Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2954/2024 04.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənəvi ziyan məbləğinin ödənilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh onun xeyrinə 999 manat miqdarında mənəvi təzminat məbləğinin və 30 manat dövlət rüsumunun tutularaq onun hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, iş üzrə Cavabdeh Lənkəran Rayon Məhkəməsinin işçisi, iclasa sədr təyin edilmiş hakim cənab Anar Pənahovun iş yoldaşıdır. Gələcəkdə qəbul ediləcək qətnamənin qanuniliyi şübhə altına alınacağından iş üzrə hakim cənab Anar Pənahova etiraz edir. Odur ki, e-2(049)- 1950/2024 saylı işin Lənkəran Rayon Məhkəməsinin icraatından alınaraq digər qonşu rayon məhkəmələrindən hər hansı birinə göndərilməsini xahiş etmişdir. Həmçinin, Lənkəran Rayon Məhkəməsinin hakimi Anar Pənahov özü-özünə etiraz edərək, icraatında olan mülki işin başqa məhkəmənin hakiminə verilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin e-2(049)-1950/2024 saylı, xx.xx.2024-cü il tarixli (Lənkəran Rayon Məhkəməsinin sədri Kamran Süleymanov) qərardadı ilə İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə İddiaçı Lənkəran Rayon Məhkəməsinin hakimlərinə etirazı və məhkəmənin hakimi X3 özü-özünə etirazı təmin edilmiş, iş baxılması üçün başqa rayon məhkəməsinə verilməsindən ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1286/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı mənəvi ziyan ödənilməsi tələbinə dair mülki iş materialları baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki iş xx.xx.2024-cü il tarixdə Masallı Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsinin işçisinin ona qarşı zor tətbiq etməsi üzrə tərtib edilmiş İXM-nin 157-ci maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxıldığı zaman Cavabdeh həmin iş üzrə şahid qismində izahat verərək qeyd etmişdir ki, 18 mart 2024-cü il tarixində məhkəmənin inzibati binasında məhkəmənin sədri cənab Kamran Süleymanovun qəbul otağının gözləmə foyesində baş vermiş mübahisə zamanı guya onun ətrafdakı əşyaları dağıtmasının qarşısını almaq üçün sol bilək nahiyəsindən tutmuşdur. Belə ki, o, 26 yaşlı gənc xanımdır və hazırda yaşadığı Lənkəran şəhəri, Sabir küçəsi, ev 1/16 saylı evlərində qohumları vərəsəlik üstündə onu həmin evdən qovurlar. O cümlədən, bir neçə iş yerlərində işləyərək, hazırda rəsmi olaraq, 895 manat əmək haqqı alır. İndiki gündə isə, əmək haqqı yüksəkdir və 5 ildir ki, pedaqoji fəaliyyətlə məşğul olduğundan MİDA-dan ev almağı planlaşdırırmışdır. Bunun üçün də, ailə vəziyyətinin evli olması şərtdir, hərçənd ki, dəfələrlə onlara müraciət edib, ailə vəziyyəti tələbinin ləğv edilməsi haqqında xahiş etmişdir. Bununla belə, gənc xanım olduğunu və ev almaq üçün evlənməyini nəzərə alaraq, ona talib olan bir şəxsə onunla ailə quracağı barədə bir-birilərinə vəd vermişlər. Lakin, 10 may 2024-cü il tarixində baş tutan 3(049)-459/2024 saylı iş üzrə məhkəmə iclasında izahat verən Cavabdeh deməsi ki, guya onun sol bilək nahiyəsindən tutmuşdur, bu halı həmin şəxsi münasibətdə olduğu bəyə deyəndən sonra o, bunun üçün, yəni əlindən yad kişinin tutduğu üçün ayrıldığını bildirərək, hətta nömrələrini bloklamışdır. Hesab edir ki, Cavabdeh onun sol bilək nahiyəsindən tutması (hərçənd ki, tutmayıb, lakin, özü hər yerdə deyirsə, tutubsa belə) yaxud heç tutmadan bunu dəfələrlə təkrarlaması, deməsi onun tərəfindən mənəvi zərərin vurulmasını qaçılmaz edir. Hazırda, Cavabdeh görə yay aylarında planlaşdırdığı ailə qurmağı, ev almağı kimi məqsədləri alt-üst olmuşdur ki, o və anası ona görə evsiz qalırlar. Həm də, onun icazəsi olmadan Cavabdeh onun qolunuu tutması özü belə mənə mənəvi zərər vurulması üçün əsasdır, nəinki Cavabdeh qolunu tutmadan onun haqqında elə deməsi. Bir sözlə, Cavabdeh görə onun, subay xanımın adı ləkələnib. Hesab edir ki, cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərərin əvəzi (həm də fiziki iztirablar formasında) ödənilməlidir. Ona görə də, cavabdehin ona vurduğu mənəvi ziyana görə 999 (doqquz yüz doxsan doqquz) manat pulun ona verilməsinin təmin edilməsi barədə məhkəmədə iddia qaldırıb, müraciət etməkdə haqlıdır. Cavabdeh hüquqa zidd hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərin (fiziki və mənəvi iztirabların) əvəzini verməlidir. Odur ki, cavabdeh tərəfindən ona dəymiş birlikdə cəmi mənəvi zərəri 999 (doqquz yüz doxsan doqquz) manat dəyərində qiymətləndirir. Cavabdeh iddia tələbinə etirazla məhkəməyə müraciət edərək etirazında göstərmişdir ki, İddiaçı ona qarşı «999 manat mənəvi ziyan tələbinə» dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının hazırki tələbi başdan ayağa ağ yalandır və o iddiaçının hazırkı iddiasını tamamilə rədd edərək qəbul etmir. İddiaçının iddia ərizəsində qeyd etdikləri ilə bağlı bildirir ki, məhkəmənin sədri Kamran Süleymanovun icraatında olan mülki işlərdən biri üzrə xx.xx.2024-cü il tarixə saat 15:00-a təyin edilmiş məhkəmə baxış iclasında o, məhkəmə iclas katibi kimi iştirak etmişdir. Qeyd olunan məhkəmə prosesi məhkəmənin 4 nömrəli iclas zalında keçirilmiş və həmin zal məhkəmə sədrinin iş otağına yaxın olan zaldır. Qeyd olunan məhkəmə prosesi, təxminən, saat 16:20 - 16:30 radələrinədək davam etmiş və bundan sonra hakim Kamran Süleymanov müşavirəyə çıxmışdır. O, özü isə tərəflərlə birgə məhkəmə iclas zalında qalmış və zalın qapısı açıq vəziyyətdə olmuşdur. Bir qədər sonra məhkəmə sədrinin qəbul otağı tərəfdən yüksək səsküy gəldiyini eşidib nəsə baş verdiyini öyrənməkdən ötrü dərhal zaldan çıxıb həmin otağa tərəf getmiş, qəbul otağına daxil olduğu zaman İddiaçı anası Səhər Nəhmətova ilə birgə həmin otaqda olduqlarını, çox yüksək səslə qışqırdıqlarını görmüş, daha sonra İddiaçı sakitləşməyərək otaqdakı masanın üzərində olan komputer avadanlığını əli ilə vuraraq aşırmaq istəmiş, həmin vaxt ona anası mane olsa da, İddiaçı yenə də sakitləşməyərək otaqdakı masanın üzərində olan printer aparatına əl ataraq onu götürməyə cəhd etmiş, bu zaman İddiaçı sol bilək nahiyəsindən tutaraq saxlayaraq onun digər avadanlıqları dağıtmasına mane olmuşdur Çünki, İddiaçı çox aqressiv idi və səs-küy salaraq məhkəmənin normal iş rejimini pozmaqda davam edirdi. İddiaçının guya kimləsə şəxsi münasibətdə olması, olsa belə yay aylarında ailə qurmaq istəməsi, lakin ona özünün qeyd etdiyi kimi talib olan şəxsin(bəyin) (əgər varsa) onu sakitləşdirmək üçün sol bilək nahiyəsindən tutaraq saxladığına görə guya ondan ayrılması barədə qeyd etdikləri də inandırıcı deyil. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, cavabdeh onun iddiasına etirazda onun cavabdehdən pul almaq məqsədi ilə onu məhkəməyə verdiyini bildirir. Lakin onun məqsədi cavabdehdən pul almaq deyil, məqsədi mənəvi ziyanın ödənilməsidir. Belə olan halda əgər iddiası təmin edilərsə cavabdehdən alınaraq ona veriləcək məbləği ianə şəklində hər-hansı bir dövlət orqanına və ya uşaq evinə köçürməyə hazırdır. Yəni onun cavabdehdən pul almaq niyyəti qəti şəkildə yoxdur. Sadəcə olaraq o, mənəvi olaraq sarsıntı keçirmiş, cavabdehin üzündən onun bütün planları pozulmuşdur. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, lakin ərizə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı ona qarşı «999 manat mənəvi ziyan tələbinə» dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddia tələbinə dair tərəfindən məhkəməyə etiraz göndərilmiş və etirazında iddia tələbinə münasibəti qeyd edilmişdir. Bir daha bildirir ki, onun tərəfindən iddiaçıya mənəvi zərərəin vurulmasından söhbət belə gedə bilməz. Çünki, İddiaçı məhkəmədə dəfələrlə işi olmuş və məhkəmə əməkdaşı kimi digər vətəndaşlara olduğu kimi ona da hörmətlə yanaşmışdır. Bunu özü də yaxşı bilir. Hazırda işdə olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Odur ki, etirazında qeyd etdiklərini və hazırkı ərizəsini nəzərə alıb məhkəmə baxışı iclasını iştirakı olmadan keçirilməsini, İddiaçı ona qarşı qaldırmış olduğu «999 manat mənəvi ziyan» tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Lənkəran Rayon Məhkəməsinin 3(049)-459/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 barədə Lənkəran şəhər-rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun həmin maddədə nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilmişdir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın izahatlar hissəsindən görünür ki, hazırki iş üzrə cavabdeh qismində iştirak edən Cavabdeh şahid qismində izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə 16:30 radələrində məhkəmə iclas zalında olduğu zaman məhkəmə sədrinin qəbul otağı tərəfdən yüksək səs-küy gəldiyini eşidib nə isə pis bir hadisə baş verdiyini, kimə isə nəsə olduğunu zənn edərək dərhal zaldan çıxıb həmin otağa tərəf getmişdir. Qəbul otağına daxil olduğu zaman İddiaçı anası Səhər Nəhmətova ilə birgə həmin otaqda olduqlarını, çox yüksək səslə qışqırdıqlarını görmüşdür. Məhkəmənin əməkdaşı Günay Rzayeva da orada öz iş masasının arxasında dayanmış vəziyyətdə həmin şəxsləri sakitləşdirməyə çalışmışdır. Lakin İddiaçı sakitləşməmiş, otaqdakı masanın üzərində olan komputer avadanlığını əli ilə vuraraq aşırmaq istəmiş, həmin vaxt orada olan anası Səhər Nəhmətova komputer avadanlığını tutub saxlayaraq yerə düşməsinə imkan verməmişdir. Bu zaman Nazlı Abramova da həmin otağa gəlmişdir. Bundan sonra İddiaçı otaqdakı masanın üzərində olan printer aparatına əl ataraq onu götürməyə cəhd etmiş, yenə də Səhər Nəhmətova və o özü İddiaçı mane olmuşlar. O, İddiaçı sol bilək nahiyəsindən tutaraq saxlamış və digər avadanlıqları dağıtmasına imkan verməmişdir. İddiaçı həmin vaxt çox əsəbi və emosional vəziyyətdə olduğundan otaqda olan əməkdaşlara, həmçinin, onu sakitləşdirmək istəyən anasına da məhəl qoymadan ucadan və çox yüksək səslə qışqırmaqda davam etdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2008-ci il tarixli 7 saylı plenum qərarında əks edilmiş hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. İddiaçı cavabdehin onun əlindən tutmasına istinad etməklə kənar şəxsin onun əlindən tutması nəticəsində mənəvi sarsıntı keçirdiyini, eyni zamanda cavabdehin onun əlindən tutmasını eşidən sevdiyi bəyin ondan ayrıldığını, nəticədə evlənə bilmədiyini və güzəştli mənzil almaq hüququnu itirdiyini iddia etmişdir. İddiaçı iddia tələbində hər hansı əsasa istinad etmədən bir-biri ilə ziddiyyətli ifadələr verməklə mənəvi zərərin ona vurulmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində və məhkəmədə izahat verərkən bildirmişdir ki, əslində cavabdeh onun əlindən tutmamış, lakin cavabdeh inzibati protokola məhkəmədə baxılarkən məhkəm iclas zalında izahat verərkən onun əlindən tutduğunu bildirdiyindən cavabdehin dediyini həqiqət kimi, yəni onun əlindən tutması kimi qəbul etmiş, nəticədə mənəvi sarsıntılar keçirmiş və ona mənəvi zərər vurulmuşdur. Məhkəmə qeyd edir ki, mənəvi zərərin vurulması şəxsin mənəvi əzab və iztirabların keçirilməsi nəticəsində yarana bilər. İddiaçının öz dediyinə əsasən cavabdeh onun əlindən tutmamışdır. Maraqlısı odur ki, şəxs bir tərəfdən onun əlindən cavabdeh tərəfindən tutulmadığını bildirir, digər tərəfdən isə edilməyən bir hərəkət nəticəsində iztirablar keçirdiyini iddia edir. Məhkəmə buradan belə bir nəticəyə gəlir ki, iddiaçı əslində cavabdehin məhkəmə iclasında verdiyi izahatı ilə razılaşmamış, cavabdehin izahatının əks olunduğu və ona istinad olunmaqla qəbul edilmiş məhkəmə qərarını mübahisələndirmək əvəzinə, yanlış izahat kimi qəbul etdiyi izahatın məzmununda göstərilənləri mübahisələndirmişdir. O, cavabdehin yalan danışması səbəbindən, yəni yalan məlumatı məhkəmə iclasında səsləndirməsi nəticəsində mənəvi əzab, iztirab keçirdiyini iddia ərizəsində göstərməyə çalışmışdır. İddiaçının məntiqi ilə əgər doğurdan da cavabdeh məhkəmə iclasında onun barəsində yalan sözlər bildirmişdirsə, iddiaçının həmin məlumatı doğru məlumat kimi qəbul edib, sonradan talib olduğu bəyə deməsi, bundan sonra həmin bəyin ondan ayrılması, gələcəkdə əldə edəcəyi hüqunu da itirdiyini iddia edərək başqa şəxsi günahlandırması da zidiyyətli vəziyyət yaradır. Dolayısı yolla iddiaçının ərizəsində qeyd etdiyi mənəvi zərərlə bağlı nəticələr baş vermişdirsə, həmin nəticələr məhz iddiaçının şəxsən öz əməli nəticəsində baş vermişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, baş vermiş mübahisə zamanı kənar şəxslər tərəfindən müdaxilə edilərək mübahisə edən şəxsi sakitləşdirmək məqsədi ilə tərəflərin əlindən tutaraq fiziki təmas etməsi normal hal olmasına baxmayaraq, iddiaçının yaranmış münaqişə zamanı onun əlindən tutulması halının ona mənəvi zərərin vurulmasına səbəb olmasını göstərməsi mənəvi zərərin vurulması ilə nəticələnən işlərin təbiətinə qətiyyən uyğun gəlmir. Həmçinin, qeyd edilən hadisənin məhkəmənin inzibati binasında baş verdiyini nəzərə alsaq, məhkəmə işçilərinin yanında cavabdehin iddiaçının qanunazidd davranışlarının qarşısını almaq, orada olan əşyaları dağıtmasına mane olması üçün iddiaçının əlindən tutması hərəkəti ilə iddiaçinin iddia ərizəsində göstərdiyi kimi “iddiaçının mənəviyyatına toxunmaq”, eləcə də “onun əlindən tutmaqla alçaltmaq”, “adını pis çıxartmaq”, “qəsdən onun əlinə toxundurmaq istəməsi” fikirlərini ümumiyyətlə yaratmır. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı nəinki iddia tələbini əsaslandıra bilməmiş, iddia tələbində göstərdiyi mənəvi zərərin miqdarı ilə bağlı açıqlama verərək göstərmişdir ki, iddia qiyməti 1000 manatadək olan tələblər üzrə rüsumun məbləğinin 30 manat, 1000 manatdan yuxarı tələblərdə isə rüsumun məbləğinin çox olması səbəbindən dövlət rüsumunu 30 manatdan artıq ödəməməsi üçün ona vurulmuş zərərin əvəzi kimi 999 manat tələb etdiyini qeyd etmişdir. Buradan da görünür ki, iddiaçı öz təxəyyülünə əsasən ona mənəvi zərərin vurulmasını istinad etsə də, heç bir mənəvi zərər vurulmadığını özü də yaxşı bilmiş, real olaraq mənəvi iztirab keçirmiş olsa idi, dövlət rüsumunun məbləğinə baxmayaraq, bunun qarşılığında daha böyük məbləğdə vurulmuş zərərin əvəzini tələb edərdi. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, “... Eyni zamanda çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.” Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-2954/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2954/2024
04.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver