Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2779/2023 27.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, İddiaçı iştirakları ilə. İddiaçı cavabdeh Masallı rayon Şərəfə bələdiyyəsinin Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyan tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Masallı rayon Şərəfə bələdiyyəsinin sədri Cavabdeh1 və Cavabdeh2 qarşı 8000 manat yonca preslərinə görə, mənəvi zərərə görə 10000 manat pul məbləğinin tutulması, Masallı rayon Şərəfə bələdiyyəsinin sədri Cavabdeh1 vəzifə səlahiyyətlərini aşaraq, özbaşınalıq nəticəsində qanunazidd hərəkətlər və hərəkətsizlik edərək Cavabdeh2 tərəfini saxladığına görə barəsində xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublası Baş Prokurorluğuna göndərilməsinə dair qərar qəbul edilməsi tələbi barədə məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Masallı rayon Şərəfə Bələdiyyəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə Azərbaycan Respublikası Masallı rayonu Şərəfə bələdiyyəsinin 13 noyabr 2003-cü il tarixli, 11 nömrəli qərarı ilə, onunla 13 noyabr 2003-cü il tarixdə 2.60 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlamışdır. Müqavilə ilkin 15 illik müddətinə bağlanmışdır. Müqavilə üzrə ona Masallı rayon Şərəfə kəndində 2.60 ha torpaq sahəsi verilmiş, hər il torpaq vergisi nəzərə alınmaqla, icarə haqqını vaxtlı-vaxtında ödəmişdir. Masallı rayon Şərəfə Bələdiyyəsi tərəfindən verilmiş 24 iyul 2021-ci il tarixli 46/50 saylı arayışda qeyd olunmuşdur ki, Hacıyev X5 rayon Şərəfə Bələdiyyəsi tərəfindən 2003-cü ildə verilmiş 2.60 ha icarə torpağının icarə haqqını vaxtında ödəmiş, heç vaxt icarə müddətində icarə haqqının ödənilməsində gecikməyə yol verməmişdir. Şərəfə Şərəfə kənd bələdiyyəsi cavab məktubunda qeyd etmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 818 nömrəli fərmanına əsasən ölkədə və eləcə də Masallı rayonunun Şərəfə kəndi ərazisində torpaqların elektron uçotu işi aparılmışdır. Həmin uçot işləri yekunlaşdıqdan sonra nəzərdə tutulan icarə torpaqların icarəyə verilməsi məsələsinə baxılacaqdır. Onu da nəzərinizə çatdırırıq ki, icarəçi icarəyə götürdüyü torpaq sahəsini subicarəyə yalnız bələdiyyələrin razılığı ilə verə bilər. Bələdiyyə mülkiyyətində olan torpaqların hərraclar və ya müsabiqələr vasitəsilə icarəyə verilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyi orqanı təşkil edir”. Bələdiyyənin bu məktubda qeyd etdikləri onun icarəyə götürdüyü torpaqdan istifadə etməsinə qətiyyən mane olmur. Çünki bələdiyyənin qeyd etdikləri həyata keçənə qədər torpaq onun istifadəsində olmalıdır, ona görə ki, həmin ərazi 19 ildir ki, onun istifadəsindədir. Bələdiyyə onun heç bir qanun pozuntusuna yol vermədiyi halda qeyd olunan torpağı onun əlindən qeyri-müəyyən şəraitdə almaq istəyir. Halbuki, icarəsində olan torpağın istifadəsi ilə bağlı bələdiyyənin ona qarşı hər-hansı bir pretenziyası olmamışdır. 19 iyul 2022-ci il tarixdə Cavabdeh2 istifadəsindəki yuxanda qeyd olunan yonca sahəsindəki yoncanı biçdiyinə görə DİN-nin 102 çağrı mərkəzinə zəng edərək məlumat vermişdir. Masallı RPŞ-dən bu məsələyə qarşı reaksiya görmədikdən sonra Bakı şəhərində yerləşən “X7”nə gedərək onun müharibə veteranının başına gətirilən müsibətlər barədə “X7”nin baş redaktoru Şahid2 danışmışdır. O, da 20 iyul 2022-ci il tarixdə hüquqşünas araşdırmaçı müxbir Şahid1 ilə birlikdə Masallı rayon Şərəfə kəndinə onunla birlikdə gəlmişlər. Həmin vaxt Cavabdeh2 və oğlu Şövqinin torpaq sahəsində olduqlarını və torpaq sahəsində əkdiyi yoncanı preslərə bağlayaraq apardıqlarını görmüşlər. Orada Cavabdeh2 böyük münaqişə yaratmışdır. Bununla bağlı “X7”nin baş redaktoru Şahid2 DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bu hadisə ilə bağlı Cavabdeh2 AR Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilmiş və ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Buna baxmayaraq Cavabdeh2 onun yonca otunu talayaraq aparmasına davam etmişdir. Cavabdeh2 20 iyul 2022-ci il tarixdə yonca otunu biçib aparması nəticəsində ona 4000 manat maddi ziyan dəymişdir. Onun uzun illər əkib becərdiyi yonca sahəsini 20 iyul 2022-ci il tarixdə Qafil talayaraq biçib aparmış, ona 4000 manat olmaqla, təxminən 20 avqust 2022-ci il tarixdə ikinci dəfə yonca sahəsini biçib apararaq əmlakını talamış, ona yenidən 4000 manat olmaqla ümumilikdə 8000 manat maddi ziyan vurmuşdur. Əlavə olaraq cavabdehlərin uzun müddət ərzində onu əsəbləşdirməsi, narahatlıq yaratması kimi hallar nəzərə alınmalıdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildridi ki, Cavabdeh2 ilə mübahisə 20 iyul 2020-ci il tarixdən başlamışdır. Cavabdeh2 heç bir əsas olmadan onun istifadə etdiyi torpaq sahəsinə sahiblənmişdir, halbuki bununla bağlı heç bir rəsmi sənəd yoxdur. O, istifadə etdiyi torpaq sahəsini heç kimə verməmişdir və özü əkmişdir. Bir biçin 2022-ci ilin may ayında olmuş və təqribi 1400 pres olmuş, orta hesabla bir presi dörd manata satmışdır. İkinci bicin iyun ayında olmuş, 950 pres olmuş, onu da özü satmışdır. Üçüncü bicin 20 iyulda, dördüncü biçin avqust ayında olmuç, həmin bağlamaları isə Cavabdeh2 aparmışdır. Bununla bağlı videodisk vardır. O, 2.60 ha sahənin hamısına yonca bitkisi əkmişdir. 2.60 ha sahədən 1000 ədəd pres götürülür. İki biçinə görə bir ədəd pres dörd manatla, cəmi preslərin dəyəri 8000 manat etmişdir. Məhkəmə baxış iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında bildirdi ki, birinci biçimi İddiaçı özü aparmış, ikinci biçimi o apamaq istəyəndə isə Həşim mane olaraq aparmış və bunla bağlı polisə şikayət etmişdir. O, cəmi 250 ədəd pres aparmışdır, orada mübahisə düşmüş, sonra polis rəisinin sözü qalan presləri aaparmamış, Həşim özü Salyan rayonundan olan Kamran adlı şəxsə satmışdır. Üçüncü biçimi bağlatdıranda, polis presi yerə boşaltmışdır. Preslər yaş olduğuna görə fermaya paylanmışdır. Dördüncü biçim olmamışdır. Odur ki, iddianın ona münasibətdə rədd olunmasını xahiş etdir. Məhkəmə baxış iclasında cavabdeh Şərəfə bələdiyyəsinin sədri Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirdi ki, ona qarşı münasibətdə tamamilə əsassızdır. Bələdiyyədə olan ilkin icarə sənədlərinə əsasən İddiaçılə icarə müqaviləsi 5 il müddətinə bağlanmış, lakin Həşimdə olan müqavildə texniki olaraq 15 il qeyd olunmuşdur. Əvvəllər Həşim həmin torpaq saəhisini istifadə etsə də, Şərəfə kənindən Cavanşir adlı şəxsə subicarəyə bələdiyyənin razılığı olmadan vermiş və son bir neçə ili torpaqdan o, istifadə etmişdir. Hal-hazırda torpaq sahəsindən şəhid ailəsiistifadə edir. Onun mübahisəyə aidiyyəti yoxdur, ona görə də iddianın rədd olunmasını xahiş edir. Məhkəmə baxış iclasında Cavabdeh1 vəkili Vəkil onunla eyni məzmunda izahat verərək, iddianın Cavabdeh1 münasibətdə rədd olunmasını xahiş etdi. Şahid3 ifadəsində bildirdi ki, sahəni həmişə İddiaçı əkmişdir. Cavabdeh2 son iki ildə mübahisəli sahəyə daxil olmuşdur. 2022-ci ilin payızında bir hissəsini Cavabdeh2, digər hissəsini isə şəhid ailələri biçmişdir. Şahid2 ifadəsində bildirdi ki, 20 iyul 2022-ci ildə İddiaçı müraciətinə əsasən “X7”nin nümayəndəsi kimi əraziyə Şahid1 ilə birlikdə gəlmişlər. Onlar mübahisəli əraziyə getmiş və Cavabdeh2 onunla mübahisə etmişdir. Həmin vaxt yonca sahəsinin biçilməsini və bağlanmasını görmüşdür. Şahid1 Şahid2 ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Masallı rayon Şərəfə bələdiyyəsinin 13 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Masallı rayonu Şərəfə bələdiyyəsinin mülkiyyətinə aid olan 2.60 hektar torpaq sahəsinin Şərəfə kəndində məskunlaşmış, məcburi köçkün İddiaçı kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 15 il müddətinə icarəyə verilməsinə dair bələdiyyə ilə İddiaçı arasında müqavilə bağlanması və torpağın ona icarəyə verilməsi, İddiaçı icarəyə götürdüyü torpağın icarə haqqını hər il vaxtında Şərəfə bələdiyyəsinin rayon bankındakı xüsusi hesabına ödənilməsi qeyd olunmuşdur. Masallı Rayon Statiska İdarəsinin məktubundan görünür ki, Masallı Rayon Statiska İdarəsində kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin qeydiyyatı aylıq dövrülüklə rayon ərazisində bu sahə üzrə məşğul olan fiziki şəxslərdən seçmə üsulu ilə aparılır. Rəsmi statiskanın elektron məlumat bazasına əsasən 2022-ci ilin iyul ayı üzrə qiymətlər quru ot üçün 3.60 manat, yonca üçün isə 4.50 manat təşkil edir. X8 İnkişaf Mərkəzinin 02 noyabr 2023-cü il tarixlu, 3-22-3-44/2-116/2023 saylı məktubundan görünür ki, yonca bitkisi nisbi çoxillik bitkidir. Mövsüm ərzində yonca bitkisi düzgün aqrotexniki qaydada becərilərsə may ayından sentyabr ayının sonuna kimi 3-4 dəfə biçini həyata keçirilir. 1 hektar sahəsən birinci may ayı biçimində təqribi olaraq 250- 300 ədəd, ikinci biçimində 200-250 ədəd, üç və dördüncü biçində hər birində 150-200 ədəd olmaqla, ümumi 750-950 ədəd yonca ot bağlaması əldə etmək mümkündür. İş materiallarında olan videodiskdən görünür ki, 20 iyul 2022-ci il tarixdə İddiaçı ilə Cavabdeh2, o cümlədən sonuncu ilə Şahid2 arasında mübahisə olmuş, Cavabdeh2 onların sahəyə gəlməsinə, çəkiliş aparmalarına etiraz etmişdir. Videogörüntüdən məlum olur ki, biçilmiş yonca bağlanmış vəziyyətdə yerdədir, hər hansı şəxs tərəfindən aparılması müəyyən olunmur. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən əsaslıdır. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1.-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6.-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2 və 21.3-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. və 1097.1.-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respubliası Mülki Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, məhkəmənin müəyyən etməli olduğu hallar, cavabdehlərin qanuna zidd hərəkəti, həmin hərəkətlə dəymiş maddi ziyan arasında səbəbli əlaqənin olmasıdır. İşin faktiki halları və tədqiq olunmuş mötəbər, təkzibolunmaz sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh2 tələb olunan maddi ziyanla bağlı qismən məsuliyyət daşıyır. Belə ki, işin halları ona əsas verir ki, Cavabdeh2 yonca sahəsini biçib aparmaqda maraqlı olmuşdur. Lakin onun bütünlüklə ot bağlamalarını aparması təsdiq olunmaığına görə, özünün etiraf etdiyi həddə, yəni 250 ədəd ot bağlamasına görə mülki məsuliyyət daşımalıdır. Məhkəmə qeyd edir ki, torpaq sahəsini istifadə etməyə görə icarə müqaviləsinin müddəti bitmiş olsa da, 2022-ci ilin iyul ayına qədər faktiki olaraq torpaq sahəsini İddiaçı əkməsi və biçməsi təsdiq olunur. Ona görə əkindən əldə ounan fayda da ona aid edilməlidir. Məhkəmə ödənilməli olan maddi ziyan məbləğini müzakirə edərək qeyd edir ki, Masallı Rayon Statiska İdarəsinin rəsmi məlumatına əsasən 2022-ci ilin iyul ayı üzrə yonca bağlamasının bir ədədinin qiyməti 4.50 manat təşkil etdiyinə görə, iddiaçının tələb etdiyi qiymət, yəni 4 manat nəzərə alınmalı və 250 ədəd yonca bağlamasına görə 1000 manat maddi ziyan Cavabdeh2 alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddianın Cavabdeh1 və mənəvi ziyana görə 10000 manat pul tələblərinə münasibətdə qeyd edir ki, mübahisənin Cavabdeh1 aidiyyəti olmadığına, o cümlədən mənəvi ziyan hissədə tələb ümumiyyətlə sübuta yetmədiyinə görə həmin hissədə iddia əsassızdır. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Odur ki, iddianın sübuta yetən hissədə təmin olunması qanuni və əsaslıdır. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə Qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 haqqında Konvensiyanın” müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər anlayışı insanın anadan gəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin bəndin 2-ci abzasına əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə xüsusi qərardad çıxarılma tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265-ci maddəsinin tələbi baxımından xüsusi qərardadın qəbul edilməsi məhkəmənin müstəsna səlahiyyətinə aiddir və iddiaçının həmin tələblə bağlı iddia qaldırmaq hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 maddi ziyana görə 1000 manat alınaraq İddiaçı ödənilsin. X1 və digər tələblərə münasibətdə hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-2779/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2779/2023
27.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver