Məhkəmə qərarları › İş №2(050)-2798/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2798/2024

28.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2798/2024 28.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ali oğlundan yaşadığı ünvana məktub göndərməklə ondan yazılı qaydada üzr istənilməsi, şərəf və ləyaqətinin alçaldılması və ləkələnməsi nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin əvəzi kimi cavabdehlərdən onun xeyrinə 10000 manat mənəvi ziyan və ödənilmiş 120 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Lənkaran rayonu, Girdəni kəndində qeydiyyatda olmaqla iki azyaşlı uşağı ilə birlikdə həmin kənddə yaşayır. Dolanışığı ata və anasının ona etdikləri maddi köməkliyi ilə keçir. Ana kimi iki azyaşlı uşağını dolandırmaq çətində olsa da, övladlarının qayğısına qalmaq və onları tərbiyə etmək bir valideyn olaraq onun borcudur. Bir qadin kimi onunda normal həyat tərzi sürmək üçün əxlaqı olan qarşi bir çinsin nümayəndəsinə şərəflə yanında olmasına ehtiyacı olub. Həyatında qarşına çıxacaq onu və övladlarını düşünə biləcək bir Azərbaycan oğlu ilə ailə kimi münasibət qurmağa ehtiyacı olub. Bir neçə müddət bundan əvvəl Lənkaran şəhərində Cavabdeh1 Müqabil oğlu adında birisi ilə təsadüfən tanışlığı olmuş, tanışlıqdan sonra doğmalaşmağa başlamış və Cavabdeh1 onu özünə bağlmaqla ona müəyyən vədlər verərək onu ikinci ailəsi kimi saxlamağına inandırıb bu münasibətlərini daha da dərinləşdirmişdir. Bir müddət Cavabdeh1la beləcə onun istəyinə görə gizli də olsa xoşbəxt yaşamağa davam etmişlər. Lakin bu xoşbəxtlik üzün sürmədi. Belə ki, Mirxəyalın ona qarşı göstərdiyi ailə qadını kimi münasibətinin saxta olduğu üzə çıxdı. Cavabdeh1 Lənkaran şəhərində DYP-nin rəisi işləyir və ona onunla birlikdə olduğu vaxtlarda rayon ərazisində qismən maddi imkanları normal olan insanlara zəng etməyini onlarla tanşlıq quraraq həmin şəxləri restoranlara dəvət etməyini, onlarla məclis qurmağını və həmin məclisdə şəxslərin spirtli içki qəbul etmələrinə onları məcbur etməyini, içki qəbul etdikdən sonra avtomaşınları ilə içkili halda onun təkidi ilə evinə aparmağına məcbur etməyini ondan tələb edirdi. O, Mirxəyalın bu təklifinə rədd cavabı verərək himayəsində iki azyaşlı uşağının olduğunu, gələcəkdə uşaqları üçün pis ana olmaq istəmədiyini, onların mənəvi əzab çəkmək istəmədiyini ona bildirmişdir. Lakin Cavabdeh1 onu buna məcbur etməyə davam etmişdir. O, Cavabdeh1 bildirmişdir ki, o bir qadın kimi onunla münasibət qurmaqda məqsədi saf olmuş, onun həyatında pis anında çiynini söykəmək üçün, ayaqda durmaqdan ötrü əsl Azərbaycan kişisi sanmış, o, isə onu əldə etməkdən ötrü anlıq hisslərinə çatmaq üçün həyatına girib ona mənəvi və psixoloji zərbə vurmuşdur. Cavabdeh1 onu məqsədli şəkildə dostu (həm də iş yoldaşı) Cavabdeh2 adlı şəxslə eyni bir məclisə apararaq orada onu insanları içki məclislərinə dəvət edib, spirtli içki qəbul etmələrini və sükan arxasına keçmələrinə məcbur etməyi, nəticədə barədə Şahinə məlumat vermək kimi tapşırqlar vermişdir. Cavabdehlərin məqsədi isə həmin sürücüləri saxlayıb onlardan küllü miqdarda riüsvət almaq idi. O, cavabdehlərə yenə bunu etməyəcəyini bildirdikdə Şahin də Mirxəyalın sözündən çıxmamağını, əks halda bunun ona baha başa gələcəyini demişdir. Cavabdehlərin ona qarşı psixolji təzyiqləri başlamış, hətta vəziyyət o yerə çatmışdırdı ki, dəfələrlə özünə qəsd etmək qərarına gəlmişdir. Lakin azyaşlı balaları gözünün önündə qalmış, güclə də olsa bu fikri birtəhər ağlından çıxarmağa qərar vermişdir. O, vəziyyətin belə olduğunu görüb yuxarı orqanlara və ali rütbəli məmurlara rəsmi müraciətlər etmişdir. Cavabdehlər ona qarşı təzyiqləri davam edirdi və onu hər gün hədəyə məruz qoymaqları nəticəsində onun səhhətində psoxoloji problemlərin yol açmasına zəmin yaranmışdır. Bir qadın olaraq Mirxəyalın təsəvvür etdiyi kimi şirin dilinə aldanmağı, bu şirin sevgi dolu nəvazişlərin saxta və məkirli niyyəti üçün hazırladığı aşkara çıxmiş, ona ciddi sarsıntı keçirməyinə, adının ləkələnməsinə səbəb olması onun üçün ən boyük zərbə olmuşdur. Eyni ilə Cavabdeh2 də Mirəxəyalla birgə üstünə gəlməsi, onu pis yollara çəkməsi, ona şərəf və ləyaqətinin açladılmasına səbəb olmuşdur. Bu təzyiqlər nəticəsində onun sarsıntılar keçirməyi nəticəsində cavabdehlər ona oyun quraraq onun bu saldıqları vəziyyətində ona ikinci zərbəni vurdular. Ona vurduqları zərbələrə görə yenə də yuxarı təşkilatlara etdiyi müraciətlərinə görə onu susdurmaqdan ötrü faktiki olaraq onların çirkin niyyətləri zəminində düşdüyü psixoloji durumdan istifadə edərək həqiqi mülicəyə ehtiyacı olduğu halda üstünə dəli adı qoyaraq atasını aldadıb guya ona yardım etmək məqsədi ilə müalicə olunmağı üçün Lənkəran psixatirya mərkəzinə yerləşdirilməyinə nail oldular. Bəli, onun müalicəyə sağlamlığı üçün ehtiyacı var idi. Cavabdehlər onun bu durumundan öz məkirli niyyətləri üçün istifadə edərək yuxarı təşkilatlara olan müraciətlərini xəstəxanada olduğunu üst-üstə salıb saxta əsaslandıraraq onu həqiqətən dəli kimi göstərərək özlərini bu şikayətdən xilas etməyə nail olmuşlar. Nəticədə ona maddi və mənəvi zərbələr vuruldu, şərəf və ləyaqəti alçaldıldı. Bundan əlavə Lənkəran şəhərində yerləşən “İrşad” mağazasında onun şəxsi vəsaiti hesabına ilkin olaraq 1000 manat və sonradan 500 manat ödənilməklə Cavabdeh2 adına “İphone” markalı telefon almışdır. Cavabdehlərin şərtləri ilə razılaşmadığına görə Cavabdeh2 telefonun onun adına olduğunu əsas götürərək mağazaya müraciət etmiş və həmin telefonu bağlatdıraraq ona 2500 manat maddi ziyan vurmuş, halbuki, həmin telefon üçün Cavabdeh2 heç bir ödəniş etməmişdir. İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahahat verərək məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə şıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəməyə teleqram ünvanlayaraq işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(049)-2011/2024 saylı qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh1, X1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı şərəf və ləyaqətin müdafiəsi, mənəvi ziyan tələbi barədə iddialarının təmin edilməməsi və iddiaçılar tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun və hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş 300 manatın iddiaçıların özlərinə aid edilməsi qət edilmişdir. Məhkəmə iddiaçını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehlər səmimi münasibətlərdə olmuş, sonradan iddiaçının deməsinə görə cavabdehlər ona yaşadığı Lənkəran rayonunda müəyyən imkanlı şəxslərlə tanşlıq qurmağı, həmin şəxləri restorana dəvət edərək onlarla məclis qurub spirtli içki qəbul etmələrinə onları məcbur etməyi, içki qəbul etdikdən sonra avtomaşınları ilə içkili halda onu evinə aparmağa məcbur etməyini ondan xahiş etmişlər. İddiaçı da könüllü olaraq bir neçə dəfə cavabdehlərin dediyini etmiş, sonradan isə bundan imtina etdiyi üçün münasibətləri pozulmuşdur. Bundan əlavə əqli cəhətdən sağlamlığında heç bir narahatçılıq olmadığı halda cavabdehlər onun Lənkəran Psixiatrik xəstəxanasına yerləşdirilməsinə nail olmuşlar. Bu səbəbdən də iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək cavabdehlərin onun yaşadığı ünvana məktub göndərməklə ondan yazılı qaydada üzr istəmələri, şərəf və ləyaqətinin alçaldılması və ləkələnməsi nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin əvəzi kimi cavabdehlərdən onun xeyrinə 10000 manat mənəvi ziyan və ödənilmiş 120 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf öz tələbində göstərdiyi kimi cavabdehlərin onun şərəf və ləyaqətini alçaltması və ləkələməsi nəticəsində ona maddi və mənəvi ziyan vurulmasını sübut etməlidir. Lakin, iddiaçı tərəfindən tələbini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında Plenum izah etmişdir ki, “...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır”. Həmin Qərarda göstərilmişdir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin qeyd olunan Qərarda göstərilmişdir ki, “...məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, işin araşdırması zamanı cavabdehlərin iddiaçının şərəf və ləyaqətini alçaldan və ləkələyən hər hansı hərəkətlərə yol verməsi faktı öz təsdiqini tapmamışdır. Həmçinin, iddiaçı onun mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını göstərə bilməmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşadığı ünvana məktub göndərməklə ondan yazılı qaydada üzr istənilməsi, şərəf və ləyaqətinin alçaldılması və ləkələnməsi nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin əvəzi kimi cavabdehlərdən onun xeyrinə 10000 manat mənəvi ziyan tutulması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 120 manat dövlət rüsumu özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsalanaraq və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilməsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşadığı ünvana məktub göndərməklə ondan yazılı qaydada üzr istənilməsi, şərəf və ləyaqətinin alçaldılması və ləkələnməsi nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin əvəzi kimi cavabdehlərdən onun xeyrinə 10000 manat mənəvi ziyan və ödənilmiş 120 manat dövlət rüsumunun tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar