildə tikilmiş, hal-hazırda həmin evin tikintisi dayandırılmışdır. xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Masallı rayonu Musakücə kənd sakini Cavabdeh1 zəbt olunmuş torpaq sahələrində yaşayış evlərinin tikintisinin qarşısının alınması üçün tədbir görülməməsi səbəbləri və örüş sahəsində aparılmış qazıntı işlərinin həcmi və vurulmuş ziyanın aşkar olunması barədə müraciəti onun iştirakı ilə araşdırılmışdır. Müraciətə əsasən Masallı rayonu Musakücə bələdiyyəsinin Musaküçə kəndi ərazisində ayrı-ayrı vətəndaşların müraciətləri əsasında, həmçinin torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarətini həyata keçirmək məqsədi ilə aparılmış monitorinqlər zamanı aşkar edilmiş torpaq qanunvericiliyinin pozulması halları və görülmüş tədbirlər barəsində Cavabdeh1 ətraflı məlumat verilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, bəzi vətəndaşlar bələdiyyə mülkiyyətində olan torpaq sahələrində tikinti işlərinə başlayarkən bələdiyyə tərəfindən qarşısı alınmamış, müvafiq təşkilatlara rəsmi müraciət edilməmişdir. Bir neçə qanun pozuntusu vaxtında aşkar edilərək qarşısı alınmış və aradan qaldırılmışdır. Musaküçə kəndinin şimal-şərqində, Viləş çayının sağ sahilində yerləşən ötən illərdə aparılmış qazıntı işlərinin həcmi və vurulmuş ziyanın müəyyənləşdirilməsi səlahiyyətləri daxilində olmadığı Cavabdeh1 bildirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: Maddə 60 bənd İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri vətəndaşların təkliflərinin, ərizə və şikayətlərinin qəbul edilməsinin və onlara baxılmasının təşkili üçün məsuliyyət daşıyırlar. Vətəndaş böhtan məqsədilə ərizə və ya şikayət verdikdə, qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır (Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Qanunun 11-ci maddəsinin 1 və 3-cü bəndləri). Bələdiyyələrin, bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə qanunla müəyyənləşdirilmiş qaydada şikayət verilə bilər. (Bələdiyyələrin statusu haqqında AR Qanununun 53-cü maddəsi). Məhkəmə qeyd edir ki, «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 4 saylı qərarı və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı qərarı təşkil edir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunverciliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən məlumat əxlaqi prinsiplər, istehsal, təsərrüfat, xidmət və ictimai fəaliyyətlə ələqədar cəmiyyət kollektiv və yaxud ayrıayrı şəxslər barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyəqəti ləkələyən məlumat hesab edilir. Göstərilən Plenum qərarının həmçinin 3-cü bəndinə əsasən məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən 3 halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsulla yayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 7-ci maddəsinə müvafiq olaraq vətəndaşlar onların şərəf və ləyaqətlərini ləkələyən, həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsini məhkəmə yolu ilə tələb edə bilərlər. 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsininin 23.1.-23.6.-cı maddələrinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Konustitusiyası ilə qorunur, digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Şəxsin şərəfi, ləyaqəti təhqir olunarsa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə Qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 haqqında Konvensiyanın” müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər anlayışı insanın anadan gəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin bəndin 2-ci abzasına əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndinə görə fikri ifadə etmək azadlığının həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Azərbaycan Respublikası MPM-in 9.1-9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birilərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdırıb, tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsassızdır. İşin faktiki hallarına əsasən iddiaçı cavabdeh tərəfindən müxtəlif orqanlara onun barəsində yalan məlumatları əks etdirən şikayətlər verilərək onun işgüzar nüfuzuna xələl yetirilməsini iddia etmişdir. Qeyd edilən şikayətlərlə bağlı dövlət orqanlarının cavab məktublarında edilmiş şikayətlərin əsası bələdiyyə torpaqlarından təyinatına uyğun istifadə edilməməsi, həmin torpaqlarda qanunsuz tikinti işlərinin aparılması olmuş və bu halların araşdırılması ilə bağlı tədbirlər görülməsi xahiş edilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən dövlət orqanlarına müraciətlərlə bağlı cavab məktublarında Masallı rayon Musaküçə bələdiyyəsinin sədri kimi İddiaçı barəsində hər hansı yalan məlumatlar və ya onun işgüzar nüfuzuna, şərəf və ləyaqətinə xələl gətiriəcək məlumatlar müəyyən edilmir. Edilmiş müraciətlər isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 2984 saylı, xx.xx.2019-cu il tarixli Cavabdeh1 ünvanlanmış məktubundan və xx.xx.2021-ci il tarixli aktdan görünür, cavabdehin müraciətləri əsasında əraziyə baxış keçirilmiş və baxış zamanı Masallı rayonu Musaküçə kəndində Viləş çayı yatağında və ona yaxın olan ərazilədə əvvəllər qazıntı işlərinin aparıldığı müəyyən olunmuşdur. Göründüyü kimi Cavabdeh2 tərəfindən edilmiş şikayətlər yalan xarakterli olmamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Cavabdeh2 müraciətində işlədilən söz və ifadələr məna, məzmun və ifadə tərzinə görə əxlaqazidd olmamaqla yanaşı, şəxsi nüfuzdan salmağa yönələn hərəkətlər kimi qiymətləndirilmir. Qeyd olunmalıdır ki, həm şərəf, həm də ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusudur. Şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edirsə, ləyaqət həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi “yalan məlumatların təkzib olunması” tələbinə dair hissədə sübuta yetmədiyindən təmin edilə bilməz. İddia ərizəsinin “maddi və mənəvi zərərin ödənilməsi” tələbi “yalan məlumatların təkzib olunması" tələbinin törəmə tələbi olduğundan əsas tələb təmin edilmədiyindən, ondan törənmiş tələb də təmin edilə bilməz. Ona görə də iddia tələbi “maddi və mənəvi zərərin ödənilməsi” hissəsində də təmin edilməməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh2 qarşı «yalan məlumatların təkzib olunması, maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-2522/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2522/2024
30.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver