Məhkəmə qərarları › İş №2(050)-2979/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2979/2025

19.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2979/2025 19.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, ilə, İddiaçı cavabdehlər Masallı regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə və Cavabdeh2 ASC-nə qarşı “icra qeydinin ləğv edilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı cavabdeh Masallı regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı regional “ASAN xidmət” mərkəzinin notariusu X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı ərizə ilə müraciət edərək iş üzrə Cavabdeh2 ASC-nin əlavə cavabdeh kimi işə cəlb edilməsini xahiş etmiş, məhkəmə tərəfindən Cavabdeh2 ASC əlavə cavabdeh qismində işə cəlb edilmişdir. İddiaçının dəlilləri: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ASC ona qarşı pul tələbin barədə icra qeydinin verilməsi üçün Masallı Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş, xx.xx.2025-ci il tarixli icra qeydinə əsasən ondan 35223.73 manat əsas, 2564.42 manat faiz, 37788.15 manat ümumi borcun Cavabdeh2 ASC-nin xeyrinə tutulması və tutmanın Masallı rayonu, Türkoba kəndində yerləşən 0.06 ha torpaq sahəsinə yönəldilməsi qeyd olunmuşdur. O, həmin icra qeydindən məlumatsız olmuş, yalnız Masallı Rayon İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında bildirişini mobil telefon vasitəsi ilə aldıqdan sonra icra qeydindən məlumatı olmuşdur. Bundan sonra Masallı Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş və çıxarışdan da göründüyü kimi xx.xx.2025-ci il tarixdə icra qeydi ona təqdim edilmişdir. Həmin vaxta kimi icra qeydi ona göndərilməmiş və ya təqdim olunmamışdır. Notarisun vəzifəsidir ki, qəbul olunmuş hər hansı aktı qanunla müəyyən olunmuş qaydada vətəndaşa təqdim etməlidir. İcra qeydinə baxdıqdan sonra müəyyən olunmuşdur ki, ondan əsassız olaraq şişirdilmiş məbləğdə pul tələb olunur, əsas və faiz borcu şişirdilmiş məbləğdir, onun ödənişləri düzgün nəzərə alınmamışdır, onun banka həmin məbləğdə borcu yoxdur, olması da mümkün deyildir, ipoteka predmetinin ilkin satış qiyməti göstərilməmişdir, hazırda ipoteka predmeti dəyişmişdir, üzərində qeyri-yaşayış sahəsi inşa olunmuşdur, notarius vəzifə səlahiyyətlərini aşaraq ipoteka predmetinin ilkin satış qiyməti olmadan icra qeydini təsdiq etmişdir. İcra qeydi işin mübahisəsiz halları barədə sübutlar təqdim edildikdə təqdim oluna bilərdi, hazırkı vəziyyətdə notarius qanunsuz olaraq icra qeydi tətbiq etmişdir. Buna görə də həmin icra qeydinin ləğv olunması barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, ipoteka predmeti olan torpaq sahəsi üzərində tikili inşa edilmişdir. Hazırda həmin əmlak dəyərindən qat-qat aşağı qiymətləndirilmişdir. Bu səbəbdən də hesab edir ki, icra qeydi düzgün aparılmamışdır. Əmlak 2022-ci ildə ipotekaya qoyularkən onun qiyməti 7000 manat dəyərləndirilmişdir. Həmin vaxt belə əmlakın qiyməti 7000 manat olmamışdır. 2022-ci ildən sonra qiymətlər bahalaşmış, həmçinin icra şöbəsi həmin əmlakla bağlı yenidən qiymətləndirmə aparmış və əmlakın hazırki qiyməti 12000 manat müəyyən edilmişdir. Hesab edir ki, hazırkı vəziyyətdə 12000 manat da həmin əmlak üçün az qiymətdir. Çünki həmin torpaq sahəsində obyekt inşa edilmiş və onun qiyməti 100000 manatdan çoxdur. Onun isə banka 35000 manat civarında borcu vardır. Hazırda banka olan borcunu maddi vəziyyətinin yaxşı olmaması səbəbindən ödəyə bilmir. Bundan başqa əmlakı da satmaq üçün müştəri tapmaq ona çətinliklər yaradır. Əgər əmlakı yaxşı qiymətə sata bilsəydi, borcunu tam olaraq ödəyə bilərdi. Buna baxmayaraq icra qeydində narazıdır və onun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin etirazı Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etirazla müraciət edərək etirazda göstərmişdir ki, Masallı regional “ASAN” xidmət mərkəzində Notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2025-ci ildə ipoteka saxlayan bankın müraciətinə əsasən, (ipoteka qoyan) İddiaçı Adişirin oğluna məxsus ipoteka predmeti olan ünvan 1i ünvanında olan 0.06 ha torpaq sahəsinə tutma yönəldilməsi barədə 8i-11858 №-li icra qeydi aparılmışdır. İddiaçı icra qeydinin “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərinin pozulması ilə aparıldığını göstərmiş və bunu icra qeydinin aparılmasına əsas olmuş borcla bağlı məhkəmə mübahisəsinin olması ilə əsaslandırmışdır. “Notariat haqqında” Qanunun 76-cı maddəsinin 2-ci hissəsinə görə icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. AR NK-nin xx.xx.2000-ci il tarixli 156 №-li qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1–1-ci bəndinə görə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyann v ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Qanunun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. Qeyd edilən tələblər tam şəkildə icra edilmişdir.Göründüyü kimi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün tələb olunan və borcun mübahisəsiz olduğunu təsdiq edən bütün sənədlər mövcuddur və notariusa təqdim olunmuşdur. İddiaçının digər qeyd etdiyi hal isə İcra qeydində İpoteka predmetinin ilkin satış qiymətinin olmadığını bildirərək icra qeydinin ləğv edilməsini istəmişdir. O, 2022ci ildən sonra İpoteka predmetinin dəyərinin (qiymətinin) onun tərəfindən artırıldığını bildirərək, sonradan həmin torpağın üzərində qeyri yaşayış binasının inşa etdiyini bildirmişdir.Tərəflər arasında mövcud olan ipoteka müqaviləsinin 6-ci maddəsinin müvafiq bəndlərində ipoteka qoyanın vəzifələri qeyd edilmişdir. İddiaçı bir xüsusatı da unutmuşdur ki, ipoteka saxlayanın xeyrinə 0.06 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Digər tərəfdən məhkəmənin nəzərinə çatdırılır ki, torpaq sahəsi sonradan tikilmiş tikili və qurğular bir çıxarışda vahid əmlak kimi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmin əmlakın torpaq sahəsinə ayrıca, üzərində yerləşən qeyri yaşayış binasına ayrıca yönəltmə etmək mümkün deyildir. Şərh edilənlərə əsasən hesab edirik ki, iddiaçının icra qeydinin ləğvi barədə tələbi də tamamilə əsassızdır, iddiaçı öhdəliklərini icra etməmişdir, tələbin ipoteka predmetinə yönəldilməsinə dair xx.xx.2025-ci il tarixli 8İ-11858 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin aparılması qanunauyğun həyata keçirilmişdir. Məhkəmə iclasında Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, iddia ərizəsinə verdiyi etirazda göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, iddiaçının göstərdiyi xüsusatlar əsassızdır. İcra qeydi qanunamüvafiq qaydada aparılmışdır. İpoteka müqaviləsi tərəflərin iştirakı və razılığı ilə bağlanmışdır. Bundan başqa ipoteka predmeti 2022-ci ildə 7000 manat dəyərində qiymətləndirilməsinə baxmayaraq, qanunamüvafiq qaydana qiymətləndirmədən sonra qiymətin dəyərinin arta bilmə ehtimalına görə icra və probasiya şöbəsi əmlakı yenidən qiymətləndirmiş, və hazırda əmlakın qiyməti 12000 manat müəyyən edilmişdir. Bundan başqa iddiaçı bocunu ödəmək istəyərsə, bank ona şərait də yarada bilər. İddiaçı borcunu ödəyərsə, bank yüklülüyü götürə bilər və ya əmlakın iddiaçı özü satıb banka olan borcunu ödəyə bilər. Lakin, iddiaçı ona edilən təkliflərlə bankla razılığa gəlmək istəmir. Sonda Nümayəndə iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh Masallı regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin Masallı regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X4 məhkəməyə müraciət edərək, iş yükünün ağırlığı ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiklərini, məhkəmənin onların iştirakı olmadan keçirilməsini və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına olan: xx.xx.2025-ci il tarixli icra qeydindən görünür ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan –AZ1095, ünvan 2 ünvanında yerləşən Cavabdeh2 ASC-nin VÖEN:********** tələbi ilə ipoteka qoyan ünvan 3i ünvanında qeydiyyatda olan İddiaçı (AZE********, xx.xx.2015 –Masallı; FİN:xxxxxxx; d/t: xx.xx.1990) məxsus ipoteka predmeti olan ünvan 4 ünvanında yerləşən əmlaka tutma yönəldiləməsi (Öhdəliyi müəyyən edən 10150***- *******01L müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 35223.73 AZN əsas borc, 2564.42 AZN faiz borcu, olmaqla cəmi tutulmalı məbləğ 37788.15 AZN təşkil edir) barədə Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin Xüsusi notariusu X1 tərəfindən icra qeydi aparılmışdır. İcra qeydi Reyestrdə 8İ-11858 nömrə ilə qeyd edilmişdir. Cavabdeh2 ASC (Bank) ilə İddiaçı (borcalan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Masallı rayonu, Türkoba kəndində yerləşən 0.06 ha torpaq sahəsi kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək üçün ipoteka ilə yüklü edilmişdir. ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi və nömrəsi: xx.xx.2022; **********; reyestr nömrəsi **********04 olan çıxarışdan görünür ki, Masallı rayonu, Türkoba kəndində yerləşən 0.06 ha torpaq sahəsi Cavabdeh2 ASC-nin adına ipoteka predmeti kimi qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli, 10150***-*******01L saylı kredit razılaşmasından görünür ki, Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış razılaşmaya əsasən İddiaçı 120 ay müddətinə, illik 30 faizdən çox olmamaq şərti ilə 300000 manat kredit limiti ayrılmışdır. Həmin razılaşmaya əsasən xx.xx.2024-cü il tarixdə İddiaçı 24 ay müddətinə, illik 18 faiz olmaqla, 50000 manat kredit verilmişdir. xx.xx.2025-ci il tarixli ipoteka predmetinə tutma yönədilməsi haqqında bildirişdən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı bildiriş göndərilməklə, onun "xxxx" ASC-nə xx.xx.2025-ci il tarixə xx.xx.2024-cü il tarixli razılaşma üzrə 35223.73 mana əsas borc, 2564.42 manat faiz borcu, olmaqla cəmi 37788.15 manat borcu olduğu göstərilmiş, həmçinin xx.xx.2022-ci il tarixli, 10150***-*******01/İ 2 saylı ipoteka müqaviləsi üzrə mülkiyyətində olan Masallı rayonu, Türkoba kəndində yerləşən 0.06 ha torpaq sahəsinin bankın xeyrinə yüklü edildiyi qeyd edilərək, bank qarşısında ipoteka ilə təmin olunan icra edilməmiş öhdəliyinin icrasını təmin etmək üçün ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi proseduruna başladığı nəzərinə çatdırılmışdır. xx.xx.2025-ci il tarixli “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borluya göndərilən bildiriş”-dən görünür ki, Cavabdeh2 ASC İddiaçı bildiriş mobil SMS formasında, eyni zamanda poçt vasitəsi ilə göndərilməklə borcun ödənilmədiyi təqdirdə icra qeydinin aparılacağı barədə məlumat verilmişdir. Bildirişin göndərilmənə dair qaimədən görünür ki, bildirişin alınmasına dair xanada İddiaçı “bu ünvanda yaşamır” qeydləri aparılmışdır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı ilə cavabdeh "xxxx" ASCnin arasında xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən bank tərəfindən iddiaçıya 120 ay müddətinə, illik 30 faizdən çox olmamaq şərti ilə 50.000 manat məbləğində kredit limiti ayrılmışdır. İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyindən, onun bank qarşısında borcu yaranmışdır. Kredit müqaviləsi bağlanarkən öhdəliyin icrasının təminatı kimi ipoteka müqaviləsi də bağlanmışdır. xx.xx.2025-ci il tarixdə borc öhdəliyinin ipoteka predmetinə yönəldilməsi ilə bağlı müvafiq icra qeydi aparılmışdır. İddiaçı iddia tələbində icra qeydinin aparılmasından məlumatının olmadığını, eyni zamanda ipoteka predmetinin az məbləğdə qiymətləndirildiyini mübahisələndirmişdir. Məhkəmə tərəflərin arasındakı mübahisə ilə bağlı aşağıdakı hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Notariat haqqında Qanunun: 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır.... İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur.... Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanunun 37.1-ci maddəsinə əsasən, ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Həmin Qanunun 37.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. Həmin Qanunun 38.1-ci maddəsinə əsasən, bu Qanunun 37.1ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci bəndinə əsasən, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq... üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısının İİ. hissəsinin 2-ci bəndinə əsasən, borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı təqdim olunur. İddiaçı icra qeydi barəsində məlumatsız olmasını bildirməklə icra qeydini mübahisələndirmişdir. Lakin, iş materiallarından görünür ki, ipoteka saxlayan tərəfindən göndərilmiş ipoteka predmetinə tutuma yönəldilməsi barədə xx.xx.2022-ci il tarixdə bildiriş ipoteka qoyan İddiaçı ipoteka müqavilələrində göstərilmiş rəsmi qeydiyyat ünvanı kimi qeyd edilmiş ünvan 1inə göndərilmiş və həmin ünvanda təhvil alınmışdır. Baxmayaraq ki, bildirişin çatdırılması ilə bağlı məlumatları əks etdirən qaimədə ünvançı “bu ünvanda yaşamır” qeydləri aparılmışdır, yenə də həmin bildirişi İddiaçı əldə etməsi kimi qəbul edilməlidir. Belə ki, qanunverici poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildirişi onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim olunmuş hesab edir. İddiaçı yaşayış yerini dəyişdirmişdirsə, yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməli idi, belə ki, olduğu yer üzrə qeydiyyat qanunvericiliklə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilir. Lakin, ipoteka qoyan İddiaçı məhkəmə araşdırması zamanı da eyni ünvanda rəsmi qeydiyyatda olduğu müəyyən olunmuşdur. Həmçinin, iddiaçı özü də qeydiyyat ünvanını dəyişmədiyini, ünvan 1ində yerləşən ünvanda daimi yaşadığını, lakin arabir Bakı şəhərinə gedib orada yaşadığını etiraf etmişdir. Qeyd ediləməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər... Həmin Qanunun 5-ci maddəsinin 2-ci bəndinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə .... sənədləri təqdim etməlidir. Eyni zamada iddiaçının ipoteka predmetinin aşağı məbləğdə qiymətləndirilməsi ilə bağlı tələbi üzrə qeyd ediləməlidir ki, tərəflərin arasında xx.xx.2022-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış, həmin müqavilənin 6-cı bəndində göstərilmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 7000 (yeddi min) manat müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi və hərrac vasitəsi ilə satışın həyata keçirilməsi zamanı tərəflər razılaşırlar ki, ilkin satış qiyməti həmin məbləğ müəyyən edilir. Göründüyü kimi, iddiaçı özü ipoteka predmetinin 7000 manata qiymətləndirilməsinə razılaşmışdır. Sonradan ipoteka qoyanın ipoteka predmeti üzərində hər hansı yaxşılaşdırmalar edərək dəyərini artırması halı öhdəliyin ipoteka predmetinə yönəldilməsinə maneə deyildir. Beləliklə məhkəmə hesab edir ki, ipoteka predmetinə tutulmanın yönəldilməsinə dair icra qeydinin təsdiq edilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilmədiyindən, İddiaçı cavabdehlər Masallı regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə və Cavabdeh2 ASC-nə qarşı “icra qeydinin ləğv edilməsi tələbi” barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar